"R.Mehdiyevin vəzifədən getməsi Ə.Həsənovun gedişini öncədən müəyyənləşdirdi"

5-12-2019, 09:10           
"R.Mehdiyevin vəzifədən getməsi Ə.Həsənovun gedişini öncədən müəyyənləşdirdi"
Azərbaycan hakimiyyətındə cəmiyyət üçün iki vacib işdən çıxarılma olayı cəmiyyətdə daxili siyasi həyatın, mətbuatın fəaliyyətinin liberallaşdırılmasına ümidləri artırdı. Bu gözləntilər nə dərəcədə gerçəkləşəcək? İsveçrədə yaşayan jurnalist Rauf Mirqədirovla müsahibə bu haqdadır.



***

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifəsindən azad edildi, onun ardınca prezident köməkçisi Əli Həsənov da getdi. Bu istefalar Azərbaycanın idarəetmə sistemində kardinal dəyişiklik deməkdirmi?

- Prezidentin köməkçisi Əli Həsənovun işdən çıxarılmasına ayrıca bir məmurun işdən çıxarılması və onun şəbəkəsinin ləğvi kimi baxıla bilər. Niyə ayrıca məmur? Bu gün Heydər Əliyevin yaratdığı və hakim elitanın iqtidarda olmasına zəmanət verən oliqarxik piramida dağıdılır.

Bu piramidada Ə.Həsənov vacib idi, lakin müəyyənləşdirici fiqur deyildi. Əsas fiqur Ramiz Mehdiyev idi. R.Mehdiyevin vəzifədən getməsi hakimiyyətdə günlərini sayan Ə.Həsənovun gedişini öncədən müəyyənləşdirdi. R.Mehdiyev mətbuata, cəmiyyətə, partiyalara və s. repressiv rəhbərlik edirdi. O, hakimiyyətlə ictimai təşkilatlar arasında münasibətləri tənzimləyir və rəhbərlik edirdi.

Əgər Əli Həsənov mətbuatın idarə edilməsində mühüm rol oynayırdısa, siyasi istiqamətdə rəsmi ideologiyanı müəyyənləşdirən Ramiz Mehdiyev önəmli idi. R.Mehdiyev bütün hüquq-mühafizə orqanlarına, bütün güc aparatlarına rəhbərlik edib. Odur ki, Əli Həsənov vacib məmur idi, amma hakim sistemin bir fiquru idi.

- Bəs niyə Ə.Həsənovun işdən çıxarılmasını onunla əlaqəsi olan bir qrup şəxsin istefasına səbəb hesab etmək olar?

- Turan-a əvvəlki müsahibəmdə demişdim ki, ölkədə əyalət menecerlərinin paytaxt menecerləri ilə əvəzlənməsi baş verir. Buna parlaq nümunələrdən biri Ə.Həsənov idi. Bu mənada Ə.Həsənovla birlikdə onunla əlaqəli olan qrupun - Mətbuat Şurasının rəhbəri, Mətbuata Dəstək Fondunun rəhbəri, qapanma ehtimalı olan bəzi KİV-lərin rəhbərlərinin siyasətdən gedəcəyini gözləmək olar. Buraya Ə.Həsənovun xanımına məxsus “Kaspi” qəzeti, Ə.Həsənovun oğlunun mənimsədiyi “Xəzər” telekanalı da daxildir. “Mətbuat generalları” da gedəcək.

Ancaq çətin ki ideologiya dəyişikliyi haqda danışmaq lazım gəlsin. Prezident BDU tələbələrinin qarşısındakı son çıxışında Ramiz Mehdiyevin müxtəlif “əsərlərində” söylədiyi məlum tezisləri təkrarlayıb. Mən onların bəzisini oxumağa özümü məcbur etdim. Bunlar əsasən müxtəlif Qərb və rusiyalı politoloqların sitatlarıdır, rusiyalı müəlliflərin suveren demokratiya ideologiyasının təkrarıdır. R.Mehdiyev bu ideyanı Azərbaycana tətbiq etməyə çalışıb. Bu konservativ inkişaf kursu prezidentin çıxışlarında təkrarlanır.

Yaxın gələcəkdə bir ideologiyanın digəri ilə əvəzlənməsini, mətbuat və dövlət arasında yeni münasibətlərin yaranmasını gözləmirəm. İctimai-siyasi sistemdə, idarəetmədə əsaslı islahatları gözləməyə dəyməz.

Ramiz Mehdiyev maraqlı məmurdur. Bir qayda olaraq, siyasətçilər elmi əsərləri, memuarları yüksək vəzifələrə təyinatdan öncə və ya istefa etdikdən sonra yazırlar. Məsələn, amerikalı Zbiqnev Bzjezinski, Henry Kissincer. Azərbaycan kimi analoqsuz olan Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri olarkən əsərlər yazıb. 25 il icra hakimiyyəti aparatına rəhbərlik edən və öz kitablarından ibarət kitabxana yaratmağı bacaran yaşlı adamın əməksevərliyinə və iş qabiliyyətinə həsəd aparmaq olar.

R. Mehdiyev öz sahibinin – Heydər Əliyevin sadiq qulu –Sanço Pansa idi.

- Əli Həsənovun fəaliyyətində hansı uğurlar və ya uğursuzluqlar olub?

- Ə.Həsənov olduqca effektli idi. Müstəqil Azərbaycan mətbuatının tamamilə çökməsi onun vicdanı üzərinədir. Siyasi sistemin çökməsi də onun vicdanındadır.

O, qarşıya qoyulmuş bu vəzifənin öhdəsindən tamamilə gəldi, ziyalıca deyil, kobud davranaraq, yeni məmur gənclər də yəqin ki, belə hərəkət edəcəklər. Onun atdığı bumeranqın iqtidarı vurması isə başqa məsələdir ki, iqtidar özünü ölkə daxilində və dövlətin hüdudlarından kənarda cəmiyyətə effektiv təsir vasitəsindən məhrum etdi. Ölkə, demək olar ki, xalq arasında etimad yaradan KİV-siz qaldı. Qalan müstəqil KİV-in isə dövlət daxilində və xaricində fəal rəqabət üçün resursu yoxdur. Azərbaycanda və xaricdə populyar olan “Ayna-Zerkalo” qəzeti də daxil omaqla, bu KİV-lər məhv edildi.

- Baş verənlər mətbuat azadlığına necə təsir edəcək?

- Çətin ki Ə.Həsənovun getməsi dövlət ideologiyasının dəyişməsi demək olsun, çünki bunun üçün zəmin yoxdur. Sistemin özünün dəyişməsi barədə siqnal yoxdur. Azərbaycanda şəxsi hakimiyyət ideologiyası saxlanılır. Prezidentin çıxışlarına əsasən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın xarici siyasətində təcridçilik, təcrid olunmuş digər dövlətlər - Türkiyə, Rusiya, Çin ilə əməkdaşlıq davam edir.

Liberal idarəetmə ideologiyası qəbul edilmir, çünki burada hakimiyyət sisteminin özündə dəyişiklik potensialı var. Böyüklərə hörmət, tərif və itaət, yəni hakimiyətin konservasiyası qalır.

İdarəetməyə gələn gənclər sistemin insaniləşdirilməsi, humanistləşdirilməsi taktikasına əməl etməli olacaqlar. Alətlər dəyişəcək. Mətbuat və cəmiyyətlə münasibətlərdə bir qədər yumşalma ola bilər, yeni saytlar və qəzetlər yaranar, onlara dəstək göstərilə bilər.

Məsələn, “Exo Moskvı” Putini tənqid edir, baxmayaraq ki, “Qazprom” tərəfindən maliyyələşdirilir. Sadəcə, onlara bir az azadlıq veriblər. Bu cür diskussiya meydançaları Azərbaycanda da açıla bilər, İctimai Televiziya daha açıq olar, artıq siyasi verilişlərə bəzi müxalifətçiləri dəvət edirlər.

Belə olacağını istisna etmirəm, amma parlament seçkilərindən sonra olacaq. Yeni qanunverici orqanın formalaşmasından öncə ciddi dəyişikliklər çətin ki mümkün olsun, belə ki, indiki seçki qanunvericiliyi müxalifəti hökumətyönlü aparıcı KİV-lərə çıxış imkanlarından məhrum edir.

- Dövlətin diaspor və siyasi mühacirətə münasibətində yeni siyasət gözlənilirmi?

- 2013-2014-cü illərdən sonra siyasi opponentlərin xeyli hissəsi xaricə qaçdı, bu, əlbəttə ki, Əli Həsənovun “xidməti”dir. Bu istiqamətə şəxsən özü nəzarət edib. İndi onların vəziyyəti necə olacaq? Nə qədər siyasi mühacirin Azərbaycana qayıtmağa hazır olduğunu bilmirəm. Belə istəyi ifadə edən bir neçə nəfər var.

Bunu necə etmək olar? Siyasi mühacirlərin əksəriyyəti uydurma cinayət maddələri ilə məhkum edilib. Əfv üçün müraciət etməyə hazır olan siyasi mühacirləri tanımıram, çünki heç kim özünü günahkar saymır, mən də. Əfv istəmək fikrim yoxdur. Bizim məhkəmələr Avropa İnsan Hüquqları Məhkəməsinin qətnaməsindən sonra da öz qərarlarını ləğv etmirlər.

Dövlət öz səhvlərini, siyasi repressiyaları etiraf etməlidir və müvafiq olaraq bu qanunsuzluqlarda günahı olanları cəzalandırmalıdır. Talelər sındırılıb, insanlar illərlə həbsxanalarda haqq etmədikləri cəzanı çəkiblər. Mən 23 ay təkadamlıq təcridxanada qaldım.

Yaxın vaxtlarda qanunsuz repressiyaların tanınmasını gözləmirəm. Hakimiyyətin ata biləcəyi ən kiçik addım prezidentin siyasi mühacirlərə qarşı cinayət ittihamlarının qaldırılması ilə bağlı təşəbbüsü ola bilər.

Belə olarsa gedənlərin bir hissəsi geri qayıdacaq, ancaq bunun əvəzində onlardan nəsə tələb etmək olmaz, həmçinin hakimiyyəti dəstəkləmək barədə bəyanat da. Bu üsullar problemin həlli deyil, mənəviyyatsızlıqdır.

- Dövlətin Azərbaycan diasporu ilə yeni işi mümkündürmü?

- “Bu, çətin məsələdir. Diasporla münasibətlərə dair mövcud praktika heç bir əndazəyə sığmır. Biz erməni diasporu kimi bir diaspor yaratmaq istəyirik, amma bilməliyik ki, Azərbaycan diasporu erməni diasporunun eynisi ola bilməz.

İki diaspor başqa, fərqli prinsiplər üzrə formalaşır. Erməni diasporu spesifik tarixi şəraitdə yaranıb. Erməni xalqı milləti birləşdirən əfsanələrlə qidalanır. Ermənilərin öz “yerli” dini var. Biz diasporun kütləviləşməsinə nail ola bilmərik, çünki azərbaycanlılar ikinci, üçüncü nəsildə sürətlə yeni cəmiyyətə inteqrasiya olunurlar. Daha çox fransız olurlar, nəinki azərbaycanlı. İslam azərbaycanlılar üçün birləşdirici qüvvə deyil. Biz ermənilər kimi deyilik, çünki azərbaycanlılar və türklər təqib olunmayıblar, təhlükə hiss etməyiblər, İslam dininə etiqad edirlər.

Cəmiyyətdən gizli məlum olmayan həcmdə pulu diaspora ötürmək olmaz, necə istifadə edəcəkləri də məlum deyil. Diasporun təşkili üçün başqa prinsiplər lazımdır. Mövcud prinsiplər məsrəflidir və az effektlidir, əsasən hakim elitanı dəstəkləyən diasporun yaradılmasına yönəlib.

Turan.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.