Rəşad Atakişiyevin xanımı: “Ağır günlərin astanasındayıq”
31-12-2019, 23:23
Ölümündən 5 ay sonra yenidən qəhrəman qartalımızın ocağında qonaq olduq. Körpələri də, sevimli həyat yoldaşı da Rəşadın yoxluğu ilə yaşamağa çalışırlar, Rəşadı elə bu yoxluğun içində axtarırlar. Könül xanım deyir ki, bu müddət ərzində bütün Azərbaycan ailəmiz oldu. Qarşımıza çıxan hər kəs Rəşadın fiziki yoxluğunu ovutmağa çalışdı.
Pravda.az-ın xəbərinə görə, elə bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şəhid olan polkovnik-leytenant R.Atakişiyev "Şücaətə görə" medalı ilə təltif olunub. Medal dekabrın 28-də polkovnik-leytenantın ailəsinə təqdim edilib.
- Könül xanım, əminəm ki, cənab Prezidentimizin qəhrəman pilotumuzun, həyat yoldaşınızın xatirəsinə göstərdiyi bu qayğı, diqqət ailənizin yarasına məlhəm oldu.
- Rəşadın Vətən uğrunda göstərdiyi şücaətin dövlət başçımız cənab İlham Əliyev tərəfindən belə yüksək dəyərləndirilməsi bizim üçün böyük şərəfdir. Yadımdadır, hələ dəfn mərasimində cənab nazirimiz Zakir Həsənov özü bildirdi ki, ilkin nəticələrə əsasən, Rəşad Atakişiyev son ana qədər katapult etmək imkanı olduğu halda bunu etməmiş və hərbi texnikanı xilas etməyə səy göstərmişdi. Hələ ki, istintaq başa çatmayıb, amma ilkin nəticələr belədir. Cənab Prezidentimiz də Rəşadın bu addımını yüksək qiymətləndirdi. Buna görə ona dərin minnətdarlığımı bildirirəm. Rəşad millətini, vətənini həqiqətən çox sevən hərbçi idi. Bugünədək layiq görüldüyü medalların, təltiflərin ən yüksəyini indi aldı.
- Son görüşümüzdən sonra Rəşadsız həyatınızda nələr dəyişdi? Böyük övladınıza atasının vətən yolunda canında keçdiyini açıqlaya bildinizmi?
- Təsəvvür belə etməyəcəksiniz, ağır günlər yaşadıq. Bu yük hələ də çiynimizdədir. Nikbin notlarda danışmaq istəyirəm, amma yenə də deyim ki, çox böyük sansıntılar keçirdik. Bilməzdim ki, insanın ən doğmasının ölümü bu qədər əzablı olur. Psixoloji gərginliyimiz yüksək həddə oldu. Xüsusən də Turqutun bu duruma alışmağa çalışması böyük zaman aldı. Dərk edəndən sonra isə içində qopan fırtınalar, susqunluğu, biraz da aqressivləşməsi bizə əzab verir. Şəhidlərin bir gün geri dönəcəklərini desək də, əksini bizə sübut edir. Deyir, siz sadəcə məni ovutmaq üçün belə deyirsiniz.
- Nə yaxşı ki, dəstəkçiləriniz də çoxdur...
- Valideynlərim, yaxın qohumlarım, dostlarım hamısı bu çətin günlərimdə yanımda oldular. Faciə baş verəndən bugünədək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hər an hiss edirik. Bu çətin günlərimizdə bizə ruh yüksəkliyi aşıladı, gələcəyə inamımızı artırdı, psixoloji sarsıntıdan qurtulmağımız üçün əlindən gələni əsirgəmədi. Hər an isti nəvazişini, mehriban, səmimi münasibətini hiss edirik. Bu bir daha sübut edir ki, dövlətimiz xalqımızın daim yanındadır.
- Könül xanım, bu müddət ərzində Rəşad yuxunuza gəlib?
- Bəli... Dəfələrlə gəlib, amma sağ vaxtları... Bizi sevgisi və qayğısı ilə əhatə etdiyi zamanlar...
- Təpədən dırnağa güclü xanımsınız, Rəşada yaraşan həyat yoldaşısınız. Yəqin bu günədək elə bir məqam olub ki, Rəşadsız bunu bacarmaram demisiniz...
- (kövrəlir) Hər şeydə... Hər an... Baxmayaraq ki, zamanının çoxunu hərbi xidmətdə keçirirdi, bizə çox zaman ayıra bilmirdi, adi bir zənginə belə möhtac qalmışıq. Hətta Turqut mənə çətin anlarımda çox dəstək olur. Deyir, qorxma, indi mən varam. Axı sən mənə Rəşad deyirdin. Elə balacamız Qabil də. Sanki bu müddət ərzində oğullarım da böyüdülər, müdrikləşdilər.
- Demişdiniz ki, Rəşad karyeramdakı uğurlarıma məndən çox sevinirdi. Əminəm ki, peşəkar fəaliyyətlə daha da böyük əzmlə məşğul olursunuz...
- Bu çətin dönəmdə işim mənə çox kömək oldu. Doktorluq dissertasiyama daha çox zaman ayırdım. Bir qədər gərginlikdən uzaqlaşmağıma imkan verdi. Tələbələrimlə də məşqlərimiz davam edir. Onlar da mənə dəstək olurlar.
- Ölkəmiz müharibə şəraitində yaşayır. Mərd oğullarımızı, ailə başçılarını savaşda qurban veririk. Bu acını indi yaşamağa başlayan şəhid ailələrinə, xanımlarına nə tövsiyə edərdiniz?
- Çox çətin mərhələdir. Mən hələ də bu ağrını hiss edirəm. Deyirlər, zaman keçdikcə insan acılarla yaşamağa alışır. Özünü buna məcbur edir. Hələ ki, biz özümüz də ağır günlərin astanasındayıq. Mən o xanımları bağrıma basıram, qəlbən doğmalığımı bildirirəm. Həyat yoldaşlarının Vətənimiz uğrunda şəhid olduqlarını rəhbər tutaraq həyata davam etsinlər. Bu acı ömür boyu qəlbimizdədir, elə bir yaramız var ki, heç nə ilə sağalmayacaq.
- Şübhəsiz ki, Rəşad Atakişiyev hər kəsin qəlbində şahin qəhrəman kimi taxt qurdu. Həyat yoldaşınızın xatirəsinin əbədiləşdirilməsini istərdinizmi?
- Onun haqqında dövlət səviyyəsində sənədli filmin çəkilməsini çox arzu edirəm. Özüm də incəsənət sahəsinin nümayəndəsi olduğum üçün kifayət qədər maraqlı materiallara malikəm və bu işdə ölkəmizin peşəkar rejissorlarına köməklik göstərə bilərəm. Buradan da Dövlət Televiziyasına, ölkəmizin qabaqcıl rejissorlarına səslənmək istərdim. Ümid edirəm, ricam duyulacaq.
- Qarşıdan 2020-ci il gəlir. Xalqımıza arzularınızı dilə gətirməyinizi istərdim.
- Bilirsiniz, Şəhidlər Xiyabanında Rəşadın məzarı 24-cüdür. Elə sonuncu cərgədə sonuncudur... Hər dəfə onun məzarını ziyarət edəndə, arzulayıram ki, Rəşaddan sonra şəhid verməyək. O cərgə 2008-ci ildə dünyadan köçən şəhidimizin məzarı ilə başlayır, Rəşadla bitir. Davamı gəlməsin! Xalqımıza əmin-amanlıq, sülh arzulayıram.Publika.az