Kişi müğənniləri BİABIR ETDİ: “Üzünü yığdırıb, ona kişi kimi baxmıram”

21-02-2020, 09:49           
Kişi müğənniləri BİABIR ETDİ:
Şou-biznesdə “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın Lent.az -a müsahibəsi.
- Ailə qurandan sonra sanki sənətiniz ikinci plana keçdi...
- Yalandan nə deyim? Yaradıcılıq fəaliyyətim demək olar ki, yoxdur. Çünki bu işi davam etdirmək üçün yaxşı maliyyə lazımdır. Mahnı, klip və digər nələrisə etmək, keyfiyyətli iş təqdim etmək üçün pul lazımdır. Əvvəllər müğənnilər elə də çox deyildi. Bəstəkarlar mahnı da hədiyyə edirdilər. İndi əlində bir az pulu artıq olan adam müğənnilik edir.
- Niyə cəmiyyətimizdə bəzi qadın müğənnilərə “ailə dağıdan” deyirlər?
- Müğənni niyə ailə dağıdır? Yaradıcı insan ailə dağıdan ola bilməz. Əgər müğənni ailə dağıdan olsaydı, onları toylara çağırmazdılar. Əksinə ailənin təməli qurulanda müğənnini dəvət edirlər. İnsanların ən xoş günlərində şənlik yaradan insan necə ailə dağıda bilər ki? Bəzi müğənnilərimiz saat 6-dan 12-yə qədər canlı toy aparır. Əziyyət çəkirlər. Müğənnilər qururlar, dağıtmırlar.
- Bəziləri müğənniləri cəmiyyətə nümunə sayır, bəziləri bunun əksini düşünür...
- Hər bir insanın nümunəsi onun valideyni olmalıdır. Nümunə ata və anadır. Müğənni niyə nümunə olmalıdır? Həyatda tam ideal insan da yoxdur. Müğənni bütün mövzularda nümunə ola bilməz. Müəyyən məsələlərdə nümunə ola bilər. Şou-biznesdə olanlar da insandır. Hər bir insan öz əməllərinə görə cavab verəcək.
- Müğənnilər hazırda hit mahnıların olmamasından gileylənirlər.
- Yox, niyə? İndi mənə o qədər yaxşı mahnılar göndərirlər... Sadəcə olaraq mənim aranjiman etdirməyə, onu yaxşı təqdim etməyə imkanım yoxdur. İmkansızlıqdan gileylənmirəm. Sənətimdən müəyyən qədər pul qazanıram. Amma qazandıqlarımı da yalnız ev üçün edirəm. Uşaq böyüdürəm. İndi yaxşı mahnı yazanlar var. Sadəcə, yaxşıları üzə çıxartmaq lazımdır.
- Bir neçə həmkarınız söyləyir ki, bayağı mahnı yoxdur, bayağı ifaçı var. Siz necə düşünürsünüz?
- Bayağı ifaçı da var, bayağı mahnı da. Bu zövqə sahib olan insanlar da az deyil. Onları qınamırıq. Çünki zövqlər müxtəlifdir. Amma zövqsüz musiqi virus kimidir. İnsan da elə varlıqdır ki, istəmədiyin bir şeyə 5-6 dəfə qulaq asandan sonra, o bəstəni sevməyə başlayırsan.
- İndi şou aləmində rəqabət varmı?
- Əvvəllər rəqabət daha sağlam idi. 2002-ci ildən peşəkar səhnədəyəm. Bu sənətə ucuz işlərlə gəlməmişəm. Sanballı kliplər, mahnılar, təqdimatlarla gəlmişəm. Demirəm ki, mən 90-cı illərdən qalmışam, korifey sənətkaram, yox. Amma 5 il öncə rəqabət başqa idi. Savadlı musiqilər, müğənnilər efirlərdə idilər. İndi də yaxşı müğənnilər var. Amma efirlərə az çıxırlar. Biri mən. 10 verilişə çağırırlar, onların içindən 2-ni seçə bilərəm. Mən müğənniyəm, efirlərə tez-tez çıxmalıyam ki, gündəmdə olum, pulumu qazanım. Efir önəmlidir. Bəzi verilişləri çıxmaq şərtilə, yaxşıları çox deyil.
- Damla və Şəbnəm Tovuzlunun ifalarını dinləyə bilirsiniz?
- Yalan deyərəm. Vallah mən nə Damlaya, nə də Şəbnəmə qulaq asa bilmirəm. O demək deyil ki, mən onları bəyənmirəm. Sadəcə, onlara qulaq asmıram.
- Kişi müğənnilərin baxımlı olmasına, əməliyyat etdirmələrinə münasibətiniz?
- İndi bir söz söyləyəcəyəm, deyəcəklər ki, geridə qalmısan. Sadəcə, öz düşüncəmi deyəcəyəm. Səhnədə olan kişilər formada qalmalıdır. Bunu anlayıram. Amma yanaq, dodaq şişirtmələrinə heç də yaxşı baxmıram. Nə olsun ki, sən səhnədəsən, axı sənə kişi müğənnisi deyirlər. Kişi də üz dartdırar, gel vurdurar, bədən korreksiyası etdirər? Mən elələrinə kişi kimi baxmıram. Onların adı başqadır. Bəlkə də sözlərimi bəziləri pis qarşılayacaq, amma olanı dedim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.