Ələkrəm Hümmətovun qardaşı danışdı: - “Heç birimiz onun işinə qarışmırıq”
7-12-2015, 13:02
Modern.az tanınmış simaların qardaşları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz özünü separatçı “Talış Muğan Respublikası”nın lideri elan etmiş, hazırda Hollandiyada mühacirətdə yaşayan Ələkrəm Hümmətovun qardaşı Nəriman Hümmətovdur.
Nəriman Hümmətov hazırda Lənkəranda yaşayır. Onunla söhbəti təqdim edirik:
- Bizdə olan məlumata görə, Ələkrəm Hümmətov həbs olunandan sonra siz və o biri qardaşınız Əlifərman Hümmətov dəmir barmaqlıqlar arasına yollanıb. O illər xatirinizdə necə qalıb?
-1995-ci ilin avqustun 5-də həbs olunmuşdum. Həbsimə heç bir səbəb yox idi, sadəcə Ələkrəmin qardaşı olduğuma görə məni tutdular. Bizim ailəyə qarşı böyük bir həbs axını gəldi, qardaşımı da, məni də bu axına qatdılar.
Bir gecədə məni də, Ələkrəmi də, Əlifərmanı da həbs elədilər. Mən Əlifərmanın ardınca getmişdim, çünki yolda evə gələrkən onu saxlamışdılar. Mən polis idarəsini ona görə getdim, lakin həmin polis idarəsində məni də saxladılar. Mən və Əlifərman cəzamızın bitməsinə bir ay qalmış mərhum prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa çıxdıq.
- Dolanışığınız necədir?
- Maddi durumumuz çox çətindir. O biri qardaşım pensiyadadır. Mən özüm isə birtəhər dolanıram. Hazırda mühafizədə işləyirəm. Bu vaxta qədər isə çox çətinliklə ordan-burdan bir para çörək qazanmaqla dolanırdım. İndinin özündə də çox korluq çəkirəm. Əvvəllər bizi heç işə də götürmüdülər. Mən özüm ali təhsilliyəm. Moskva Yeyinti Texnolgiyası İnstitutunu bitirmişəm. İndi 1887-ci ildə tikilən ata evində qalıram. Köhnə bir evdir.
-Ələkrəm Hümmətovun birdən-birə dövlətə qarşı çıxması prosesi necə başladı? Hər halda bir qardaş kimi bunu yaxından müşahidə etmişdiniz...
- Ələkrəm Hümmətov bizə ata əvəzi olub. Mənim atam biz uşaq olarkən rəhmətə gedib. Qarabağ hadisələri başlayanda Ələkrəm proseslərin qabağında gedirdi. O, Azərbaycan Xalq Cəbhəsinin (AXC) İdarə Heyətinin üzvlərindən biri olub. Ələkrəm sonradan Qarabağ cəbhəsinə yollandı və döyüşməyə başladı. Məndə olan məlumata görə, Ələkrəmin tabeliyində olan hərbi dəstələr Laçın dəhlizinə qədər gedib çıxmışdı.
- Siz mənim sualıma tam cavab vermədiniz. Ona görə sualı belə qoyuram: Ələkrəm Hümmətovun bölücülüyə-separatçılığa başlaması ailənizdə narazılıq yaratmadı?
- Əvvəllər narazılıq var idi. Amma heç birimiz onun işinə qarışmırdıq. Ələkrəm Hümmətov müdafiə nazirinin müavini olan vaxtlarda etnik məsələləri qabartmağa başladı. Bu vaxtdan etibarən o, azsaylı xalqların hüquqlarının pozulduğunu bəyan etməyə başladı. O, tərbiyəli, savadlı bir adam idi. Mən özüm o vaxt onun bu fikirlərinə pis baxırdım. Amma indi görürəm ki, onun əqidəsində az da olsa həqiqətə var idi.
- İddialara görə, qardaşınız xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyinə görə dövlətin ərazi bütövlüyünə təhdid yaratmağa başlayıb.
-Yalandır. O, heç bir xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyib. Onun necə dost, necə yoldaş olmasını öz tələbə yoldaşlarından da soruşa bilərsiniz. Bizim ailədə heç kim xarici kəşfiyyatla əlaqədə ola bilməzdi. Anam 5 il bundan qabaq rəhmətə getdi. Ələkrəm də hüzürə gəlmək istədi, amma ölkəyə buraxmadılar. Anam onun xiffətini çəkə-çəkə rəhmətə getdi.
- Qardaşınızla əlaqə saxlayırsınızmı?
- Mən əlaqə saxlamıram. O biri qardaşım Əlifərman “skayp”la Ələkrəmlə tez-tez danışır. Ancaq ad günlərində, bayramlarda bizləri təbrik edir.
- Qardaşınız sizlərə xaricdən madi köməklik göstərə bilir?
- Bu vaxta qədər ondan heç bir şey almamışam.
- Bəs sizi mühacirətə getməyə dəvət edirmi?
- Xeyr. Bu barədə heç söhbətimiz də olmayıb.
- Lap fərz edək ki, o vaxt azsaylı xalqlara təzyiq edilirdi. Onu da təsəvvür edək ki, lap Ələkrəm siz dediyiniz kimi düz edib. Yaxşı, indi axı dövlət azsaylı xalqlara çox böyük hüquqlar tanıyıb. Buna görə sizə elə gəlmirmi ki, Ələkrəm Hümmətov artıq ayrı-seçkilik mövqeyindən əl çəkməlidir?
- Mən bunu deyə bilmərəm. Bu, artıq onun öz işidir. Mən belə işlərə demək olar ki, qarışmamışam.
- Qardaşınızdan fərqli olaraq, siz yəqin ki, Azərbaycanı sevir, ərazi bütövlüyümüzü dəstəkləyirsiniz.
- Əlbəttə ki... Mən Azərbaycanı çox sevirəm. Bura mənim vətənimdir. Müxtəlif regionlardan çoxlu tanışlarım var.
- Ələkrəm Hümmətova görə qonşularınız da sizin ailəyə mənfi münasibət bəsləyirmi?
- Heç zaman belə bir şey olmadı. Bizi, ailəmizi yaxşı tanıyırdılar. Bilirdilər ki, biz pis insanlar deyilik. Təmiz, vicdanlı adamlar olmuşuq. Atamız müəllim olub, məktəb direktoru işləyib. Təhsil olmayan kəndlərdə dərslər keçib, savad verməyə çalışıb.
- Qardaşınız bir neçə il bundan qabaq Ermənistana getdi və separatçı çıxışlar etməyə başladı. Bu bir ailə üzvü kimi sizdə narahatlıq yaratmadı?
- O indi xaircdə qalır. Mən onun işlərinə müdaxilə etmək imkanına malik deyiləm. Ermənistana niyə getdiyinin heç səbəbini də bilmirəm. Ermənistana gedir, ona tribuna verirlər. Mən istərdim ki, ona öz doğma vətənində, Azərbaycanda tribuna versinlər. O da öz sözünü desin.
- Övladlarınız varmı?
- Mən çox gec - 43 yaşımda ailə həyatı qurmuşam. 2 övladım var. Oğlumun 10, qızımın 8 yaşı var. Onların Ələkrəm Hümmətovun uşaqları ilə heç bir əlaqəsi yoxdur. Ələkrəmin oğlu, bir qızı var. Hamısı xaricdədirlər.
- Sizə elə gəlmir ki, bu gün vəziyyətinizin ağır olmasının səbəbkarından biri də dolayısı ilə öz qardaşınızdır.
- Bunu bütün camaat hamısı deyir. O vaxt yeznəmi, bacılarımı da işdən çıxardılar. 3 bacım var. Bacılarım da artıq qocalıb.
- Bəs bütün baş verənlərə görə qardaşınızdan inciyirsinizmi?
- Heç kimdən incimirəm. O, mənim qardaşımdır. Bu da bizim tale yazımızdır...