Ağsuda camaatı narazı salanlar kimlərdir? - GİLEY
11-02-2020, 09:46
ğsunun Kalva kəndində sakinlərin problemi var. Onlar 2018-ci ildə baş vermiş zəlzələnin evlərinə ciddi ziyan vurduğunu söyləyirlər. DİA.AZ bildirir ki, bu barədə danışan sakinlər qəzalı durumda olan evlərində yaşamağın çətinliyindən gileyləniblər.
“Ömrümüz boyu bu kənddə yaşamışıq. Başqa bir yerə köçmək niyyətimiz yoxdur. Evlərimiz də ki, bildiyiniz kənd evləridir. Həmişə deyirdik ki, bir zəlzələyə baxır. Zəlzələ olsa, başımıza uçacaq. Elə də oldu. 2018-ci ildə kəndimizdə güclü zəlzələ baş verdi. Evimiz qəzalı vəziyyətə düşdü” – deyir, sakinlərdən Gülsənəm Hacıyeva.
Onun evi 1946-cı ildə tikilib. Sementsiz, torpaq və taxtadan istifadə edilib tikintisində. Sonradan da başqa ev tikməyə və yaxud evlərini təmir etməyə imkanları olmayıb. Gülsənəm Hacıyeva deyir ki, ailələri aztəminatlıdır. Ev almaq, tikmək, təmir etmək kimi imkanları yoxdur:
“Baxın, divarlarında iri çatlar əmələ gəlib. Döşəmə tamamilə sıradan çıxıb, iki yerə bölünüb. Bünövrəsinin daşları isə uçub, binanın altına tökülüb. Bir sözlə, evimiz yararsız, yaşanmaz durumdadır”.
Gülsənəm Hacıyeva deyir ki, dəfələrlə problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Maraqlanan, gəlib baxan olmayıb. Onlara kömək etməyiblər.
Zəlzələdə evi qəzalı duruma düşmüş daha bir kənd sakini isə Asəf Hacıyevdir. Deyir, evinin zirzəmisində evi ayaqda tutan bünövrə daşları uçub. Evinin içində gəzəndə döşəmə tərpənir, divarlar çatlayıb.
“Elə bilin ki, ev havada qalıb, bunun başqa bir adı yoxdur. Divarların dörd bir yanı çatlayıb. Yaşanmaz durumdadır. Qışdır, evi qızdırmaq da olmur. Hər yeri çatdır, soyuq hava girir. Dərd bir-iki deyil ki...”.
Asəf Hacıyev deyir ki, yenidən zəlzələ olsa, evləri başlarına uçacaq:
“Hətta güclü zəlzələyə də ehtiyac yoxdur. Elə yüngülvari bir təkan bəs edəcək evin darmadağın olmasına. Dövlət zəlzələdə, daşqında, seldə, bir sözlə, təbii fəlakətdə zərər görmüş evlərə daim kömək edir. Bir bizim kəndə baxan yoxdur deyəsən”.
Şikayətçilərdən Gülurə Ağaliyevanın da evi qəzalı duruma düşüb. Deyir, evinin divarları, pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlib. Döşəmə sınıb, sökülüb:
“Ayağımızı basırıq içinə girir. Bünövrəsi zədələnib. Evlərimiz qəzalıdır. Başqa adı yoxdur. İnanın, uşaqlarla birlikdə qorxa-qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə problemimizlə bağlı müraciətlər etmişik. Artıq bir ildən çox vaxt keçib. Gəlib maraqlanan olmayıb. Bir söz bilirlər: “siyahıda adınız var. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır”.
Sakinlər deyirlər ki, onların evləri ilə maraqlanan yoxdur. Ancaq Kalva kəndinin icra nümayəndəsi Cavid Qədirov və onun müavini Vüqar Əfəndiyev icra hakimiyyəti ilə əlbir olub, özlərinə yaxın kənd sakinlərinin qəzalı olmayan evlərini təmir etdiriblər.
“Yerli məmurlar yalnız özlərinə və qohum-əqrəbalarına aid evləri təmir etdiriblər. Hesab edirik ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli miqdarda vəsait kənd icra nümayəndəsi Cavid Qədirov və onun qohum-əqrəbalarına sərf edilib”.
Gülurə Ağaliyeva deyir ki, nəticədə yerli məmurların özbaşnalığı sadə insanları dövlətdən narazı salıb:
“Biz də qərara gəlmişik, evi qəzalı olan sakinlər Prezidentə müraciət edək. Elə media vasitəsilə Prezident İlham Əliyevə demək istəyirik ki, bizə kömək etsin. Cənab Prezident, bizə kömək edin. Yaşamaq üçün yararsız olan evlərimizə Fövqəladə Hallar Nazirliyinin komissiyası baxış keçirib, onların təmir edilməsinə vəsait ayrılması üçün göstəriş verin”.
Ağsu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirilib ki, bəli, həmin kənddə zəlzələdən sonra qəzalı duruma düşən evlər olub. Onların təmiri üçün əllərindən gələni ediblər:
“Mənim eşitdiyimə görə bir neçəsi hətta təmir də edilib. Əvvələ ən pis vəziyyətdə olan evləri salıblar. Qismən qəzalı evlər sona saxlanıb. Yəqin dediyiniz şəxslərin evi tamamilə yaşanmaz vəziyyətdə olmayıb. Ancaq qəzalı ev siyahısına daxil edilibsə, mütləq tədbir görüləcək. Narahat olmasınlar”.
İcra nümayəndəsinin ona yaxın adamlara ev təmir etməsinə gəlincə, Cavid Qədirov deyir ki, yalan məlumatdır, əsassızdır:
“Evə mən yox, FHN işçiləri baxış keçirib. Qəzalı olub- olmaması ilə bağlı rəyi də mən yox, onlar verib. Hətta komissiya ilə birlikdə evlərə o vaxtkı, mərhum bələdiyyə sədrimiz Namiq Hacıyev də gedirdi. Namiq Hacıyev şikayət edənlərdən ikisinin qohumudur. Qoyardımı ki, onlardan kiməsə qarşı haqsızlıq olsun?”
Cavid Qədirov deyir ki, zəlzələdən sonra Kalva kəndində düz 121 ev qəzalı duruma düşüb:
“Hamısının da siyahısı Fövqəladə Hallar Nazirliyində var və sıra ilə təmir, bərpa işləri aparılır. Heç kim o siyahıdan nəsə çıxara bilməz. Mən hökumətin vətəndaşlar üçün ayırdığı pulu onların əlindən ala bilərəmmi? Mən kiməm ki?”
Cavid Qədirov əlavə edir ki, komissiya evlərə baxış keçirən zaman şikayətçilərdən Gülurə Ağaliyeva evdə olmayıb:
“O, Bakıda yaşayır, qapısı bağlı idi. Evdə olmayan birinin evinə baxış keçirmək olmazdı. Gülsənəm Hacıyevanın isə evinə baxış keçirilib. Əgər siyahıya düşübsə, kömək ediləcək. Mənim bu prosesin qarşısını kəsəcək və yaxud başqa birinin evini təmir siyahısına salacaq səlahiyyətim yoxdur. Bu işləri yaradılan komissiya edir. Mən belə bir kömək edə bilərəm. Hazırda komissiya hava şəraiti ilə bağlı işini dayandırıb. Evlərə yenidən baxış keçirilərsə, xahiş edərəm, onların evlərinə bir də baxarlar”.