“Mahnılarını dinləmədiyim müğənni ilə heç vaxt işləmərəm”.

19-02-2020, 16:30           
“Mahnılarını dinləmədiyim müğənni ilə heç vaxt işləmərəm”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur stilist Elnur Həsənov deyib.
O, bəzi sənətçilərin tərz və imic baxımından hələ də yerlərində saydıqlarını və yeniliklərə açıq olmadıqlarını bildirib:

“Səhnəmizdə çox az müğənninin tərzi var. Bilirlər ki, hansı saç düzümü və rəngi, makiyaj və geyimlər onlara yaraşır. Əgər bir müğənni saçını düzəldib, makiyaj edirsə, bu o demək deyil ki, o yaxşı görünür. Reklam xətrinə nəsə edənlər də kənardan yaxşı görünmürlər. “Youtube”da trend olan müğənnilərin əksəriyyətinin tərzi yoxdur”.
İşinin peşəkarı xarici ulduzların etdikləri yeniliklərdən fərqli olaraq, hələ də yerli sənətçilərin tərz və imic baxımından sərhədləri aşmağa çəkindiklərini, hətta qorxduqlarını belə söylədi:
“Başqası edəndə tərifləyib, az qalır gözümüzün üstünə qoyaq. Çox gözəl qəbul edirik. Şakira ilə Cennifer Lopezin səhnə şousunu misal çəkmək olar. İnsanlar baxıb xoş rəylər yazdılar. Amma bizim ulduzlar belə şou etsələr, dərhal onları daşa basarlar. Öncə başqasında gördüyümüz şeyləri özümüzdə qəbul etməliyik.
Şakira ilə Cenniferin işlərini bir adam görmür. Saçı ilə saç ustası, makiyajı ilə vizaj ustası, geyimləri ilə də stilist məşğul olur. Bizdə isə işə bu cür yanaşma yoxdur. Hamısını bir adam edir. Makiyaj edən, saç düzəldən stilist deyil. Makiyaj edən vizajistdir. Saçları isə saç ustası düzəldir. Stilist tam başqa bir anlamdır”.
E.Həsənov küsülü olduğu həmkarı Anar Ağakişiyevin adını çəkərək, özünü və onu ölkənin əsas iki stilisti adlandırıb:

“Özümü stilist adlandırıram. Çünki həm makiyaj, həm saç düzümləri, həm də geyim kombinləri ilə məşğul oluram. Heç zaman ad çəkməkdən çəkinməmişəm. Ölkədə iki stilist var, biri mən, biri də Anar Ağakişiyev. Onunla danışmasam da, haqqını yeyə bilmərəm. Saç və vizajist ustaları şəhərdə çoxdur. Amma peşəkar stilist yalnız bizik”.
“Kişi müğənnilər arasında zövqlü kimdir” sualını ünvanlayanda sənətçilər yalnız Zamiq Hüseynovun adını çəkirlər. “Ondan başqa zövqlü kişi müğənnisi yoxdur?” - sualına stilist belə cavab verib:
“Kişi müğənnilər arasında zövqlü, imici, tərzi ilə seçilən, həm də yaxşı geyinən yalnız Zamiqdir. O geyim baxımından bütün riskləri gözə almağı bacarır. Yenilik etməkdən qorxmur, çəkinmir. Kişi müğənnisinə cırıq şalvar geyindirib efirə çıxarmaq müşkül məsələdir. Çünki razılaşmır, kənardan gələcək şərhlərdən qorxur, çəkinir. Və yaxud da, jileti köynəksiz geyinəndə qəbul etmir. Zamiq isə bu mərhələlərdən çoxdan keçib”.

“Zamiqdən savayı estradamızda tərzi və imici ilə tamaşaçılarda maraq oyadan Rəhim Rəhimlidir. Amma Zamiqlə Rəhimin tərzləri fərqlidir. Baxmayaraq ki, onların hər ikisi pop oxuyur”.
Əməkdar artist Vasif Məhərrəmlinin “Səhnəyə cırıq cinslə çıxmaq olmaz. Bu biabrçılıqdır!” - fikrinə Elnurun reaksiyası birmənalı olmayıb:
“Belə bir tendensiya yoxdur ki, səhnədə cırıq cins geyinmək olmaz. Vasifin fikirləri ilə razı deyiləm. Amma bir məqam var. Vasif Məhərrəmli pop ifaçısı deyil. O, əgər cins şalvarda səhnəyə çıxarsa, gülərəm. Vasifin oxuduğu mahnılar və janr tamamilə başqadır. Bir var ki, müğənni pop oxuyur. Bir də var ki, xalq mahnılarını oxuyur. Mahnı janrında oxuyan müğənnilər klassik tərzdə geyinsələr daha yaxşı olar, nəinki cins şalvar”.
“Hamı Damla ilə Şəbnəm Tovuzlunu zövqsüzlükdə günahlandırır” - şərhinə E.Həsənov dinləmədiyim müğənnini zövqlü adlandıra bilmərəm cavabını verib:

“O müğənnilərə bir məsləhətim var. Yanlarında hər zaman stilist olsun. Pullarından keçsinlər, stilistlərə müraciət etsinlər. Makiyaj və ya saç ustalarına yox, məhz geyim üzrə mütəxəssislərə, stilistlərə müraciət etsinlər. Zövqlər müxtəlifdir. Damla və Şəbnəm zövqsüzdür. Onlar mənə maraqlı gəlmir. Dinləmədiyim bir janrda ifa edən müğənnilər mənim üçün maraqsızdır. Gözəl xanımlardır, amma zövqləri yoxdur.
Şəbnəmlə kliplərin birində çalışmışam. Onunla saç ustası və vizajist kimi işləmişəm, stilist kimi deyil. Zövqlərini yeniləməlidirlər. Damlanın uzun saçları kəsilməlidir. Onun klipləri çox maraqlıdır. Peşəkarlarla işləyir. Amma stilə, zövqə gələndə... tamam dəyişilməlidir”.
O, ən zövqlü qadın və kişi müğənnilərinin adını çəkib:
“Xanım müğənnilərdən Röya Ayxan, Zülfiyyə Xanbabayeva, bəylərdən isə Zamiq Hüseynov”.
Elnur şou əhlinin zövqlü hesab etdiyi Xalq artisti Aygün Kazımovanın imicindən danışıb:

“Zamanında Aygün Kazımova və onun simasında bir sıra digər müğənnilər elə gözəl yeniliklər ediblər ki, onları müzakirə etməyi belə doğru hesab etmirəm. Aygün Kazımova ilə ünsiyyətdə olmadığım üçün deyə bilmərəm zövqlüdür, ya yox. Kliplərində, konsertlərində hər zaman zövqlü, dəbli və maraqlı görünüb.
Şəxsən mənim üçün Aygün Kazımova toxunulmazdır. Əgər bir müğənninin tərzi varsa, o hər zaman səhnədə olacaq”.
Elnur həmkarı Anar Ağakişiyevin son günlər Xalq artisti Tünzalə Ağayevanın imici üzərində etdiyi yenilikləri bəyənmədiyini söyləyib:

“Tünzalə xanıma daha çox qısa saç yaraşır. Mən onu qısa saçla bəyənirəm. Düşünürəm ki, qısa saçla daha zövqlü görünür”.
“Müğənni Günay İbrahimlinin tərzini bəyənirsiniz” sualına isə stilist E.Həsənov ikibaşlı cavab verib:

“Hazırda bu xanımla işbirliyim və əlaqəm yoxdur. Çalışmadığım bir insan haqqında “O necə görünür?” sualına cavabım budur - “Görmürəm, dinləmirəm, xəbərim yoxdur”. Onun haqqında nə danışa bilərəm?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.