“O deputatlar çox çirkin işlərlə məşğul olublar” – Musa Musayevdən sensasion açıqlamalar
6-12-2019, 12:11
“Mənim fikrimcə, Azərbaycanda normal müxalifət yoxdur. Hansısa müxalifət partiyası seçkidə iştirak etsə də, etməsə də, biz seçkiyə gedəcəyik. Artıq fevralın 9-na seçki təyin olunub və mən inanıram biznesmenlər, iş adamları, vəzifədə olan adamlar bu dəfə parlamentdə təmsil olunmayacaq”.
Bunu Yenisabah.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, keçmiş deputat Musa Musayev deyib. O, bildirib ki, bu haqda neçə vaxtdır çıxış edir: “Şəxsən məni 2015-ci ildə seçilən parlament qane etmirdi. Bu parlamentdə olanların 90 faizi Yeni Azərbaycan Partiyasına, prezidentə, ulu öndərə aid olmayan təsadüfi adamlar idi.
Bu özünü hələ əvvəllərdən sübut etmişdi. Cünki xaricdə və daxildə olan bəzi qüvvələr prezidentlə, dövlətimizlə bağlı, prezident ailəsi, Ulu öndərlə bağlı təhqiramiz, insanlığa yaraşmayan çıxışlar edənlərə parlamentdə olan millət vəkilləri tərəfindən cavab verilmirdi. Parlamentdə YAP-ın 70-ə yaxın deputatı var və o cümlədən iqtidaryönlü partiyaların nümayəndələri var.
Buna baxmayaraq, onlardan heç biri sinəsini qabağa verib cənab prezidenti, dövləti müdafiə etmədilər. Təbii ki, son dövrlər gedən islahatların nəticəsi olaraq da parlament yenilənəcək. Əvvəldən qeyd edirdim ki, təkcə Nazirlər Kabinetində deyil, Prezident Administrasiyasında da, parlamentdə də və o cümlədən YAP-da da mütləq islahatlara ehtiyac var. İndi bu istiqamətdə işlər gedir. Mən inanıram ki, növbəti parlamentdə şərəfli, ləyaqətli Azərbaycan vətəndaşları, xalqını, dövlətini istəyən insanlar olacaq”.
M. Musayev deyir ki, artıq bu sübut olunub ki, parlamentə düşən biznesmen deputatlar çox çirkin işlərlə məşğul olublar: “Onlar öz şəxsi mənafelərini güdən insanlardır. Təssüflər olsun ki, bu gün parlamentdə və vəzifədə olan məmurların əksəriyyəti öz şəxsi mənafelərini dövlətin, millətin mənafeyindən qabağa çəkirlər.
Bu gün bizi parlamentdə təmsil edən, hətta komitə sədri olanların da bir neçəsi 2-3 ay bundan öncə parlamentin buraxılması ilə bağlı söhbətlər gəzəndə bəyan edirdilər ki, bu haqda heç bir söhbət gedə bilməz. Mən onların bu kimi mövqelərini özfəaliyyət adlandırıram.
Amma onların bu fəaliyyətinə baxmayaraq YAP Siyasi Şurası prezidentə müraciət etdi ki, parlament buraxılsın.
Təbii ki, 125 deputatın içərisində şərəfli, ləyaqətli, dövlətini sevənlər, öz şəxsi mənafeyini kənara qoyanlar da var. Amma təəssüflər olsun ki, bunların sayı azdır”.