"Ümid edək ki, islahatların nəticəsi kimi yeni parlamentdə çoxpartiyalılıq təmsil olunacaq"
13-12-2019, 10:59
Ana Vətən Partiyasının (AVP) sədr müavini Elçin Ağamalının müsahibəsini təqdim edirik:
– Elçin bəy, ötən ilin prezident seçkilərindən sonra, xüsusilə, bu ilin əvvəllindən Azərbaycanda bütün sahələrdə, xüsusilə, sosial-iqtisadi sferada islahatlar prosesinin yeni və daha dinamik mərhələsinə start verildi. Təbii ki, bu islahatların digər sahələrdə-siyasi-hüquqi sferada da həyata keçirilməsi zərurəti ortadaydı. Bu baxımdan, bütövlükdə islahatlar prosesinə necə yanaşırsınız, nələri ilk öncə qiymətləndirmək istərdiniz?
– 2016-cı ildə ölkənin ali qanun olan Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum keçirilməsilə Prezident İlham Əliyev Azərbaycanda ciddi islahatlara başlanılacağının anonsunu verdi. Dövlət idarəçiliyində vitse-prezidentlik institutunun təsis olunması, prezidentin səlahiyyət müddətinin artırılması və digər məqamlar ölkə prezidentinin hüquqi baza yaradaraq, ciddi islahatlara başlayacağının göstəricisi idi. 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra bu islahatlar geniş vüsət aldı. Hakimiyyətin üç qolundan ikisində, icra hakimiyyəti strukturunda və məhkəmə-hüquq sistemində islahatlarla bağlı ölkə rəhbərinin müvafiq fərmanlarından sonra parlamentin də islahatlara gedəcəyini gözləmək olardı. Çünki ola bilməz ki, icra strukturunda dəyişiklik getsin, kadr, sruktur dəyişikliyi aparılsın, məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi ilə bağlı Prezident fərman imzalasın, həmçinin, orada islahatların aparılması ilə bağlı ciddi paket müzakirələrə təqdim edilsin, ancaq üçüncü hakimiyyət qolu, parlament bu prosesdən kənarda qalsın.
Ona görə də hakim partiya kimi Yeni Azərbaycan Partiyası (YAP) islahatların dərinləşdirilərək parlamentin də ölkədə gedən ümumi islahatlar sistemindən kənarda qalmaması üçün belə bir addımı atdı, parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Artıq bununla bağlı parlamentin qərarı, Prezidentin Sərəncamı ortadadır və yaxın iki ayda parlament seçkiləri keçiriləcək. Əminik ki, yeni seçiləcək parlament məhz ölkədə gedən dərin proseslərin ruhuna uyğun islahatçı və bütün fəaliyyəti ilə hadisələrin önündə gedən və bütün qüvvəsi ilə dövlətçiliyimizə daha yüksək səviyyədə xidmət edən, töhvələr verən parlament olacaq.
– Məgər 5-ci çağırış parlament ölkədə aparılan islahatlar prosesinin yanında, fəal iştirakçısı deyildimi ki, yeni tərkibə ehtiyac yarandı?
– Onu demək, iddia etmək düzgün olmaz ki, 5-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətsiz, qanunların qəbul olunmasından tutmuş, digər siyasi-hüquqi proseslərdə fəaliyyətsiz olub. Parlament dörd il müddətdə kifayət qədər məhsuldar işləyib. Beynəlxalq təşkilatlarda parlamentin əməkdaşlığı, ölkəmiz üçün vacib olan qanun və qərarların qəbulu bu baxımdan səciyyəvidir. Ölkə Prezidenti tərəfindən Milli Məclisə göndərilən qanun layihələri zamanında müzakirələrdən keçirilərək qəbul olunub. Yəni, iddia etmək ki, parlament dörd ildə heç bir işlə məşğul olmayıb, heç bir fəaliyyət göstərməyib, bu, düzgün və ədalətli olmazdı. Zamanın ortaya qoyduğu çağrışların məntiqinə söykənən Yeni Azərbaycan Partiyası doğru addım atdı. Bu addım ki, Azərbaycanın siyasi ab-havasına yeni ruh verəcək, yeni qüvvələrin, partiyalarda yeni siyasətçilərin irəli çıxmasına imkan və şərait yaradacaq.
Bildiyiniz kimi, qərarların, qanunların hazırlanmasından tutmuş, qəbuluna qədər bütün bu prosesləri həyata keçirilməsində insan faktoru həlledicidir. Ancaq müşahidələrimə görə, parlament bir çox hallarda Prezidentin yürütdüyü siyasi xəttə, islahatlara yetərincə adekvat deyildi. Təəssüf ki, bir çox hallarda parlament bütün üzvlərinin siyasi fəallığı görünmürdü. Həm də bu baxımdan iqtidar partiyası öz içində yeniliklər etməyi, Prezidentə daha güclü dəstək verməyi, dövlət başçısının yeritdiyi siyasətin xalqa çatdırılmasını, dövlətçiliyimiz əleyhinə xarici qüvvələrin təhdidlərinə qarşı ciddi və birmənalı mövqe qoymağı vacib hesab etdi.
– Yeri gəlmişkən, tez-tez belə fikirlər və iddialar səslənir ki, siyasi partiyalar islahatlardan danışır və onu tələb edirsə, ilk növbədə islahatlara özlərindən başlamalı, yenilənməli, təzələnməlidirlər…
– Əvvəla, YAP parlamentin buraxılması ilə bağlı müraciət etməklə bir siyasi mədəniyyət nümayiş etdirdi. Azərbaycanın müasir tarixində bu, ilk və böyük bir hadisədir. Eyni zamanda, ölkə Prezidentinin fəaliyyətini dəstəkləyən YAP-da zaman-zaman bu proseslər gedib.
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının dəvətilə artıq partiyaya bir sıra tanınmış şəxslər cəlb olunublar. Bununla yanaşı, illərdir AVP-də fəaliyyət göstərən gənclərin, partiyanın kölgədə qalmış funksionerlərinin daha aktiv təbliğ olunması, onların cəmiyyətdə gedən proseslərə daha yaxından iştirakı ilə bağlı partiya sədrinin bizlərə tövsiyəsi və tapşırığı var. Ancaq təəssüf ki, bunu müxalifət partiyaları haqqında demək olmur. Müxalifət partiyaları deyəndə, söhbət radikal, pozucu, qaraguruh müxalifətdən gedir, onlarda dəyişən heç nə yoxdur. Düşüncə tərzi hələ də 90-cı illərdə ilişib qalıb. Qaraguruh müxalifətdə heç vaxt yeniliyi görməmişik, bu gün də görmürük. Onlar 25-30 il öncə hansı düşüncədə yaşayırdılarsa, indi də o düşüncənin daşıyıcılarıdır, dəyişən bir şey yoxdur.
Müxalifət partiyalarının böyük əksəriyyəti parlament seçkilərində iştirak etməklə bağlı öz qərarlarını veriblər. Bu, çox təqdirəlayiqdi və Ana Vətən Partiyası da partiyaların seçkidə iştirakını müşbət qarşılayıb. Ancaq Milli Şura seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib. Axı, Milli Şura özü hansı qüvvədədir, kimi təmsil edir? Orada təmsil olunan partiya AXCP-dir, bir də 4-5 müstəqil şəxs. Onlar tarixi proseslərdən, son illərin hadisələrindən o qədər geridə qalıblar ki, nə etdiklərini özləri belə bilmir, anlamır. Milli Şura 2013-cü ildə prezident seçkilərində vahid namizədlə iştirak etmək məqsədilə yaradılmışdı.
Prezident seçkiləri də qurtardı, bundan sonra növbəti prezident və parlament seçkiləri də keçirildi. Həmçinin, digər partiyalar da Milli Şuradan çıxdıqlarını ifadə etdilər, amma Milli Şura hələ də öz “varlığın” qoruyub saxlamaqdadır. Məqsədi, vəzifəsi nədir, hansı ideya uğrunda mübarizə aparır, tamamilə qaranlıqdır. Ona görə hesab edirəm ki, bu gün radikal, qaragüruh müxalifət ölkədə gedən ümumi proseslərdən yenə də geridə qalır, qatarın arxasınca qaçmaqla məşğuldur və öz gücsüzlüklərini, özlərinin sosial bazalarının zəifliyini də seçkilərə getməmək və müxtəlif bəhanələr ört-basdır etməyə çalışırlar.
– Elçin bəy, məhz həmin dairələr tərəfindən növbədənkənar parlament seçkilərinin Konstitutsiyaya zidd olması haqqında iddialar var…
– Tamamilə, absurd, heç bir əsası olmayan fikirlərdir. Parlamentin buraxılması və yeni seçkilərlə bağlı öncə ölkənin qanunvericilik orqanı qərar qəbul edib. İkincisi, Konstitusiya Məhkəməsinin bu barədə rəyi var, Konstitusiya Məhkəməsi ölkə Prezidentinin sorğusunu müsbət cavablandırıb. Erkən seçkilərin keçirilməsi Konstitusiyaya tam uyğundur və burada heç bir qanuna zidd məqam yoxdur.
– Necə hesab edirsiniz, seçkilərin Konstitusiyaya zidd olması ilə bağlı iddialar sonradan seçkilərlə bağlı legitimlik problemi, Azərbaycanla beynəlxaql strukturlar arasında növbəti gərginliklər yaratmaz ki?
– Biz artıq neçə illərdir radikal müxalifət və onlarla birgə hərəkət edən, bir çox hallarda erməni lobbisinin maliyyəsi ilə Azərbaycana qarşı qarayaxmalarda, böhtan kampaniyasında iştirak edən müxtəlif təşkilatların, Avropa Parlamentinin ayrı-ayrı deputatlarının seçkilərin demokratik keçirilməməsi barədə rəylərini hər seçkidən sonra eşitmişik. Ancaq exit-poll aparan, seçkiləri izləyən, müşahidə nüfuzlu əksər beynəlxalq təşkilatların nümayəndələri hər zaman Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı öz fikirlərini bildiriblər.
– Sizcə, hüquqi-siyasi islahatların növbəti mərhələsi kimi, Azərbaycanda yeni referendumun keçirilməsi mümkünləşə, proporsional seçki sisteminin bərpası, deputat yerlərinin artırılması ilə bağlı ölkə Konstitusiyasına dəyişikliklər edilə bilərmi?
– Azərbaycanda artıq islahatlar dönməz xarakter alıb və əminəm ki, cənab Prezedentin həyata keçirdiyi islahatlar əhəmiyyətli nəticələr verəcəkdir. Siyasi partiya olaraq istərdik ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsində majoritarla bərabər, proporsional seçki sistemindən də istifadə olunsun. Təbii ki, bu da siyasi partiyaların möhkəmləndirilməsində, gücləndirilməsində böyük rol oynayardı. Əlbəttə, bu, gələcəyin işidir. Bunün üçün Konstitusiyaya dəyişikliklər edilməsi, referendum keçirilməsi lazımdır. Ancaq bütün hallarda hesab edirik ki, gələcəkdə bu yöndə islahatların aparılması, yəni, siyasi partiyaların siyasi sistemdə oturuşması, gücləndirilməsi baxımından proporsional seçki sisteminin bərpa olunması məqbul olardı.
– Məqamı düşmüşkün, Azərbaycanda əsl çoxpartiyalılıq sistemin formalaşdırılması, qohum-əqrabadan, “bir sədr-bir möhür”dən ibarət partiyalardan qurtulması üçün “Siyasi partiyalar haqqında” qanunun tamamilə dəyişdirilməsi, qeydiyyat üçün tələb,imza saylarının mindən beş-on minə qaldırılması üçün addımlar atıla bilərmi?
– Təsəvvür edin ki, iqtidar və yaxud iqtidarın siyasətini dəstəkləyən partiya funksioneri tərəfindən bu səsləndirsə, qaragüruh o cümlədən, adı olub, özü olmayan partiyalar tərəfindən nələr deyilə, hansı hay-küy qaldırıla bilər?! Amma əslində bu məsələdə də hansısa addımların atılması vacibdir. Məsələn, elə partiyalar var ki, onun nə Nizamnaməsi, nə Proqramı, nə də üzvləri var. Ancaq internetə baxdığınız zaman onun sədri də var, “partiya”nın adı da. Təbii ki, bu da siyasətə qeyri-ciddilik gətirir. Əlbəttə, belə qeyri-ciddi hallara son qoymaq üçün dediyiniz addımlar atılsa, əlbəttə, çox yaxşı olardı…
– AVP-nin seçki taktikası nədən ibarət olacaq, sürprizlər görəcəyikmi?
– 7 dekabrda Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirildi. Partiyanın Ali Məclisi seçkilərdə iştiraka dair ilk qərarını verənlərdən oldu. Ana Vətən Partiyası birmənalı olaraq seçkidə fəal iştirak edəcək. Namizədlərin müəyyən edilməsi prosesi gedir. Proses yekunlaşdıqdan mətbuata, ictimaiyyətə açıqlama veriləcək.
– Sizcə, seçkilərin nəticələrini bütövlükdə siyasi kəsim hamısı qəbul edəcəkmi?
– Əminəm ki, seçkilərdə iştirak edən siyasi partiyaların əksəriyyəti seçkilərin nəticələrini qəbul edəcək. Mən burada hansısa problem, yəni, legitimlik problemi yaşanacağını zənn etmirəm. Onsuz da mitinq ab-havasında olan siyasi qüvvə olaraq Milli Şura-AXCP bu seçkilərdə iştirak etmir və o, seçkidə iştirak etməyə-etməyə, seçkilərdə müşahidəçisi olmaya-olmaya onu necə şübhə altına ala bilər? Ancaq bütövlükdə seçkinin Azərbaycan cəmiyyətində müsbət qarşılanacağı, Azərbaycanın siyasi həyatında mühüm hadisə olacaq və fəal bir parlamentin formalaşacağı şübhəsizdir.
– İstər parlamentdə, istərsə mətbuatda tez-tez iqtidaryönlü partiyaların nümayəndələri tərəfindən belə təklif səslənməkdədir, Milli Məclisin rəhbərliyi, komitə rəhbərləri formalaşdırılarkən ali qanunverici orqanadakı digər partiyaların da fikri, mövqeyi nəzərə alınsın, onlardan da kimlərsə önə çəkilsin…
– Bəli, biz də hesab edirik ki, yeni seçiləcək parlamentin rəhbərliyində və komitə sədrləri səviyyəsində çoxpartiyalılıq əks olunsun. Belə olarsa, bu ümumi siyasi görüntü, siyasi ab-hava üçün müsbət hal olardı. Ancaq bu, tamamilə parlamentin səlahiyyətində olan məsələdir. Ümid edək ki, bu islahatların nəticəsi olaraq yeni parlamentin rəhbərliyində də, komitə sədrləri səviyyəsində də çoxpartiyalılıq təmsil olunacaq.
– Fraksiya məsələsinə, 25 rəqəminin dəyişdirilməsinə necə baxırsınız?
– Fraksiya məsələsi də parlamentin seçkilərinin nəticələrindən asılı olacaq. İqtidar partiyası olmayan digər partiyaların say tərkibindən, parlament təmsilçiliyindən hər şey asılı olacaq. İndidən bu barədə söz demək çətindir. Fraksiya yaratmaq üçün ümumi fikir, baxış birliyi də olmalıdır. Bunun hamısı şərtdir. Bununla belə, hesab edirəm ki, fraksiya yaradılmasının reallaşması siyasi ab-havaya da yeni rənglər qatardı.
Etikxeber.az