“Elə təəssürat yaratdılar ki, sanki mən xalq düşməniydim”

18-12-2019, 09:50           
“Elə təəssürat yaratdılar ki, sanki mən xalq düşməniydim”
Bir müddət əvvəl deputat İsa Həbibbəylilə aralarında yaranmış narazılıqla gündəmə gələn jurnalist Hafiz Əhmədov bu dəfə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-ni tənqid edib.
Hazırda öz gücünə “Hafiztimes.com” saytını işlədən gənc jurnalist narazılıqlarının səbəbləri barədə Modern.az-a danışıb.


- Hafiz, son vaxtlar sosial şəbəkədə yazdığın statsulardan çox narazı görünürsən. Əvvəl deputat İsa Həbibbəyli, indi də AzTV... Nədir bunun səbəbi?

- Səbəbləri var təbii. Birinci dəfə Cəlil Məmmədquluzadənin Polşada yaşayan varisi akademik İsa Həbibəylinin tapıntısı kimi təqdim olundu. Sonra mən ictimaiyyətə müraciət etdim. Sağ olsun, mənə dəstək olan hər kəs, səsimə səs verdilər. Bundan sonra İsa Həbibbəyli “Real TV”də çıxış edərək dedi ki, “o insanları həqiqətən də jurnalist Hafiz Əhmədov tapıb”.
Ardınca AZƏRTAC mənim də adımın qeyd olunduğu material yayımladı. Amma AzTV bu qədər hadisədən sonra gün ərzində Mirzə Cəlillə bağlı 3-4 dəfə süjet yayımlamasına baxmayaraq, heç məni yada salmadı.
Bir halda ki, dövlət agentliyi, deputat mənim əziyyətimi dəyərləndirdi, telekanal niyə bunu etmədi?
Əhməd bəy Ağaoğlunun varisinin kimliyini, Şuşadan olduğunu mənə açıqladım. Mən işsiz ola-ola, kənddə yaşaya-yaşaya bunu tapmışam. İlk dəfə milli kimliyini gizlədən birini iyun ayında üzə çıxartmışam, onunla müsahibə etmişəm, niyə mənim əziyyətimi qeyd etməsinlər? Baxıram dövlət televiziyası onu dəvət edib və onu Azərbaycana təqdim edən, “Gülpəmbə” mahnısının bəstəkarı olduğunu üzə çıxaran Hafiz Əhmədov yada salınmayıb. Mən efirdə görünmək həvəsində deyiləm. Adam ilk dəfə Azərbaycandan mənə müsahibə verib, bütün bunlar mənim əziyyətimdir. Ona görə sosial şəbəkədə narazı statusu yazmağa məcbur oldum.
Kənd şəraitində mənim fəaliyyətimbir noutbuk və internetdən asılıdır. Mən kimləsə telefon əlaqəsi qurmuram ki, deyim hansısa açıqlamanı telefonda almışam. Ona görə də olanlar mənə təsir edir.

- Belə başa düşdüm ki, fəaliyyətini sırf internet üzərindən qurmusan. Bəs bu çətin şəraitdə nə vaxtadək davam etməyi düşünürsən? Deyəsən iş təklifləri də alırsan. Bu təkliflər arasında gözləntilərini doğruldanlar olmur ki, qəbul etmirsən? Ümumiyyətlə, məqsədin, məramın səni hara aparır?


- Düzü, inandığım, ümid bəslədiyim yerlərdən iş təklifləri almıram. Elə yerlərdən təkliflər gəlir ki, yeni addım atırlar. İstəyirlər ki, mən onların reytinqini qaldırım. Yeni açılan və mənə 300 manat maaş təklif edən iş yerinin gələcəyinə də inanmıram. Mənim Bakıya qayıtmağım üçün normal şəraitim olmalıdır. Çünki mənim Bakıda evim yoxdur. Normal maaş almalıyam ki, ev kirayəyə götürüm. Mən əvvəl Bakıda işləyəndə “gecəqondu” kimi bir yerdə qalırdım. Tələbəlikdən sonra 7-8 il orada qalmışam. Təsəvvür edin, günü 1 manat 70 qəpiyə olan ev idi. Orada fəhlələrlə bir yerdə yaşayırdım. Paltarlarımı, əşyalarımı oğurlayırdılar. İndi mən noutbookumu aparıb orada qoysam, işdən qayıdanda görəcəm yoxdur.

- Deyirsən gələn iş təklifləri ürəyincə deyil, sən özün ürəyincə olan iş yerinə müraciət et. Yəni iş üçün müraciət etmək ayıb bir şey deyil. Ümumiyyətlə iş yeri olaraq, televiziyamı istəyirsən, yoxsa hansısa agentlik, saytmı?


- Mən sosial şəbəkələrdə çox aktivəm. Azərbaycanda media sahəsində rəhbər olanların hamısı da mənim dostluğumda var. Yazılarımı, yaradıclığımı izləyirlər, paylaşımlarımı bəyənirlər, müsbət fikirlərini bildirirlər. Amma iş məsələsinə gəldikdə hamısı susur. Heç biri demir ki, bu jurnalisti işlə təmin etmək lazımdır, kömək, dəstək lazımdır...

- Bu susmaqlar sənin iş yerindən ayrılma səbəbinlə birbaşa bağlı ola bilərmi?


- Ola bilər. Həmin vaxt məni kimsə kiminsə əmrilə işdən çıxartdı. Əslində həmin vaxt mənə səbəb açıqlamadılar. Əslində mən sizin vasitənizlə demək istəyirəm ki, əgər rəhbər işçini işlədirsə, onun hər hansı nöqsanı, qüsuru olubsa belə, bunun səbəbilə maraqlansın. İşçini bir anın içərisində işdən çıxarmağa tələsməsinlər. Bir maraqlanın, görün niyə, hansı səbəbdən bu statusu yazıb. Bəlkə onun hansısa psixoloji problemi var. Mən işdən çıxarılanda çox böyük travma yaşadım. Həmin vaxt bütün əşyalarımı topladım və Bakını tərk etdim. Elə təəssürat yaratdılar ki, sanki mən xalq düşməni idim. Yardıclığımın elə bir zamanı idi, elə yazılar yazır, elə reportajlar hazırlayırdım ki, hamısında böyük əziyyətim vardı. Yanlış bir ifadəyə görə 5 dəqiqənin içərisində mənim bütün karyeramın üzərindən xətt çəkildi. Çox böyük travma yaşadım. Amma indi hamısı geridə qalıb. İndi əlbəttə Bakıya qayıtmaq istəyirəm. Mən uzun müddətdir reportaj yaza bilmirəm. Bir şeyi də qeyd edim. Deməli, hansısa reportajım çıxanda oxucular elə bilirdi ki, bunun üçün mənə yolpulu, qonorar verirlər. Amma o reportajlar üçün mən öz maaşımdan xərcləyirdim. Mənim maaşım çatmırdı, ildə iki dəfə donor kimi qan verirdim - 50 manata. Qanımın puluna Salyanda cinayət faktını araşdırırdım. İndi istədiyim odur ki, hansısa işə dəvət edirlərsə, bu təminatlarım olsun.

- Hafiz, sənin saytında bir çox hallarda Azərbaycan mətbuatı üçün çox əlçatmaz görünən dünya məşhurlarından, onların varislərindən müsahibələr yayımlanır. Bəzən oxucularda şübhələr yaranır. Yəni necə olur ki, yüzlərlə işçisi olan mətbuat orqanının edə bilmədiyini Tovuzda ağac altında otura-otura Hafiz bacarır? Hətta bəzi müsahibələrinin dünya mətbuatından tərcümələr olduğunu deyənlər də var...


- Aydındır. Deməli, Marqarit Tetçerin nəvəsini tapdım. Dünya mətbuatını açın, vərəqləyin Marqaret Tetçer öləndən sonra nəvələrinin, oğlunun, gəlinin hansı mətbuat orqanında şəkilləri var? Yoxdur, hamıdan gizlədirlər. Onun gəlini Sarah Tetçer şəxsən mənə “Whatsapp” nömrəsinə qədər verib. Hazırda kitab üzərində çalışır. Mənə deyib ki, “Hafiz, kitab hazır olan kimi bütün məlumatları sənə göndərəcəm”.

- Yəni bu müsahiblər heç tanımadığı bir ölkənin adi jurnalistinə niyə müsahibə verirlər?


- Bunun sirrini açım sizə. Mən ingiliscə şablon mətn hazırlamışam. Orada gənc jurnalist olduğumu, həmin şəxslə müsahibənin mənim karyeramda dönüş nöqtəsi ola biləcəyini vurğulamışam. Dünyada gənc jurnalistlərə münasibət çox yüksəkdir. Mən bir nəfərə çıxmaq üçün onun adına uyğun profillər, fan səhifələri açıram ki, məni izləsinlər. Bilsinlər ki, belə bir adam var. Bir müsahibə üçün 6-7 ay əziyyət çəkirəm. Çe Gevaranın qızını axtaranda inanın ki, onun ailəsini tapmaqdan ötrü sosialist partiyasının bütün əməkdaşlarına müraciət etdim. Onların da hamısı ispanca danışırlar. Tərcümələrdən istifadə edərək, şablonlar hazırladım. Çox çətinliklə o müsahibəni ala bildim. Bu əziyyətləri görməzdən gəlmək olmaz.

- Hafiz, dil biliklərin bütün bu müsahibələrin ərsəyə gəlməsinə kifayət edirmi?


- Mən ingilis və türk dilini bilirəm. Türk dilini yüksək səviyyədə bilirəm. İngilis dilində aldığım müsahibələri çox asanlıqla türk dilinə çevirirəm. “Google translate”də Azərbaycan dilinə tərcümə çox aşağı səviyyədədir. Yaşxı ki, mənim türk və ingilis dili biliyim buna kifayət edir. Rus dili biliyim zəif olduğuna görə Rusiyadan müsahibə götürmürəm. Müsahibələrimin içərisində bir nəfər də Rusiyadan olanı yoxdur. Hamısından ingiliscə hazırladığım şablonlar vasitəsilə müsahibə alıram. Mən ingilis dili hazırlığına gedirdim. İmtahan vaxtı məni işdən qovdular. O da yarımçıq qaldı.
- Azərbaycanda da kifayət qədər maraqlı, amma müsahibə verməyən məşhurlar, məmurlar var. Heç cəhd etmisənmi onlarla müsahibəyə?


- Bilirsiniz, vəzifədə olan insanlardan müsahibə gtürmək çox çətindir. Bir şeyi etiraf edim, mənim nə jurnalist vəsiqəm var, nə də saytım rəsmi qeydiyyatdan keçib. Mənim müraciət edəcəyim vəzifəli təbii ki, mənə deyəcək sən necə jurnalistsən mki, vəsiqən yoxdur. Çünki adi dövlət qurumuna daxil olanda sənəd tələb edirlər. Vəzifəlilər tanınmış mətbuat orqanlarında müsahibələrinin getməsində maraqlıdırlar. Onlar tanınmış jurnalistə müsahibə vermək istəyirlər. Ona görə heç cəhd də etmirəm. Soruşanda hansı mətbuatdansan, mənim onlara verə biləcəyim bir ünvan yoxdur. Ona görə də ölkə xaricinə müraciət edirəm.

- Ayrıca ofisin, işçilərin yoxdur. Amma istənilən halda bir saytın saxlanması, domen üçün müəyyən vəsait tələb olunur. İşləməyə-işləməyə bu xərcləri necə ödəyirsən?


- Şükür ki, ailədə maddi vəziyyətimiz normaldır. Mən işdən qovulanda 700 manat maaş almışdım və o pulu saxladım. “Yotube”da Türkiyədən olan sayt yığan birilə tanış oldum. Ondan mənə sayt yığmasını xahiş etdim. Bu sayt mənə 100-150 manata başa gəldi. Domen üçün ildə bir dəfə 100 manat ödəniş edirəm. Növbəti il üçün ödəniş etməsəm yəqin ki, sayt bağlanacaq. Yəni kimdənsə pul alıb saytın fəaliyyətin davam etdirməyəcəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.