Tovuzda, Bakıda və Masallıda törədilən 3 qətlin oxşarlığı - potensial qatili tanımaq olarmı?
1-02-2020, 10:35
Psixoloq dəhşətli qətlləri birləşdirən məqamdan danışdı: “Ətrafının yaxşı hesab etdiyi insanlar qandonduran qətllərə imza ata bilir...”
Azərbaycanda son aylar bir-birinin ardınca baş verən, ictimaiyyətin diqqətini özünə cəlb edən ölüm işlərini bir-biri ilə sanki bağlayan bir məqam sezilir. Cinayət işləri üzrə həbs olunan, işlərdə əsas fiqurant kimi keçən şəxsləri ətrafları, yaxınları, qonşuları “yaxşı insan” “sakit təbiətli adam” söz birləşmələri ilə xarakterizə edirlər.
Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. İlkin Süleymanov Nərmingilin evindən bir qədər aralıda yaşayır. Qonşuları, qohumları onu sakit təbiətli, ata-anası ilə yaşayan biri kimi xarakterizə edirlər.
Bakıda, Nizami rayonunda 2 nəvəsini - 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonu boğub öldürməsi ehtimal edilən 1963-cü il təvəllüdlü Nina Allahverdiyeva da yalnız yaxşı cəhətləri olan bir insan kimi tanınıb. Asılmış vəziyyətdə meyiti aşkar olunan Nina Allahverdiyeva, ümumilikdə ailə üzvləri mədəni və sakit insanlar kimi tanınınblar. Qonşular nənənin hərəkətlərində hər hansı əsəbilik, psixoloji problem hiss etməyiblər. O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib orada qalırmış. Həftəiçi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış. Ailə bundan öncə də Sumqayıtda yaşayıb. Qonşular isə hələ də nənənin belə bir hadisəni törədəcəyinə inanmadıqlarını, bu işdə üçüncü bir şəxs tərəfindən cinayət əməlinin ola biləcəyini ehtimal edirlər.
Masallıda 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllimə işləyən İlhamə Əsgərova da keçmiş şagirdindən danışarkən belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib: “Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı onu uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı”.
Bəs necə olur ki, cəmiyyətdə xoş ünsiyyəti, davaranışı ilə yadda qalan şəxslər səs-küylü cinayətlərin əsas fiqurantı olurlar?
Psixoloq Azad İsazadə deyir ki, ətrafının yaxşı hesab etdiyi insanlar qandonduran qətllərə imza ata bilir: “Sübut olunub ki, belə insanlar adətən etdiyi, törətdiyi əməlləri qətl hesab etmirlər. O uşaqları xilas etdiklərini düşünürlər. Əsasən də nənə ilə bağlı mövzuda bu məqama diqqət etmək lazımdır. Nənə ilə bağlı məlumatları oxuyarkən Hitlerin məşhur təbliğat naziri Yozef Qebbels yada düşür. O, müharibənin sonunda uduzduqlarını görüb 6 uşağının bədəninə zəhər yeritməklə öldürmüşdü. Sonra isə həyat yoldaşını və özünü də güllələmişdi. Qebbels hesab edirdi ki, bu əməli ilə 6 uşağını xilas edir. Çünki faşist Almaniyası məğlub olub, özünün aqibəti də məlum idi, asacaq və ya güllələyəcəkdilər. Amma uşaqlar yaşayacaqdı. O isə düşünürdü ki, uşaqları öldürməklə xilas edir. Mümkündür ki, nənənin də beynində hansısa proses gedib. Misal üçün, mümkündür ki, ona deyiblər ki, ağır xəstədir, yarım ildən sonra həyatla vidalaşacaq. Nənə də başa düşür ki, nəvələr onsuz qala bilməyəcəklər, düşünür ki, tək qalmaqdansa, mən onları bu əziyyətlərdən xilas edim. Qətl törədən insan bəzən hesab edir ki, o, qətl törətmir, o, xilas edir. Müharibədə insan insanı öldürür. Kənardan baxanda bu da qətldir. Amma bu halda qətl törədən hesab edir ki, vətənini qoruyur, ona görə də özünə haqq qazandırır. Qətlin obyektiv və subyektiv qəbul olunma anlayışı var. Hansısa psixoloji pozuntu, stressin təsiri altında insan qətl törədir. Amma hesab edir ki, qətl törətməyib”.
Azad İsazadə deyir ki, kimsə özünü qabağa verməklə, fəda etməklə uşaqları xilas edir, bəzən isə əksi də ola bilir: “Xilası qətldə görür və hamını şoka salan qətl törədilir”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”