“Xocalı 613” əsəri ilə Fransanı silkələyən məşhur əcnəbi bəstəkar: "Ermənilər mənə..." - MÜSAHİBƏ

27-02-2020, 00:02           
“Xocalı 613” əsəri ilə Fransanı silkələyən məşhur əcnəbi bəstəkar: "Ermənilər mənə..." - MÜSAHİBƏ
Publika.az-ın növbəti müsahibi məşhur Fransa bəstəkarı, “Xocalı 613” əsərinin müəllifi Pyer Tiluadır (Pierre Thilloy).

- Pyer Tilua kimdir?

- Bir neçə cümləyə sığdırmaq çox çətindir, amma özümü sizə belə tanıda bilərəm – bəstəkar, səyyah, dadlı yeməklərin həvəskarı, dünyadakı bütün gözəlliklərin aşiqi… Lakin nədənsə eşqimiz artdıqca, ömrümüz qısalır.

- Amma bu yaradıcılıq sevgimizi söndürmür, əksinə daha da alovlandırır. Duyğularınızın səsini ilk dəfə nə vaxt nota köçürmüsünüz?

- Musiqi bəstələməyə kifayət qədər gec başlamışam. İlham qaynağım da Bethoven olub. Onun əsərləri məni daim öz sehrinə salıb.

- Niyə məhz musiqi dilində danışmağı seçdiniz?

- Çünki musiqi dili insanların qəlbini qırmır, onları incitmir. Bəzən düşündürür, bəzən sevməyə vadar edir, hətta zaman qatarına mindirib, səyahətə aparır, amma əsla hisslərini alçaltmır. Musiqi ürəyimizin dilidir.

- İmprovizasiya və kompozisiya arasında nə kimi fərq var?

- Bunlar bir-birindən fərqli iki anlayışdır. İmprovizasiya bir anlıqdır, dəyişkəndir. Kompozisiya isə özüldür, toxunulmazdır. Belə bir deyim var: Sözlər uçub gedir, bizə məktublar qalır. Əgər improvizasiya sözdürsə, kompozisiya da əlyazmadır.

- Bəs necə düşünürsünüz, müasir kompozisiyalar hisslərimizə hakim olacaq gücə malikdirlərmi?

- Çox çətin sualdır. Hətta deyərdim ki, estetika haqda diskusiya üçün geniş mövzudur. Həmçinin dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına birbaşa aidiyyatı var. Lakin düşünürəm ki, incəsənətin inkişafına öz bəhrəsini verən, ən azı buna cəhd edən istənilən əsər təqdirəlayiqdir. Doğrudur, bu gün incəsənət ustalarının istedadlarından çox səriştəsizliklərindən xəbər verən minlərlə sənət nümunələri var. Vacib olan bilirsinizmi nədir, müasir incəsənəti geniş auditoriyaya sevdirəcək qədər təkmilləşdirmək.

- Çağdaş sənətkar kimi siz bunun üçün nə edirsiniz ?

- Əsərlərimi yazanda qarşıma bir məqsəd qoyuram. Bu kompozisiya insanların hisslərini ovsunlaya biləcəkmi? Melodiya nə dərəcədə onların yaddaşına hopa biləcək? Təəssüratları uzunmüddətli olacaqmı?

- Sadaladıqlarınıza hər zaman nail ola bilirsiniz?

- Bəzən bəli, bəzənsə əksini hiss edib, işimin üzərində təkrar-təkrar çalışıram.

- Sizcə, bu gün keyfiyyətli musiqi yetərincə dəyərləndirilmi?

- Təəssüf ki, xeyr. İş onda deyil ki, mən klassikanı digər janrlardan daha çox sevirəm. Xeyr, heç də belə deyil. Sadəcə olaraq, indi bütün dünyada aktual olan elektro və s. kimi janrlar cəmiyyətin zövqünə, dünyagörüşünə simfoniyalar, sonatalar kimi müsbət təsir göstərmir. Lakin yenə də hər şeyi zamanın axarına buraxıb, bu musiqi savaşında hansı janrın qalib gələcəyini gözləməliyik.

Картинки по запросу pierre Thilloy

- Sirr deyilsə, maddi gəliriniz barədə danışa bilərikmi?

- İnsanlar bu haqda çox fantaziya qururlar, amma klassik əsər yazan bəstəkarların güzəranı keçmişdə olduğu kimi indi də çətindir. Lakin məhz onlar, belə deyək, dəbdən düşməyən brend sayılırlar. Çox istərdim bir festival təşkil edim. Tədbir boyu müxtəlif bəstəkarların əsərləri ifa olunsun. Lakin müəlliflərin adları dinləyicilərdən gizlədilsin. Sonda isə hansı əsərlərin daha çox sevildiyinə və sevilmədiyinə dair sorğu keçirilsin. Bunun nəticəsini təsəvvür edirsinizmi? "Mən bəstəkaram" deyib, sinəsinə döyənlər tez zamanda işsiz qalarlar.

- Bəs şəxsən siz maddi durumunuzu stabil saxlamaq üçün nə edirsiniz?

- Mən sevdiyim musiqini bəstələyirəm. Əldə etdiyim gəlir övladlarımın qayğısız böyüməsi üçün bir səbəbdir. Ancaq mən pul xatirinə heç vaxt sifarişlə müsiqi bəstələmərəm. Bu cəhətimə görə də çoxları məni sevmir.

- Bu sizi narahat etmir ?

- Təbii ki, xeyr. Əsas odur ki, mən azadam.

- Azərbaycanlı oxucularımıza sizin kimi azad ruhlu bir neçə müasir bəstəkar adı sadalaya bilərsinizmi? Kimin musiqisini dinləyək?

- Gözəl bəstəkarlar çoxdur, inanın. Ona görə də cəmi ikisinin və ya üçünün adını deməkdə çətinlik çəkirəm. Bu sevindirici haldır. Tək onu deyə bilərəm ki, sevmədiyiniz əsərləri belə dinləyin. Bu sizə keyfiyyətli musiqini ayırd etməyə yardımçı olacaq. Həm də axı hər musiqidə bir damla olsa belə gözəllik pay var.



- Əziz Pyer, "Xocalı 613" əsərinin müəllifisiniz. Acımızı qəlbinizdə hiss etdiyiniz üçün şəxsən öz adımdan sizə təşəkkür edirəm. Azərbaycanın bu qanlı tarixinə yaxından bələdsiniz.

- İnsan taleyi əsrlər boyu siyasi və iqtisadi oyunların qurbanı olub. Bu gün qardaş-bacı kimi yaşayan iki xalq sabah düşmənə çevrilib, bir-birindən əsrlər boyu üz çevirə bilər. Musiqi dünyanın ən müqəddəs dilidir və yalnız o eyni anda həm acıdan, faciədən, nifrətdən, həm də əfvdən danışa bilər. Dünya isə bu haqsızlığa susur və bu sükut mənim qulağımı batırır.

Bu yolverilməzdir axı. Əsərimlə Xocalıda həyatını itirmiş 613 qurbanın ruhlarını yad edib, həmin gecəyə qayıdıram. Ölənlərin narahat ruhlarına unudulmadıqlarını, dünyanın onlar üçün hələ də yas tutduğunu çatdırmaq istəyirəm. Bəlkə də nə vaxtsa bu əsər sülhün rəmzinə çevriləcək.

- Bəs Fransadakı ermənilərin buna münasibəti necə oldu? Bildiyimə görə, ailəniz dəfələrlə ermənilərin təzyiqinə məruz qalıb.

- Gözləri və qəlbləri qəzəblə dolu olanların fikri mənim üçün mənasızdır. Doğrudur, bu əsəri ərsəyə gətirəndən sonra karyeramda və şəxsi həyatımda çox problem yaşadım. Amma müharibənin bitməsini istəyənlər çoxdur. Məni bu maraqlandırır. Daim Azərbaycanı dəstəkləmişəm və bunu hamı bilir.

- Demək ki, ölkəmiz və xalqımızla xüsusi bağınız var.

- Düz 20 ildir ki, Azərbaycanla bağlı layihələr edirəm, dəfələrlə ölkənizdə olmuşam. Düşünürəm ki, özümü sübut etməyə ehtiyac yoxdur. Azərbaycanı da, millətinizi də sevirəm, çünki onlar mənim həyat hekayəmin xüsusi hissəsidirlər. Ümid edirəm, zaman yanılmadığımı sübut edəcək.

- Çox primitiv, amma aktual sual: Gələcək planlarınız?

- Gələcəklə bağlı o qədər planlarım, arzularım var ki… Ən əsası həyatdan zövq almaq, bütün çətinliklərə rəğmən xoşbəxt olmağa çalışmaq və ətrafımdakıların dediklərinə deyil, öz doğrularıma inanmaq…

- Kaş ki, buna hər kəs inana...

Leyla Sarabi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.