Keçmiş MTN şefi ilə bağlı yeni şok iddialar - “Milli Təhlükəsizlik Nazirliyinin adı dəyişməlidir”

10-12-2015, 11:07           
Keçmiş MTN şefi ilə bağlı yeni şok iddialar - “Milli Təhlükəsizlik Nazirliyinin adı dəyişməlidir”
Gündəm hər zaman olduğundan daha zəngindir. Həbsdən azad edilən hüquq müdafiəçisi Leyla Yunus son günlərin gərgin olaylarının fonunda müsbət işartı olsa da, ölkədə həllini gözləyən xeyli problem və cavabını gözləyən xeyli sual var. Araşdırmaçı jurnalist Eynulla Fətullayev “Yeni Müsavat”a müsahibəsində gündəmdəki mövzuları təhlil edib və ilginc açıqlamalar verib.

-Eynulla bəy, bu dəqiqələrdə Leyla Yunusun azadlığa buraxılması ilə bağlı xəbər yayıldı. Necə düşünürsüz, hakimiyyətin Yunuslarla bağlı jestinin səbəbi nədir? Bunu Amerika ilə danışıqların nəticəsi adlandırmaq olar, ya siyasi məhbus məsələsində hakimiyyətin yeni taktikası?

-Məncə, burda geosiyasi amil axtarmaq lazım deyil. Humanizmdən irəli gəlir. Xüsusən də Leyla Yunusla bağlı. Çünki qadındır. Üzücü bir haldır ki, qadın həbsdədir. Amma Leyla Yunusun bütövlükdə fəaliyyəti Azərbaycanın mənafeyinə uyğun deyildi. Doğrudur, bu, o demək deyil ki, insanın azadlığı əlindən alına bilər. İnsanların müxtəlif fikirləri, dünyagörüşləri ola bilər. Amma bu məsələdə konkret cinayət faktına gəldikdə, mən o zaman o işi araşdırmışdım. Leyla Yunusun işində, xüsusən vergi məsələsi ilə bağlı, qanun pozuntuları var idi. Bu, ilk dəfə törədilmiş cinayət deyildi. Çünki məhkəmənin hökmü var və biz artıq bu sözü deyə bilirik. Amma buna görə dərhal insanı azadlıqdan məhrum etmək humanizmdən irəli gəlmirdi. Xüsusən nəzərə alınmalıdır ki, qadındır, tanınmış ictimai xadimdir. Ən nəhayətində bilirəm ki, Leyla Yunus prezidentə müraciət edib.

-Nə zaman olub bu? Əfvlə bağlı müraciət edib?

-Bəli, dəfələrlə müraciət edib prezidentə. Məndə olan məlumatlara görə, bəzi addımlara görə peşmançılıq çəkirdi. Eləcə də Arif Yunus. Ona görə də hakimiyyət bunu nəzərə alaraq onların hər ikisinin azadlığa buraxılması ilə bağlı addım atdı.

-Leyla Yunusun qadın olduğu üçün azadlığa buraxıldığını deyirsiz. Həbsdə Xədicə İsmayıl kimi qadın məhbus da var. Yunusların azadlığa buraxılması MTN işinə görə həbs edilən Rauf Mirqədirov üçün də tezliklə qapının açılacağı rəyini yaradır. Necə hesab edirsiz, hakimiyyətin siyasi məhbuslarla bağlı bu addımları davam edəcəkmi?

-Məncə, artıq Rauf Mirqdirovun həbsdə qalması üçün heç bir əsas qalmayıb. Məncə onu Yunusların işinə görə həbs etmişdilər. İlk gündən demişəm ki, Rauf Mirqədirov günahsızdır, vicdan məhbusudur. Onun həbsi siyasi motivlidir. Hansısa məmurlar özlərini sədaqətli göstərmək üçün Rauf Mirqədirovu Yunusların işinə cəlb ediblər. Bəli, onların yaxınlığı, iş münasibətləri ola bilər, onların bir neçə layihəsində iştirakı da mümkündür. Amma bu, onun həbsi üçün əsas deyil. Düşünürəm ki, Rauf Mirqədirovun həbsində hansısa xarici qüvvələr maraqlı olub. Bundan başqa, daxildə onun tənqidinə tuş gələn məmurlar da bu həbs üçün qanunsuzluq ediblər. Amma məncə, Rauf Mirqədirov dərhal azadlığa buraxılmalıdır.

LeylaYunusun azadlığa çıxmasından sonra onun da çıxacağı ehtimalları güclənir. Xədicə İsmayılovaya gəlincə, əlbəttə, o da azadlıqda olmalıdır. Çünki jurnalist həbsdə olmamalıdır. Mən onunla mübahisə də etmişəm, onun fəaliyyətini tənqid də etmişəm. Amma ilk gündən də hesab edirəm ki, o, həbsdə olmamalıdır. Birincisi jurnalist, ikincisi qadın olduğuna görə. Bizim milli mentalitetimiz var. Burda digər ölkələrin də təcrübəsi var. Azərbaycan qanunvericili imkan verir ki, ev dustaqlığı ölkədən tərk etməməklə bağlı iltizam versin. Yəqin ki, hökumət yaxın vaxtlarda bu qərara yenidən baxacaq.

-"Günəşli" neft yatağında baş verən yanğının izləri hələ də davam edir. Ortada ciddi ittihamlar və versiyalar var. Siz bu proseslərin təhlilində hansı nəticəyə gəlirsiz?

-2012-ci ildə Böyük Britaniyada çox ciddi təbii fəlakət baş vermişdi platformada. 123 nəfər neftçi itkin düşmüşdü. Ondan sonra heç birinin meyiti də tapılmamışdı. Norveçdə də neft qəzası olub, 167 nəfər dünyasını dəyişib. Bu cür hadisələr dünyanın istənilən ölkəsində baş verir. Məsələnin başqa tərəfidir ki, burda SOCAR öz işində dönüş etməlidir. Sual doğur ki, niyə bu neftçilər bir gün öncədən dənizə buraxılıb? Hava proqnozunda deyilmişdi ki, həmin gün Xəzərdə yüksək külək olacaq, hava şəraiti o platformada işlərin davam etdirməsini məqbul saymır. Məncə burda bəzi məmurların, məsul şəxslərin məsuliyyəti var. Amma mən bu hadisənin siyasiləşdirilməsinin tərəfdarı deyiləm. Meksika körfəzində BP-nin platformasında da partlayış olub. BP bu günə qədər onun fəsadları ilə mübarizə aparır. Azərbaycanda da bu hadisə olub. İndi yüksək səviyyədə kompensasiya verilməlidir neftçilərin ailələrinə. Hakimiyyət Azərbaycanda yüksək iqtisadi səviyyə olduğunu deyir, dünya ilə müqayisə edirlər. Müqayisə varsa zəhmət çəkib neftçilərin ailələrinə də Avropa və Amerikada baş verən qəzalardan sonra ailələrə verilən kompensasiya qədər yüksək kompensasiya verilməlidir.

- Binəqədidə baş verən məlum yanğından sonra icra hakimiyyətində əvvəllər işləmiş bir məmuru həbs etdilər. Güman edilir ki, “Günəşli”də baş vermiş yanğına görə də əlaqəsiz və ya aşağı ranqlı bir məmur cəzalandırılsın. Sizcə niyə hadisəyə birbaşa cavabdeh olan şəxslər lazımi cəzalarını almırlar? Bu taktikanın səbəbi nədir?

-Burada araşdırmalar aparılmalıdır. Komissiya müəyyən etməlidir ki, həmin gün hava şəraitini nəzərə alaraq itkin düşmüş neftçilərin həmin platformada işlərini davam etdirməsinə icazə verib. Kim onlara yasaq verməliydi? Həmin gün BP-nin platformasında iş qadağan olunmuşdu. Dövlət Komissiyası var, istintaq orqanları müəyyən etməlidir ki, hansı məmur bu situasiyaya görə məsuldur. Təbii ki, cəzalanmalıdır. Həmin gün Xəzərdə 11 metrlik dalğa qalxmışdı. Xəzərdə belə hal 1957-ci ildə baş vermişdi. Əfsanəvi neftçi Koveroçkin 30 neftçi ilə Xəzərdə batmışdılar. Bakı şəhərində onun adına küçə var. Xəzərin tarixində iki dəfə ciddi təlatüm olub. Bu, məsələnin obyektiv tərəfidir. Amma subyektiv baxımdan yanaşanda SOCAR bundan nəticə çıxarmalıdır, neftçilərin hüquqları qorunmalıdır.

-Son aylar ölkədə gündəm nə qədər sürətlə dəyişsə də, MTN olayları yenə də unudulmur. Hələ də davam edən bir proses olduğu üçün gözləntilər də çoxdur. Amma bununla belə cavabını tapmayan sualların olması da diqqət çəkir. Sizcə, bu məsələdə son durum nəyi göstərir? Hakimiyyət MTN-lə bağlı məsələdə mübhəmi tam çözübmü? Proses hara qədər davam edəcək?

- Məncə, hakimiyyət MTN məsələsində olduqca prinsipial və ədalətli mövqe tutdu. Bəlkə də bir çox dövlət başçısı xüsusi xidmət orqanları ilə bağlı prosesi bu cür şəffaf həyata keçirə bilməzdi. Çünki xüsusi xidmət orqanları dövlət içində dövlətdir. 20 nəfər yüksək ranqlı şəxs həbs olundu. İllər boyunca mən özüm jurnalist kimi yazılar yazmışam. Son illər bunu etmək çətin idi. İndi məlum olur ki, bu şəxslər kriminal fəaliyyət göstərirdi. Mütəşəkkil cinayətkar dəstə yaratmışdılar, insanları qanunsuz həbs etmişdilər. Quldur yuvası idi. Bu yuvanı dövlət başçısının siyasi iradəsi ilə dağıtmaq olardı. Xüsusi xidmət orqanları o qədər qapalıdır ki, dövlət başçısına bununla bağlı məlumat bir və ya iki mənbədən daxil ola bilər. Məncə bu məlumatlar daxil oldu, təsdiqləndi və tədbir görüldü. Artıq Cahangir Hacıyevin həbsindən sonra - bu mütəşəkkil dəstəyə iqtisadi sektordan olan şəxslər də daxil idi - Eldar Mahmudovun həbsinə də yol açılıb. O, özünü məsuliyyətdən kənarda hiss edə bilməz və etməməlidir. Çünki necə ola bilər ki, böyük bir nazirliyin 20-ə yaxın yüksək vəzifəli şəxsi həbs olunsun, amma nazir yox? Vəkillər vasitəsilə sızan məlumatlara görə, həbs olunan şəxslərin hamısı nazirin adını çəkirlər. Bu proses onun həbsi ilə nəticələnəcək.

-İlk gündən həbsin onunla başladılması daha çox gözlənilən idi.

-Görürsüz ki, “Beynəlxalq bank” prosesləri Cahangir Hacıyevin həbsi ilə nəticələndi. Kreditləri qanunsuz olaraq paylayan şəxs həbs olunmamışdı. Mən bu yaxınlarda məlumat əldə etmişəm ki, Cahangir Hacıyev nəinki öz adına debüt kart götürüb, bankın hesabından milyonlarla manat vəsait xərcləyib, eyni zamanda Azərbaycanda yüzlərlə adama o debüt kartları paylayıb. Sanki o, Beynəlxalq Bankın vəsaitlərinə ata malı kimi baxıb. 6 ay biz sual verirdik ki, niyə Cahangir Hacıyev həbs olunmur? Proses yekunlaşdı və həbs olundu...

-Eldar Mahmudovun həbsi də 6 ay ərzində baş tutacaq bu məntiqlə?

-Məncə, bu da baş verəcək. Bu, qaçılmazdır, proses bununla yekunlaşacaq. Söhbət təkcə MTN-dən getmir. Məsələ Azərbaycanın maliyyə resurslarına, ehtiyat fonduna, milli varlığına vurulan böyük zərbədən gedir. Azərbaycan kimi ölkə üçün 7 milyard böyük pullardır. Bu isə oğurlanıb, dağıdılıb. Eldar Mahmudov da bunda bilavasitə iştirak edib. MTN-də bankları kurasiya edən idarə var idi. Bu, həm də ölkənin maliyyə təhlükəsizliyi deməkdir. Eldar Mahmudov nəinki maliyyə təhlükəsizliyini təmin etmədi, ümumən bu sistemi çökdürdü.

-Bu günlərdə belə bir xəbər yayıldı ki, “Akif Çovdarov Eynulla Fətullayevdən tələb edib ki, ondan yazmasın”. Bu, son dönəmə aid xəbərdir, ya bir neçə il əvvəl Elmar Hüseynovun qətli ilə bağlı araşdırma aparan vaxt aldığınız xəbərdarlıqdan gedir söhbət?

-Bu söhbət 2010-cu ildə olub. Mən o zaman məhkəmədə, ondan əvvəl Akif Çovdarovla bağlı məqalələrə çıxış edirdim, onu kriminal fəaliyyətdə ittiham edirdim. O zaman bir çox jurnalistlər, mənim vəkilim MTN-ə çağırılıb, incidildi. Vəkilim də o zaman Akif Çovdarovla bağlı olan söhbəti indi yenidən xatırladır.

-Akif Çovdarovun həbsi Elmar Hüseynovun, eləcə də səs-küylü siyasi qətllərin üstünü açacaqmı? Yoxsa MTN-lə bağlı cəmiyyətdə ajiotaj böyüməsin deyə bu məsələni “bir daş altda, ir daş üstdə” deyə saxlayacaqlar?

-Onsuz da MTN-lə bağlı məsələ cəmiyyətdə yetərincə böyüdü. Hadisələr göstərdi ki, MTN əslində, buraxıldı. Bu presedentsiz bir hadisədir. 200-ə yaxın məsul şəxs nazirlikdən çıxarılıb. 20-dən artıq insan həbsdədir. Bu isə o anlamı verir ki, nazirlik buraxılıb və yenidən yaradılıb. Yaxşı olardı ki, bu nazirlik ümumən buraxılsın. Çünki Eldar Mahmudovun üsuli-idarəsi dövründə bu nazirliyə o qədər ləkə gətirildi ki, “milli təhlükəsizlik nazirliyi” ifadəsi insanlarda ikrah hissi yaradır. Ümidvaram və əminəm ki, prezidentin ora təyin etdiyi insanlar - bəzilərini şəxsən tanıyıram - ləyaqətli və çox müsbət keyfiyyətlərə malikdilər.

Onlar yenidən bu nazirliyi yaradıb, ayrı-ayrı siyasi qrup və insanlarla qisas aparatına deyil, Azərbaycanı xarici və siyasi təhlükələrdən qoruyan nazirliyə çevirəcəklər. Hər gün yeni bir xəbər yayılır. Subayir Məmmədova əlavə 7 əlavə ittiham və maddələr irəli sürülüb. Hər gün yeni ittiham və xəbərlərlə qarşılaşırıq. Bir sıra qətllər var ki, onların üstü açılmayıb və onları MTN araşdırırdı. Elmar Hüseynov, Rail Rzayevin qətli... Bilirsiz ki, Rail Rzayev Eldar Mahmudovun evinin yanında qətlə yetirilib. İctimaiyyət tələb etməlidir ki, bu qətllərin üstü açılsın. Mən ümidliyəm ki, nazirliyin yeni rəhbərliyi bu qətllərin açılmasında maraqlı olacaqlar və bu qətllərin üstü açılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.