Kəmaləddin Heydərov: "Nə vaxtsa onların da vicdanı oyanacaq, onda..."

16-12-2015, 16:22           
Kəmaləddin Heydərov: "Nə vaxtsa onların da vicdanı oyanacaq, onda..."
"Günəşli" yatağında yanğının söndürülməsi işlərinin birinci fazası başa çatıb. Dünən bir quyunun ağzı bağlanıb. O biri quyulardakı yanğınların ram edilməsi istiqamətində işlər gedir".

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, digər quyularda yanğınların söndürülüməsi yaxın vaxtlarda mümkün olacaq.

İtkin düşmüş neftçilərin axtarışlarının FHN və Dövlət Sərhəd Xidmətinin təyyarələri, vertolyotları və gəmiləri tərəfindən aparıldığını qeyd edən K. Heydərov havanın əlverişsiz olduğu günlərdə axtarış işlərinin digər texnikalarla davam etdirildiyini bildirib: "Bu günədək hələlik 6 nəfərin meyiti tapılıb. Biz axtarış zamanı başqa üsullardan da istifadə etməyə başlamışıq. Batiskaflardan istifadə edərək yaxın quyuların, estakadaların diblərinin axtarışına başlamışıq. Yanğın baş verən platformanın dibində işləmək mümkün deyil. Çünki orada soyutma işləri gedir, texnikanın ora yaxınlaşmaq imkanı yoxdur". Nazir aparılan işlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu qeyd edib: "Hər gün prezidentə məruzə olunur. Bu, böyük təbii fəlakət idi. Təbii fəlakət nəticəsində baş vermiş texnogen qəza bizə göstərir ki, gələcəkdə daha diqqətli olmalıyıq. Xəzər dənizində belə qəzalar əvvəllər də olub. "Bulla" yatağında fontan qazın partlayışı baş vermişdi. Bundan başqa, balıqçılar itkin düşmüşdü, digər texniki qəzalar olmuşdu. FHN-də elə bir texnika yoxdur ki, bu axtarışlarda iştirak etməsin. Sadəcə hava şəraiti əlverişsizdir. 140 km/saat sürətində külək, 10 ballıq dalğalar nəticəsində bu qəza baş verib. Qəzanın ertəsi günü hava yavaş-yavaş düzəlib. Bəzi işlər görülüb. Eləcə də neftçilərin meyitləri tapılaraq çıxarılıb".

Nazir qeyd edib ki, dekabrın 4-də Neft Daşlarında güclü külək neftçilərin içində olduğu köşkü dənizə atıb və 3 nəfər itkin düşüb: "Onların da axtarışı davam etdirilir".

K. Heydərov bildirib ki, axtarış-xilasetmə işləri spesifik xarakter daşıyır: " Biz işlərin gedişi ilə bağlı mütəmadi əhalini məlumatlandırırıq. Çox təəssüf ki, bəzi adamlar yaranmış vəziyyətdən başqa məqsədlər üçün istifadə edirlər. Əminəm ki, nə zamansa o insanların vicdanı oyananda onlar da təbii fəlakət nə demək olduğunu, bu hadisələr zamanı xilasetmə əməliyyatlarının necə, hansı şəraitdə aparıldığını anlayacaqlar. Xilasedicilər də insandır, onların da həyatı üçün təhlükə olan məqamlar olur. Əgər siz son hadisədə aparılan xilasetmə əməliyyatına baxsanız, görərsiniz ki, fədakar xilasedicilər öz həyatlarını riskə ataraq, neftçiləri qayıqdan necə sağ-salamat qurtardılar".

Nazir itkin düşmüş neftçilərin ailələrinə səbr arzulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.