“Mahmudov və onun dəstəsinin vurulmasının səbəbi siyasət idi” - MÜSAHİBƏ
12-12-2015, 12:47
Son günlər ölkə gündəmi heç vaxt olmadığı qədər qaynar və gərgindir. MTN-də baş verən həbslər, Nardaran olayları, qalmaqalların “istisi” soyumamış, neft daşlarında baş verən yanğın ölkədəki əhvalı daha da gərginləşdirdi.
“Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”ı maraqlandıran bütün suallara cavab verməklə, ağıllarda qalan sual işarələrinin bir qismini də yox etdi. MTN olayları, Nardarandakı çaxnaşma, neft daşlarındakı yanğın... eləcə də onların alt qatında gizlənən gerçəkliklər.
Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun və əməkdaşımızın suallarını cavablayan ekspert bu günə qədər gizli qalan bir çox həqiqətləri üzə çıxardı.
- Aylardır ki, Azərbaycan bir gərginliyin içərisinə girib. Binəqədidəki yanğından başlayan, Bank işləri, MTN-dəki həbslər, Nardaran olayları ilə davam edən və son olaraq neft daşlarında baş verən yanğın... bunlar aylardır gündəmi zəbt edib. Hətta bu siyahıya Avropa Oyunları zamanı avtobusun yol verdiyi qəzanı və son günlər ermənilərlə intensivləşən silahlı toqquşmaları da daxil etmək mümkündür. Sanki ölkəmizə bir sui-qəsd ssenarisi tətbiq olunur. Sizcə, bu hadisələrin bir-biri ilə bağı var, ya sırf təsadüflərdir?
- Xeyr, bunlar bir-biri ilə bağlıdır. Tamamilə razıyam ki, Azərbaycan son bir il ərzində çox gərgin bir mərhələyə keçdi. Binəqədidəki bina yanğını təsadüfi deyildi. Təsadüfi yanğın beşmərtəbəli binada, başqa bir binada ola bilərdi. Amma 16 mərtəbəli bir binanın yanması, yandırılması günü Azərbaycanda ATƏT-in təşəbbüsü və iştirakı ilə “Azərbaycanda tolerantlıq” mövzusunda konfrans keçirilirdi. Orada xeyli mühüm “kölgə fiqurları” iştirak edirdi. Bu barədə mətbuat çox geniş yazmadı. Amma mən şəxsən konfrans iştirakçılarının bir hissəsi ilə görüşmüşəm... O zamankı hadisə hamısı Azərbaycana sərt mesajların verilməsinin başlanğıcı idi.
- Niyə verirlər o sərt mesajı? Nə baş verir ki, böyük güclər Azərbaycana belə sərt mesajlar verir?
- Bunun başlıca səbəbi odur ki, indiki geosiyasi qarşıdurma dönəmində, hansı ki, Ukrayna prosesindən açıq mərhələyə keçdi, tərəflərin hər biri Azərbaycanı öz yanında görmək istəyir.
- Yəni artıq manevr imkanı yoxdur...
- Bəli, manevr imkanı məhdudlaşır, konkret mövqe istənilir. Qərb bunu qapalı şəkildə edir. Məsələn, Riqa sammitinə İlham Əliyevin getməməsinə bir qədər dözümlü yanaşdılar. Amma Qərb Ukraynaya yanaşdığı kimi Azərbaycana yanaşmadı.
- Hansı mənada?
- Ukraynadan tələb etdiyini Azərbaycandan tələb etmədi ki, mütləq daxil olmalısan. Amma deyək ki, Riqa sammiti başlayanda, ondan bir il əvvəl artıq bu söhbətlər pərdəarxasında mövcud idi ki, Azərbaycan uğrunda savaş başlayacaq. Yaxşı tanıdığım, mötəbər insanlardan biri o zaman dedi ki, Azərbaycan Rusiyanın yanında olmayacaq.
Bu, mənə bir qədər təəccüblü gəldi, açığı. Biz bilirik ki, Azərbaycanda hakim siyasi elitada Rusiyaya loyal zümrənin çəkisi həddən artıq çoxdur. Bu halda sözünün çəkisi olan zümrənin fonunda bu nə dərəcədə mümkündür? Müəyyən hesablamalar apardıq. Gördük ki, Rusiyanın Azərbaycana verdiyi təkliflər - Gömrük İttifaqına inteqrasiya və Avrasiya İqtisadi Birliyinə qoşulma nə Azərbaycandakı hakim elitanın, nə də Azərbaycanın dövlət maraqlarına cavab verir. Rusiyada da rəsmilərin dilindən bu çağırış qabarıq şəkildə irəli sürülməyib. Amma Kremlə yaxın siyasi ekspertlər, millət vəkilləri Azərbaycanı Gömrük İttifaqında görmək istədiklərini açıqlayıblar.
Belə olduğu halda, təbii ki, Azərbaycana təzyiqlər etmək lazımdır. Təzyiqlər hər iki tərəfdən idi - Qərbdən də, Rusiyadan da. Qərbdən siyasi məhbuslarla, Dağlıq Qarabağla bağlı həyata keçirilirdi. Amma Qərb burda da dərinə getmirdi. Məsələn, Serj Sərkisyan Ağ Evə dəvət olunmadı. Serj Sərkisyan getdi Vaşinqtona, dövlət katibi tərəfindən qəbul olundu.
- Qərb bu jestləri “humanist” olması səbəbindənmi edirdi?
- Xeyr, praqmatik olması nöqteyi-nəzərdən edir. Qərbin siyasəti həmişə soyuqqanlı olub.
- Qərbin istədiyi iki-üç adamdan ikisi - Yunuslar artıq azadlığa çıxdı. Bu, hansısa bir anlaşmanın nəticəsidir?
- Mənə elə gəlir ki, bu, Azərbaycan hakimiyyətinin mesajıdır. Təzyiqlər fonunda, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik var. Bu iki dövlət arasındakı münaqişə fonunda Ermənistanın əhəmiyyəti artır. Ermənistan Rusiyanın hərbi bazasıdır. Belə olan halda mövcud münaqişənin Azərbaycanın xeyrinə həll olunması ehtimalı da sıfra bərabərdir.
- İndi Qarabağdakı son gərgin vəziyyət də bununmu nəticəsidir?
- Birmənalı olaraq belədir. Azərbaycana xəbərdarlıq və təzyiqdir. Və ilk dəfə olaraq Azərbaycan ordusu tankları işə saldı. Bu da qarşılıqlı mesajdır ki, biz buna da hazırıq. Təsadüfi deyil ki, bu ərəfədə Türkiyə rəsmiləri ardıcıl olaraq Azərbaycana səfər etdi.
- Amma bu səfər bizə baha başa gəldi. Neft daşlarındakı yanğını nəzərdə tuturam.
- Açığı, mən orda təxribat elementləri görmürəm.Düşünürəm ki, bu qəza idi. Hava durumu ilə bağı qəza idi, məsuliyyətsizlik faktoru vardı. Bilirsiz ki, o tufan şəraitində bp öz işçilərini təxliyə etmişdi. Amma indi də Azərbaycan rəsmiləri and-aman edirlər ki, təxliyə üçün əsas yox idi.
- O qaz borusu partlaması olmasaydı, insanlar sağ qalacaqdı.
- Təbii ki. Rəsmi versiya və bizim də əldə etdiyimiz məlumat budur ki, neft buruğu aşıb, qaz daşıyan borunu zədələyib. Metalların toqquşmasında da qığılcım ani olan bir şeydir. Bu, təbii ki, rəsmi versiyadır. Amma burda maraqlı məqam var. Biz görmüşük ki, terror, təxribat olan yerdə Azərbaycan hakimiyyəti heç vaxt matəm elan etməyib. Nə Neft Akademiyasında, nə Binəqədidəki binadan sonra. Amma neft daşlarındakı yanğından sonra matəm elan olundu ki, bu da həmin hadisənin terror olmadığını göstərən məqamdır.
- Yəni bundan əvvəl baş verənlər zamanı onu edən qüvvələrə “sən məni matəmə sala bilməzsən, mən dözəcəm”, mesajı vermə məqsədimi vardı?
- Bəli, məhz bu mesajı vermək idi məqsəd. İndiki isə qəza olduğu üçün matəm elan edildi.
- Paralel olaraq, Qarabağda gərginlik var. Eyni zamanda siyasi sferada da gərginlik davam edir. İki nəfər - Yunuslar azad edildi. Bu, Qərb tərəfindən də müsbət qarşılandı. Amma siyasətdə kifayət qədər tanınan sima, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olundu. Siyasi cameyədə belə bir rəy vardı ki, onu hansısa gizli əl qoruyurdu. Çünki 2011-2012-ci illərdə Arif Hacılı və başqaları həbs olunarkən eyni maddə, fraqment və ittihamla o, həbsdən yayınmışdı. Bu proseslər nədən xəbər verir? İddialar var ki, Eldar Mahmudovun setinin müxalifətdəki uzantıları da təmizlənir... Bunlar arasında bağlantı görürsüzmü?
- MTN-in sabiq rəhbərlərinin həbsi, təmizləmə prosesi ilə bağlı dəfələrlə münasibət bildirmişəm. Mən azsaylı adamlardan biriyəm ki, bunun siyasi proses olduğunu demişəm. Eldar Mahmudov və onun dəstəsinin vurulmasının səbəbi siyasət idi. Rəsmi versiyada soyğunçuluq, reketlik və sair göstərilsə də...
- Hər halda ölkənin iki iri bankını boşaldıblar. Söhbət milyardlarla vəsaitin mənimsənilməsindən də gedir.
- Amma burda başqa məqamlar da var. Gəlin düşünək: axı bu banklar dünən boşaldılmamışdı. Bu proses uzun müddət idi gedirdi. Təkcə Beynəlxalq Bankla bağlı proses son 6-7 ayı əhatə edirdi. Və hər kəsə bəlli idi ki, orda nələr baş verir. Amma burda incə məqam nədən ibarətdir? Tutaq ki, MTN rəhbərliyi digər nazirlərin, komitə sədrlərinin, dövlət rəsmilərinin özləri və ailə üzvləri ilə bağlı ifşaedici məlumatlar toplamaqla həm oradakı gəlir mənbələrini ələ keçirir, həm də onları iradələrinə tabe edirsə, bu, artıq dəstə, siyasi komanda yaratmaqdır.
- Sizdə o təəssürat varmı ki, təkcə o, deyil?
- Bəli, təkcə o deyil. Mən düşünürəm ki, bir neçə yüksək rəsmi gedəcək bu işdə.
- Ad çəkə bilərsiz?
- Hələ istəməzdim. Azı iki nazir gedəcək bu işdə.
- (gülərək) Əvvəlki təcrübədən çıxış edərək bu dəfə də gedərkən bizə deyərsiz ki, bu dəfə hansı nazir gedəcək.
- Bəli, iki ay əvvəl mən sizə Eldar Mahmudovun vəzifədən gedəcəyi ilə bağlı demişdim. Onun bütün konturları görünürdü.
- Hər kəsin onu ən güclü bildiyi vaxtda siz onun gedəcəyini demişdiz və dediyiniz də baş tutdu.
- Maraqlı burasıdır ki, artıq bu komandada siyasi iddialar meydana gəlmişdi. Məsələn, MTN qurumlarından biri, Antiterror Mərkəzinin əməkdaşları və rəhbərləri nəylə məşğul idilər? Media ilə... 48 sayt yaratmışdılar. Bu, bizim hesabladıqlarımızdır. Burda siyasi faktor ortadadır. Çünki media siyasi gücdür həm də. Bütün qərbyönümlü və digər vətəndaş cəmiyyətlərini sıradan çıxarmışdılar. Və ya Qərb ölkələrində öz agenturasına daxil olan insanlardan siyasi mühacir qrupu yaratmışdılar. Hətta onların əli ilə Qərb mətbuatına dövlət başçısı, onun yaxınları haqda ifşaedici məlumatlar da ötürürdülər.
- Niyə? Kimin marağına xidmət edirdi bu?
- Hər halda Azərbaycanın və onun rəhbərinin marağını təmsil etmirdilər.
- Onlar “verbovka” olunmuşdu, təsirə düşmüşdü? Və ya maraq, gəlir əldə etmək, eləcə də gələcəkdə hakimiyyəti ələ keçirmək məqsədi idi?
- Düşünürəm ki, hamısı bir yerdə və bir-birilə əlaqəli idi. Tutaq ki, Eldar Mahmudovu çox önəmsiz, ağır bir durumdan çıxarıb gətirib, milli təhlükəsizlik naziri təyin eləmiş İlham Əliyevə qarşı bu adamın işləməsi hansı motivlərlə izah olunur?
- Bu, nonsens idi əslində.
- Bilirsiz ki, onu Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi təyin etmiş və bir həftə sonra oradan qovmuşdular. Bu qrupu ki, Eldar Mahmudov başına topladı və MTN-in bütün strukturunu əhatə etdilər, onların hamısı polisdən gəlmiş, bəzi hallarda oradan da qovulmuş əməkdaşlar idi.
- Müsahibələrinizdən birində Rusiya faktorunu da qabartmışdız. Məsələn, Rusiyada çalışan Akif Çovdarov Eldar Mahmudov tərəfindən sistemə gətirilib və sonuncu da Rusiya xüsusi xidmət orqanlarının himayəsi altında çalışıb.
- Şübhəsiz. Hamısı var. Vaxtilə Əli İnsanovun, Fərhad Əliyevin həbsində, buna “Qərb Azərbaycanda inqilab törətmək istəyir” platformasının verilməsində də indiki MTN rəhbərliyinin müstəsna rolu olmuşdu. Və onlar özləri haqqında hakimiyyətin yüksək eşalonunda belə bir fikir formalaşdırmağa nail olmuşdular ki, onlar hakimiyyətin təhlükəsizliyinin təminatçısıdırlar. Məhz bu səbəbdən də onların bir çox əməllərinə göz yumulurdu. Amma cinayətlər göz qabağında idi. Açıq deyirəm, Səid Dadaşbəylinin dəstəsi ilə bağlı cinayət işində açıqlandı ki, 6 nəfər həbs olunub, prokurorluq və MTN açıqlama verib. Amma məhkəməyə 5 nəfər çıxdı, biri işgəncə nəticəsində dünyasını dəyişibmiş... Bu gün bizə məlum olan faktlara əsasən, artıq prokurorluq bu işgəncə faktları ilə bağlı da istintaq aparır. Bu istintaq zamanı işgəncədən ölən tək şəxs deyil. Və ya Akif Çovdarovun gizli həbsxanası... Çox şey demək olar. Amma məsələyə konseptual yanaşaq. Burada yaranmış cəzasızlıq sindromu bu insanları elə bir həddə çatdırmışdı ki, onlar özlərini siyasi hakimiyyətin təminatçısı kimi görürdülər. Bundan sonra özlərini niyə siyasi hakimiyyət kimi görmək istəməsinlər ki?
- Siz burada Rusiya amilini qabartdınız. Amma Qərblə münasibətlər, hətta bəzi ekspertlərə görə eks nazirin İran kəşfiyyatı ilə əlaqələri də sadalanan iddialar sırasındadır. Hansıdır bunların? Kim düz deyir?
- Hamı düz deyir. Bunlar elə geniş əlaqələr sistemi qurmuşdular ki, bütün tərəflərlə münasibətlər vardı.
- Yəni, Hafiz Əsəd sistemidir də... Hamı ilə gizli dost olmaq...
- Bəli. Çox düzgün paralel apardız burda. Bilirsiz ki, Hafiz Əsəd və onun davamı olan Bəşər Əsəd rejiminin ən qatı düşməni olan İsrail bu rejimin qalmasında maraqlı idi. Çünki bütün münasibətlər qurulmuşdu və bu, İsraili qane edirdi. Amma onlar İranı da qane edirdi.
- Hesab edirsiz ki, bizimkilər bu gedişləri edəcək zəkaya sahib olublar?
- Bu, zəka deyil, avantüra idi. Biz siyasi komponentdən danışırıq. Bu komandanın qarşısında bir məqsəd dururdu, hakimiyyəti ələ keçirmək. Çünki Akif Çovdarov bir neçə yerdə açıq şəkildə demişdi ki, Eldar Mahmudov Azərbaycanın gələcək baş naziridir. Baş nazir nə deməkdirsə, bu, aydındır - prezidenti əvəzləyəcək şəxs. Əgər bu söhbət çıxmışdısa, yuxarılara da məruzə olunmuşdu. Bu baxımdan da MTN rəhbərliyi bir sıra xarici dövlətin rəhbərlərinə, onların ailələrinə qarmaq atırdısa, əlaqələr qurmaq istəyirdisə, bu, artıq siyasi iddialardan xəbər verir. Əgər Prezident Administrasiyasının əməkdaşlarının az qala hamısı nəzarətə götürülürsə, bu, artıq siyasi ambisiyalardan xəbər verir. Hakimiyyətə loyal olmayan siyasi qüvvələr, vətəndaş cəmiyyəti institutları sıradan çıxarılırsa, bu, artıq siyasi iddiadan xəbər verir. Hələ həbslər başlayanda mən qısa bir qeyd yazmışdım ki, maliyyə, kəşfiyyat komponenti var, qaldı siyasi və güc komponenti.