“Türkiyəyə hücumdan Rusiyanın xəbəri vardı” – Müsahibə
11-02-2020, 17:17
“Türkiyə öz mövqeyini aydın şəkildə ifadə edib. Ya Suriya ordusu öz əvvəlki dislokasiyasına qayıdır, ya da Türkiyə bölgəyə əlavə hərbi qüvvə göndərəcək və bu proses artıq başlayıb. Məsələ ondadır ki, Türkiyə İdlibdə apardığı əməliyyatları özünün milli maraqları və dövlət təhlükəsizliyi çərçivəsində həyata keçirir”.
Politoloq Yeganə Hacıyeva belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- İdlibdə Suriya (Bəşər Əsəd) ordusunun son hücumlarından sonra rəsmi Ankara Rusiya ilə əldə edilmiş anlaşmaların artıq nəticə vermədiyini bildirdi. Qarşılıqlı ittihamlar irəli sürülür. Baş verənlər Ankara-Moskva münasibətlərini hansı həddə qədər gərginləşdirə bilər?
- Suriya ilə bağlı Astana və Soçidəki sülh danışıqları ilə strateji bir mərhələyə çatan Ankara-Moskva münasibətləri ciddi çat versə də, bu münasibətlərin dayanacağını iddia etmək olmaz. Baxmayaraq ki, Rusiya Müdafiə Nazirliyi türk hərbçilərinin atəşə tutulmasını, onların dislokasiyası və yeni marşrutu ilə əlaqədar Moskvanı xəbərdar etməməsi, bu səbəbdən Suriya Silahlı Qüvvələrinin atəşinə məruz qalması ilə izah etdi. Amma aydındır ki, əsas səbəb bu deyil. Çünki beynəlxalq praktikada qaynar bölgələrdə istər koalisiya şəklində, istərsə də separat fəaliyyət göstərən partnyor hərbi tərəfdaşlar keçirdiyi əməliyyatları, öz yeni dislokasiyaları və ya hərəkətliliyi haqda bir- birini məlumatlandırır. Bu tərəflər arasında yarana biləcək qarşıdurmaları öncədən önləmək məqsədi ilə tətbiq olunan təcrübədir.
Həmçinin Astana, ya da Soçi razılaşmasının bəndlərində də bu məqam öz əksini tapıb və İdlibdə üsyançılarla hökumət ordusu arasındakı qarşıdurmaların qarşısını almaq məqsədilə hərbi qüvvələrini bölgəyə yeridən Türkiyə öz dislokasiyası və hərbi postları haqda istər Rusiya, isətərsə də İranı məlumatlandırıb və razılaşdırıb.
Yenə də həmin Astana və Soçi razılaşmaları, habelə 2017-ci ildə tərəflər arasında imzalanmış İdlibdə gərginliyin azaldılması haqda razılaşmanın şərtlərinə uyğun olaraq, Türkiyə və Rusiya Suriyanın şimalında birgə patrul xidməti həyata keçirirlər. Bu o deməkdir ki, Türkiyənin hərbi postlarına hücumdan Rusiya xəbərdardır. Xüsusilə Rusiya və Türkiyə arasında strateji məsələlərdə ortaq qərarların alınması ilə bağlı razılaşma mövcuddur və tərəflərin məlumat mübadiləsi kanalı olduğu halda, Rusiya tərəfindən dəstəklənən Suriya qüvvələrinin Türkiyə hərbi postlarına hücumu çoxlu suallar yaradır.
- Bu hadisələrdən sonra türk ordusunun İdlibə girməsi ehtimalı nə qədər yüksəkdir? Prezident Ərdoğan açıq şəkildə dedi ki, Əsəd ordusu geri çəkilməsə, əməliyyatlar istənilən istiqamətdə davam etdirilə bilər.
- Türkiyə öz mövqeyini aydın şəkildə ifadə edib. Ya Suriya ordusu öz əvvəlki dislokasiyasına qayıdır, ya da Türkiyə bölgəyə əlavə hərbi qüvvə göndərəcək və bu proses artıq başlayıb. Məsələ ondadır ki, Türkiyə İdlibdə apardığı əməliyyatları özünün milli maraqları və dövlət təhlükəsizliyi çərçivəsində həyata keçirir. Bundan kənarda isə, son illər hər nə qədər NATO və ənənəvi tərəfdaşları ilə münasibətləri çoxlu suallar doğursa da, Türkiyənin alyans və onun region maraqları ilə bağlı öhdəlik və məsuliyyətləri mövcuddur.
- Bəs Rusiya niyə Türkiyə ilə münasibətləri gərginləşdirmək yolu tutdu, bunun əsas səbəbi nədir?
- Məsələ ondadır ki, son hücumlardan bir neçə gün öncə - yanvarın 30-da NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolters Türkiyəyə gəldi. Baxmayaraq ki səfərdə razılaşdırılmış məqamlar haqda mediaya məlumatlar sızmadı, ancaq Türkiyənin Pentaqonla “təhlükəsiz zona” adlandırılan bölgədə birgə əməliyyatlar haqda razılaşma əldə etməsi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb ola bilərdi. Amma bu günlərdə Pentaqonun Türkiyənin İdlibdə 12 təhlükəsizlik postlarının birgə istifadəsi haqda fikirləri, belə bir anlaşmanın olduğu ehtimalını artırır. Bu məsələnin Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov və Tod Uolters arasında Bakıda keçiriləcək görüş ərəfəsində gündəmə gəlməsi də bundan xəbər verir.
- Bəs mövcud vəziyyət ABŞ-Türkiyə münasibətlərinə hansı təsirləri göstərəcək? Artıq Vaşinqtondan Ankaraya dəstək mesajları gəlir. Yəni Rusiya ilə gərginlik ABŞ-la Türkiyə arasında olan anlaşılmazlıqların aradan qaldırılmasına təkan verə bilərmi?
- Türkiyə-ABŞ münasibətləri bir və ya bir neçə ilin pisləşən, gərginləşən əlaqələri fonunda qırılan münasibətlər deyil. Ən az yarım əsrlik müttəfiqlik münasibətlərindən söhbət gedir. İkitərəfli münasibətlərin sıxlığı həm NATO daxilində, həm də ABŞ-ın regional maraqlarında özünü göstərir. Türkiyə ABŞ-ın nəinki Yaxın Şərqdə, Avropada, həm də Mərkəzi Asiyada tərəfdaşıdır. Yəni münasibətlər çoxşaxəlidir, məhdud çərçivədə deyil. Bir müsəlman ölkəsi modeli kimi də Türkiyə ABŞ-ın maraqları çərçivəsindədir. Başqa sözlə, bu münasibətlər Rusiya prezidenti Vladimir Putinin və ya hansısa bir siyasətçinin istəyi ilə qırıla bilən bir münasibət deyil. Korlana bilər, amma qırıla bilməz. Türkiyə NATO-nun Mərkəzi Asiya cəmiyyətlərinə yönəlik sivil proqramlarında aparıcı rol oynayır. Bu rolu da Türkiyədən başqa oynayan ikinci bir müsəlman ölkəsi yoxdur.