Sərdar Cəlaloğlu: “Şeytanın kitabları sərbəst satılır və heç kəsin də vecinə deyil”

17-12-2015, 14:16           
Sərdar Cəlaloğlu: “Şeytanın kitabları sərbəst satılır və heç kəsin də vecinə deyil”
"1 yanvarın bayram kimi qeyd edilməsi şeytanın insanlıq üzərində qələbəsidir, həmin gün satanistlərin müqəddəs günüdür”
“Azərbaycanda hər yerdə yolka qururlar, 1 yanvarı Yeni il bayramı kimi böyük canfəşanlıqla qeyd edirlər. Əslində isə yanvarın 1-i şeytanın anadan olduğu gündür”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlu fikrini belə əsaslandırdı ki, satanistlərin təqvimində yanvarın 1-i onların müqəddəs günlərindən biridir:

“İsa peyğəmbər yanvarın 1-də anadan olmayıb. Xristian dünyası İsa peyğəmbərin dünyaya gəlməsini Pasxa bayramı olaraq qeyd edir. Bu bayram isə bilirsiz ki, yanvarın 1-də keçirilmir. Azərbaycanda çox adam elə bilir ki, 1 yanvar İsa peyğəmbərin doğum günüdür və 1 yanvar ona görə bayram edilir. Satanistlərin ən böyük müvəffəqiyyətidir ki, dünya xalqlarının böyük hissəsini şeytanın anadan olduğu günü-1 yanvarı bayram eləməyə sövq edə biliblər. Bunu müxtəlif üsullarla dünyada qəbul elətdiriblər. 1 yanvarın bayram kimi qeyd edilməsi şeytanın insanlıq üzərində qələbəsidir”.

S.Cəlaloğlunun sözlərinə görə, bəziləri deyə bilər ki, 1 yanvar yeni ilin ilk günüdür, təqvimin dəyişməsidir ona görə bayram edilir. Əslində isə il Novruz bayramında-martın 21-də təhvil olunur və yeni il başlayır: “Elm, astronomiya da sübut edir ki, il məhz bu zaman təzələnir. Astronomiya sübut edir ki, məhz martın 21-də gecə ilə gündüz bərabərləşir və il dəyişir. Yanvarın 1-də isə heç bir astronomik və təbiət hadisəsi baş vermir. Təqvimin yanvarın 1-dən başlanmasını insanlar müəyyənləşdirib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə heç bir astronomik dəyişiklik yoxdur. Gün öz-özlüyündə sabit olaraq qalır, heç bir təbiət oyanışı hadisəsi olmur. Qış da dekabrın 22-də daxil olur. Yəni indi bu xalqın hay-küylə bayram etdiyi bayram qışın gəlişinin bayram edilməsidirsə, onda gərək dekabrın 22-ni bayram etsinlər. Yanvarın 1-nin bayram edilməsini heç bir şeylə izah etmək mümkün deyil”.

Həmsöhbətimiz müsəlmanların yolka bəzəməsinin də doğru olmadığını bildirdi: “Əgər sən xristiansansa İsa peyğəmbərin anadan olan günü münasibətilə yolka bəzəyə bilərsən. Yolkanın simvolik mənası belədir ki, Məryəm İsa peyğəmbərə hamilə olarkən ac-susuz gedib bir quru ağacın altında oturur. Allah bu zaman buyurur ki, ağacı silkələ. Məryəm ağacı silkələyəndə ağacdan meyvələr tökülür, ağac yarpaqlayır və həmin ağaca Allah həmişə yaşıllıq verir. Məhz buna əsaslanan xristianlar yolkanı bəzəyir”.

“Şeytanın kitabları sərbəst satılır və heç kəsin də vecinə deyil”


Sərdar Cəlaloğlu şəxsən öz evində yolka qurulmadığını dedi: “Sovet hökumətinin vaxtında uşaqlarım balaca idi, istəyirdilər ona görə də qururduq. Müstəqillik əldə etdikdən sonra Qərbdən müxtəlif ədəbiyyatlar daxil olmağa başladı və mən illərdir ki, mütailə edirəm. Araşdırdım və bəlli oldu ki, yanvarın 1-nin nə xristianlıqla, nə İslamla, nə də xalqların mövsüm günləri ilə heç bir əlaqəsi yoxdur. Bu günü satanistlər dünya xalqlarına bayram kimi sırıyıblar”.

ADP sədri onu da bildirdi ki, bu gün gedib Bakıda kitab mağazalarına baxsaq görəcəyik ki, satanistlərin saysız-hesabsız həddə kitabları satılır: “O kitablardan birini alın və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə göstərin və soruşun ki, bu nə kitabdır. Əgər o desə ki, satanistlərin kitabıdır, mən adımı dəyişərəm. Bilmirlər axı desinlər. Bunlar heç bilmirlər ki, satanistlərin kitabı hansıdır. Çünki satanistlər hər şeyi açıq şəkildə yazmırlar. Müxtəlif ədəbiyyatlar adı altında satanizmi təbliğ eləyən kitablar satılır. Kitablar satanist inancına xidmət eləyən kitablardır, insanlar heç özləri də bilmədən onu oxuyurlar. Ona görə də İslamdan, dindən uzaqlaşırlar və dünyanın, insanın yaranışı ilə bağlı tamamilə yanlış təsəvvürlərə malik olurlar. QMİ bir nurçunun və ya vəhabinin kitabını qadağan edir, amma şeytanın kitabları sərbəst satılır və heç kəsin də vecinə deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.