Tofiq Zülfüqarov: “NATO və Rusiya generalları ona görə görüş yeri kimi Bakını seçir ki...”
8-02-2020, 08:36
“Avropa Şurası quru bəyanatlar verən təşkilata çevrilib”
“Yeni Müsavat” bugünkü sayının müsahibi sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur. Onunla gündəmdə olan əsas məsələləri müzakirə etdik.
- Tofiq bəy, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters yenidən Bakıda görüşdülər. Sayca beşinci dəfə paytaxtımızda baş tutan bu görüşü necə dəyərləndirərdiniz?
- Təbii ki, bu görüşdə müzakirə edilən məsələlər Rusiya və NATO-a aiddir. Belə görüşlərdə təhlükəsizliyi artırmaq üçün vacib məsələlər müzakirə olunur. Onların Azərbaycana aidiyyəti o qədər də böyük, yəni həlledici deyil. Ayrı məntəqələr üçün nəzərdə tutulan görüşlərdir. Amma məkan kimi Azərbaycanın seçilməsi çox müsbət bir haldır. İlk növbədə ona görə ki, Azərbaycan bloklardan kənar neytral bir dövlət kimi qəbul olunur. Məhz bu səbəbdən görüşlər Bakıda keçirilir.
Bir məsələni də qeyd etmək istəyirəm. Bundan qabaq olan görüşdə NATO ölkələrinin hərbi attaşeləri ölkəmizi ziyarət etmişdilər. Mənim də bu cür attaşelərlə görüşüm olub. Görüş vaxtı onlar Azərbaycana öz maraqlarını göstəriblər. Ermənistan-Azərbaycan konflikti və digər məsələlər müzakirə olunub.
- Bu görüşlər Azərbaycanın yürütdüyü balanslı siyasətin nəticəsi deyilmi?
- Təbii ki, bunun da təsiri çoxdur. Bloklardan kənar olmaq ilk növbədə balanslaşdırılmış siyasəti həyata keçirməkdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Heç bir quruma daxil olmamaq bu hərəkat qarşısında götürülən öhdəliklərdən biridir. Hesab edirəm ki, bu düzgün mövqedir. Çünki bizim ətrafımızda baş verən hadisələr, bəzən kəskin mövqelər, Suriyada yaşanan proseslər, İranla Amerika arasında olan gərginlik fonunda görüşlərin Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli amillərdən biridir.
- Generallar gələcəkdə də görüş məkanı kimi Bakını seçə bilərlərmi?
- Bu barədə nəsə demək çətindir. Hər halda beşinci görüş az deyil. Bu, bir növ prosesdir. Deməli buna ehtiyac var. Baxın, Rusiya ilə NATO arasında gərginlik bəzən Baltik ölkələrində özünü büruzə verir. Əslində bu Türkiyəyə də aiddir. Suriya məsələsini nəzərdə tutub deyirəm. Həm NATO vasitəsilə məsələ Rusiya qarşısında qoyulur, həm də ikitərəfli format artıq bunlarda mövcuddur. Bu baxımdan hesab edirəm ki, son görüş də regionda stabilləşmə yönündə bir element olacaq.
“Rusiyanın orada Türkiyə ilə hərbi cəhətdən rəqabət aparmaq imkanı yoxdur”
- Azərbaycanla bağlı hazırda gündəmdə olan məsələlərdən biri də AŞ PA-da yüksək səs çoxluğu ilə islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hazırladığı Azərbaycanda siyasi məhbuslara dair hesabatın əsasında qətnamənin qəbul edilməsidir. İndiki vaxtda bu qətnamənin qəbulu nədən xəbər verir?
- Burada bir məsələni qeyd etməyi vacib bilirəm. Belə bir proses baş verir ki, AŞ PA-nın fəaliyyəti müxtəlif ölkələr tərəfindən ciddi şəkildə tənqid olunur. Bundan qabaq AŞ PA ilə Rusiya arasında olan məsələlər ortaya çıxmışdı. Rusiyanın hətta üzvlüyü dayandırılmışdı. Üzvlük bərpa olunandan sonra digər ölkələr tərəfindən narazılıqlar bildirildi. Hiss olunur ki, AŞ PA-nın özü-özlüyündə təşkilat kimi fəaliyyəti böhranın içərisindədir. Bu qurum sadəcə olaraq, bəyanat verən bir təşkilata çevrilib. Real nüfuzu, imkanları olmayan bir təşkilatdır. Təbii ki, onun bu cür zəifliyi təbliğat baxımından müxtəlif qüvvələr tərəfindən istifadə olunur, yəni real siyasətə aidiyyəti olmayan bir fəaliyyət ortada mövcuddur.
Azərbaycan AŞ PA-nın haqlı olaraq fəaliyyətindən narazıdır. Ortada olan problemlər göz qabağındadır. Təəssüflər olsun ki, AŞ PA Ermənistan-Azərbaycan konfliktindən uzun zaman keçməsinə baxmayaraq, indiyə qədər normal bir mövqe ortaya qoymayıb. Ukraynaya aid bəyanatlar köhnə stildə qəbul olunur. Gürcüstanla bağlı mövqeləri çox sərtdir. Amma Azərbaycana gəldikdə, qat-qat ağır olan problemlə bağlı demək olar ki, belə bəyanatlara rast gəlmirik. Olan bəyanatlar sadəcə, neytral xarakter daşıyır.
Bir məsələni də qeyd edim ki, insan hüquqlarını əsas prioritet götürən AŞ PA Azərbaycanın bir milyona yaxın yurdundan didərgin düşən insanları ilə bağlı ciddi bəyanat vermir, Ermənistana təzyiq göstərilmir. Paşinyanın yaxınlarda verdiyi bəyanatlara baxın. O, heç vaxt ermənilər yaşamayan əraziləri Ermənistan torpaqları elan edib. Bununla bağlı AŞ PA-nın mövqeyi belə yoxdur. Burada “ikili standart”ların olması, islamafobiya deyilən məsələ göz önündədir. Azərbaycan bununla bağlı öz siyasətində nəticələr çıxarıb. AŞ PA-nın qeyd etdiyim mövqeyi nəticələr çıxarmağımıza səbəb olur.
- Qətnaməni daha çox 9 fevralda ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqələndirirlər...
- AŞ PA-nın heç bir real imkanı yoxdur ki, bu və ya digər ölkənin siyasətinə təsir göstərsin. Bəyanatlardan başqa heç bir işləri yoxdur. Bu qurum hər zaman çalışır ki, hansısa konflikt elementləri tapsın, bu və ya digər ölkələrə təsir göstərsin. Təkcə Azərbaycan deyil, digər ölkələr də bu siyasətlə qarşılaşır. Demək olmaz ki, bu AŞ PA-a üzv ölkələrin siyasətidir. Sadəcə olaraq, orada bu işə cəlb olunmuş qüvvələr hansısa dairələrin əlinə oynayır, onların sifarişlərini yerinə yetirirlər. Kiməsə təzyiq göstərmək istəkləri olanda məhz bu cür addımlar atır, bəyanatlar, tənqidlər səsləndirirlər. Amma reallıq budur ki, bu cür bəyanatların, tənqidlərin real nəticəsi olmayıb, olmayacaq da.
- Suriya münaqişəsində Əsəd rejimi getdikcə fəallaşır. Türkiyə sanki küncə sıxışdırılır. Sizə də elə gəlmirmi?
- İnanmıram ki, Türkiyəni kimsə küncə sıxışdıra bilər. Bu mümkün ola şey deyil. Bəşər Əsədin qüvvələrinin gücü uzunmüddətli müharibədən sonra demək olar sıfıra endirilib. Eyni zamanda, ona dəstək verən qüvvələrin də imkanları azalıb. Rusiyanın orada Türkiyə ilə hərbi cəhətdən rəqabət aparmaq imkanları yoxdur. Çünki coğrafi baxımdan uzaqdır.
Hazırda uzunmüddətli prosesin bir mərhələsi yaşanır. Artıq Türkiyənin istəkləri və məqsədləri hamıya bəllidir. Türkiyə çalışır ki, etnik baxımdan ona yaxın əhalinin təhlükəsizliyini təmin eləsin, eyni zamanda, qonşu ölkədən ona qarşı terror təhlükəsi olmasın. Bu baxımdan hamı üçün məsələ bəllidir. Bu çərçivədə Türkiyə ciddi addımlar atır, gələcəkdə də atacaq.
- ABŞ, Fransa və Britaniya İdlib hücumuna görə, Suriya hökuməti ilə yanaşı, İran və Rusiyanı da ittiham edib. Bunu Türkiyəyə açıq mesaj saymaq olarmı?
- Çoxdan konseptual, amma açıq şəkildə bəyan olunmayan “şiə kəməri” adlandırılan bir konsepsiya İranda var. Şiələrin yaşadığı ərəb ölkələrində onların olduqları məntəqələrdə İranın təsiri altında olan bir bölgə yaranmalı idi. Bunların konsepsiyası çoxdan mövcud idi. Müxtəlif qüvvələr bu konsepsiyadan müxtəlif mərhələlərdə istifadə ediblər. İndi baş verən hadisələr bunu sübut edir. Çünki bu “kəmər”in bir hissəsi, özü də ən vacib hissəsi ondan ibarətdir ki, onun Aralıq dənizinə çıxışı olmalıdır. Bunu təmin etmək üçün bu cür cəhdlər həyata keçirilir. Biz bir məsələni də görə bilərik ki, Türkiyənin istəklərinə bu və ya digər şəkildə nüfuzlu Qərb ölkələrin dəstəyi istisna olunmur. Yaddan çıxarmayaq ki, vacib oyunçulardan biri olan İsrail bu cür “kəmər”in formalaşmasını və İranın nüfuzunun artmasını özü üçün təhlükə sayır və ona görə buna qarşı fəaliyyətini aparacaq. İndiki mərhələdə Türkiyənin İsraillə əlaqələrinin artması istisna olunmur.
- Son sualım, dünyanı ağuşuna almaqda olan koronovirusunun meydana çıxmasında Amerikanın adı çəkilir. Belə iddia olunur ki, Çini sıradan çıxarmaq üçün bu virus ortaya atılıb. Siz necə düşünürsüz, burada siyasi çalarlar varmı?
- Bu barədə nəsə demək çətindir. Amma onu deyim ki, çoxdan belə bir ehtimallar və nəzəriyyələr var ki, bioloji silahların bu və ya digər növləri ilk növbədə, genetik xüsusiyyətlərə malik şəkildə olmalı idi. Bioloji silahların istehsalı qadağa altındadır. Qeyd etdiyiniz ehtimallar səslənir. Rusiya mediasında buna daha geniş şəkildə yer verilir. Amma bunun dəqiq olduğunu demək olmaz. Mənə bir şey də maraqlı gəlir ki, görəsən təzə növ qripin çinlilərdən başqa hansısa etnik qruplara yayılması təhlükəsi mövcuddur, ya yox. Onda biz bu suala cavab ala bilərik.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”