Azərbaycanda avtomobil sahiblərinin yaralı yeri - ehtiyat hissələri

6-02-2020, 12:04           
Azərbaycanda avtomobil sahiblərinin yaralı yeri - ehtiyat hissələri
Ekspert: “Bazardan saxta malların yığışdırılması üçün tədbirlər görülməli, qiymətlər tənzimlənməlidir”
Azərbaycanda avtomobil sahibləri üçün ehtiyat hissələrinin seçilməsi çətin və problemli məsələdir. Ehtiyat hissələri avtomobil sahiblərinin yaralı yeridir. Təmir xərcləri bu cür saxta malların bazarda bolluğuna görə maşın sahiblərinə 3 qat baha başa gəlir. Hər dəfə təmir zamanı avtomobil sahibi orijinal adı ilə piştaxtada olan eyni təyinatlı ehtiyat hissələri arasında seçim etmək zorunda qalır. Sürücülərin əksəriyyəti isə bu cür imtahanda çox vaxt uğursuz nəticə ilə ayrılırlar. Orijinal adı ilə saxta bir ehtiyat hissəsini, həm də orijinal qiymətinə alıb sıradan çıxmış hissə ilə əvəzləyirlər.

Məsələ ondadır ki, orijinal ehtiyat hissəsi onun analoqlarından bir neçə dəfə bahadır. Orijinal ehtiyat hissəsini almaq sürücünün cibinə çox vaxt uyğun olmur. Ona görə də təmirin keyfiyyətini pozmadan qənaət etmək fikri formalaşır. Xarici markaların ehtiyat hissələrini alarkən düzgün qənaət etmək üçün orijinal ehtiyat hissələrinin saxtalardan nə ilə fərqləndiyini bilmək lazımdır.

Bu gün bazarda əsasən üç növ ehtiyat hissəsi var. Orijinal, qeyri-orijinal və saxta ehtiyat hissələr.

Saxta elə növ detallardır ki, onların avtomobillərdə istifadəsi arzuedilən deyil. Saxta detallar açıq-aşkar qeyri-orijinala və orijinala bənzəmir. Bu detallar bir qayda olaraq istifadə zamanı dağılır, əldən çıxır. Bu da gözlənilməz hal deyil. Saxta detalların təhlükəliliyi bu detalların orijinal bağlamalarda və ya tam oxşar bağlamalarda satılmasıdır. Avtomobil sahiblərində çaşqınlıq yaradan da məhz bağlamadır. Heç zaman ehtiyat hissələrini qutusuna görə seçmək lazım deyil.

Orijinal və qeyri-orijinal ehtiyat hissələrini fərqləndirən cəhətlər istehsala bağlıdır. Məsələn, orijinal ehtiyat hissələri avtomobil zavodları tərəfindən və ya onların lisenziyası əsasında digər zavodlar tərəfindən hazırlanır. Bu detalların fərqi olmur, çünki onlar eyni istehsal texnologiyası və standartı ilə hazırlanırlar. Yəni orijinal detalların praktikliyinə və etibarlılığına əminlik var. Bununla belə, bəzi spesifik məqamlar da var. Məlumdur ki, iri avtomobil istehsalçıları olan şirkətlərin zavodları dünyanın 4 bir tərəfinə səpələnib. Eyni markanın ehtiyat hissəsinin keyfiyyəti istehsalçı ölkəyə görə dəyişə bilər. Orijinal detal şirkət stilinin əks olunduğu bağlamaya yerləşdirilir. Ştrix kod, şirkətin adı, istehsal olunduğu ölkə haqda məlumatlar qutu üzərində əks etdirilir. Stikerdə kod əsasən 10 və ya 12 rəqəmli olur. Qeyri-orijinal ehtiyat hissələri isə zavodların partnyorları, müxtəlif müəssisələr tərəfindən istehsal edilir. Bu istehsal konveyer üçün nəzərdə tutulmayıb, texnologiya isə avtomobil zavodunun istehsal texnologiyasından fərqlənir. Yəni istehsalçı şirkət böyük avtomobil istehsalçısının tələblərinə əməl edə də bilər. Amma hansısa bir xırda nüansın nəzərə alınmaması, detalın təkrar emaldan keçmiş metaldan hazırlanması son nəticədə keyfiyyətdə özünü göstərə bilər. Avtomobil zavodu bu halda detalın keyfiyyətinə məsuliyyət daşımır. Qeyri-orijinal ehtiyat hissələrinin sinifləri olduqca genişdir. Bunların sırasında orijinaldan fərqlənmyənləri çoxluq təşkil edir. Dünyanın müxtəlif yerində bir-birindən fərqlənən istehsal texnologiyası ilə ehtiyat hissələrini istehsal edən şirkətlərin çoxluğu məsələni daha da qəlizləşdirir. Lazım olan ehtiyat hissəni alan hər kəs onun orijinal olub-olmamasından qayğılanır. Məsələ burasındadır ki, son illərdə vətəndaşların bu sahədə aldadılmasına tez-tez rast gəlinir.

Bir sözlə, indi maşın sahibləri üçün vacib suallardan biri ehtiyat hissələri haradan gətirilir və orijinaldırmı?

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyir ki, bu gün Azərbaycanda avtomobil ehtiyat hissələri ilə bağlı vəziyyət ürəkaçan deyil. Bu gün bazarda olan mağazaların 90 faizi avtomobil sahibinə 3-4 növdə eyni ehtiyat hissəsi təklif edir. Məsələn “X” markalı avtomobil üçün əyləc qəlibləri almaq istəyən avtomobil sahibinə orijinal, qeyri-orijinal, yarım-orijinal, firma malı, sex malı təklif olunur. Araşdırırsan, məlum olur ki, təklif olunan malların 3-ü Çindən gəlib. Alıcı ən ucuz qiymətə olanını alsa, mümkündür ki, həmin ehtiyat hissə istismar müddətində sıradan çıxmasın. Amma alıcı buna risk etmir. Ortabab malı alır. Burada yenə də alıcının aldadılması, saxta mal alması istisna deyil. Çünki satıcı istəsə daha keyfiyyətli malı verər, istəsə, həmin keyfiyətli mal adı ilə saxtasını sata bilər. Burada məsələ sırf satıcının vicdanından asılıdır. Bu isə bütün satış qaydalarına ziddir. Məhsulu satan şəxs onun keyfiyyətinə cavabdeh olmalıdır. Bunun üçün lisenziyalaşdırılmış mallar satılmalıdır. Saxta mallar bazardan yığışdırılmalıdır. Belə malların satışı qadağan edilməlidir. Satıcının vicdanı ilə yola çıxan avtomobil sahibi çox da uzağa getməz".

Elməddin Muradlı deyir ki, satıcıların arasında saxta detalı orijinal ehtiyat hissə kimi təqdim edib məhz orijinal hissə qiymətinə satanlar da az deyil: “Orijinalı saxta maldan ayıran avtomobil sahibi isə azdır. Bundan məharətlə istifadə edilir. Ona görə də avtomobil sahibləri ilə ustalar arasında, satıcılar arasında çox vaxt xoş olmayan münasibətlər formalaşır. Ümumilikdə isə ölkəyə gətirilən ehtiyat hissələlərinin satışa qədər gedib çıxması problemi var. Prezident İlham Əliyevin 2018-ci ilin dekabrında imzaladığı ”Yol hərəkətinin təhlükəsizliyinə dair" 5 illik proqramda qeyd olunub ki, ölkəyə saxta avtomobil ehtiyat hissələrinin gətirilməsinin qarşısı alınmalıdır. Bir çox ölkələrdə artıq saxta ehtiyat hissələri satışdan tamamilə yığışdırılıb. Saxta ehtiyat hissələri adətən istehsal ili 20-ni aşan nəqliyyat vasitələrinin çoxluq təşkil etdiyi ölkələrdə satışa çıxarılır. Çox təəssüf ki, Azərbaycanının avtomobil parkı yaşı 20-ni aşan, 30 və daha artıq “yaşı” olan maşınlardan ibarətdir. Qonşu Gürcüstanla müqayisədə Azərbaycanın avtomobil parkı əldən düşmüş nəqliyyat vasitələrindən, istismar müddətini çoxdan keçmiş maşınlardan ibarətdir. Bu gün Azərbaycanın avtomobil parkının 10 faizi yeni avtomobillərdir. Yerdə qalan 90 faiz maşın isə köhnəlmiş, istismar müddəti ötən avtomobillərdir. Ona görə də saxta ehtiyat hissələrinin ölkəmizə axını hər ötən il genişlənməkdədir".

Elməddin Muradlı deyir ki, saxta ehtiyat hissələrinin ölkəyə daşınması ilə yollardakı qəzaların arasında səbəbli əlaqə var: “Zay ehtiyat hissələrinin, yararsız təkərlərin, əyləc sisteminə aid olan, sükan idarəetmə mexanizminə, işıqlandırma və digər hissələrin qəzaların baş verməsində rolu var. Çox təəssüf ki, bu məsələlərlə bağlı müvafiq qurumlar məlumatları bölüşmürlər, açıqlamırlar. Baxırsan ki, yolun ortasında bir maşın gəlir, o qədər işıq quraşdırılıb ki, sanki təkərli ”yolkadır". Belə işıqların olması digər hərəkət iştirakçılarına maneə yaradır, həm də işıqların quraşdırıldığı nəqliyyat vasitəsinin yanma ehtimalını artırır".

Elməddin Muradlı deyir ki, saxta ehtiyat hissələrinin bazarlardan yığışdırılması üçün prezidentin imzaladığı dövlət proqramının icrası ləngidilmədən həyata keçirilməlidir: “2020-ci ilin 2-ci ayı başlayıb, biz bu sahədə dəyişiklik müşahidə etmirik. Çünki dövlət qurumları hərəkətsizlik edir. Ölkəyə hər gün 100 minlərlə ehtiyat hissələri gətirilir. Bu qədər ehtiyat hissəsinin gömrükdə yoxlanılması mümkün deyil. Bunun üçün müəyyən bir mexanizm işlənilməlidir. Ən azı ölkəyə saxta malların gətirilməsinin qarşısı alınmalıdır. Heç olmasa avtomobil sahibləri saxta deyil, qeyri-orijinal mallar ala bilsinlər. Bazardan saxta malların yığışdırılması üçün tədbir görülməlidir. Bir də avtomobil ehtiyat hissələrinin qiymət məsələsinə də baxılmalıdır. Gürcüstanda 250-300 manata satılan ehtiyat hissəsinin Azərbaycanda 1200 manata satılması heç bir əndazəyə sığmır. Ehtiyat hissəsinin 300-500 kilometr daşınması onun qiymətində bu qədər fərq yarada bilməz. Yəni daşıma xərcləri 1000 manat ola bilməz. Bu məsələlər də araşdırılmalı, uyğun qərarlar verilməlidir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.