Tahir Kərimli: “Heç bir boykot Azərbaycana xeyir gətirmir”

9-12-2019, 08:58           
Tahir Kərimli: “Heç bir boykot Azərbaycana xeyir gətirmir”
“YAP-ın siyahısını çox səbirsizliklə gözləyirik, bunu gizləmək lazım deyil”
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin V çağırışının buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncamından irəli gələrək seçki prosesinə start verilib. Artıq bir sıra partiyalar aktiv seçki tərəfdarı olaraq mövqe sərgilməkdədirlər, o cümlədən parlamentin indiki tərkibində sədri ilə təmsil olunan Vəhdət Partiyası. Partiya rəhbəri, V çağırış Milli Məclisin deputatı Tahir Kərimli ilə növbədənkənar seçki mövzusu ilə yanaşı, digər məsələlərdən də danışdıq. Mərhum həmkarı Yevda Abramovla vida mərasimində iştirak edən Tahir bəydən əvvəlcə bu kədərli mövzu barədə danışdıq.

- Tahir bəy, Yevda müəllim xatirinizdə necə qalacaq?

- Allah Yevda müəllimə rəhmət eləsin! Yevda müəllim bizim xatirimizdə cəsarətli, sözünü deyə bilən, Azərbaycanı sevən, Azərbaycana “Can Azərbaycan!” deyən bir insan kimi xatirimizdə qalacaq. Məsələlərə həssas münasibəti ilə daim seçilirdi. Heyif ondan, uzun müddət idi ki, narahat idi, dünyasını dəyişdi. Son görüşümüzdə baxdım ki, bir balaca sınıxıb. Onun yeri həmişə görünəcək. Çünki o, Azərbaycanın parlament tarixinə öz möhürünü vurmuş, öz sözü olan bir kişi idi. Allah rəhmət eləsin!

- Tahir bəy, artıq növbədənkənar parlament seçkiləri ilə bağlı proses başlayıb. Seçkiyə qatılmaqla bağlı qərarınız varmı?

- Mən keçən dəfə də namizədliyimi fərdi qaydada deyil, partiyadan vermişdim. Bu dəfə də partiyamız qəti fikirdədir ki, seçkiyə gedək və mənim də namizədliyim irəli sürülsün. Bu məsələni Baş Məclis həll edir. Yaxın günlərdə Baş Məclisin çağırılması gözlənilir. Siyasi Şura seçkidə iştirakı tövsiyə edib, yəqin Baş Məclis müvafiq qərar çıxaracaq.

- Yenə də eyni dairədən namizəd olmaq fikrindəsiniz?

- Bəli. Taleyim elə gətirib ki, ayrı-ayrı hallarda İsmayıllı, Ağsu, Şamaxıdan, “kiçik vətənlərim”dən namizədliyim irəli sürülüb. İndi də Ağsu-İsmayıllı Seçki Dairəsindən namizəd olmağım daha uyğun görünür.

- 4 illik deputat fəaliyyətiniz zamanı istədiyiniz kimi fəaliyyət göstərə, problemlərin həlli üçün çalışa bildinizmi?

- Mən bəzi şərhləri oxuyuram. Demək olar ki, çoxlarının gördüyümüz işlərlə bağlı təsəvvürü yoxdur. Amma siz şahdisiniz, Azərbaycanın elə bir problemi olmayıb ki, deputat həmkarlarımla birlikdə, şəxsən mən o məsələlərə reaksiya verməyim. Büdcə məsələlərindən tutmuş, Azərbaycanın köklü problemlərinə, Qarabağ komitəsinin yaradılmasına, hərbi əməliyyatların başlanılmasına qədər... O vaxt bizim çıxışımızdan sonra büdcə kəsirinin artırılması hesabına xalqın vəziyyətinin yaxşılaşdırılması üçün cənab prezident 300 milyon əlavə etdi. Bu məsələ ilə bağlı məndən başqa heç kəs çıxış etməmişdi. Dəfələrlə kreditlər, şəhid ailələrinin problemləri, əmək haqqı, pensiya məsələlərindən bəhs etmişik. Özümün seçki dairəm, kəndlərə su xəttinin çəkilməsinə, yolların salınmasına, şəhər və kəndlərin abadlaşdırılması, yuxarı Şirvan zonasına adambaşına ayrılan vəsaitin artırılması və sairlə bağlı elə bir problem yoxdur ki, mən o barədə çıxış etməyim. Amma aktiv insanları çıxmaq şərtilə, nədənsə camaatın çoxunun xəbəri yoxdur. Elə bir problem yoxdur ki, mən o barədə çıxış etməyim. Lakin bəziləri deyir heç bu gedib ağzını açıb danışmayıb.

“Körpələrimizə milli adlar qoymalıyıq, imkanım olsaydı, deyərdim mənə ərəb adı qoymayın!”
- Sizi daha çox ilin aylarının, ya da himnin dəyişdirilməsi ideyasının müəllifi kimi təqdim etdilər...

- Çox maraqlıdır ki, mən ayların adının dəyişdirilməsini deputat kimi qaldırmamışdım, bu haqda bir fərd kimi danışmışdım. Ancaq heç kimə başa sala bilmədim ki, mən bunun paralel işlədilməsinin tərəfdarıyam. Ata-babadan bu, bizdə qalıb. Dilimizdə də var. Bir çox xalqlar, Türkiyə, Çin, Yaponya, İran, Ukrayna, öz milli ay adlarını işlədir. Bir də elə təsəvvür yaratdılar ki, mən himnin dəyişdirilməsini istəyirəm. Halbuki prezidentin imzası ilə parlamentə təqdim olunmuşdu. Mən himnin qısaldılması, əsl variantına, yəni ki, Üzeyir bəyin variantına qayıdılmasını, bir də qəmli notların götürülməsini, Qarabağı azad etmək istəyən xalqın himninə çevirməyi təklif edirdim.

- Sizin yanaşmanızla dekabr ayı “Son ay” adlanmalıdır, eləmi? Özünüz bu adlardan istifadə edirsiniz?

- Mənim yadımdadır, 1978-ci ildə rəhmətə gedən babam həmişə “Əkin ayı”, “Biçin ayı”, “Qızıl ayı” kimi sözlərdən istifadə edərdi. Yaxud illə bağlı “Zəlzələ ili” deyilərdi. Başqa xalqlarda da belə yanaşma var. Bunun paralel işlənməsi ziyan gətirməzdi, dilimiz öyrənərdi. Ümumiyyətlə, bu, qloballaşmanın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı təkliflərimdən biri idi. Ondan başqa, mən təklif edirdim ki, övladlarımıza milli adlar qoyaq. Yəni özümüzə qayıdaq da. Biz nə vaxta kimi başqalarına oxşamağa çalışacağıq?

- Tahir bəy, öz adınız haqda nə deyə bilərsiniz?

- Mənim adım ərəb adıdır. Təbii ki, xəbərim olmayıb, adımı Tahir qoyublar. İmkanım olsaydı, deyərdim mənə hörmətiniz varsa, mənə ərəb adı qoymayın! Mənim millətimin milli adları var, onlar qoyulmalıdır. Hər kəs burdan başlamalıdır. O cümlədən aylar məsələsində. Təbii ki, müəyyən yaşdan sonra adın dəyişdirilməsi çox çətindir. Amma körpələrimizə milli adlar qoymalıyıq. Mən həmçinin milli soyadların məcburiliyi məsələsini qoymuşdum. Hüquqi şəxslərlə bağlı hara baxırsan, əcnəbi adlara rast gəlirsən, Azərbaycana oxşamır. Milli geyimlərimizin, rəqslərimizin, mahnılarımızın təbliğiyini, ümuiyyətlə, millətin özünə qayıtmasını istəyirdim. O nöqteyi-nəzərdən bu təklifləri irəli sürmüşdüm.

- Ağsu aşırımı ilə bağlı problem davam edir. Dəfələrlə bu barədə hökumətə çağırışınız olmuşdu...

- Mən bütün illərdə komitə iclaslarının, hökumətin hesabatlarını təqdim etdim. Dedim hər dəfə bildirirsiniz ki, bu problem həll olunacaq. Bəs, nə vaxt həll olunacaq? Hamısı deyir ki, maliyyə çatışmazlığı var. Bu, bizim artilleriya damarımızdır. Biz Kürdəmir yolu getməklə 100 km uzağa düşürük. Belə şey olmaz ki, on illərlə bu yoldan yük maşını, avtobus işləməsin. Bu məsələ həmişə aktual olub. Nə qədər deputatam, bu məsələdən əl çəkməmişəm. Bu problemin həlli bizim bütün region üçün çox əhəmiyyətlidir. Bizim 20-dək rayon bu yoldan istifadə edə bilər.

- Amma son zamanlar ölkə rəhbərliyinin Şirvan zonasına diqqətinin daha da artmasını müşahidə edirik, yəqin ki, fərqindəsiniz. Prezidentin və Birinci vitse-prezidentin sonuncu Şamaxı səfərini izlədinizmi?

- Bəli. Bu məni çox ümidləndirir. Azərbaycanın bir parçası olaraq biz şirvanlılar həmişə çalışmışıq ki, bizi yerliçilikdə ittiham etməsinlər. Məsələn, öz yerlimizi işə götürməyə, yanımızda işlətməyə qorxmuşuq. O cümlədən Qarabağa yüz dəfə “can” deyə bilirəm, amma Şirvanın adını qorxumdan heç vaxt çəkə bilmirəm ki, deyərlər yerliçilik edir. Amma mən çox sevinirəm ki, cənab prezident bəyan etdi ki, Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı olub, bu dəqiqə oraya əhəmiyyətli dərəcədə diqqət artıb. Özü də tək oraya deyil. Son dövrlər zəlzələ ilə bağlı Şamaxı, İsmayıllı, Ağsu rayonlarına xüsusi diqqət var, maliyyə vəsaiti ayrıldı. Həmin rayonların yolları abadlaşdırılır, su xətləri çəkilir, müəssisələr tikilir, bu, məni çox sevindirir.

- Heydər Əliyev Fondunun dəstəyi ilə İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbə kompleksinin təmirini də buraya əlavə etmək olar...

- Bəli. Çox gözəl addım atıldı. Cənab Prezident və Mehriban xanım Şahxəndan qəbiristanlığını ziyarət etdi, bundan çox məmnunam. Şamaxı böyük şəhər olub, yüz illərlə paytaxt olub. Üstəlik, işğallar, zəlzələlər şəhərin dağılmasına gətirib çıxarıb. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orda şamaxılılar yaşamasın. Məsələn, Cəlilabadın əsasını Məşədi Məhəmməd qoyub. Bütün Türkmənistanın infrastrukturunu vaxtilə şamaxılılar yaradıb. Şamaxı bütün Azərbaycana doğmadır, hamı bu şəhəri sevməlidir. Vaxtilə Mustafa xan İrandan qayıdanda Ağcabədidən keçib, minlərlə insan Şirvandan gəlib ağcabədiləşib, qarabağlaşıblar. Şamaxının özündə yaşayandan daha çox əhali başqa ərazilərdə yaşayır. Şamaxıya diqqətin artması bütün şamaxılıları sevindirir.

- Tahir bəy, bir sıra müxalifət partiyaları seçkidə iştirak qərarını verdi. Siz hansısa partiya ilə birgə iştirakı planlaşdırırsınızmı?

- Vallah belə təklif nə bizə olub, nə də biz etməmişik. Amma sizə bir söz deyim. O vaxt bolşeviklər birinci Dumanı boykot etmişdi. Sonra özləri qərar qəbul etdilər ki, boykot düzgün deyil, iştirak etmək lazımdır. Odur ki, ikinci Dumada iştirak etdilər. İndi də bizim həyatımız göstərir ki, heç bir boykot Azərbaycana xeyir gətirmir, bu tribunadan istifadə etmək lazımdır. Siyasi partiyalar seçkidə iştirak etməli, platformalarını irəli sürməlidirlər. Əks təqdirdə siyasi rəhbərlik, həm aktiv sosial baza kənarda qalır. Bu mənada siyasi partiyaların qərarını çox məmnunluqla qarşılayıram. Əgər gələcəkdə məsləhətləşmə olarsa, mən çox məmnun qalaram. Birgə namizədləriniz, birgə əməkdaşlığımız ola bilər. Bu, çox yaxşıdır.

- Belə demək olarmı ki, siz də hakim partiyanın qərarını gözləyirsiniz?

- Təbii ki, gözləyirik. Etiraf edək ki, respublikanın partiyalı əhalisinin 70-80 faizini YAP üzvləri təşkil edir. YAP-ın siyahısını çox səbirsizliklə gözləyirik, bunu gizləmək lazım deyil.

- Parlamentin tərkibinin ciddi şəkildə dəyişəcəyi gözləntilərini bölüşürsünüzmü? Özünüzü yeni tərkibdə görürsünüzmü?

- Mən arzu edirəm. Əlbəttə ki, çox ciddi dəyişikliklər olacaq. Mən istəyirəm dəyişikliklər olsun. Həmçinin fraksiya yaratmaq imkanı olsun. Komitə rəhbərliyində müxaliflərin, bitərəflərin də təmsil olunmasını istəyirəm. İnşallah mütləq canlanma olacaq.

- Seçki qərarının verilməsi ilə bağlı alternativ fikirlər də səsləndi, o müzakirələr hələ də davam edir. Hüquqşünas olaraq sizin üçün qaranlıq qalan nəsə varmı?

- Dövlət hüquq nəzəriyyəsində analogiyadan istifadə olunur. Bu, nədən ibarətdir? Hökumət buraxılırsa, baş nazir, nazir istefaya gedirsə, onun istefası qəbul olunur. Amma hökumət öz fəaliyyətini yeni hökumət qurulanadək davam etdirə bilər. Bu nöqteyi-nəzərdən Konstitusiya Məhkəməsinin verdiyi qərar anlaşılan və doğrudur. Nəyə görə? Məsələn, vaxtilə ABŞ Ali Məhkəməsi konstitusiyada olmayan məsələlərlə bağlı özü şərh verirdi, qərar verirdi. Bu da qanun qüvvəli norma sayılırdı. İndiki vəziyyətdə ki, müəyyən məsələlər Konstitusiyada öz əksini tapmayıb, Konstitusiya Məhkəməsinin şərhi bizdə əsas götürülməlidir. Yəni Konstitusiya Məhkəməsi tamamilə haqlı olaraq yeni seçkiyə kimi, deputatların saxlanılması məsələsini təsdiq etdi, eyni zamanda onun təmsilçilik hüququnu da saxladı, X-major vəziyyətlərdə parlamentin toplanma ehtimalını da qoydu. Bunlar hamısı doğrudur, artıq buna heç kəs etiraz edə bilməz, çünki Konstitusiya Məhkəməsinin qərarında öz əksini tapıb. Konstitusiya və qanunlarda bu normalar açıq göstərilmirsə, deməli, Konstitusiya Məhkəməsinin qərarında göstərilməsi kifayət edir ki, hüquqi baza odur. Gələcəkdə biz əlbəttə, daha təkmil qanunlar qəbul etməliyik, çünki təcrübədə ilk dəfədir ki, parlamentimiz buraxılır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.