Aysel Əlizadə: “Ramin Hacılı siyasətdə gedişlər edə bilmir”
9-12-2015, 18:33
1 noyabr seçkilərində bu cütlük deputatlığa namizəd idi- Ramin Hacılı və onun xanımı Aysel Əlizadə. Ancaq seçki təbliğatı və digər imkanlar, habelə səsvermənin nəticələri onların heç birinə deputatlıq mandatı qazandıra bilmədi.
Gənc yazar Aysel Əlizadə seçkilərdən sonra işlərini hansı istiqamətdə davam etdirəcəyindən, siyasi fəaliyyətində və şəxsi münasibətlərində nələrin dəyişdiyindən danışıb.
O, Modern.az saytına açıqlamasında bildirib ki, hazırda siyasi proseslərdən bir qədər uzaqdır və yeni romanı üzərində çalışır:
“Üzərində çalışdığım əsər eyniadlı “Qadın peyğəmbər” romanımın ikinci nəşri olacaq, bu istiqamətdə işlərim davam edirir. Romanın ilk nəşri məhdud sayda çap olunmuşdu və ictimaiyyətə təqdim olunmadı. Bir növ siqnal versiya kimi çap olundu, oxucuların təəssüratlarını öyrənmək məqsədi daşıyırdı. İlk nəşr özüm üçün bir növ eksperiment xarakterli oldu. Hazırda roman “Hədəf” nəşriyyatında çapdadır, hazır olduqdan sonra isə təqdimat keçiriləcək və onu oxucularımıza təqdim edəcəyik ”.
Aysel Əlizadə ölkədə normal siyasi mühit olmadığından bu yöndə fəaliyyət göstərməyin bir qədər çətin olduğunu deyib.
Onun sözlərinə görə, hazırda ölkə siyasi mühitində heç bir parlaq siyasi fəaliyyətdən danışmaq olmaz:
“Siyasi institutlar demək olar ki, məhv olub. Ümumilikdə isə deyə bilərik ki, bu proseslərin içində olan hər bir kəsin özünün siyasi xətti var. Bu istiqamətdə yaradıcı insan olaraq mənim də hadisələrə münasibətim və real mövqeyim var. Düşünürəm ki, ictimai-siyasi proseslərə, ölkədə və dünyada baş verən hadisələrə yanaşmam normal şəkildə inkişaf edir”.
Yazar xanım bir müddət öncə mətbuatda həyat yoldaşından boşandığı barədə yayılan informasiyalara aydınlıq gətirərək, münasibətlərində hər şeyin qaydasında olduğunu söyləyib:
“Seçki ərəfəsində ölkədə şərait bir qədər fərqli, hər kəs üçün olduqca həssas idi. Tez-tez həbslər, müxtəlif neqativ halların baş verdiyini, üstəlik o dönəmdə Ramindən xəbər ala bilmədiyimi də nəzərə alsaq, narahat olmağım çox təbii idi. Mətbuatda boşandığımızla əlaqədar və Raminin haqqında mənfi istiqamətdə yayılan xəbərlər bir qədər də hadisələri çətinləşdirirdi.
Bütün bunlar bilərəkdən bizə qarşı atılan addım idi və bir qrup adamların uydurmasıydı. Əlbəttə, belə bir çətin vəziyyətdə şər-böhtan atanlar, fürsətdən də istifadə etməyə çalışanlar çox oldu. Ən yaxın dostlardan bu cür zərbə almaq mənim üçün gözlənilməz oldu. Amma sağ olsun media nümayəndələri ki, çoxluq etibarilə haqsızlıqların qarşısını almağı bacardı.
Ramin müəyyən səbəblərdən ölkəni tərk etsə də, seçki günü yanımda idi və belə demək olarsa, həmin gün bir yerdə döyüşürdük. Sadəcə o, məndən fərqli olaraq, seçki prosesindən gözləntilərin özünü doğrultmayacağını daha tez anladı, bu baxımdan da öz seçki kampaniyasını dayandırdı. Ancaq könlümü almaq üçün seçki günü yanımda oldu. Bilirdi ki, nəticə mənim xeyrimə olsa belə, hadisələr başqa cür cərəyan edəcək ”.
Aysel Əlizadə yoldaşının öz işləri ilə məşğul olduğunu və hər kəs kimi ailəsini saxlamaq üçün çalışdığını bildirib:
“Ramin Ümid Partiyasının sədr müavini olaraq çalışır. Buna baxmayaraq, siyasətdən bir qədər kənar, digər işləri ilə də məşğul olur. Demək olar ki, ölkədə siyasi vəziyyət heç də ürəkaçan deyil. Böyük siyasətçilər Azərbaycanda ancaq müsahibə verməklə, ara-sıra baş verən hadisələrə mövqe bildirməklə fəaliyyətlərini davam etdirirlər. Ramin Hacılı da onlardan biridir.
Ölkədə hər hansı önəmli siyasi proses baş vermir, böyük layihələr hazırlanmır. Ona görə də Ramin Hacılı da siyasətdə hər hansı bir xüsusi gedişlər edə bilmir. Bu baxımdan da özəl işlərlə məşğuldur və hər bir azərbaycanlı kişisi kimi öz ailəsini saxlamaq üçün çalışır ”.