“Ölüf-ölüf derəm saa...” ifadələri ilə məşhurlaşan Qazax sakini DANIŞDI - VİDEO
21-02-2020, 12:35
“Ölüf-ölüf derəm saa...” ifadələri ilə məşhurlaşan Qazax sakini DANIŞDI
“7 il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın 3 il əvvəl boşandığı qadın isə 1 ay əvvəl Bakıda dünyasını dəyişib. Onun adına bildirişi də bizə gətiriblər”.
Bu sözləri Modern.az-a sosial şəbəkələrdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilər günü “Ölüf-ölüf derəm saa... qavır daşı da var...” ifadələri ilə məşhurlaşan Qazax rayon sakini Xanlar Lalayev deyib. O qeyd edib ki, evinə özünün, 7 il əvvəl boşandığı həyat yoldaşının, qardaşının və onun da 3 il əvvəl ayrıldığı keçmiş həyat yoldaşının adına çağırış vərəqəsi göndərilib:
“Qardaşım 20 ildir, Bakıda, Binəqədi rayonunda yaşayır. Onun keçmiş həyat yoldaşı Gülnar isə ölüb. Boşanmış, üstəlik ölmüş adamın adına bizim evimizə bildiriş göndərirlər. Belə şey olar?”
Qazax sakini əminliklə bildirib ki, videoda adını çəkdiyi qadının ölmədiyi barədə iddialar yalandır:
“Mən diri adama necə ölü deyə bilərəm? Onun adını siyahıya salmaq düzgün deyil. Mənim oğlumun 19 yaşı var. Mənimlə birlikdə Qazaxda yaşayır. Heç onun adına bildiriş göndərməyiblər. Bu necə işdir ki, ölü adamı çağırırlar, 19 yaşlı gənci seçkiyə çağırmırlar.
Mən o bildirişləri qaytarıb, məntəqə üzvlərinə qadının öldüyünü dedim. Mənə dedilər ki, sizin üçün ölüb. Belə gülünc fikir olar? Mən sağ adama durduq yerə niyə ölüb deyim? O qadının məzarı Qazax rayon Daş Salahlı kəndindədir. O kənddə basdırılıb”.
Daş Salahlı kənd sakinləri də Modern.az-a vəfat etmiş Gülnar xanımın kənd qəbiristanlığında dəfn olunduğunu bildiriblər.
Qeyd edək ki, sözügedən video 107 saylı seçki dairəsinin Qazax şəhəri N.Nərimanov qəsəbəsi 5 saylı orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində qeydə alınıb.
Xatırladaq ki, ötən gün Mərkəzi Seçki Komissiyasının iclasında sözügedən video müzakirə olunub. Komissiya üzvü Bəxşeyiş Əsgərov videoda qadının öldüyü ifadəsinin məcazi mənada səsləndirildiyini deyib. O qeyd edib ki, biz bir neçə mənbədən həmin qadının həyatda olduğu dəqiqləşdirilib.