Mübariz Tağıyev: “Hər dəfə xəyalımda İrəvana, məktəb illərinə qayıdıram”

1-02-2020, 11:16           
Mübariz Tağıyev: “Hər dəfə xəyalımda İrəvana, məktəb illərinə qayıdıram”
“Anaların ah-naləsini, şəhid xəbərlərini eşidəndə dəhşətə gəlirdim”

Ötən gün Xalq artisti Mübariz Tağıyev doğum günunu qeyd edib. 72 yaşı tamam olan sevilən müğənni Azvision.az-a müsahibəsində ad günü ilə bağlı təəssüratlarını bölüşüb.

– Yaşla bağlı mənim ənənəvi sualım var. İstərdim bu suala siz də cavab verəsiniz. Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, doğrudurmu?

– Əlbəttə, bundan o yana var-dövlət yoxdur. İllər boyu həyat məktəbini keçmək dövlət deyilmi? Bu günə qədər bildiklərim, öyrəndiklərim övladlara, onlardan nəvələrə keçir. Bunların hamısı zənginlikdir, mirasdır. Bundan yaxşı gözəllik ola bilməz. Mənə elə gəlir ki, həyatım xoş günlərlə keçib. Buna baxmayaraq ki, mən iki dəfə infarkt keçirmişəm. Ancaq bu, heç bir şey demir. Həyatda hər şey olur. Maddiyata gəlincə, vəziyyətimi ortabab hesab edirəm. Dövlətimiz sağ olsun, Prezident təqaüdü alıram. Bu baxımdan narazılığım yoxdur. Allaha qurban olum, naşükür deyiləm. Həyatımdan razıyam.

– Keçmişə baxanda ən çox hansı illər üçün darıxırsınız?

– Hərdən xatirələr yada düşür, şəkillərə baxıram. Hər dəfə xəyalımda məktəb illərimə qayıdıram, doğulduğum məkana gedirəm. Mən İrəvan şəhərində doğulmuşam. Orada Axundov adına 9 saylı orta məktəbdə oxumuşam. Yaxın vaxtlarda tanışlardan biri həmin məktəbin şəklini mənə göstərdi. Təsirləndim, özümü qəribə hiss etdim. İllər boyu nələr görmüşəm, nələr eşitmişəm, necə böyümüşəm, hamısı gözümün önündə canlandı. Daha sonra Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərməyim yadıma düşdü. Hər şey lent kimi gəlib keçdi. Bunlar olmaya da bilərdi. Elə bil həmişə mənim həyatımda məni qoruyan bir qüvvə olub. İndi öz torpağımdayam, vətənimdəyəm. Nəvələrim, övladlarım burada böyüyüb.

– Bu yaxınlarda sizin çox əvvəllər çəkdirdiyiniz kliplərinizə baxırdım. Ağlıma belə bir fikir gəldi: “Nə yaraşıqlı kişi olub”. Hərdən xanımların sizə heyran olduğu, hər jestinizə məhəbbətlə cavab verdiyi dönəmləri yada salırsınızmı?

– İndi ayrı qayğılar var. Doğrudur, hərdən əfsuslanıram ki, saçlarım daha gur idi, dünyanı gəzirdim, məni sevən qadınlar var idi. Ancaq o vatın öz gözəlliyi, indinin də öz gözəlliyi var. Mənə elə gəlir ki, həyat hər şeyi öz yerində imzalayır, təsdiqləyir. Baryeri keçək lazım deyil.

– Yəni axına qoşulmaq lazımdır?

– Axına düşmək, ona qoşulmaq mənim xarakterimə uyğun deyil. Əgər elə olsaydı, mən çox şeylərə nail olardım. Həmişə bir məqam gəlir, öz yaxınlarımı, dostlarımı düşünürəm. Mənim təbiətim belədir. Nəyinsə xatirinə onları tapdalayıb keçə bilmirəm.

– “Ovuc içi qədər xoşbəxtlik yetər” adlı bir mahnınız var. Kiçik şeylərdən xoşbəxt ola bilirsinizmi? Yaxud, belə deyək, ovcunuzdakı xoşbəxtlik sizə yetirmi?

– Bütün ömrüm boyu qismətdən artıq heç nə istəməmişəm. Ola bilər ki, bu səhvdir. Bəlkə, nə isə istəməlisən. Ancaq mənə bir ovuc xoşbəxtlik kifayət edib.

– “Hər yaşanan günlərin qədrini bilək” mahnınızda isə “Bəxtəvər olmaq çətin deyilmiş” deyə oxumusunuz. Doğurdan belədir?

– Tam razıyam. Bəxtəvər olmaq çətin deyil. Ancaq həmin o bəxtəvərlik sözünün arxasında çox balaca məqamlar dayanır. Həyatda iblis olmaq, pislik etmək lazım deyil. Yaşadığın illərin həqiqətən də qədrini bilmək lazımdır. Yaxşı günlərin də, pis günlərin də sənindir. Pis dediyimiz o məqamları nə görmək, nə də eşitmək istəyirəm. Həyatımda yalnız yaxşı məqamlar qalır. Mən kin saxlaya bilmirəm. Kimdənsə inciyirəmsə, tez də bağışlayıram. Bu baxımdan oxuduğum mahnılar mənim həyatıma uyğundur.

-“Gülə-gülə “ mahnınızdakı “Şahid olar bizə zaman” ifadəsi ilə sualıma davam edirəm. Zaman nəyinizin şahidi oldu?

– Bu mahnı müharibə illərində yazılıb. Çox acı günlər yaşadım. Mahnının verdiyi mesaj o idi ki, bundan sonra acı günlər keçsin, əl-ələ verib dünyamızı quraq. Çünki işlədiyim yer Azərbaycan televiziya və radiosu idi. Müharibə illərində hər dəfə ora gəlib-gedəndə anaların nalələrini, şəhid xəbərlərini eşidib dəhşətə gəlirdim. Həmin insanlarla birlikdə televiziya və radionun əməkdaşları da həmin həyatı yaşayırdı. Çoxları deyir, niyə imicini dəyişdin, vətənpərvər mahnılara keçdin. Kimsə bunu etməlidir. Biz vətənə bağlı insanlarıq.

-“Çırpınan ürəkdən sönməz arzular… Həyatın səsi arzular”- heç arzulardan, ümidlərdən yoruldunuzmu?

-Əlbəttə, sarsıntılar da olub, arzular da puça çıxıb. Ancaq yenə özümdə güc tapıb irəli getmişəm. Peşəkar sənət yolum Rəşid Behbudovla, Rafiq Babayevlə bağlı olub. Onlardan sonra həyatımda boşluq yaranmışdı. Səhnədən uzaqlaşmalıydım. Amma yenə geriyə qayıtdım.

– Doğum gününüzlə bağlı sizə nə hədiyyə etsələr, yaxud, desələr ürəyinizin sarı simini tərpədər?

– Mən heç vaxt hədiyyə gözləməmişəm. Ən böyük hədiyyəm yaxın insanlardan gələn təbrik mesajlarıdır. Belə insanlar kifayət qədərdir. Dostlarımdan, yaxın adamlarımdan nə qədər təbrik qəbul etmişəm. Bundan böyük xoşbəxtlik olarmı? Konservatoriyadatələbələrimlə ad günümü qeyd etdik. Bundan gözəl nə ola bilər ki?!

– – Bəs nəvələrin təbriki necə oldu?

– Nəvələrim səhər o başdan yuxudan durub əllərində gül, mənə mahnımı oxudular. Kövrəldim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.