Moskvada ermənini susduran həmyerlimiz danışdı – Türkiyə adına savaş -2-ci raund

12-12-2015, 10:50           
Moskvada ermənini susduran həmyerlimiz danışdı – Türkiyə adına savaş -2-ci raund
Toğrul İsmayıl: “Namərdlik etdilər, səsimi kəsdilər, danışmağa imkan imkan vermədilər”; Cəsarətli çıxışları ilə Türk dünyasına səs salmış Toğrul İsmayıl Rusiya televiziyalarındakı çıxışlarına son verdi: “Təkrarən belə proqramlarda iştirakı mənasız görürəm, çünki...”

Rusiyanın NTV telekanalındakı canlı yayında Türkiyəyə qarşı ittihamları kifayət qədər səlis, sərt və ciddi arqumentlərlə cavablandıran Türkiyə TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl bu günlərdə yenidən ayrı-ayrı proqramlara dəvət alıb və Moskvada olub. Türkiyə-Rusiya gərginliyinin yaşandığı bu günlərdə həmyerlimiz Rusiyanın iki televiziyasındakı müzakirələrdə iştirak edib: ORT-dəki teledebatda və “Rossiya-1” kanalında, V.Solovyovun “ВЕЧЕР С ВЛАДИМИРОМ СОЛОВЬЕВЫМ” tok-şousunda...

Ancaq ilk verilişdən fərqli olaraq bu dəfə verilişlərin heç biri canlı yayınlanmayıb. Görünür, NTV kanalındakı canlı yayında Türkiyəyə qarşı saxta ittihamları cəsarətlə və soyuqqanlılıqla alt-üst edən azərbaycanlı alimin arqumentləri qarşısında növbəti dəfə aciz düşəcəklərindən ehtiyatlanıblar deyə, verilişlərə “əl gəzdirməyə” qərar veriblər.

İkinci verilişdə T.İsmayılla V.Baqdasarov arasında dialoq daha çox tamaşaçıların diqqətini çəkib. Erməni ekspertin “Vurulan təyyarənin bədəli ağır olacaq. İstanbulu alıb, Konstantinopol edəcəyik. Bolşeviklər olmasa idi, elə olacaqdı” sayıqlamasına Toğrul bəy belə cavab verib: “Bədəlin kim üçün ağır olacağını bilmək olmaz. İstanbul məsələsinə gəldikdə isə, arzu pis bir şey deyil” cavabını verib.

Toğrul İsmayıl Musavat.com-a açıqlamasında bildirdi ki, xüsusilə ORT-dəki müzakirələrdə etik səviyyədən kənar davranışların şahidi olub. Ona qarşı aşkar təxribatçı hərəkətlər edilib. Hətta aparıcılar qeyri-etik davranaraq T.İsmayılın mikrofonunu söndürüblər: “Mikrofonu kəsmişdilər ki, səslənən ittihamlarla bağlı etirazlarım eşidilməsin. Hansı ki, onlara ünvanlı çox ciddi ittihamlar irəli sürmüşdüm, lakin səsim eşidilmədi. Elə alındı ki, guya mən cavab verə bilmədim, pərt oldum. Ancaq elə bir şey yoxdur, mən pərt-filan olmadım, hamısını da yerində oturtdum. İraqa əsgər yeritdiyi üçün Türkiyəyə “işğalçı” dedilər, cavab verdim ki, işğalçı elə olmur, Krımdakı kimi olur. Bizim əsgərimizin sayı bəllidir, özü də 2014-cü ildən İraqdayıq”.

T. İsmayıl qeyd etdi ki, ORT-də əsasən Ukrayna mövzusu müzakirə predmeti olsa da, son hissələrdə Türkiyədən danışılıb: “Ancaq bu müzakirələr də qara piar kampaniyası idi. Yəni guya Türkiyə İraq ərazisini işğal edib. Söz də deyirsən, dinləmirlər, 10 nəfər eyni vaxtda bağırır. Aparıcılar isə tərəfsiz deyildilər, sözümüzü deməyə imkan vermirdilər. Daha doğrusu sözümüzü dedik, amma digərləri çığırıb-bağırırdılar, sözümüzü kəsirdilər.
ORT-də sadəcə namərdlik etdilər, səsimi kəsdilər, danışmağa imkan vermədilər, vaxt da qısa idi. Düzdür, imkan dairəsində öz sözümüzü dedik. Dedim ayıb deyilmi, kürdləri, başqa kiçik millətləri öz mənfəətiniz üçün istifadə edirsiniz? Həmçinin Krımın işğalından da danışdı. Amma zaman az idi”.

T.İsmayıl dedi ki, proqramlarda iştirak edən Vladimir Jirinovski Türkiyə əleyhinə bu dəfə sərt danışmayıb: “Ümumi sözlər dedi. Hətta bəzi məqamlarda Türkiyəni müdafiə etdi. Bir neçə dəfə “türkə söz verin” deyə, təkid də etdi, məni müdafiə elədi. O, məni tanıdığı üçün belə davrandı. Hər halda bu dəfə atom bombasından danışmadı”. T.İsmayılın dediyinə görə, Solovyovun proqramında nisbətən fərqli vəziyyət olub: “Çünki mən şərtimi öncədən kəsdim. Hətta Solovyov fasilə zamanı erməni Baqdasarovu susdurmuşdu ki, “mənim verilişimə gələn qonağa qarşı bir də belə tərbiyəsizlik etmə”. Mənə də maraqlı oldu ki, ORT ilə “Rossiya” kanalı arasında fərq var. Əsasən Solovyovun proqramı sərt keçir, mən onun daha sərt keçəcəyini gözləyirdim, amma əksinə oldu. Demirəm ki, Solovyovun verilişi yumşaq məcrada keçdi, sadəcə digər verilişdən fərqli olaraq səsimizi kəsmədilər. Əslində Solovyov və iştirakçılar da özlərini çox mədəni apardılar, səs-küy, bağırtı olmadı. Bir erməni, Baqdasarov var idi, nələrsə etmək istəyirdi, onu da yerində oturtdum”.

T.İsmayıl sualımızın cavabında Türkiyə hökumətindən öz çıxışlarına ciddi reaksiyaların olduğunu da vurğuladı: “Əlbəttə, reaksiyalar olur. Biz Türkiyədə yaşayan və işləyən birisiyik. Çıxışlarımızın hamısından müvafiq yerlərin məlumatı var, izləyirlər, təşəkkür də edirlər. Amma mən bu proqramlara dövlət məmuru kimi yox, sərbəst bir şəxs, mütəxəssis kimi dəvət olunuram. Mən də ora mütəxəssis kimi gedirəm”.

Həmsöhbətimiz bundan sonra Rusiya TV-lərindən dəvət alsa belə, orda iştirak etmək niyyətində deyil: “Təkrarən belə proqramlarda iştirakı mənasız görürəm. Çünki isteriya var, konstruktiv dialoqla bağlı heç bir şey danışmırlar. Hələ ki, problemlərin həlli ilə bağlı müzakirələrə hazır deyillər. Bağırma mərhələsi yatmalıdır. Bu da başadüşüləndir, illərdir ki, dünyaya gövdə göstərən Rusiya ilk dəfədir belə bir situasiya ilə üzləşib”.

T.İsmayıl Türkiyə və Rusiya ordularının müqayisəsi müzakirələrdən bəhs edərkən ikincinin daha güclü olması barədə rusiyameylli qüvvələrin səsləndirdiyi iddiaları “boş söhbət” adlandırdı: “Türkiyə ilə Rusiyanı müqayisə etmək olmaz. Birincisi, Türkiyə NATO ölkəsidir və Rusiya ilə müqayisə də doğru deyil. Türkiyənin hava, torpaq sahəsi də NATO-nun təminatı altındadır. Rusiyanın Türkiyəni əhatəyə alması barədə addımları da faktiki olaraq NATO-ya qarşıdır. Zatən, Rusiya NATO-ya düşmən olduğunu əvvəlcədən nümayiş etdirib”.

Maraqlıdır, T.İsmayıl Rusiyada olarkən xalqdakı əhval-ruhiyyəni müşahidə edə bilibmi? Sadə rusların münasibəti necədir? T.İsmayıl: “Təbii ki, xalq narazıdır, amma güclü təbliğat aparılır. Vəziyyətin gələcəkdə necə olması da Rusiya rəhbərliyinin yanaşmasından asılıdır”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.