Anar Cəbrayıllının məktəb xatirələri: ““4” almışdım, evə qayıdanda gündəliyimdən o vərəqi cırdım”
31-01-2020, 20:13
Anar Cəbrayıllının məktəb xatirələri: ““4” almışdım, evə qayıdanda gündəliyimdən o vərəqi cırdım”
AzEdu.az-ın “Katib partası” rubrikasında dövlət qurumlarının mətbuat xidmətləri rəhbərlərinin orta məktəb xatirələrinə dalacaq, onların uşaqlıq illərinə qayıdacağıq.
Mətbuat katiblərini bir növ, masadan partaya qaytaracağıq.
Əziz oxucu, siz də mətbuat katibini bu dəfə masa arxasından deyil, parta arxasından tanımış olacaqsınız. Hazırsınızsa, “Katib partası” rubrikasının növbəti buraxılışına başlayaq:
Budəfəki müsahibimiz "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıdır.
Təhsil dosyesi: Anar Cəbrayıllı 1981-ci ildə Cəbrayıl rayon Balyand kənd orta məktəbinin birinci sinfinə qədəm qoyub. 1992-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycanda ilk dəfə tətbiq olunan test imtahanı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə-kredit" fakültəsinə daxil olub.
Məktəbə bir il gec getməyin üstünlüyü
Müsahibimizin məktəbə bir il gec getməsi onun üçün bir növ, əlavə üstünlük olub. Həmin üstünlüklər hansılardır, gəlin, özündən eşidək:
-1974-cü ildə anadan olmuşam. Lakin “75”lərlə oxumuşam. Bunun mənə heç bir ziyanı olmayıb, əksinə, hər zaman üstünlük qazandırıb. Xüsusən də, uşaq yaşlarda bir yaş böyük olmaq insanı böyük hiss etdirirdi. Həm oxumaqda, həm idman dərsində, həm də dava-dalaşda bu özünü göstərirdi. Xarakterin formalaşmasında bunun böyük rolu olduğunu düşünürəm. Uşaq vaxtı hər zaman xüsusi vurğulayırdım ki, mən “74” təvəllüdəm”...
Bizim Balyand kənd məktəbi...
Anar müəllimin oxuduğu məktəb, şagirdlik çağı ilə bağlı xatirə və təəssüratları çoxdan da çoxdur... Söhbət müddətində bəzən az da olsa, çətinlik çəkir, “nəyi qoyub, nəyi danışım?” sualının ağır məngənəsindən çıxaraq sualları cavablandırır:
-Bizim zonanı Cəbrayılın “güney camaatı” adlandırırlar. Cəbrayıl müəllimlərinin çoxusu elə bizim sovetlikdən, xüsusən də Süleymanlı və Qaracallı kəndlərindən olub. Cəbrayılın elə bir kəndi yoxdur ki, orada Balyand, Süleymanlı və Qaracallıdan bir məktəb direktoru olmasın.
Təhsil aldığım Balyand kənd orta məktəbi 1930-cu illərdə fəaliyyətə başlayıb. Əvvəllər 8 illik təhsil verən məktəb 1940-cı illərdən tam orta təhsil müəssisəsinə çevrilib. Burada vaxtı ilə Qışlaq, Süleymanlı, Qaracallı, Doşlu, Daşkəsən kəndlərinin şagirdləri təhsil alıb. Sonra isə bu kəndlərin özünün məktəbi olub. Məktəbimiz 1993-cü ilə qədər Nəriman Nərimanovun, ən sonda isə şəhid hərbi həkimimiz Hikmət Allahvediyevin adını daşıyıb. Yeri gəlmişkən, rəhmətlik Hikmətin atası Əsəd müəllim 1980-ci illərin ortalarında direktorumuz olub.
Bu təhsil müəssisəsinin sayılıb-seçilən müəllimləri olub. Məktəbimizin məzunları müxtəlif ali məktəblərə qəbul olunublar. Onlar SSRİ və Azərbaycanın müxtəlif universitetlərində təhsil alıblar. Onların arasında elmlər doktorları, namizədləri, əməkdar müəllimi, müəssisə rəhbərləri olan şəxslər də var.
Məktəbin mənə doğma olmasının digər bir səbəbi isə atamın orada müəllim kimi fəaliyyət görtərməsi olub. Kəndimiz işğal olunana qədər atam, riyaziyyat müəllimi işlədi”.
İbtidai sinif həyatı
“1981-ci ildə orta məktəbə qədəm qoydum. Sinifdə 21 nəfər – 8 oğlan, 13-ü qız- idik; 10 uşaq şagird yoldaşımız qonşu Qaracallı kəndindən dərsə gələrdirlər. Mən həm təhsil ili başa çatıb məktəb bağlananda, həm də yeni tədris ili açılanda çox sevinər, həmişə də məktəbə həvəslə gedirdim. Yalnız xəstələndikdə, ya da kənd yeri olduğu üçün qoyun və mal nobatına gedəndə dərsdən qalardım. Lakin hər zaman istəyirdim ki, səhər tez açılsın və məktəbə gedim.
Haşiyə: “Dəqiq xatırlamıram, III ya IV sinifdə oxuyardım. Hansısa bir fəndən “4” almışdım, evə qayıdanda gündəliyimdən o vərəqi cırdım. Özümü sanki günahkar kimi aparırdım, gecə rahat yata da bilmədim. Bu, məndə bir psixoloji gərginlik yaratmışdı və özümə gələ bilmirdim”.
“Çalışırdıq, vuruşurduq...”
A.Cəbrayıllı şövqlə söhbətinə davam edir. Məktəb xatirələrini bir yerə yığsaq, onu bu iki kəlməyə sığdırmaq olar:“Çalışırdıq, vuruşurduq...”
-Məktəbdə bir fəndən, ingilis dilindən zəif idim. Bundan fərqli olaraq rus dilini çox yaxşı oxuyurdum. O vaxtlar “Sovetskiy Sport” və digər rusdilli qəzetləri, rusca olan riyaziyyat kitablarını oxuyub sərbəst başa düşürdüm. Rus dilində olan lüğətlərdən də istifadə edirdim. Bu, mənə ali məktəb vaxtı da böyük kömək oldu. Belə ki, ədəbiyyatların çoxu rus dilində olduğu üçün çətinlik yaşamırdım.
Ən sevdiyim fənlər isə fizika və riyaziyyat idi. Olimpiadalarda daima fizika üzrə təmsil olunurdum. Bizim məktəbin direktoru Rauf müəllim həm də fizika müəllimimiz olub. O, çox sərt və tələbkar insan idi. Fizikadan elə məsələ yox idi ki, mən onu həll etməyim. Dəqiq xatırlayıram, 11-ci sinifdə oxuyanda rayon olimpiadasında iştirak etdim. Rauf müəllim də həmişə olimpiadanın münsiflərindən olurdu. Həmin il onu heyətə daxil etməmişdilər, bu da ona pis təsir etmişdi. Olimpiada başlamamışdan məni çağıraraq, dedi ki, sən mütləq birinci yer tutmalısan. Sualların hamısını doğru cavabladım. Amma mənə 19 bal, şəhər məktəblərindən birini təmsil edən qıza isə 20 bal yazdılar. Sonradan Rauf müəllim bu nəticəyə etiraz etdi və onun israrından sonra mənə də 20 bal yazdılar. Bizim rayondan zona olimpiadasına 2 şagird getdi. Orada da hamıdan çox mən bal toplamışdım, fəxri fərman da verdilər. Artq 11-ci sinifdə oxuyanda ya Neft-Kimya, ya da İnşaat İnstitutuna sənəd verməyi qətiləşdirmişdim.
Üzərimdə gəzən may ayı...
Hələ siz o illərin, o yerlərin may ayını soruşun... Müsahibimiz Cəbrayılın son mayını az qala, 28 il bundan əvvəl görüb. Amma hələ də öz üzərində daşıyır:
-Ən sevdiyim vaxt məktəbin yaz dövrü idi. Havalar isinir, təbiət gözəlləşir, qızılgüllər açardı. Sinfimizin qızları yaz vaxtı hər gün həmin qızılgülləri dərər, dərsə gəlirdilər. Partaların üzərinə sərilən qızılgüllərin qoxusu bir başqa olardı...
Məktəbimizin bir çox gözəl həyəti var idi ki... Bir yandan Söyüdlü bulağı axırdı, qarşısında da gölü... Hələ mən gilas ağaclarını demirəm! Ehh, məktəbin ən maraqlı çağı elə o vaxtlar olardı... Məktəbin may vaxtı... Çöldə cənnət, içəridə də səmimi ortam. Dərslər də ağır olmazdı, təkrar keçirilirdi. Çünki aprel ayında bütün dərsləri yekunlaşdırırdıq. Ona görə də may ayları çox yüklənmirdik.
İydəli sinfin nağılı...
-Ən çox o iydə ağacı yadımda qalıb, bəlkə də... Sinfimizi “iydəli sinif” edən ağac... Kəndimiz dağətəyi ərazidə yerləşirdi. Onun təbiəti də olduqca heyrətamiz idi. 11-ci sinifdə oxuyanda “iydəli sinifdə” oxuduq, özü də nəfis iydə qoxusu ilə birlikdə... Deyəsən, bir şagird yoldaşımız da elə o iydə ağacının özü idi: sinfin pəncərəsinin önündə iydə ağacı çiçəkləyəndə ətri bütün sinifi bürüyürdü. Pəncərədən Qaracallı bağına gözəl mənzərə açılardı. Otur sinifdə, təbiəti seyr elə...
7-ci sinifə qədər günorta növbəsi oxumuşam. Buna baxmayaraq, səhər saat artıq səhər 11-dən məktəbdə gələr, çox vaxt da dərsdən əvvəl futbol oynayardıq. Çünki məktəbdə siniflər arasında futbol yarış keçirirdik. Futboldan sonra bulaqdan su içib, dərsə girirdik.
Məktəbimizin yardımçı təsərrüfatı kimi üzüm bağı var idi. Təsərrüfat sahəsində 9,10 və 11-ci sinif şagirdlərinin hər birinə 3 cərgə üzüm bağı verilirdi və ayrılmış ərazini özümüz becərirdik. Beləcə, biz kollektiv şəkildə üzüm bağına gedərdik. Bəzən sentyabr ayında dərslərimiz olmazdı: bizi bir aydan da çox müddətə üzüm yığmağa aparırdılar. Aran rayonlarının uşaqları pambığa getdiyi kimi, biz də üzüm yığmağa gedirdik.
“Qapamış yolumu dağlar, dənizlər...
“Gələməm” deyirəm, sən “gəl” deyirsən...”
Türk şairinin yazdığı bu iki həsrətqoxulu misranın bir ucu elə Anar müəllimə də toxunur... O illərin yolunu zaman qapayıb, zamana isə geri qayıtmaq olmaz... O yerlərin, o yurdların yolunu dağlar-dənizlər qapasaydı nə var idi ki... Nə isə durmayaq, zamanı müsahibimizin xatirələri ilə adlayaq, o yerlərə xəyali səfər edək:
-Səhər durub heyvanlara baxır, onun yemini verir, sonra örüşə qoşurduq. Ən ağır dönəm qış vaxtı idi. Çünki quzular qışda doğulur və onlara baxmaq xüsusi əziyyət tələb edirdi. Məktəbdən qayıdandan sonra da təsərrüfatda işlərdik. Gör, heç yorulardıq ki... Dərslərimi isə adətən axşamlar oxuyardım. Yaddaşım yaxşı olduğu üçün dərslərimin hazırlanmasına o qədər də çox vaxt sərf etməzdim. Bəzən olurdu ki, coğrafiya və tarix fənnindən müəllimlərin dərs əsnasında dedikləri ilə kifayətlənər, növbəti dərsdə elə yadımda qalanları danışırdım. Əsas gücü cəbr, həndəsə və fizikaya verirdim... Həə, cəbr-həndəsə demişkən, gəlin, bir az müəllimlərimdən danışaq e... ölənlərə rəhmət, yaşayanlara can sağlığı... Hansı birisini unutduq ki!
Hər birinin xətri indi də mənim üçün əzizdir. İnsanın həyatında valideyndən sonra ən əziz adamı məncə onun müəllimi olur. Maraqlıdır ki, müəllimlərimin böyük əksəriyyəti qonşu Qaracallı kəndindən olub. Sinif rəhbərimiz Fəridə müəllimin üzərimdə böyük əməyi var.
Sinif rəhbərimiz və riyaziyyat müəllimimiz Gülayə müəllim, fizika fənnini tədris edən Rauf müəllim... Amma ən səmimi münasibətim olanlar idman müəllimlərim Tərxan Məhərrəmov, Cavad Rzayev idilər. Cavad müəllim həm də atamın sinif yoldaşı olduğu üçün onu daha yaxın bilirdim. Kimya müəllimimiz Zülfəli Məhərrəmov hər il məndən inciyərdi ki, niyə olimpiadaya kimyadan yox, fizikadan gedirəm. Coğrafiya müəllimimiz Surxay Babaşov, rus dili müəllimlərim Füzuli Şirinov, Naibə müəllimə, tarix müəllimlərim Hüseynalı Rəhimov, Arif Şirinov, eləcə də digər müəllimlərim və bizim sinifə dərs müəllimlərimdən həmişə xoş münasibət görmüşəm.
Bu yerdə bir dənə də haşiyə:
-Naibə müəllim məktəbə yeni təyin edilmişdi; rus dilini tədris edirdi. Dərsdə çox da fəallıq göstərmədiyim üçün elə bilirdi ki, yaxşı oxuyan şagird deyiləm. Adətən, yarış təşkil edib, 2 nəfəri lövhəyə çıxarır inşa deyir və sonra səhvləri yoxlayıb qalibi elan edərdi. Bir dəfə də əlimi qaldırıb yarışmaq istədim, məni bir xeyli süzəndən sonra dedi ki, gəl görək. Beləcə, hamını yarışdan çıxardım və qalib oldum. O gündən Naibə müəllimin münasibəti dəyişdi, ən çox mənə suallar verməyə başladı. Yeri gəlmişkən oxuyan şagird olsam da, sinifdə ən sonuncu partada əyləşirdim”.
Acılı fərəh dadan illər
Ali məktəbə hazırlıq illəri... Anar Cəbrayıllı üçün o illər ikiqat-üçqat çətin keçib... Hər şey dəyişir... keçid dövrü... Qarmaqarışıq bir dönəm... Bir tərəfdən də yeni test... Amma yox, Anar müəllim deyir ki, elə nə yaxşı ki, bu test imtahanı olub:
-Bəli, elə bir dönəmdə hazırlaşırdım... Nəsə mənə qaranlıq qalanda müəllimlərimdən soruşum onun axırına çıxırdım. Repetitor yanına isə ümumiyyətlə getməmişəm, o vaxtı nə repetitor?! Hətta atam riyaziyyat müəllimi olsa da belə çox az hallarda ondan nəyisə soruşardım.
Orta məktəbi bitirib sənədlərimi Neft-Kimya İnstitutuna verməyə hazırlaşırdım ki, Türkiyə universitetlərinə testlə qəbul imtahanları keçirildi. Sənədlərimi verdim, amma müsabiqədən keçmədim. Bizim ali məktəblərə də qəbul testlə oldu və ikinci dəfə şansdan yararlandım. İqtisadiyyat ixtisası üzrə özümü sınamağı üstün tutdum, sevdiyim və ən yaxşı oxuduğum fizikadan imtahan verəsi olmadım. Qəbul imtahanında topladığım balların 60 faizindən çoxunu tək riyaziyyatdan “yığmışdım”.
-Bəlkə də, sistemi pozuruq, amma yadıma düşmüşkən bunu qoyub, ona keçək...
-Buyurun, Anar müəllim...
-İbtidai sinifi bitirmişdim. Sentyabrın 1-i dərs başlayırdı və həmin gün dayımın toyu idi. Ona görə də dərsə getmədim. Ayın 2-də heç bir şey olmamış kimi məktəbə yollandım. Yenicə təyin olunmuş sinif rəhbərimiz və riyaziyyat müəllimimiz Gülayə müəllimə məni xeyli danladı ki, bəs, Bilik günündə iştirak etməmisən. Hətta bir sillə də vurdu. Bundan sonra dayımın toyu olub ona görə də dərsdə iştirak edə bilməmişəm. Müəllimə də həmin vaxt məni tanıdı və bildi ki, Ləliş müəllimin oğluyam, başımı sığalladı, könlümü aldı”.
Müsahib deyəsən, o illərə, o yerlərə xatirə-xatirə yaxınlaşır... Bir xatirədən digərinə yaxınlaşdıqca Cəbrayıla daha yaxın olur sanki... Odur ki, birini də danışır:
- Bir az cığal və tez özündənçıxan uşaq olmuşam. Futbol oynayanda kimsə səhv edəndə həmən qışqırır, bəzən də yumruğa-təpiyə əl atardım. Bunu həm öz komandamızda olan uşaqlara həm də, qarşı komanda da olan uşaqlara qarşı edərdim. Davakar olduğumu hamı bilirdi, hətta qonşumuzdakı yaşlı kişi və qadınlar da.
1992-ci ilin yayında hərbi dərslə əlaqədar biz bir həftəlik belə deyim praktikaya - hərbi atışa gedirdik. Hərbi hazırlıq rəhbərimiz Dadaş müəllimdən xahiş etdik ki, bizi ermənilərlə üzbəüz postlara aparsın, orada avtomat ataq. Etiraz elədi, amma bizim israrımız görüb sonda razılaşdı. Beləcə, Günəşli postuna gedib ermənilərə xeyli güllə atdıq. Səngərlərlə bizim məktəbin arası təxminən 3 km olardı. 1992-ci ilin may ayı, müharibənin qızğın vaxtı, indi anlayıram ki, Dadaş müəllim hansı riskə gedib.
Mən başqa vaxtlar da postda gedirdim. Əsgərlərə həmişə siqaret alıb aparırdım”.
1992-ci ilin ağır mənzərəsi
Həə, əziz oxucu, burada bir az dayanaq. Anar Cəbrayıllı ilə söhbətin gedişində hiss etmişdik ki, o ruhunda hansı ağrılardan arınaraq bizimlə danışır və onu da hiss etmişdik ki, o söhbət axırda gəlib hara varacaq... indi buyur, düz, gəlib həmin söhbətin yanında dayanmışıq:
-11-ci sinifdə oxuyurduq, buraxılış imtahanlarını yeni qurtarmışdıq, 1992-ci il iyun ayının 28-i idi. Sur, Şayaq istiqamətində güclü bir döyüş oldu. Həmin gün kəndimizdən 2 əsgər yaralanmış, biri isə itkin düşmüşü. Onların hər 3-ü bizdən 2 sinif yuxarı oxuyan uşaqlar, qardaşımın sinif yoldaşları idilər. Sonradan Elsevərin nə ölüsü, nə də dirisi tapıldı. Bir il sonra sinif yoldaşım Bayram da həmin istiqamətdə döyüşlərdə snayperlə vuruldu. Bax bizim məktəbi bitirməyimiz bu dövrə təsadüf etmişdi. Çox çətin dövr idi.
1993-cü ilin avqustunda biologiya müəllimimiz Oruc müəllim həyətlərinə düşən top mərmisi nəticəsində vəfat etmişdi. O həm də bizim qonşumuz idi.
Postlarda hər gün atışmalar olurdu. Məktəb siniflərində avtomat, pulemyot səslərini belə rahat eşidirdik. Lakin bizim məktəb böyük bir dağın arxasında yerləşdiyindən elə də təhlükə ilə üzləşmirdik və bunlar, dərslərimizə təsir etmirdi. Amma bizdən sonrakı il 1 aydan çox dərslər keçirilməmişdi. 1993-cü ilin iyunundan isə məktəbin həyəti artıq hərbi anbara bənzəyirdi, yeşiklərdə silah-sursart, mərmi yığılmışdı.
Epiloq əvəzi..Yaxud Cəbrayılsız tələbəlik
-Universitetlərdə oxuyan tələbələri qış və yay tətili vaxtı qohum-əqrabalar qonaq çağırırdı. Amma mənim bu arzum reallaşmadı. Test imtahanı noyabrın 15-də keçirildi. Cavablar dekabrın sonlarında çıxdı və yanvarın əvvəllərində dərslər başlandı. Bir semestrə iki semestrin dərsini keçib, imtahanlarını verdik, ortada qısamüddətli tətil oldu. Yayda da rayonumuz işğal edildi. Fikirləşirdim ki, qış tətili vaxtları məktəbə gedərəm, müəllimlərimlə görüşərəm, şagirdlərə məsləhətlər verərəm, amma bu arzularım gerçəkləşmədi.
Məndən məktəb illəri ilə bağlı şəkillər istədiniz. Həmin dövrlərdən şəkillərim çox azdır. Bu tək şəkili şərəf lövhəsi üçün çəkdirmişəm. Digərini isə həvəskar fotoqraf sinif yoldaşımız Maqsud çəkib. Sinif yoldaşımız Sənubərin qardaşı peşəkar fotoqraf idi və indi də bu işlə məşğul olur. 11-ci sinifdə oxuyanda məktəbin həyətində, sinif otağında çoxlu şəkillərimizi çəkdi, deyəsən plyonka yandığı üçün heç biri ələ gəlmədi. Amma siz müsahibədə başqa bir təsirli şəkildən istifadə edərsiniz. O foto daha təsirli olar... Elə mənim tək çəkilmiş fotomu verin, onsuz da onun ikinci adı da olacaq – “Cəbrayılsızlıq” fotosu...