"Bu ölkə imici üçün də yaxşı hal deyil" - deputat

7-12-2019, 10:37           
"Bu ölkə imici üçün də yaxşı hal deyil" - deputat
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisinin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Buna səbəb isə, 27 yaşlı yarımmüdafiəçinin 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılmasıdır.
"Yeni Sabah"ın dünənki araşdırmasında milliləşdirilmiş bir çox futbolçunun ölkə futbolunun başını aşağı salmasından, biabırçılıq gətirməsindən bəhs edilmişdi.

Bəs, görəsən, futbolçuların milliləşdirilməsində hansı amillərə diqqət yetirmək lazımdır? Belə futbolçular Azərbaycan millisinə dəvət edilməlidirmi?

Bu barədə "Yeni Sabah"a danışan millət vəkili Aqil Abbas bildirib ki, futbolçunun kənardan gətirilib milliləşdirilməsinin əlehinədir:

"Elə futbolçulara münasibətim təbii ki, pisdir. Eddi İfrafilov kimdir e? O futbol oynamağı bilmir. Mən bu yaşımda Eddi İsrafilovdan daha yaxşı futbol oynayıram. Düzdür, insan səhvə düşə, səhv edə bilər. İsrafilov olmasın, başqası olsun. Sadəcə olaraq, kənardan futbolçu gətirib milliləşdirilməyin əlehinəyəm. Hər halda kənar millətdən olan futbolçunu milliləşdirmək mənim üçün gülməli gəlir. Almeyda kimdir? Azərbaycanda Almeydadan daha yaxşı futbolçular var. Onu milliləşdirib nə edəcəksən? İnsanın içində millilik yoxdursa, onun qəlbi bu millətlə döyünmürsə, bu millətlə ağlayıb-sevinmirsə, onu gətirib milliləşdirməklə nə qazanacaqsan? Bəzi xristianlar müsəlman dinini qəbul edir. O qorxanda heç vaxt "Bismillah" deməyəcək, "xaççe" deyəcək. Nə qədər onu milliləşdirsən də, belə olacaq".

Deputat Fazil Mustafa isə futbolçuların milliləşdirilmə prosesində mədəni və tərbiyəvi cəhətlərinə də fikir verməyin lazımlı olduğunu söyləyib:

"Mədəni səviyyəsi yüksək olan heç zaman futbolçu problem yaratmır. Mədəni səviyyəsi aşağı olan futbolçular belə qalmaqallı problemlər yaradır. Onları milliləşdirəndə tərbiyə vermək mümkün olmur. İbtidaidən nə alıbsa, onu da yaşantısında davam etdirir. Məsuliyətli insanların bu prosesdə iştirak etməsi daha yaxşı olardı. Çünki belə insanlar ölkəyə yaxşı imic gətirmirlər. Hesab edirəm ki, bu məsələ düşündürücüdür və futbolçu milliləşdiriləndə bu kimi amilləri nəzərə almaq lazımdır. Çünki belə prosesi xaricdə də narahatlıq yaradan proses kimi dəyərləndirə bilərlər. Çalışmalıyıq ki, futbolçular mililəşdiriləndə onun mədəni tərəfinə də diqqət yetirilsin. Əks halda bu problemlər həmişə qalacaq. Bu ölkə imici üçün də yaxşı hal deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.