“Həm iqtisadi, həm də siyasi sahədə davranışlar, münasibətlər dəyişməlidir” - ekspert

17-12-2019, 10:23           
“Həm iqtisadi, həm də siyasi sahədə davranışlar, münasibətlər dəyişməlidir” - ekspert
Tanınmış iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bugünlərdə Azərbaycana gəlib. Ölkədə çox ciddi siyasi hadisələrin baş verdiyi indiki ərəfədə reallaşan gəlişdə məqsəd nə idi? Q.İbadoğlu və onun rəhbərlik etdiyi ADR Hərəkatı Azərbaycanda keçiriləcək parlament seçkilərində hansı mövqeyi tutacaq? Bugünlərdə Milli Məclisin qəbul etdiyi 2020-ci ilin dövlət büdcəsi gələn il üçün nə vəd edir? Bu və digər suallara iqtisadçı-alimlə müsahibədə aydınlıq gətirməyə çalışdıq.

(Əvvəli ötən sayımızda)

- Ölkədə kifayət qədər ciddi hadisələr baş verir: uzun illər siyasi hakimiyyətin əsası sayılan məmurlar vəzifələrindən alınır, yeni və gənc kadrlar vəzifələrə təyin olunur. Yəni illərdir hamının islahatlar qarşısında əsas maneə gördüyü məmurlar uzaqlaşdırılır. Siz bu dəyişikliklərdən nə gözləyirsiniz?

- İstənilən halda Azərbaycanda həyata keçirilən kadr dəyişiklikləri yeni bir start vəziyyəti yaradıb. Bu start vəziyyətindən nə dərəcədə xalq üçün, cəmiyyət üçün, bütövlükdə həm iqtisadi-sosial, həm ictimai-siyasi sektorda inkişaf üçün istifadə olunacaq - bunu demək hələ tezdir. Çünki mən yeni təyin olunanların heç birinin fəaliyyətini dəyərləndirməmişəm. Düşünürəm ki, onların fəaliyyətə başladıqları vaxtdan çox qısa müddət keçib, belə dəyərləndirmə aparmaq üçün tezdir. Amma qeyd edim ki, gözləntilərimiz çoxdur. Bu gözləntilər ondan ibarətdir ki, əvvəla, mətbuatla, vətəndaş cəmiyyəti ilə bağlı yeni siyasətə ehtiyac var. Əvvəlki kadrların bu sahələrdə yaratdığı vəziyyət kökündən dəyişməlidir. Həm mətbuata, həm də vətəndaş cəmiyyətinə sərbəst ifadə azadlığı, fəaliyyət üçün şərait yaradılmalıdır. Burada dəyişikliklər baş verəcəkmi - artıq bu sektora rəhbərlik edən şəxslər dəyişib. Yaxud sosial-iqtisadi sektorda vergilər və iqtisadiyyat nazirliklərinin birləşdirilməsi sahibkarlıq üçün nələr vəd edəcək? Bununla bağlı da müşahidələrimizi davam etdirəcəyik. Bildiyiniz kimi, növbəti ildən riskli vergi ödəyiciləri qrupu yaradılır, vergi siyasətində fərqli yanaşmalar olacaq.

Dəyişikliklərin bir qismi də yerli icra hakimiyyətlərini əhatə edir. Kifayət qədər icra hakimiyyətlərinin başçısı yenilənib. Burada yeni təyinat alanlar yerli idarəetmə səviyyəsində hansı dəyişikliklərə gedəcəklər? Hansı problemlərin həlli onlar üçün prioritet olacaq? Bizim yerli idarəetmədə də qarşılaşdığımız çoxlu çətinliklər var və onların aradan qaldırılması gözləntilərimiz sırasındadır.

Qeyd etdiklərimə görə, indi həyata keçirilən dəyişiklikləri qiymətləndirmək mümkün deyil. Amma hələlik çox da sevindirici olmayan bir fakt var: beynəlxalq təşkilat Dövlət Neft Fondunun 20 illiyi münasibətilə Azərbaycanın neft gəlirləri ilə bağlı konfrans təşkil edirdi. Bütün əlaqədar hökumət qurumları dəvət olunsalar da, bir nəfər də iştirak etmədi. Halbuki ən azı Dövlət Neft Fondunun nümayəndəsi iştirak edə bilərdi, bizim də ekspertlər olaraq fikirlərimizi onunla müzakirə etmək imkanımız yaranardı. Yəni deməyim odur ki, hələlik dəyişikliklərin yanaşmalarda yaxşılığa doğru olduğunu söyləmək üçün hansısa əsas yoxdur.

-Yanaşmaların, münasibətlərin dəyişməsi üçün nələrə ehtiyac var, sizcə?

- Düşünürəm ki, bunun üçün ilk növbədə uzun illər hakimiyyətdə formalaşmış davranışlar, düşüncələr dəyişməlidir. Biz indi vəzifədən alınan məmurlardan niyə narazıydıq - ekspert rəyini, vətəndaş cəmiyyətinin, ən yekunda isə xalqın rəyini nəzərə almırdılar. Dövlətin idarəçiliyində vətəndaş cəmiyyətinin iştirakına şərait yaradılmırdı. Son dəyişikliklərdən biz bu davranışın, münasibətin dəyişməsini gözləyirik. Yeni kadrlar yeni normalar, yeni davranışlar, yeni və mütərəqqi oyun qaydaları qoymalıdılar ortalığa. Bu da yeni münasibətlər formalaşdırmalıdır. Təyinat alanlar gəncdilər, onlardan novatorluq gözlənilir. Bu, olacaqsa, normalar, münasibətlər mütərəqqiyə doğru dəyişəcəksə, biz indiki dəyişikliklərin müsbət nəticələndiyini deyə biləcəyik. Bir məsələ də var ki, həm dövlət idarəetməsində, həm də ictimai səviyyədə mövcud sistem yeniliklərin tətbiqini məhdudlaşdırır, təşəbbüskarlığın qarşısını alır. Buna görə də sistemin mahiyyətində dəyişiklik olunmalı, gənc kadrlara cəmiyyət üçün müsbət olacaq təşəbbüskarlıq üçün şərait, səlahiyyət verilməlidir. Əks halda, fərdi təşəbbüskarlıqlar mahiyyəti dəyişməyəcək. Bütün bunlar olmayacaqsa, açıq deyim ki, kadr dəyişikliklərinin müsbət effektindən danışmağa dəyməyəcək. Elə yerlər var ki, orada bütövülkdə sistem dəyişməlidir, elə yerlər var ki, müəyyən qisim dəyişikliklərlə böyük nəticələrə nail olmaq mümkündür.

- Hansı sahələrdə sistem əhəmiyyətli dəyişiklik olunması lazımdır?

- Məsələn, məhkəmə sistemində çox ciddi, radikal dəyişiklik olmalıdır. Baxmayaraq ki, prezidentin bu sistemdə islahatların dərinləşdirilməsinə dair fərmanından az qala bir il ötür, məhkəmə sistemində əhəmiyyətli bir dəyişikliyin olduğunu söyləmək mümkün deyil. Halbuki bu sistemdəki vəziyyətdən bir çox mühüm məsələlər asılıdır. Bunlar ilk növbədə insan haqlarının, mülkiyyət hüquqlarının effektiv müdafiəsidir. Sonuncu məsələ birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bu bir reallıqdır ki, can və mal varlığına təminat olmayan ölkəyə heç bir investor investisiya qoymur. İnvestisiya qoyan da birbaşa dövlətdən zəmanət istəyir. Can və mal varlığına təminat isə birbaşa müstəqil və ədalətli məhkəmə hakimiyyəti tərəfindən verilir. Yəni müstəqil məhkəməsi olmayan dövlətdə insanların həm can, həm mal varlığı müdafiəsizdir. Məhz buna görə də Azərbaycanda nə yerli kiçik və orta sahibkarlığın inkişafına, nə də qeyri-neft sektoruna investisiya axınına nail olunmur. İndiyədək Azərbaycanda bu sahənin, sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı təşəbbüslər olub, dövlət sahibkarlığı dəstəkləyən xeyli addımlar atıb. Lakin hələ də qeyri-neft sektorunun, sahibkarlığın inkişafı sahəsində qaneedici bir irəliləyişə nail olunmayıb. Nəticələr məyusedicidir.

- Bu məsələni 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə prezidenti də vurğuladı. Qeyd etdi ki, bu qədər dövlət dəstəyinin qarşılığında qeyri-neft sektorunda gözlənilən artım baş vermir...

- Bunu rəqəmlər də göstərir. Üç indikator yetər ki, qeyri-neft sektorunun çox aşağı inkişafını göstərək: qeyri-neft Ümumi Daxili Məhsulunun artım tempinə baxaq, qeyri-neft ixracatının strukturuna nəzər yetirək, nəhayət, qeyri-neft sektorunun dövlət büdcəsinə töhfəsinə baxaq. Əslində mən demirəm ki, burada heç bir müsbət dəyişiklik yoxdur, bir sıra dəyişikliklər var. Amma bu dəyişikliklərin sürəti çox aşağıdır. Belə templə bizə nəzərdə tutduğumuz hədəflərə çatmaq üçün onilliklər lazım gələcək. Məsələn, ölkədə ümumi iqtisadi artım tempi çox aşağıdır. Beynəlxalq təşkilatların proqnozlarına baxsaq, yaxın beş ildə bu artım 3 faizin altında proqnozlaşdırılır. Gələn il artım tempinin bu ilkindən də aşağı olması gözlənilir. Mən son 3 ilin göstəriciləri əsasında qeyri-neft ÜDM-nin artımını hesabladım: orta illik artım 0,1 faiz təşkil edib. Bütövlükdə ÜDM-in artım tempinə görə MDB ölkələri arasında autsayderlər siyahısından çıxa bilmirik. Bu baxımdan, hesab edirəm ki, iqtisadi sahədə həm makroiqtisadi, həm makromaliyyə, makrofiskal istiqamətlərdə böyük dəyişikliklərə ciddi ehtiyac var.

- Bugünlərdə Azərbaycanda növbəti ilin dövlət büdcəsinin parlament müzakirələri başa çatdı. Büdcədən gözləntiləriniz nədir?

- 2020-ci ilin büdcəsi əslində xeyli imkanlar açırdı növbəti il üçün. Amma hökumət bu imkanlardan yararlana bilmədi, bəlkə də istəmədi. Hətta deyim ki, gələn ilin büdcəsi ölkədə iqtisadi artımı tormozlayan amilə də çevrilə bilər. Belə ki, gələn il dövlət büdcəsindən əsaslı kapital qoyuluşu xərcləri azaldılıb. Yəni dövlətin iqtisadiyyata investisiyası azalacaq. Bu o zaman baş verir ki, ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da azalır. Bu azalmalar iqtisadi artımı çəkən əsas faktorlardan biri olacaq.

Bu il mənim müşahidə etdiyim daha bir məsələ pul bazasının çox sürətlə artmasıdır. İlin on ayının yekunlarına görə pul bazası 18,8 faiz artıb. Normal iqtisadi qanunauyğunluq şəraitində pul bazasının artımı inflyasiyanı da sürətləndirməliydi. Çünki artan pul vəsaitləri daha çox istehlaka yönələn vəsaitlərdir. Lakin biz inflyasiyanın ciddi artımını müşahidə etmirik. Digər tərəfdən, ölkədə kredit qoyuluşlarının artımı da kifayət qədər aşağıdır. Artımın böyük hissəsi istehlaka yönələn kreditlər hesabınadır. Bu isə növbəti ildə iqtisadi artımı zəiflədən faktora çevrilə bilər. Pul bazasının artımı həm də o deməkdir ki, dövriyyədən iri həcmdə valyuta yığılıb, əvəzinə manat buraxılıb. Valyutanın yığılması gələcəkdə o valyutanın istifadəsinə bir şərait yarada bilər. Bu da nə zamansa ölkədə devalvasiya riski yarada bilər.

Başqa bir məsələ. Biz illərdir bildiririk ki, Azərbaycan iqtisadiyyatının dünya neft bazarındakı qiymətlərdən asılı vəziyyətə düşməsinin qarşısı alınmalıdır. Bunun üçün “Azərbaycanda milli iqtisadi inkişaf perspektivi” üzrə Strateji Yol Xəritəsində hədəf qoyulmuşdu ki, 2025-ci ilədək Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 15 faiz həcminə qədər azaldılacaq. Hazırda bu göstərici büdcənin 47 faizi həcmindədir. 2025-ci ilədək qarşıya qoyulan hədəfə nail olunması üçün fonddan büdcəyə transfertin həcmi hər il 5 faiz aşağı düşməlidir. Amma 2020-ci ildə bu azalma cəmi 0,1 faiz proqnozlaşdırılıb. Yəni qarşıya qoyulan hədəflərə çatılması çox çətin görünür.

Bütün qeyd etdiklərim deməyə əsas verir ki, ölkə iqtisadiyyatının neftin dünya bazar qiymətindən asılılığı hələ çox güclüdür. Bu asılılığın azaldılması üçün görülən işlər isə yetərli deyil.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.