Dünyanın 100 unikal insanından biri - "Rentgen xanım"la eksklüziv müsahibə - VİDEO

14-02-2020, 00:02           
Dünyanın 100 unikal insanından biri - "Rentgen xanım"la eksklüziv müsahibə - VİDEO
Tibb və texnologiyanın inkişafına baxmayaraq, hətta 21-ci əsrdə də düzgün diaqnozun qoyulması ilə bağlı çətinliklər yaşanır. Diaqnozla bağlı səhvlərin səbəbi həkimlərin kifayət qədər klinik hazırlığının olmaması, eyni zamanda xəstəliklərin və problemlərin beynəlxalq statistik təsnifatı ilə işləmək bacarıqlarının olmamasıdır.

BAKU.WS xəbər verir ki, mövcud vəziyyətdə xəstəliyin düzgün və vaxtında diaqnozu insanların sağlamlığının əsas şərti hesab edilir. İndiki vaxtda bu sahədə insanları təəccübləndirmək çox çətindir. Ancaq mümkündür.

Ukraynadan olan həkim Viktoriya Çabanenkonun unikal qabiliyyəti hər kəsin marağına səbəb olur. "Rentgen xanım" kimi tanınan Viktoriya insanları sözün həqiqi mənasında maneəsiz görür. O, hər bir şəxsin daxili orqanları, sümükləri, oynaqları və beynini 3D proyeksiyasında görmək bacarığına malikdir. Onun başdan ayaq barmaqlarının ucuna qədər müayinəsi UZİ, MRT, KT və rentgendən heç də geri qalmır. Əksinə, daha az vaxt tələb edir və sağlamlığa zərər vermir.

Bütün bunlar ekstrasensor qavrayış kimi görünə bilər. Ancaq bu, belə deyil.

Viktoriya Çabanenko mama-ginekoloq ixtisası üzrə həkimdir. Bu günə kimi onun 3500 xəstəsi, 4100 düzgün qoyulmuş diaqnozu olub, ukraynalı həkimlə 15 ölkədə 4100 klinika əməkdaşlıq edir və bu, yalnız başlanğıcdır.

Ukraynalı mütəxəssis nəinki ölkəsində, hətta xarici dövlətlərdə də dəfələrlə peşəkarlığını və bacarıqlarını təsdiqlədib. Son illərdə Rusiya, Belarus, Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif şəhərlərindəki klinikalarda qəbullara dəvət edilib.

Bu gün dünyanın 100 unikal insanından biri olan Viktoriya Çabanenko Azərbaycana gəlib və BAKU.WS informasiya portalının xüsusi qonağı olub.

- Viktoriya, siz insanların daxili orqanlarını görürsünüz?

- İnsanı içindən görürəm: daxili orqanları, sistemləri, qan dövranını, limfa, uşağın ana bətnindəki inkişafını, şişləri və iltihablı prosesləri görə bilirəm. Onları yalnız anatomiya dərsliyindəki şəkildəki kimi deyil, 3D proyeksiyasında olduğu kimi görürəm: Orqanları hər tərəfdən yoxlaya bilirəm. Düzdür, qan və sidik tərkibini müəyyənləşdirmirəm: ən kiçik detalları qaçırmamaq üçün biokimyəvi qan testi xüsusi bir laboratoriyada aparılmalıdır. Mən virus görmürəm. Dəri xəstəliklərini görürəm, ancaq hüceyrə səviyyəsində deyil. Trombları, böyrək daşlarını, sinir spazmlarını skan edirəm.

- Xəstənin paltarları onun bədənini skan etməyə mane olurmu?

- Paltarın olması çətinlik yaratmır. İstər paltarla, istərsə də paltarsız nəticə eynidir.

- Diaqnozu necə qoyursunuz?

- Diaqnoz xəstə üçün tamamilə ağrısız və hissiyatsız baş verir, digər diaqnostik metodlardan fərqli olaraq nə şüalanma, nə də xəstəyə hər hansı narahatlıq yaradılmır. Orqanizm bütünlüklə skan edildikdən sonra dəqiq bir diaqnoz qoyuram və sonrakı müalicə üçün tövsiyələr verirəm. Bütün görüşlər xəstə haqqında əlavə məlumat verilmədən tamamilə məxfi keçirilir.

- Bizə deyə bilərsinizmi, özünüzdə bu istedadı nə vaxt və necə aşkar etmisiniz?

- Təxminən 5-6 yaşında olarkən xəstə nənəmin daxilində xırda daşları və sanki hörümçəklərin süründüyünü gördüm. Bunlar öd kisəsindəki daşlar və öd iltihabı idi ki, qan dövranının pozulmasına səbəb olmuşdu. Gördüklərimi çəkdim və öz ifadələrimlə izah verdim. Valideynlərim mənim istedadımla maraqlandılar və sonu yaxşı oldu. Sonra tibb universitetinə daxil oldum, oranı bitirdikdən sonra diplomlu ginekoloq oldum. Sonralar anam nənəmin də qeyri-adi qabiliyyətlərə sahib olduğunu - əlləri ilə görə bildiyini söylədi. Bu, nənəmin görmə qabiliyyətini itirməsinə səbəb olan uğursuz bir əməliyyatdan sonra baş verdi.

- İnsanları öz istedadınıza inandırmaq çətindirmi? Böyük ehtimalla buna şübhə ilə yanaşan insanlar çoxdur.

- Zaporojya Milli Tibb Universitetində təlim zamanı həkimlər və professorlar dəfələrlə mənə yoxlama təşkil ediblər. Ən ağır xəstəlikləri olan xəstələrə, mürəkkəb patologiyaları olan hamilə qadınlara diaqnoz qoymağı xahiş edibər. Bunu dəqiq edərkən isə skeptiklərin mənim diaqnostik istedadımın həqiqiliyinə və bənzərsizliyinə dair bütün şübhələri yox olurdu.

- Xəstələrin yaşına, cinsiyyətinə və digər xüsusiyyətlərinə görə məhdudiyyətlər varmı?

- Xəstələr tamamilə fərqli yaşda insanlar ola bilər - körpələrdən tutmuş təqaüdçülərə qədər həm kişilər, həm də qadınlar. Üstəlik, doğulmamış uşağın cinsini müəyyən edə bilirəm. Gələcək körpənin cinsiyyətini müəyyən etməkdən əlavə, onun bədəninin necə inkişaf etdiyini də ətraflı izah edə bilərəm.

- İstedadınızı sonradan əldə olunan, yoxsa yaradanın vergisi hesab edirsiniz?

- “Elmi cəmiyyət”in nümayəndələrinə mənsub olsam da, yaradana inanıram və hesab edirəm ki, xüsusi təhsilimlə yanaşı, bu, tanrının bir vergisidir. Buna görə də peşəkarlıq və tanrının vergisinə sahib olduğumu söyləsəm, doğru olar.

- Xidmətləriniz bahadır?

- Xeyr, adi vətəndaşlar üçün olduqca əlçatandır. Daha dəqiq desəm, UZİ, MRT və KT müayinəsindən daha az başa gəlir. Halbuki, bu analizlər nəticəsində düzgün diaqnozun qoyulacağı məlum deyil. Yanlış qoyulmuş diaqnoz - xərclənən pullar, əsəblər və ən əsası insanın sağlamlığı və həyatıdır.

- Xeyriyyəçilik tədbirləri həyata keçirirsiniz? Sizin skan xidmətlərinizdən pulsuz keçən vətəndaş kateqoriyası varmı?

- Bəli, müəyyən günlər və saatlar var ki, Kiyevdə kasıb ailələrin xəstə uşaqlarını, hərbi əməliyyatlar zamanı yaralanan hərbi qulluqçuları, habelə müharibədə həlak olmuş hərbi qulluqçuların xanımlarını qəbul edirəm. Əsas missiyam insanlara kömək etməkdir, pul qazanmaq deyil. İnanıram ki, əgər tanrı mənə belə bir vergi bəxş edibsə, insanlara kömək etməliyəm.

- Nəcib missiyanızda uğurlar!

- Çox sağ olun və sizə də uğurlar!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.