Qara Qarayevin qızı: “Atam Qurana hörmət bəsləyər, onu fəlsəfə, elm kimi öyrənərdi”

12-02-2020, 16:01           
Qara Qarayevin qızı: “Atam Qurana hörmət bəsləyər, onu fəlsəfə, elm kimi öyrənərdi”
Bu il fevralın 5-də Azərbaycanın dahi musiqiçisi Qara Qarayevin 102 yaşı tamam oldu. Görkəmli bəstəkarı anmaq, onunla bağlı xatirələrini bölüşmək üçün qızı Züleyxa Qarayeva ilə görüşdük. Dahi Qara Qarayevin qızı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyinin direktoru Züleyxa Qarayeva APA-ya müsahibəsində atasının bilinən və bilinməyən tərəflərindən danışıb.
- Züleyxa xanım, Qara Qarayevi daha çox ata, yoxsa dünya şöhrətli bəstəkar kimi xatırlayırsınız?
- Bilirsiniz, insan uşaq olanda atasının kim olduğunu başa düşmür. Sənin üçün fərqi olmur, bəstəkardır, alimdir, yoxsa müəllimdir, o, sadəcə, sənin atandır. Bir evdə adi qaydada, ata-ananla ailə şəklində yaşayır, məktəbə gedir, təhsil alırsan. Ancaq illər keçir, sən böyüyürsən, onunsa zamanı dolur, rəhmətə gedir. Yalnız bundan sonra onun kimliyini, necə insan, necə ata, necə musiqiçi, necə bəstəkar olduğunu anlamağa başlayırsan. Mən sizə deyim ki, ümumiyyətlə, Qarayevlər ailəsində kişilərin uşaq dalınca düşməsinə yaxşı baxılmırdı. Uşaqlarla qadınlar, nənələr, dayələr, müəllimlər məşğul olurdular. Atanın vəzifəsi ailəni saxlamaq idi: yedirtmək, içirtmək...
- Qazanc gətirmək...
- Bəli, bəli (gülür). Əlbəttə, atam bizimlə çox vaxt keçirmirdi. Asudə vaxtında isə nağıl danışır, bizimlə fortepianoda çalır, oynayır, bir sözlə qayğıkeş ataya çevrilirdi. Vaxtının çoxunu isə təbii ki, musiqiyə xərcləyirdi.
- Bildiyim qədəri ilə gündə 14-15 saat çalışırmış.
- Doğrudur, bəzən iki həftə otağından çıxmaya bilərdi. Nəfəsliyi açıb, o cür siqaret çəkirdi, otaqdan çıxmağa vaxtı olmurdu. Adətən, nahar yeməyini də anam məcməyidə kabinetinə aparırdı.
- Atanız çalışan zaman onun otağına girməyə ixtiyarınız yox idi?
- Nə danışırsınız? Biz ayaqlarımızın ucunda gəzirdik ki, səsimiz çıxmasın. Otağa girib bircə karandaş götürməyə belə ixtiyarımız yox idi.
- İşləyəndə sərt olurdu?
- Atam sərt adam deyildi, sadəcə, heç kəsi görmürdü, başı yalnız öz işinə qarışırdı. Hətta adi vaxt divanda oturanda da görürdün ki, yenə fikirlidir, nəyisə düşünür. Biz uşaq vaxtından yalnız bir şeyi bilirdik: “Sakit, ata işləyir”. Ona görə də çox sakit və intizamlı olmuşuq. Çünki evdə bütün həyat atama həsr olunmuşdu. İki nənəm, biz hamımız onun naminə yaşayırdıq.
- Hər şeyin onun üçün olması Sizə eqoistlik kimi görünmürdü? Atanız işləyir deyə, Siz oynaya, səs çıxara, əylənə bilmirdiniz.
- Bizim oynamağa vaxtımız yox idi. Hər gün günortaya qədər məktəbdə olur, evə gəlib nahar edəndən sonra bir neçə saat fortepianoda çalırdıq.
- Atanızı az-az görürdünüz?
- Bəli.
- Heç düşünmüsünüz ki, kaş atanız dahi bəstəkar olmazdı, əvəzində Sizə lazımınca vaxt ayıra bilən adi ata olaydı?
- Yox, qətiyyən, bu, bizim həyatımız idi. Başqa bir həyatı təsəvvür belə etmirdik.
- Züleyxa xanım, deyilənə görə bir dəfə Mərkəzi Komitədən yüksək vəzifəli şəxs evinizə zəng edib, atanınızı soruşub. Ananız da deyib ki, Qara müəllim hazırda məşğuldur, əsər yazır, telefona gələ bilməz.
- Mən belə şey eşitməmişəm, kimlərinsə uydurmasıdır. Əlbəttə, telefona özü yaxınlaşmırdı, anam yaxınlaşırdı. Evdə olmayanda, ya işi olanda anam deyirdi ki, sonra zəng edin. Dediyim kimi, kabinetində çalışanda heç kəsin ona mane olmağa ixtiyarı yox idi. Ancaq vəzifəli adam zəng etsin, atamı telefona çağırmasınlar... Mən belə şey eşitməmişəm.
- Tanınmış adamlardan kimlər evinizə qonaq gəlirdi?
- Nazim Hikmət, Şostakoviç gəlirdi. Əlbəttə, Azərbaycan yazıçıları da gəlirdilər.
- Rəsul Rza.
- Bəli. Rəsul əmi ilə çox yaxın dost idilər. Rəsul əmi tez-tez bizə gəlirdi, mütəmadi telefonla danışır, məsləhətləşirdilər. Heydər Əliyev də evimizdə çox hörmətli insan olub.
- Evinizə gəlib?
- Yox, gəlməyib, amma çox yaxın əlaqələri olub. Heydər Əliyev Qarayevin fikirlərinə həmişə hörmətlə yanaşıb.
- Atanızla ananızın münasibətləri necə idi? Məhəbbətləri ömürlərinin sonuna kimi təravətini saxlamışdı?
- Hələ peşə məktəbində oxuduqları vaxtda bir-birini sevmişdilər. Anam üçün atam hər şey idi. O, atama görə musiqini, işini atmışdı. Hər yerdə atamla birlikdə idi, son anına qədər də elə oldu. Sizə deyim ki, atamın yoxluğundan sonra anam on il yaşasa da, heç özünə gələ bilmədi, elə hey atamı deyirdi.
- Nə əcəb tez evlənmişdilər? Üstəlik atanız həmin ərəfədə təhsil alırdı, evlənməyə vaxtı da yox idi.
- O vaxt Üzeyir Hacıbəyov təklif edir ki, bir neçə istedadlı gənci Moskvada təhsil almağa göndərmək lazımdır. Həmin gənclər Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov, atam və violonçelist Davud Qədimov olur. Beləliklə, atamgil Moskvaya təhsillərini davam etdirməyə gedirlər. Səfərqabağı atam Əbülfəz babama və nənəm Solmaz xanıma Tanyanı sevdiyini, onunla evlənmək istədiyini deyir və gedir. Bundan sonra babam Tanyagilə yollanır. Hələ o vaxt atamgil bu evdə, anamgilsə bir az aralıda yaşayırdılar. Babam onlara deyir ki, oğlum Moskvaya gedib, o, sizin qızı sevir, onunla evlənmək istəyir. Amma bir halda ki o gedib, mən gərək Tanyanı özümlə aparım. Onların hardasa 16-17 yaşı var idi. Beləcə anam babamgilin evinə köçür.
- Deməli, qanuni şəkildə nikaha girmirlər?
- Yox. Yaşları çatmırdı. Səhəri gün babam “Təzəpir”ə gedib mollaya kəbin kəsdirir, Tanyanın adını isə Tahirəyə dəyişərək onu müsəlman edir.
- Ananız da bununla razılaşır?
- Əşi, nə fərqi var. Allah ki, birdir. Onda kəbin “zaqs”dan vacib idi. “Zaqs” kağızına fikir verən yox idi. Babam kəbin kağızını gətirib nənəmə verib deyir, vəssalam, Tanya bizim gəlinimizdir.
- 1939-cu ildə isə evlənirlər.
- Bəli, 3 il bu cür yaşayır, 1939-da isə rəsmi nikaha girirlər.
- Sovet dövründə ziyalı ailələrin çoxu dindən uzaq idi. Buna rəsmi ideologiya da icazə vermirdi. Belə görürəm, Qarayevlər ailəsində bu qayda pozulub.
- Nənəm Sona xanımın stolunun üstündə 24 saat Quran kitabı açıq olub. Özü də bu Quranı ona məktəbi bitirəndə hədiyyə etmişdilər. Həmin Quran indi məndədir. Hər dəfə imtahanımız olanda zəng edib deyərdik ki, nənə, bu gün bizi yada sal. “Yada sal” o deməkdir ki, bizim üçün dua elə. O, da dua edirdi ki, imtahanlarımız uğurlu keçsin.
- Atanızın konsertləri, premyeraları, vacib işləri olanda da nənəniz qabaqcadan dua edirdi?
- Əlbəttə. Deyirəm, nənəm hər gün Quran oxuyardı.
- Babanız da oxuyardı?
- O, rəhmətə gedəndə 4 yaşım vardı, yadımda qalmayıb.
- Bəs atanız?
- Yox, oxumurdu. Amma hərfləri tanıyırdı. Bəzi qeydlərini də ərəb hərfləri ilə edirdi.
- Deyilənə görə, Quranı əzbər bilirmiş.
- Mən bilmirəm, Quranı bilirdi, ya yox, ancaq çarpayısının yanındakı tumbanın üstündə bütün həyatı boyu Quran olub. Yastığının altında da bir Quran olub, onu da nənəm qoymuşdu. Atam Qurana hörmət bəsləyər, onu fəlsəfə, elm kimi öyrənərdi. O, həmişə çalışardı ki, özünün qənaəti olsun, kor-koranə heç nəyə inanmazdı. Donuz ətinin haram buyurulmağından danışıb deyirdi ki, isti ölkələrdə donuz əti tez xarab olduğu üçün qadağan edilib. İçki barədə isə deyirdi ki, orta əsrlərdə insanlar indiki kimi şüurlu deyildilər, sərxoş olub bir-birlərini öldürürdülər. Buna görə də Quranda içki qadağan edilib.
- Özü içirdi?
- Əlbəttə.
- Cavan vaxtı SSRİ Xalq artisti adı, Stalin, Lenin mükafatları almasına, müxtəlif təltiflərə baxmayaraq Qara Qarayevin həyatında böhranlı, gərgin anlar da az olmayıb. Rəsmi ideologiya onu Qərb burjuaziya musiqisinə meyllənməkdə ittiham edir, dövrünün ideologiyasına xidmət edənlər tərəfindən tənqid olunurdu.
- Elədir, tənqidlər var idi. Sadəcə, atam o qədər düzgün istiqamətlənmiş düşüncədə idi ki, musiqi yazılmasının müasir texnologiyasını əsaslandıra bilirdi. O deyirdi ki, faşist marşları da köhnə sistemdə yazılıb. Bu hesabla biz gərək köhnə sistemdən imtina edək. Deməli, hər şey bəstəkarın özündən, onun sistemi necə istifadə etməsindən asılıdır, tonal sistemdə faşist marşı da yazmaq olar, beynəlmiləl musiqi də.
- Sizcə SSRİ adlı azadlığın boğulduğu bir rejimdə atanız özünü bir sənətkar kimi tam ifadə edə bilirdi?
- Əgər sənətkar ağıllıdırsa, istənilən sistemdə özünü ifadə edə bilər.
- Tarkovski İtaliyaya getdi və qayıtmadı. Atanız da xaricə çox gedirdi və qayıtmamaq şansı var idi.
- Evdə bu haqda söhbət olmayıb. Atam iki dəfə Amerikaya gedib, dəfələrlə müxtəlif ölkələrə səfər edib, ancaq xaricdə qalmaq barədə söhbətlər heç zaman olmayıb.
- Sizi də özü ilə aparırdı?
- Onunla yalnız Bolqarıstana getmişik.
- Moskvaya niyə köçdü və ömrünün son on ilini orda yaşadı?
- Atam SSRİ Bəstəkarlar İttifaqının katibi idi, eyni zamanda Moskva üçün çoxlu əsər yazırdı. Tez-tez Moskvaya getməli olurdu. Belə olan təqdirdə Vəli Axundov atama Moskvada mənzil verilməsinə nail oldu.
- Vəfat edəndə yanında idiniz?
- Reanimasiyada idi, yanına heç kəsi buraxmırdılar.
- Xəstəliyi nə idi? Bildiyim qədəri ilə hələ gənc yaşlarından ürək problemi varmış.
- İndi bu əlbəttə xəstəlik hesab olunmur. Ancaq o dövrdə tibb o dərəcədə inkişaf etməmişdi. Ürək damarları sıradan çıxmışdı.
- Yəqin cavan yaşlarından aktiv həyat, gərgin ictimai fəaliyyət öz təsirini göstəribmiş.
- Düşünmürəm. Bu bizdə genetikdir. Əbülfəz babam da 64 yaşında ölüb.
- Mürsəl əminiz də.
- Əmimin 56 yaşı vardı. Nənəm də ürəkdən ölüb… Ancaq o dövrdə tibb bu cür inkişaf etməmişdi. Əlbəttə 64 yaş indiki dövrdə nə yaşdır ki, biz artıq Fərəclə (qardaşı Fərəc Qarayev-M.A.) bu yaşı çoxdan keçmişik.
- Qəbrinin formasını da özü veribmiş.
- Bəli.
- Niyə belə sadə qəbir istəyib?
- Qəbri hələ hündürdür. Atam isə lap balaca, adi daş istəyirdi. O deyirdi ki, İslamda qəbir, foto, abidə, qəbrə gül qoymaq - belə şeylər yoxdur. Mən heç vaxt onun qəbrini ziyarətə gedəndə gül aparmıram. Atam deyirdi ki, İslamda qəbir yeri itməlidir. Bəli, qəbrinin formasını da özü çəkmişdi. Memar Tələt Xanlarov da o istədiyi kimi qəbrini düzəltdi.
- Fəxri Xiyabanda digərlərinin qəbrində olduğu kimi abidə istəməmişdi?
- Yox. Biz qəbri onun istədiyi kimi sifariş verdik. Bilirsiniz, atam adət-ənənələrə, əcdadların qaydalarına hörmətlə yanaşırdı. Mənim adımı niyə Züleyxa qoyublar? Çünki Sona nənəmin anasının adı Züleyxa olub. Bizdə bütün adlar təkrarlanır, Əbülfəz də var, Mürsəl də var. Bircə Qara adı heç kəsə qoyulmayıb.
- Niyə?
- Hələ qismət olmayıb (gülür). İnşallah qismət olar.
- Sizin bir oğlunuz var, eləmi? Özü də saksofonçudur.
- Bəli. Amerikada yaşayır.
- Siz Türkiyədə dərs deyirdiniz. Ordakı işinizə davam edirsiniz?
- Mən 34 ildən artıq idi ki, Türkiyədə yaşayır, orda dərs deyirdim. Lakin iki ildir, muzey açılıb, mən də muzeyə rəhbərlik edirəm, daha Türkiyədə çalışmıram.
- Atanız xarakterli adam olub. Xarakterli adamlar isə qırmızını çox sevirlər. Muzeyin tərtibatında da qırmızı rəng dominantlıq təşkil edir.
- Bəli, o cür olub. Çox prinsipial adam idi. Amma bütün bunlar işində əks olunurdu, münasibətlərə, evə təsir etmirdi.
- Xarakteri Tahir Salahovun çəkdiyi portretdə də qabarıqdır.
- Elədir.
- Fikrət Əmirovla aralarının soyuq olması barədə çox söz-söhbət var. Səbəb nə idi?
- Bunu yanlış olaraq şişirdirlər. Onlar, sadəcə, sənətdə ayrı yollarla gediblər. Fikrət müəllim daha çox xalq musiqisinə, simfonik muğamlara önəm verirdi. Qara isə müasir Qərb musiqisi ilə gedir, Qərb musiqisi ilə Şərq musiqisini birləşdirməyə çalışırdı.
- Aralarında heç konflikt yox idi?
- Belə şey olmayıb. Bulvarda birlikdə gəzintiyə çıxır, iclaslarda yanaşı otururdular. Deyilənlərə fikir vermək lazım deyil. Fikrət Əmirovun oğlu mənim qardaşımın tələbəsi olub. Əgər onlar arasında konflikt olsaydı, oğlu qardaşımın sinfində oxumazdı.
- Atanızın hobbisi nə idi?
- Hələ cavanlığından kiçik ölçülü avtomobil, marka, şəkilli kibrit qutuları yığmağı xoşlayırdı. Ömrünün sonlarında isə nişan kolleksiyasına başlamışdı, kabinetində bütün divar nişanla dolu idi. Hələ ki, muzeydə onları qoymağa yer tapa bilmirik.
- Üzeyir bəyin ev muzeyində paltarları, kostyumları da sərgilənir. Sizin muzeydə atanızın geyimlərindən nümunələrə rast gəlmədim...
- Qara Qarayevin Ev Muzeyi Avstriya şirkəti tərəfindən tərtib olunub. Mən muzeyin naftalin iyi verməsindən qorxurdum. İstəmirdim ki, muzeyin enerjisi bizi keçmişə çəksin. Çünki bu cür əşyalar bizi keçmişə çəkir. Əlbəttə, dünyadan köçən doğmalarımızı xatırlamalı, sevməliyik, ancaq öz həyatımızı da bu xatirələr naminə məhv etməli deyilik. Bir dəfə atam mənə dedi ki, atası rəhmətə gedəndə ona elə gəlib ki, həyat dayandı. Bu haqda gündəliyində də yazıb: “Bu gün atam öldü. Nə olacaq?” O, mənə bunu danışanda soruşdum ki, niyə mənə belə şeylər deyirsən? Cavab verdi ki, sən bilməlisən ki, bu an gələndə həyatı durdurmaq olmaz. Siz yaşamalı və irəli getməlisiniz.
Təbii ki, doğmalarımızı xatırlayırıq, amma xatirələrimiz də bizə xoş təsir bağışlamalıdır. Hər zaman onu fərəhlə xatırlamalı, fərəh hissi ilə də musiqisini dinləməli və deməliyik ki, nə yaxşı bu dünyadan Qara Qarayev keçib, bizə belə möhtəşəm bir musiqi miras qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.