Beynəlxalq olimpiadanın qızıl medalçısı - “Düşündüm ki, medal əldən getdi”
15-01-2020, 02:50
Şagirdlərimiz 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Bu, İnformatika fənni üzrə beynəlxalq olimpiada tarixində ilk qızıl medaldır.
“Bir anlıq düşündüm ki, qızıl medal əldən getdi”
AzEdu.az Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin ölkə təhsilinə bu uğuru qazandıran XI sinif şagirdi Abutalıb Namazovla həmsöhbət olub. Abutalıb Namazov ilkə imza atdığına görə, çox sevincli olduğunu bildirib:
“Keçən il həmin olimpiadadan gümüş medal qazanmışdım, bu il qızıl üçün yarışırdım. Bilirdim ki, çox çətin olacaq. Elə də oldu, amma bacardım. Yarışın hər iki günü çox həyəcanlı keçdi. Buna baxmayaraq, özümü çox rahat hiss etdim və gərginlik keçirmədim. Özümə inandım və tam potensialımı ortaya qoymağa çalışdım.
İlk dəfə idi ki, hər iki gün verilmiş 5 saatın son dəqiqəsi belə uğurum üçün böyük rol oynayırdı. Yarışın ilk günü birinci və ən asan olduğunu düşündüyüm məsələni tezliklə həll etdim. Digər iki sualdan maksimum bal almağa çalışdım.
Maraqlı bir hadisə də baş verdi. İkinci suala 4-cü saatın 59-cu dəqiqəsində həll göndərdim. Sistemə yoxlamaq üçün vaxt lazım olduğu üçün balımı görə bilmədim və sistem bağlandı. Ya 0 bal alacaqdım, ya da 50 bal. Çox həyəcanlı idim, amma əmin idim ki, həllim düz idi. Həmin 50 bal çox önəmli idi. Axşam həmin günün nəticələri çıxdı və ikinci sualda aldığım 50 balı görmək məni çox sevindirdi. İkinci yarış gününə daha inamla girdim. Daha çətin idi, amma çox daha yaxşı yazdım.
Taktikamı fərqli qurdum və ən çətin olan 3-cü sualdan başladım. Suala həll yazdım və gözlədiyim balı almadım, cəmi 20 bal almışdım. İlk 3 saat belə davam etdi, alındıra bilmirdim. Bir anlıq düşündüm ki, qızıl medal əldən getdi. Sonra isə çıxıb əl-üzümü yudum və özümü o sualı yazacağıma inandırdım. Yerimə oturduğum an ağlıma yeni ideya gəldi. Həllimi düzəltdim və 71 bal aldım. 100 bal almaq üçün çox cəhd göstərmədim, çünki inanırdım ki, bu sual çox çətindir və yazan olmayacaq və vaxtım az idi.
Sonra isə həmin günün birinci sualına keçdim. 1 saat vaxtım var idi. Asan sual deyildi, xeyli düşündüm və sonda həlli tapdım. Vaxtım çox az idi, çox sürətlə kod yazmağa başladım. Hətta ətrafımdakı adamların və iştirakçıların mənim necə sürətlə kod yazdığıma təəccüblə baxmaqları məni daha da həvəsləndirdi. Sona 5 dəqiqə qalmışdı. Həllimi göndərdim və sona 1 dəqiqə qalmış nəticəmi görə bildim. Yaşıl rəngli 100 bal yazısı məni çox sevindirdi, buludlarda idim. Nəticələri səbirsizliklə gözləyirdim”.
“Növbəti hədəfim Beynəlxalq İnformatika Olimpiadasından medal qazanmaqdır”
Saat 12-də nəticələr yerləşdiriləndə Abutalıb Namazov öz adını 160 nəfər iştirakçıdan 15-ci yerdə tapır:
“İkinci günün nəticəsində isə 7-ci yerdə… Həmin günün 3-cü sualını həqiqətən də, heç kim edə bilməmişdi. Hətta, cəmi 3 nəfər 71 bal almışdı və biri mən idim. Özümə rəqib gördüyüm çox iştirakçını keçmişdim. Ümumi 24 ölkədən 160 iştirakçı var idi və 17 ölkənin şəgirdlərinin hamısını keçmişdim.
Qızıl medal alacağıma çox sevindim. Digər fənlərdən olan əla nəticələr məni daha da sevindirdi. Ölkəmə ilk qızıl medalı gətirdiyimə görə qürür duydum. Növbəti hədəfim Beynəlxalq İnformatika Olimpiadasından medal qazanmaqdır. İnanıram ki, orada da ən az bürünc medal qazana bilərəm”.
Qeyd edək ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi isə Azercell Telekom MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.