"Qısa ətəyi Röya geyinəndə cazibədar görünür, mən geyinəndə isə biədəb"

4-12-2019, 15:22           
"Qısa ətəyi Röya geyinəndə cazibədar görünür, mən geyinəndə isə biədəb"
"Qısa ətəyi Röya geyinəndə cazibədar görünür, mən geyinəndə isə biədəb"
Tarix: Bu gün, 13:30



Müğənni Roza Zərgərli ilə yeni klipinin təqdimat mərasimində bir araya gəldik. Musavat.com saytının suallarına cavab verən ifaçı ilə yeni layihələrindən, şou-biznesdə yaşananlardan və şəxsi həyatından danışdıq:
- Müsahibənizin birində “Rəqqasə Fatimə də mənim kimi xoşbəxt deyil” dediniz. Kənardan çox xoşbəxt görünən Roza xanımın xoşbəxtliyini pozan nədir?
- Mən sağlamlığımda problem olduğu üçün xoşbəxt deyiləm. Fevral ayında ağır əməliyyata girəcəyəm. Omba sümüyümdə problem var. “Endoprotez” qoyduracağam. Mənim kimi bir yerdə durmayan, hər zaman fəaliyyətdə olan insan üçün “endoprotez”i qoydurmaq şikəst olmaq kimi bir şeydir.
İnsan sağlam olmayanda xoşbəxt olmur. Ona görə də mən tam xoşbəxt deyiləm. Çünki sağlamlığımda problemlər var. Əməliyyatdan sonra iki ay efirlərə çıxmayacağam. Fəaliyyətimə bir az ara verəcəyəm. Bu da mənə xoşbəxtlik gətirmir. Nə ailəmə, nə də, yaxınlarıma zaman ayıra biləcəyəm.

- Günay İbrahimli açıqlama verdi ki, əməliyyatla ombasını böyüdən müğənnilər “kuvşin”ə oxşayır.
- Günay o sözləri mənə deyə bilməz. Amma o qızın sözlərində həqiqət var. Xanım müğənnilər qabardılmış şəkildə plastik əməliyyatlar etdirir. “Kuvşin” mədəni çıxır, mən başqa söz deyərdim... (gülür)
Müğənnilər plastik əməliyyatı ona görə edirlər ki, mənə bənzəsinlər. Əvvəllər də mənimlə bəhsə-bəhsə girirdilər. İlhamə Quliyeva yoxdur, ona görə onlar özlərini mənə oxşadırlar. Qısa ətək geyinməyi çox sevirdim. Amma bilirəm ki, qısa ətək geyinəndə vulqar görünürəm. Çünki bədən ölçülərim qısa ətək üçün uyğun deyil. Arıq qızlar geyinəndə kənardan daha cazibədar görünür. Qısa ətəyi Röya geyinəndə cazibədar görünür, mən geyinəndə isə biədəb, çünki “kuvşin” məsələsi var. Əynimə geyindiyim libaslar seksual görünür.

- Növbədənkənar parlament seçkiləri ərəfəsindəyik. Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkələrdə kampaniya başlayıb.
- Əgər nə isə yaxşı olacaqsa, olsun. O qədər insanlar var ki, onlara yaxşılıq etmişəm, əvəzinə pislik görmüşəm. Sizə bir sadə misal çəkim. Televiziya kanalına rəhbər vəzifəyə gələn insana dəstək durmuşam, onun yerinə çox sevinmişəm, elə birinci vurulan da məhz mən olmuşam. Ona görə bəzi şeylərdə kiməsə dəstək çıxmaqdan qorxuram. Allah bilən məsləhətdir. Ən əsası orada bizim sözümü çatdıran olsun. İncəsənət sahəsinə canı yanan insan lazımdır.
- Hazırda müğənnilər arasında tendensiya var, onlar efirə tək çıxmaq istəyirlər. Siz də “Bakı vaxtı ilə” verilişinin aparıcısısınız. Sizin verilişə tək qonaq olmaq istəyənlər olub?
- Bir dəfə belə bir hal yaşanıb. Həmin şəxs payını alıb, çıxıb gedib. Adını demirəm ki, reklam olmasın. Mənim efirimə tək çıxmaq mümkün deyil. Verilişim korifey sənətkarlara aiddir. Mənim efirimə tək çıxmaq üçün isə korifey olub, ölmək lazımdır. Amma indi bir-iki nəfər adam var ki, proqramıma tək çıxacaq. Bu, müğənni Elton Hüseynəliyevdir. Çünki mənim üçün Elton korifey sənətçidir. Halbuki mən onunla real həyatda 5-6 dəfə görüşmüşəm. İrəliləyən aylarda Əkbər də verilişimə tək çıxacaq. Amma elə müğənnilər var ki, mən zamanında onlara çox dəstək çıxmışam. Onlar qulağının dibini görəndə, “Bakı vaxtı ilə” proqramını görərlər.

- Müğənni Əkbər Əliyev ilə ikinci işinizi təqdim etdiniz. Duet oxumağa, ona ekran həyatı verməyə necə qərar verdiniz?
- 20 illik dostluğumuzun nəticəsi olaraq qərara aldıq ki, mahnı lentə alıb klip çəkdirək. Mahnı özəl sifariş olunub. Bir hadisə danışmışdıq və bu hadisənin üzərində Hakan və Leyli Erollar mahnının musiqisini və sözlərini yazdılar. Klip sentyabr ayında çəkilib. İstanbul şəhərində payızı çəkməli idik.
Məhz bu səbəbdən çəkilişlər bir az uzun çəkdi. Klipin süjet xətti “love story”-dir. Klip hazırlanarkən mahnını “Youtube”da təqdim etdik. İzləyicilərdən xoş rəylər alırıq. Klip hər ikimizin “Youtube” hesabında yayımlanıb. Xərcləyən Əkbərdir, qazanan isə mən. Klipdə sevgi də var, ehtiras da, amma fərqli formada.
Bizim Əkbərlə duetimizin yaranması mənim böyük istəyimdən irəli gəlib. Boy və görkəm cəhətdən bir-birimizə uyğun gəlirik. Zövqümüz də eynidir. Klipin maliyyə məsələlərinə gəldikdə isə, düşünmüşdük ki, ikimiz öz aramızda bölüşdürəcəyik. Amma orada elə bir ab-hava yarandı ki, Əkbər imkan vermədi mən nə isə öz cibimdən xərcləyim. Klipə 15 min dollardan bir az çox pul xərclənildi.

- Əkbərlə işbirliyiniz sevgili olduğunuz dedi-qodularını da yaratdı. Həyat yoldaşınız Əkbəri qısqanmır?
- Əkbərin oxuduğu “Məndən ayrılma” mahnısına aşiq olmuşam. Bəlkə də, mənim kimi o mahnını Əkbərin özü belə reklam etməyib. 24 saat bu bəstəni paylaşmışam. Yoldaşımla ayrılırdıq, artıq boşanmaq üçün məhkəməyə gedirdim. Son anda yoldaşım mənə bu mahnını göndərib dedi ki, “Buna qulaq as, bəlkə, fikrindən daşındın. “Məndən ayrılma”ya qulaq asdım, fikrimdən daşındım. Boşanmaq fikrimdən daşındığımı ərimə çatdıranda Əkbəri “Instagram”da tapıb işarələdim, o da başa düşdü ki, barışdım. Sonra Əkbərlə mahnı yazdırıb, klip çəkdirdik. Hər şey əladır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.