“Xalq Cəbhəsi hakimiyyətində qanunsuz silah gəzdirirdim”

13-12-2019, 19:48           
“Xalq Cəbhəsi hakimiyyətində qanunsuz silah gəzdirirdim”
Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın televiziya verilişlərinin birində AXC-Müsavat hakimiyyəti, o cümlədən özünün şəhərdə silahla gəzməsi barədə iddialar sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Bu müzakirələrdə xalq artistini qınayanlar daha çox olub. Gununsesi.org-un əməkdaşı Briliant Dadaşovanın özündən-özünə qarşı tənqidlərə cavab verib.

– Briliant xanım, siz müsahibənizdə 1991-ci ildə AXC hakimiyyətini tənqid etmisiniz. Amma həmin zaman Ayaz Mütəllibov prezident idi.

– Mən həmin dövrdən danışmışam. Ola bilər ki, tarixi səhv deyim. Amma fikirlərimdə qalıram. Bir faktı deyim. Gözümüzün qarşısında meyvə-tərəvəz dükanını güllə-boran edib dağıdıblar. Səbəb isə satıcının 5-10 qəpik artıq deməsi olmuşdu. Belə bir zəmanədən mən danışıram.

– Ona görə də silah gəzdirirdiniz?

– Bəli, mənim silahım vardı. Efirdə də dedim ki, qorxumdan gəzdirirdim. Qanunsuzluq baş alıb gedirdi.

– Silah gəzdirməyin özü də cinayət əməlidir. Siz niyə bu qanunsuzluğa gedirdiniz?

– Onda hamı qanunu pozurdu. Qanun sayan yox idi.

– O silah sizdə qalırmı?

– Yox, o silah kimin idisə, ona da təhvil verdim. Dostlarımın idi. Bu gün qanunlarımız işləyir. Daha silaha ehtiyac qalmayıb. AXC hakimiyyətdən gedəndən sonra vəziyyət dəyişdi.

– Bir neçə il öncə hava limanında sizə qarşı hərəkətlər olmuşdu. Ölkədən birdəfəlik gedəcəyinizi də demişdiniz. O günləri unutdunuzmu?

– Mən heç zaman ölkədən gedirəm deməmişəm. Bakıya gedərkən yox, Bakıya gələndə məni saxladılar. Bu da pasportuma görə olub. Çünki, mən Türkiyə pasportu ilə idim. O vaxt mənim Azərbaycan pasportumun vaxtı bitmişdi. Mən də təcili olaraq Türkiyəyə çəkilişlərə getməli idim. Onlar məni dəvət etmişdilər. Həmin vaxt ASAN xidmət yox idi. 15 il öncə ASAN xidmət olmadığına görə və 1 günə pasport hazırlama mümkün olmadığına görə, mən Türkiyə pasportu ilə uçmuşdum. Onunla da qayıtmışdım. Azərbaycan pasportumun vaxtı keçmişdi. Ya mən 15-20 gün gözləməli idim. Onu yenilənib Azərbaycan xarici pasortu almaq üçün. 10-15 gün vaxt olmadığı üçün mən Türkiyə pasportu ilə getmişdim. Geri dönərkən də sərhəddə məni saxladılar. Dedilər, “İkili vətəndaşlıq olmaz”. Sonra mənə dedilər ki, “Sizin adınız Brilliant yox, “Pırlanta” yazılıb”. 1993-cü ildə mənə Türkiyə pasportu verilərkən mən o zaman demişdim ki, mənə Brilliant adı yazmayın, “Pırlanta” yazın. Çünki, Türkiyədə Brilliant demək onlara çətindir. Onlar Brilliantın mənasını “Pırlanta” kimi bilirlər. Yəni ki, ciddi qanunsuzluq ola bilməz. Bu gün dövlətin bütün orqanları öz işini məsuliyyətlə görür.

– Son illərdə MTN-də Eldar Mahmudovun əməlləri açıldı, nazirliyin 20 vəzifəlisi həbs edildi. Ondan öncə DİN-də Hacı Məmmədov ifşası baş verdi. Bəs, bunlar haqqında niyə danışmırsınız?

– Bu sualı lazımdır ki, siyasətçilərə yönəltmək. Mən deyirəm ki, hamımızın sevdiyimiz, institut vaxtı piketlərinə getdiyimiz Xalq Cəbhəsi özünü doğrultmadı. Mən də mübarizə aparmışam. 1991-ci ilin yanvar ayında bizim insanlarımız öldürüldüldükdən sonra XI Qızıl Ordunun heykəli hələ də yerində dayanmışdı. Və mən bir institut tələbəsi olaraq 6 ay keçəndən sonra o heykəlin qarşısında dayanıb mübarizə etmişəm. Demişəm ki, qan tökənin, baş kəsənin başa çıxaq üstünə. “Haydı-haydı ər igidlərimiz, birləşin daha”, demişəm. Və mən də öz növbəmdə bunu mübarizə hesab etmişəm. Xalq Cəbhəsinə inanmışam. Ancaq onlar gəldikdən sonra 1991, ya 1992-ci il idi. Mən də ona görə demişəm, hamımızın inandığımız Xalq Cəbhə gəldikdən sonra məni işdən çıxartdılar. Sizin mənə verdiyiniz sual siyasətçilərə aiddir.

– Bəs, bu gün də o dedikləriniz varmı? Rüşvət, korrupsiya haqqında danışa bilərsinizmi?

– Əzizim, mən özümə aid olan şeydən danışmışam. Məni işdən çıxarıblar. Mən özümdən danışmışam. Mən bir tələbə kimi o qədər inanmışam, biz piketlərə gedirdik, mən uşaqları yığmışam. Biz tələbə kimi gedirdik. Vallah, onlarla insanlarımız, qaçqınlarımız gedib onları qarşılayırdıq. Biz onları yerləşdirməyə çalışırdıq. Onlara kömək edirdik. Mən ondan sizə danışıram.

– Mən bildiyim qədər, Hüseyn Abdullayevlə qonşu idiniz, münasibətiniz də vardı. Bir insan kimi, bu gün Hüseyn Abdullayevlə maraqlanırsınızmı?

– Anasını görərkən necə salam verirdimsə, indi də anasını görəndə, salam da verirəm. Vaxtım olanda, gedib yanına baş da çəkirəm. Çay da içirəm. Mən çoxdandır, Bakıda deyiləm. Mən hətta demişəm ki, havasına görə mən 5 il Zaqulbada ikiotaqlı divanda yatmışam. Mən indi evimi dəyişdim. Zaqulbada qalım. Ancaq şəhər evimizə gedəndə, Zeynəb xanımı mən görürəm. Qucaqlayıb öpürəm. Qaldı ki, siz əgər siyasi suallar vermək istəyirsinizsə, siyasətçi olan insanlara verin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.