Gülər Əhmədova Leyla Yunusun azadlığa çıxmasından danışdı

11-12-2015, 18:36           
Gülər Əhmədova Leyla Yunusun azadlığa çıxmasından danışdı
Sabiq millət vəkili : “Bir qadının həbsdən azad olunmasına, bir ananın evinə qayıtmasına sevinirəm”; “Mən onun qızının açıqlamalarını oxuyarkən iztirab çəkirdim…”
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsdən azad edilməsi təkcə bir hüquq müdafiəçisinin azadlığı yox, eyni zamanda bir azərbaycanlı qadının, ananın, həyat yoldaşının öz həyatına geri qayıtması idi. Onun sağlıq durumunu da nəzərə alanda bu, cəmiyyət üçün kifayət qədər sevindirici bir hadisə oldu.
“Yeni Müsavat” bir neçə il öncə məhbəs həyatı yaşamış tanınmış xanım, eks – deputat Gülər Əhmədova ilə bu azadlıqdan danışdı. Müsahibimizlə bir xanımın dəmir barmaqlıqlar arasından qurtulmasını dəyərləndirdik. G. Əhmədova “Yeni Müsavat” vasitəsilə L. Yunusu və həyat yoldaşını təbrik etdi: “Azərbaycan bizim vətənimizdir, dövlətimiz müstəqil respublikadır. 20 % torpagımız işğalda, ana- bacılarımız əsirlikdə. Hələ də bu torpaq şəhid qanı ilə suvarılır. Bunu unutmamalıyıq. Çünki biz bu dünyada olmayacağımız dövrlərdə də bizim əməllərimiz haqqında danışılacaq”.
Müsahibimiz daha sonra L. Yunusu müdafiə edən beynəlxalq qurumlar barədə də fikrini söylədi: “Leyla Yunusu bu gün müdafiə edən Avropa rəsmilərinin və mənim onun azad olunması ilə bağlı sevincimizin arasında böyük fərq var. Avropa rəsmilərini yalnız öz dövlətinin əleyhinə çıxış edən şəxslər maraqlandırır. Mən isə yalnız bir qadının həbsdən azad olunmasına, bir ananın evinə qayıtmasına sevinirəm. Artıq heç kim üçün sirr deyil ki, Avropanı azərbaycanlı qadınlar və körpələr maraqlandırmır. Çünki əks halda günahsız öldürülmüş, işgəncə görmüş erməni faşizminin qurbanları haqqında narahat olardılar. Leyla Yunus həbs olunanda gözümün qabağına vaxtilə nə onunla siyasi mübahisələrimiz, nə də digər fikir ayrılıqlarımız gəldi. Sadəcə qadın və həbsxana. Və bir də “Azadlıq” radiosunda Xədicə İsmayılla qabaq -qənşər oturub da mənimlə bağlı dediyi fikirləri….İşin əslini bilmədən dediyi fikirlər…. Mən pisliyə də yaxşılıq prinsipi ilə yanaşan insanlardanam. Və buna görə də heç zaman nə ona, nə də başqa bir qadına zindan həyatı arzulamaram. Amma gördüm ki bu xanımlar başqa dəyərlərin daşıyıcılardılar. Əgər buna dəyər demək mümkündürsə…”
G.Əhmədova bildirdi ki, L.Yunus həm ana idi, həm də siyasətlə məşğul olan, azyaşlı övlad sahibi başqa bir qadının həbsini ironiya ilə arzulamamalı olduğu yaşda idi: “Xüsusən də ortada bu qədər müəmma varkən….Amma mən onun qızının açıqlamalarını oxuyarkən iztirab çəkirdim və Allahdan ona da, həyat yoldaşına da azadlıq arzulayırdım. Eyni zamanda, cənab prezidentin humanist və gözəl insan olduğunu bilirdim. Artıq bunlar keçmişdir”.
G. Əhmədova söhbət əsnasında L.Yunusun azadlığına sevinən Avropa rəsmilərinə daha bir xatırlatma etdi: “Azərbaycanda deputat mandatından imtina edən millət vəkili ilə bağlı məhkəmə qərarı olmadan hesabatlar dərc etmək demokratik addım deyildi. Əksinə istintaqa təzyiq idi. Mandatdan imtina etmək isə demokratik addım və siyasi örnək idi. Təəssüf ki, Avropanı demokratik dəyərlərə əsaslanmış addımlar deyil, tamam başqa məsələlər maraqlandırır”.
Sabiq deputat sonda fikirlərini ümumiləşdirərək aşağıdakıları bildirdi: “Ümumiyyətlə kiminsə həbsinə yalnız nadan və cahil insanlar sevinə bilər. Bu dünyada heç kim heç nədən sığortalanmayıb. İkincisi, həbsxana qadın yeri deyil. Amma bilmək lazımdır ki, həbsxana həyatı hər bir insanı bu və ya digər formada dəyişdirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.