“Heç kəsdə Mirzə Cəlilə aid bir parça kağız belə yoxdur” –YAZIÇI MEHRİBAN VƏZİR DANIŞIR
27-11-2019, 17:05
Strateq.az-ın müsahibi yazıçı Mehriban Vəzir Mirzə Cəlil irsinin araşdırmaçılarından biri olsa da, anadan olmasının 140 illiyi dövründə də klassik yazıçımızla bağlı rəsmi tədbirlərə dəvət olunmur və deyir ki, bundan çox məmnundur.
– Cəlil Məmmədquluzadənin nəvə-nəticələrinin Azərbaycana gəlişində diqqət daha çox onları kimin birinci tapmasına yönəldi. Lakin əsas səbəbkar – Ənvər Məmmədquluzadə, bir növ, kənarda qaldı. Onun 1940-cı illərdə İrana səfəri və daha sonra sovet ordusundan fərariliyi xeyli suallar doğurur. Bu necə baş verib? Necə olub ki, Ənvər Məmmədquluzadə sovet cəza aparatının təqibindən yaxa qurta bilib? Doğrudanmı “Cavanşir” soyadı onun üçün xilasedici kəmərə çevrilib? Bəlkə, Ənvər Məmmədquluzadə sovet kəşfiyyat xidmətinin tapşırığı ilə İran cəmiyyətinə yeridilib? Bu haqda nə düşünürsünüz?
– Ənvər Məmmədquluzadə məsələsindən başlayaq. “Fərarilik” sözü işlədirsiniz. Məncə, çox haqsızsının. Adam öz ordusundan, vətən savaşından qaçarsa, fərari sayılar. Düşmən qoşunundan və ya ölkəni kölə etmiş bir imperiyadan qaçmaq fərarilik sayılmaz. Sovet ordusu İrandan çıxanda, bir sıra adamlar geri dönmədilər, bu, dəmir pərdəli quduz imperiyadan qaçmaq üçün bir fürsət oldu. Belə fürsətdən istifadə etmək isə son dərəcə təbiidir. İndiki köçlərin fonunda o qaçışları daha aydın anlamaq olar. Sovet imperiyası bizim dostumuz deyildi, Cümhuriyyətimizin qatili, xalqımızın qənimi idi.
O dövrdə SSRİ-də vəziyyət mürəkkəb idi. Müharibə yeni bitmişdi, ordu İrandan çıxmaq zorunda qalmışdı. Əlbəttə, dövrün mütəxəssisləri bu istiqaməti daha yaxşı analiz edə bilərlər. Qaldı ki Ənvər Məmmədquluzadənin “kəşfiyyatçılığı”na, bu barədə fakta rast gəlməmişəm.
Həmidə xanım Ənvərin, əziz oğlunun, sonbeşiyinin ölüm-dirim xəbərini almadan dünyadan köçdü. Ənvər Məmmədquluzadə haqqında məlumat çox gec gəldi, Stalin dövrü bitdikdən sonra. Həmidə xanımın nəvəsi professor Mina xanım Davatdarova danışırdı ki, o, daima oğlundan xəbər gözləyirdi.
Gələk, “Cavanşir” soyadına. Bu, Qarabağda dövlət qurmuş, 77 il səltənət sürmüş, özəl bir mədəniyyət yaratmış, böyük dövlət adamları, sərkərdələr, alimlər yetirmiş bir soydur. Cavanşirlər Çingiz törəməsi sayılan və yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında şaxələnən bir nəsildir. Əsli-nəsli, zatı, qan tərkibi, hünəri ortada olan, gizlisi-məfxisi olmayan bir soydu Cavanşir.
Cavanşirlər dəfələrlə Arazın bu tayından o tayına axın ediblər. 1806-cı ildə ruslar İbrahim xanı qətlə yetirəndə, 1822-ci ildə Qarabağ xanlığı ləğv ediləndə, 1920-ci ildə Sovetlər Cümhuriyyətimizi çökdürəndə… bundan əlavə Cavanşirlərin qızları – xan qızları Qacar sarayının ən mötəbər xanımları idi. Tehranda qarabağlı qızı almaq prestij sayılırdı. Çünkü bu xanımlar yüksək mədəniyyət, təhsil, incə zövq sahibləri idilər. Eyni zamanda, idarə etmədə söz sahibləri. Qacar sarayının Cavanşirlərdən neçə naziri vardı.
Bir düşünün, siz Ənvərin yerinə olsaydınız, böyük sərkərdə Pənah xan Cavanşirin 6-cı qurşaq törəməsi olsaydınız və İranda belə bir mötəbər çevrəniz olsaydı, nə edərdiniz? Təbii ki, Cavanşirlərə sığınardınız. Çünkü bu soy böyük tarixi hekayəti olan soydur.
– Ənvər Məmmədquluzadə Həmidə xanım Cavanşir və Mirzə Cəlilin evliliyindən doğan 2 övladdan biridir. Siz daha yaxşı bilirsiniz ki, əgər Həmidə xanımın “Xatirələrim”i olmasaydı, bu gün nə Mirzə Cəlilin, nə də bu ailəyə yaxından-uzaqdan bağlı olan şəxslərin tərcümeyi-halı bizə qaranlıq qalacaqdı. Lakin əsas məsələ – “Xatirələrim” tam həcmdə nəşr olunubmu? Olunmayıbsa, niyə? Həmidə xanım Cavanşirin nəşrdən iraq qalmış xatirələrində bizim üçün yenilik olacaq mətləblərin mövcudluğu mümkündürmü?
– Həmidə xanımın əlyazmaları misilsiz mədəni faktdır, milli sərvətdir. Bu xanım hər şeyi yazıb, arxivləşdirib, gələcək nəsillərə ötürüb. “Xatirələrim” dövrünün unikal “Qarabağnamə”sidir. Azərbaycan ədəbiyyatşünaslığı Mirzə Cəlili tanıdığına görə Həmidə xanım Cavanşirə borcludur. Çünkü Mirzə Cəlilin qısa bioqrafiyasını, həyatını gün-gün və detallı şəkildə Həmidə xanım yazıb bizə çatdırıb. Həmidə xanım, eləcə də atası Əhməd bəyin həyatını və söylədiklərini qələmə alıb. Həmidə xanım Cavanşirin rolu bu xatirələrlə bitmir. O, “Molla Nəsrəddin” jurnalının yaşatmaq üçün jurnalın səhmlərini satın almışdı. Jurnalın xərclərini, borclarını, cərimələrini ödəyirdi. Çünkü jurnal dəfələrlə bağlanmış, cərimələnmiş, xaricə göndərilməsi yasaq edilmiş, abunəçisi kritik həddə azalmışdı. “Molla Nəsrəddin”ə görə xalqımız 3 nəfərə borcludur: Mirzə Cəlil, Ömər Faiq və Həmidə xanım. Jurnal bu üç nəfərin çiyinlərində mövcud idi. Lakin təəssüf ki, adı çəkilən iki nəfər hələ də öz haqqını ala bilməyib. Bunun səbəbləri var.
Həmidə xanım ilk ictimai təşkilat qurmuş, ilk dəfə beynəlxalq konfransda çıxış etmiş, ilk tikiş arteli açmış, ilk oğlan-qız məktəbi açmış, bənzəri olmayan bir Azərbaycan qadınıdır. Onun ictimai xidmətlərini saymaqla bitməz.
“Xatirələrim”i, bildiyiniz kimi, 400 səhifəlik kitab olaraq nəşr etmişəm. Lakin bu il Əhməd bəy Cavanşir haqda kitab yazarkən, Əlyazmaları Fondunda yenidən işləməli oldum. Zənn etdiyimdən daha çox materialın nəşrdən kənarda qaldığını gördüm. Onları toplamaq, bir araya gətirmək olduqca çətin işdir. Birinci mərhələdə biz təkrar yazılmış dəftərlərin birini seçmiş və onun üzərində işləmişik. Lakin Həmidə xanım əlyazmalarının – dəftərlərin üzünü təkrar-təkrar köçürərkən, hansısa mühüm cümləni və ya abzası və ya səhifəni, hadisəni əlavə edib. Deməli, əlyazmalar tutuşdurulmalıdır. Həmin əlavələr tapılmalı və yeni varianta əlavə edilməlidir. Çətin və uzun bir işdir. Lakin ömür sərf etmyə dəyən bir işdir. İnşallah bu əlavələri etməyə və yeni nəşrə çalışacağam.
Daha ciddi problem əlyazmalarının üzərində siyasi iş aparılmasıdır. Bilirsiniz ki, bu əlyazmaları 80 il yasaq olub. Mircəfər Bağırovla konfliktə səbəb olub. Bəzi səhifələri çırılıb, bəzi hissələr itirilib. Sovet dövründə professor Abbas Zamanov yalnız Mirzə Cəlilə aid hissəni götürüb, Həmidə xanımın “türk dili”, “biz, türklər” yazdığı hər kəlməni Abbas Zamanov “azəri” sözü ilə əvəz edib. Ön sözdə Həmidə xanımı möhkəm tənqid edib, “mülkədar qalığı”, “meşşan” adlandırıb, dövrün tələblərinə uyğun olaraq və “Cəlil Məmmədquluzadə haqda xatirələrim” adlı kiçik bir kitabça nəşr etdirib. Halbuki Həmidə xanımın bu adda əsəri olmayıb. Lakin bütün hallarda Abbas Zamanovun işi təqdirəlayiq idi.
Bir sözlə, “Xatirələrim”in özünün də ayrıca bir hekayəti var. Yazılası bir hekayət…
– Mirzə Cəlilin Azərbaycana gəlmiş nəvə-nəticəsi ilə görüşə olmasa da, heç olmazsa, ev-muzeyinin açılışına dəvət almışdınızmı? Axı hər halda bu nəslin araşdırmaçısınız… Yoxsa Sizi unutmağı üstün tutdular?
– Öncə onu deyim, Həmidə xanımın İbrahim bəy Davatdarovdan olan törəmələri, yəni Müzəffər Davatdarovun – Ənvər Məmmədquluzadənin böyük qardaşının törəmələri belə nəzərdə tutduğunuz tədbirlərə dəvət edilmir. Onları görməzdən gəlirlər. Halbuki mənbə və arxiv onlardır. Mirzə Cəlilin heç bir qohumu yoxdur, zatən, böyük sülaləsi yox idi. Naxçıvan kökənli deyillər, Xoydan gəlmədirlər. Bacısı Naxçıvanda yaşayırdı, köklü Naxçıvan familiyasından birinə ərə getmişdi, onun da övladları mühacirət etdi. Qardaşı da elə Kəhrizlidə, Həmidə xanımın malikanəsində qalırdı, elə orada da vəfat etdi. Bəylik məzarlığında dəfn olunub. Böyük oğlu Midhət cavan öldü, Ənvərin nəsli qürbətdə itdi. Yəni nəsil davam etmədi.
Bolşevizm Mirzə Cəlilin kökünü qazıdı. Yəni heç kəsdə Cəlil Məmmədquluzadəyə aid bir parça kağız belə yoxdur. Nə varsa Cavanşir tərəfdə var, arxiv və s. Onları da görmək istəmirlər. Səbəbini bilmirəm, yəqin özləri bilir. Məni isə təkcə görməzdən gəlmirlər, həm də savaşırlar, yazılarıma etiraz məqalələri yazırlar, Mirzə Cəlili aşağıladığımı zənn edirlər. Halbuki mən sadəcə gerçəkləri yazıram. Mirzə Cəlil necə varsa, elə yazıram. Olduğu kimi, yəni daha maraqlı cəhətlərini yazıram. Məsələn, Həmidə xanım yazır: “Mirzə Cəlil yenə göylərdə uçurdu, evə gəlmirdi, deyəsən, yenə kiməsə ilişmişdi. Ona güvənməyib uşaqlarımı və xidmətçimi götürüb Tiflisdən kəndə qayıtdım” və s. bu kimi ailə gizliləri…
Bu qeydlər maraqlı deyilmi? Bir şəxsiyyəti öyrənmək üçün yaxşı mənbə deyilmi? Mirzə Cəlilin bu kimi cəhətlərini Həmidə xanım qələmə alıbsa, biz niyə gizləməliyik. Bolşevik yanaşması bitmədimi? Mən Mirzə Cəlili tanıtmaq istəyirəm. O çox maraqlı insan olub, qüsurları və üstünlükləri ilə zəngin bir xarakterdir. Onlar isə yalan cilası çəkirlər. Bu səbəbdən aramızda ixtilaf var. Ümumiyyətlə, mən rəsmi dəvət almıram və bundan məmnunam. Bəzən rəsmi çevrələrdə havadan elə bir riya buludu asılır ki, adama başağrısı gətirir…