"Təəssüf ki, Mədəniyyət Nazirliyi Cümhuriyyətin 100 illik yubileyində ortalığa bədii əsər qoya bilmədi"

17-12-2019, 10:22           
"Təəssüf ki, Mədəniyyət Nazirliyi Cümhuriyyətin 100 illik yubileyində ortalığa bədii əsər qoya bilmədi"
O, Rusiya İmperator Ordusunda ilk müsəlman general Hüseyn xan Naxçıvanskinin qızının Fransadakı qəbrini üzə çıxarıb. Mixaylonun Anjelikasını görüb. Həmsöhbətimiz ARB "Aranfilm" yaradıcılıq mərkəzinin bədii rəhbəri, kinorejissor Tahir Tahiroviçdir.

- Tahir bəy, sizi daha çox Cümhuriyyət tarixi ilə bağlı ekranlaşdırdığınız sənədli filmlərin müəllifi kimi tanıyırıq...

- Bu mövzuda təxminən 15-ə yaxın film işləmişik. Əksəriyyəti Cümhuriyyət tariximiz və ikinci dünya müharibəsindən bəhs edir. Filmlərimin ilkin və əsas səbəbi Ramiz Abutalıbov olub. Ramiz müəllimlə təxminən 12 il öncə tanış olmuşuq. Əbdürrəhman bəy Düdənginski haqda “Düdəngidən Münxenə” adlı sənədli film çəkirdik. O dövrdə Ramiz müəllimin “Özgələr arasında doğma” (2007) adlı kitabı işıq üzü görmüşdü. Kitabı mənə hədiyyə etdi və bizim aramızda mənəvi işbirliyi başladı. Ard-arda 6 film üzərində bərabər çalışdıq. Ümumiyyətlə, Ramiz məllim Fransada azərbaycanlıların mühacir həyatını tədqiq edən, qəhərmanlarına yeni nəfəs verib yaşadan və araşdırmalarını qələmə alan nadir şəxsiyyətlərdəndir. Sevinirəm ki, bu şərəfli işi davam ettdirmək üçün məni özünün mənəvi davamçısı seçdi, estafeti mənə ötürdü. Bəzi mühacirlərimizin izlərini, onların məzarlarını axtarmaq üçün Ramiz müəllimlə 6 dəfə Fransada ezamiyyətdə oldum.

- Sizə qədər o məzarlar tapılmamışdı?

- Elə deməyək. Çünki məzarlar hamısı yerində idi və biz yeni bir şey kəşf etmədik. Tutaq ki, Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qurbanəli Şərifzadənin Feriköydəki (İstanbul) məzarını 5 il öncə ziyarət etmişdim. Tamaşaçılara, oxuculara təqdim etdik. O demək deyil ki, həmin məzar heç kimə bəlli deyildi, mən gedib tapdım. Sadəcə, yaddaşlardan itdiyi üçün axtarıb ziyarət etdim. Ramiz müəllim həmişə deyir ki, qərib məzarlar bizim mədəni irsimizdir. Elə Dilqəm Əhməd də bu missiyanı yerinə yetirir. Birgə kifayət qədər əməkdaşlığımız olub. Amma arxeoloq deyilik. Məqsədimiz tariximizi xalqımıza yenidən xatırlatmaqdır.

- Maraqlıdır, məhz sizin tapdığınız məzar olubmu?

- Hüseyn xan Naçıvanskinin qızı, Tatyana xanımın Nitsa şəhərində itib-batmış məzarını üzə çıxarmışıq. Qəbrin nömrəsi haqda məlumatlı şəxs Ramiz müəllim idi. Saatlarla apardığımız axtarışlar heç bir nəticə vermirdi. Ancaq sənədsiz və sübutsuz, əlimizdə əsas olmadan heç nə iddia edə bilməzdik. Baxdım ki, Ramiz bəy də çox yorulub. Dedik, heç olmasa buranın fotosunu çəkək, məlumat kimi qalsın. Təyyarəmiz gecikirdi. Elə foto çəkəndə, Ramiz müəllim birdən dedi, təbrik edirəm, qəbri tapdıq. Ayağımın altındakı sinə daşının üzərindəki nömrə görünmürdü və məgərsə məzar Tatyana xanımın imiş. Bəlli oldu ki, bu məzarı illərdir heç kim ziyarət etməyib. Yaxud, elə Feriköy məzarlığındakı Miryaqub Mehdiyevin qəbir daşı qırılıb aşmışdı. Dostlarımdan xahiş etdim, onların yardımı ilə məzarı bərpa etdirdik. Münhendə Dündənginski haqda film çəkəndə isə filmin qəhrəmanlarından biri olan Bəşir Əlizadə ilə məzarlığa gəldik və onun baş daşının götürüldüyünü gördük. Səbəbini soruşanda dedilər, ödəmə vaxtı bitib. Almaniya və Azərbaycandakı dostlara car çəkdim. Maliyyə toplayıb qəbri bərpa etdirdik.

- Və bu faktlardan çoxları xəbərsizdir.

- Təəssüf ki, tarix yaşananlar deyil, yazılanlardır. Bu məsələlərdə bir az ciddi olmaq lazımdır. Axı mən tarixçi deyiləm. Bu işlərə həvəskar yanaşıram. Mən kinorejissoram. Filmlərim barədə danışaram, amma və lakin öncə sadaladığım işlər barədə isə səs-küyə ehtiyac duymuram. Hətta dostlar hər zaman irad bildirirlər ki, gördüyün işlərin təqdimatını bacarmırsan.

- 15-ə yaxın film az iş deyil...

- Bəli, bu illər ərzində məhsuldar çalışdıq. Filmlərimin içərisində ən çox sevdiyim Əlimərdan bəy Topçubaşovdan bəhs edən “Parisdən məktublar” və Vesilin obrazının prototipi Mirdamət Seyidov haqda çəkdiyim “Unudulmuş partizan”sənədli filmləridir. 2015-ci ildə Bakı Media Mərkəzi “Əbədi ezamiyyət”i ekranlaşdırdı. Mübaliğəsiz deyə bilərəm ki, bu, Azərbaycan Cümhuriyyəti tarixindən bəhs edən ən gözəl filmdir. Qismət elə gətirdi ki, baş rola özüm çəkildim. Məmməd Məhərrəmovun obrazını canlandırmışam. Sevindirici haldır ki, bu layihəyə həm maddi, həm də mənəvi dəstək göstərildi. Məncə, Cümhuriyyət tariximizin təbliği üçün ən vacib məqamlardan biri də odur ki, çəkilən sənədli filmlər bədii filmlərlə əvəz olunsun. Çünki Cümhuriyyət tariximiz o qədər şərəflidir ki, yüksək səviyyəli fundamental işlər görmək lazımdır, konkret obrazlar yaratmalıyıq. Təəssüf ki, Mədəniyyət Nazirliyi Cümhuriyyətin 100 illik yubileyində ortalığa bədii əsər qoya bilmədi.

- Sənədli filmlər çəkmək daha dərin və ciddi araşdırma tələb edir...

- Bədii film tamamilə təxəyyül məhsuludur. Amma sənədli filmdə araşdırma aparmaq və vacib sənədləri tədqiq edib tapmaq, üzə çıxarmaq lazımdır. Bir çox sənədli filmlərimiz müəllifin düşüncə və xəyallarının məhsuludur. Bu yanaşma ilə sənədli film çəkmək doğru deyil. Digər tərəfdən, sırf sənədlər əsasında film çəkmək həddən ziyadə çətindir. Bəzən müraciət olunmuş qəhrəmanların həyatı sənədli filmlərdə şişirdilir və mif yaradılır.

- Mif yaradılması məsələsini necə izah edə bilərsiniz?

- Gördüyünü söyləməklə oxuduğunu danışmaq tam fərqli şeylərdir. Tutaq ki, Düdənginski haqda film çəkəndə onu görən 5 legioner Abo bəy haqqında xatirələrini bölüşdü, yəni gördüklərini danışdılar. Amma eşitdiyini və ya oxuduğunu danışan adamlar bəzən faktları, müəyyən məqamları böyüdürlər. Bu da sənədli kinoya yapışmır. Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə və bir çox qəhrəmanlar haqqında belə şişirtmələr çoxdur. Doğrudur, onlar Fransa, İtaliya müqavimət hərəkatlarında vuruşublar. Bəli, onlar böyük şəxsiyyətlərdir, cəsur döyüşçü olublar. Amma bu qədər... Məsələni əfsanəvi şəkildə böyütməyə ehtiyac yoxdur.

- Anjelikanı şəxsən görmüşdünüzmü?

- Görmüşdüm. Yəni xəyallarınızdakı o gözəl gənc qız deyildi təbii ki (gülür). Doğrusu, müharibədə insan bir az romantik olur, tez bəyənir, tez aşiq olur. 10 il öncə Sloveniyada “Təxəllüsü Mixaylo” filmini çəkib qayıdanda ətrafdakı tanışlar mənə Mehdidən sual vermədilər. Hamı Anjelikanı soruşurdu. Əmin oldum ki, “Uzaq sahillərdə” filmində Anjelika ön plana çıxıb və onu çox bəyəniblər. Necə ki, “Babək” filmində də tamaşaçıların çoxu Zərnisəni unutmur. Hətta Naxçıvandan olan bir tanışıma deyirəm ki, Mixaylonun komandiri sağdı bəlkə onu Azərbaycana dəvət edək. Cavabında isə o mənə Anjelikanı gətirməyi təklif etdi. Mənə isə başımı bulayıb çıxıb getmək qaldı. Bu düşüncədə olan adamlara nə deyəsən? Bədbəxt və yazıq adamlardır belələri.

- Anjelika demişkən, sovet təfəkküründə formalaşmış bir çox böyük şəxsiyyətlərimiz əcnəbi xanımlarla ailə qururdular. Xüsusi səbəb söyləyə bilərsinizmi?

- SSRİ-də, beynəlmiləl mühitdə yaşayan vətəndaş üçün bu hal normal idi. Yəni əcnəbi xanımla ailə qurmaq faciə sayılmırdı. Bunun xeyiri olub ki, ziyanı olmayıb. İslam dininin bizə verdiyi ən böyük ziyanlardan biri elə başqa dindən olanlarla ailə qurmağa qadağa qoymasıdır. Halbuki, modern dünyada insanları dini etiqadına görə siniflərə ayırmaq müsbət qarşılanmır. Mərhum Aqşin Əlizadə deyirdi ki, mənim üçün Qalya xanım (həyat yoldaşı) ayrıca bir müəllimdir. Yəni, sənətinə hörmət-ehtiramı var.

- Alfred Hiçkok “Film həyatın yox, tortun bir dilimi olmalıdır deyir”. Sizcə, son illər Azərbaycan kinematoqrafiyasının dadını qaçıran əsas səbəb nədir?

- Müstəqil kinoda vəziyyət qənaətbəxşdir. Əgər dövlətin kino siyasətini deyirsənsə bu ayrı mövzudur. Təəssüf ki, vəziyyət o qədər də ürəkaçan deyil. Problemin çözümü üçün addımlar atılmalıdır. Arxada itirilən 25 il var. Və xüsusən son 7 ildə kinomuz faciə dövrünü yaşadı. İnanın ki, son illər Bakıda açılan böyük marketlərin marketinq siyasəti qədər normal iş görə bilmədilər. Hazırda kinomuz sunamidən çıxan şəhərə bənzəyir. İndi gəl bunu təmizlə. Arzu edirəm ki, kinostudiyada baş verən dəyişiliklər ümumi kinoya sirayət etsin. Əsas səbəb isə pis idarəçilikdir. Mao Tse Dunun yaxşı bir kəlamı var: "Rəhbərlər qocalığına, yaxud cavanlığına görə deyil, ağıllı və ya sarsaq olmalarına görə fərqlənirlər".

Son zamanlar Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti isə kinomuza bir işıq salıb. Düzdür, bu işığa daş atanlar var. Amma onlar kiçilib, İttifaqın işığı isə çox böyüyüb. Daş təsir etməyəcək.

İncəsənət Universitetinin kino fakültəsində ciddi islahatlar aparılmalıdır. Qonşu ölkələrdən mütəxəssislər dəvət etmək lazımdır. Doğrudur, bu maddi cəhətdən çətindir, lakin əmin olun ki, müsbət nəticələr verəcək. Biz ölkələri tapdayıb birbaşa Avropa, Amerika təcrübəsindən yararlana bilmərik. İran, Rusiya, Türkiyə kinematoqrafçıları ilə əməkdaşlıq etməliyik. Çünki istənilən filmin ərsəyə gəlməsində regional mentalitet böyük rol oynayır. Fikir verin, türkmən heç vaxt bizimlə dolma, lavaş davasına qalxmır. İstər alman, istər yunanla milli musiqi havalarının mübahisəsini etmirik. Bizim bölə bilmədiyimiz dəyərlərimiz erməni və gürcülərlədir. Çünki eyni regionun insanlarıyıq. Dünyaya baxışlarımız fərqli deyil.
Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.