Vitrində bir qiymət, qəbzdə başqa?.. – Alış-veriş haqda 13 vacib sual/Cavab
14-12-2019, 09:45
Alıcıların dilində əzbər olan bir deyim var: “Müştəri hər zaman haqlıdır”. Bu nə dərəcədə düzgün yanaşmadır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istelakçı hüquqları barədə Teleqraf.com-un suallarını cavablandırıb.
- Eyyub müəllim, bu sualla başlayaq. Alıcının hansı hallarda məhsulu qaytarmaq hüququ var?
- İstehlakçı məhsulun konfiqurasiyası, rəngi, dadı, paketlənməsi, ölçüsü uyğun deyilsə, görünüşünü bəyənmirsə 14 gün müddətində dəyişmək hüququ var. Dəyişməyə mal olmadığı halda məhsulu qaytarmaq mümkündür.
- Marketlərdə bəzən vitrin və qəbzlərdə ayrı-ayrı qiymətlər qeyd olunur. İstehlakçı bu zaman nə etməlidir?
- Alıcının hüququ qorunmalıdır. Bu, müştəridən əlavə pulun alınması deməkdir. İlk olaraq iradını kassirə bildirməlidir. Daha sonra mağaza rəhbərliyinə bu barədə məlumat verilməli, əlavə alınan məbləğ geri qaytarılmalıdır.
- Müştəri ticarət mərkəzində bilmədən hansısa məhsulu qırırsa, korlayırsa, pulunu ödəməyə məcburdurmu?
- Sahibkarın həmin məhsulun ödənişini tələb etmək hüququ var. Bütün hallarda, hətta uşaq toxunsa belə məhsul sıradan çıxıbsa, dəyən ziyan ödənilməlidir. Bu zaman müştəri ödədiyi pulun müqabilində mütləq kassa çeki almalıdır. Həmçinin, alıcı qırılmış malı da götürə bilər.
Lakin bu məsələ birbaşa sahibkarın öz ixtiyarındadır, müştərini bağışlaya da bilər.
- Bəzi mağazalar müştərinin endirimdə olan məhsulu qaytarmaq hüququ olmadığını bildirirlər. Bu doğrudurmu?
- Endirimdədir, ya yox, hər bir halda alıcının məhsulu dəyişmək və ya qaytarmaq hüququ var. Lakin daxil olan şikayətlər göstərir ki, bəzi istehlakçılar bu hüquqdan sui-istifadə edirlər. Belə ki, endirimlə aldıqları məhsulu kampaniya bitdikdən sonra yeni qiyməti ilə geri qaytarmaq istəyirlər. Bu, istehlakçı tərəfindən yolverilməzdir.
- Bəs mağaza endirim edəcəyi haqqında məlumatı bir neçə gün əvvəldən verməlidirmi?
- Mağaza bu informasiyanı istehlakçıya verməyə borclu deyil. Çünki qərar rəhbərlik və satış meneceri tərəfindən qəbul olunur, satıcının bu haqda məlumatı olmaya bilər.
- Elə mağazalar var ki, alınmış məhsulu yalnız dəyişməyin mümkün olduğunu qeyd edirlər.
- Ümumiyyətlə, istehlakçı seçimində sərbəstdir, onu heç kim mal almağa məcbur edə bilməz. Qanuna əsasən, mal alıcının tələbatını ödəyən vəziyyətdə deyilsə, onu qaytara bilər. Dəyişməyə məhsul varsa, mağaza sahibi haqlıdır.
- Bəs hansı məhsulları qaytarmaq olmaz?
- Nazirlər Kabinetinin müvafiq qərarına görə, bəzi mallar dəyişdirilə və ya qaytarıla bilməz. Bu qrupa alt paltarları, gigiyenik vasitələr (açıldığı halda), uşaq paltarları, uşaq oyuncaqları daxildir. Təəssüf ki, zinət əşyaları da bu siyahıya daxildir.
- Sizcə, hansı məhsulların qaytarılması doğru deyil?
- Çox təəssüflər olsun ki, kitab və çörək qaytarılan mallar sırasındadır. Bunlar paradoksdur, gərək düzəlişlər edilsin.
- Əsas şikayətlərdən biri satıcıların insanları məcburi olaraq mağazaya dəvət etməsi, yaxud da sıxlıq müşahidə olunan yerlərdə mikrofonlar vasitəsilə reklamların aparılmasıdır. Bu nə dərəcədə düzgündür?
- Bu davranışlar qanunla qadağan edilib. Heç kimi məhsula baxmağa, yaxud almağa məcbur etmək olmaz.
- Satış mərkəzlərində kartla ödəniş sistemi mütləq şəkildə olmalıdırmı?
- Bəli. Mağazalarda bunun olması zəruridir. Mağaza vergi qurumunda qeydiyyatdan keçməli, orada pos-terminal quraşdırılmalıdır.
- Pik saatlarda marketlərdə kassa azlığından şikayətlər çox olur. Marketlər bununla bağlı məsuliyyət daşıyırlarmı?
- Qanunvericiliyə əsasən, marketlər bunun üçün heç bir məsuliyyət daşımır. Onlar biznes sahələrində öz işlərini qururlar. Ona görə biz həmişə təklif etmişik ki, marketlər üçün müəyyən qaydalar yaradılmalıdır.
- Ticarət mərkəzlərində alıcının çantasının yoxlanılması, yaxud şkafa qoymasını tələb etmək düzgündürmü?
- Market, mağaza, ticarət mərkəzi sahibkarın şəxsi ərazisi olduğu üçün öz qaydalarını tətbiq edir. Lakin qanunvericilik bunları tənzimləmir. Təəssüflər olsun ki, bu da istehlakçı problemləri yaradır.
- Qəbz verməyən satış müəssisələri qanun qarşısında məsuliyyət daşıyır?
- İstehlakçı qəbz almayıbsa, hətta zəhərlənsə belə, onun hüquqlarını qorumaq mümkün deyil. Belə hallarda 195-1 telefonuna zəng edib, vergilər qurumuna zəng edərək məlumat verməyi tövsiyyə edirəm. Vətəndaşlar dəstək olmalıdırlar ki, dövlətin vergi qanunvericiliyi işləsin.