Onlar boşnakların mədəni tarixini yox etmək istəyirdilər - Amina Şilyak

27-02-2020, 16:17           
Onlar boşnakların mədəni tarixini yox etmək istəyirdilər - Amina Şilyak
"Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir,bunu Suleyman bilir ancaq"

(Seyyid İmadəddin Nəsimi)



İmaddədin Nəsimi yazmışdı.

Adı indi dünya kitabxanalırında qızıl kitablarda qorunub saxlanan, imzası ilə olan qəzəlləri, qəsidələri, divanları , sözləri “Seyyid Omer İmaddedin Nesimija, iz sela Nesim kod Bagdada” və digər qriflərlə yazılan sufi, hürufi, rufai, kadiri, xəlvəti, nəqşibəndi şairimiz Seyyid İmaddədin Nəsimi...



Haqqı tanıyıb, “Ənəlhəqq” deyən şairin sözləri quş kimi qanad açıb özündən əvvəl getdiyi yurdlara, ocaqlara, ölkəlrə, minarələrə, mədrəsələrə, kilsələrə qondu... Dərvişlər, imamlar, padşahlar oxudular, zahidlər, ruhanilər qorxdular. Şirvandan hicrət etdi, Azərbaycan torpaqlarını, Bayat ellərini gəzdi, Sultan Vurğunla görüşdü. Sultan Vurğun dedi ki, getmə bu yolu... Mən sonunda qan görürəm. Nəsimi haqq aşiqi idi. Tanrıdan başqa kimin sözünün dinləyəcəkdi ki?! Sözü yayılan ellərə getdi... Təbriz, Konya, Hələb, Bağdad... Harada oldusa, Sözünü sevənlər işığına yığışdılar. Məqamına, görüşünə yetişə bilməyənlər Sözünü alıb dərvişlərə ötürdülər, dərviş muğamlarında dünyaya səpələdilər...



Sonra Sultan Vurğuna biət etmədiyinin cəzasını çəkdi... Dərisini soydular... Özü də dabanından bir parça... Xalqını sevənin, haqqı danışanın taleyi hər zaman belə yazıldı. Bu fani dünyadan o da köç etdi, getdi...



Özü getdi sözü qaldı... Türkiyədə gəzdiyi küçələrdə, tarixin daş yollarında izi qaldı. Onu unutmadılar. Fateh Sultan Mehmetin elçiləri Saray Bosnanı tikib-qurmağa başlamazdan əvvəl bu yerlərə Nəsiminin qəzəlləri ilə gəldilər İslamı yayan müridlər. Bosniyanın Osmanlı sultanı tərəfindən təyin edilmiş sancaq bəyi Qazi Xosrov bəy 1537-ci ildə bu müqəddəs məkanda Kitabxana yaratdı. Əsil dövlət xadimləri yaxşı bilirlər ki, bir dövlətin əsasını həm də onun kitabxanası təməlləşdirir. Nəsiminin dillərdə, əllərdə gəzən qəzəllərini, rübailərini, risalələrini, divanlarını da bu kitabxanaya topladı. Təkcə Nəsimininmi? Əsla!!! Nizami Gəncəvinin, Məhəmməd Yəhya Şirvaninin, Yunis Əmrənin, Füzulinin... daha kimlər, kimlər... O BÖYÜKLƏR ki, türk-müsəlman tarxinə işıq idilər. O işıq bu günə qədər Türk dünyasını nurlandırır.



O nur ki, bu günlərdə bizim yolumuza da düşdü. O işığın haləsindən tutub. Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun “Şərq-İslam incəsənəti araşdırmaları” şöbəsinin türk dili və ədəbiyyatının müdiri doktor Amina xanım Şilyak-Yesenkoviçlə görüşdük.



Sevgili qonağı gələndə lap elə azərbaycanlılarımız kimi sevinən bir boşnak gözəli! Buradakı insanlar da doğmalarını görəndə eynilə bizim kimi qucaqlaşıb, görüşürlər. Görüşüb, əhvalımızdan xəbərdar olduq. Məqsədimi bilirdi. Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəliyi məramımı onlara ərz etmişdi.

Sual verməyimi də gözləmədi. Təmiz türk dilində və türk şivəsində Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmalarından bəhs etdi:



- Bizim universitetin arxivində qızıl fondda saxlanılan 5263 əlyazması, 178 fərman və fərat, 66 hökm və ittihamnamə, 200 minə qədər də digər əlyazmaları arxivi vardır. Bu əldə qalanlardır. Yandırılan və məhv edilənlərdən xəbərimiz yoxdur. 1995-ci ildə savaşın əvvəllərində düşmənlərimizin ilk hədəfi Şərq kitabxanası idi. Buraya atılan mərmilər kitabxanamıza od saldı. Onlar boşnakların, boşnak müsəlmanlarının mədəni tarixini yox etmək istəyirdilər. Çünki bu hesab-kitab dəftərlərində torpaqların kimə aid olduğu, kimin nə zaman kimə hansı vergi ödədiyi belə yazılıb. Bu xəzinəmiz yox olardısa, demək tariximiz, bu tarixləri sübuta yetirən sənədlərimiz yandırılacaqdı, yox ediləcəkdi. Müdriklərimiz vaxtlı tərpənib, kitabxanamızın böyük bir hissəsini xəlvətə köçürə bilmişdi. Onsuz da Osmanlı dövləti öz qüdrətini itirəndən sonra, o böyük Qazi Xosrov bəy kitabxanasından o qədər əsərlərimiz getdi, yandırıldı, bilə-bilə yox edildi, satıldı ki... Lakin bu əldə qalanlarımızla da özümüzü varlı hesab edirik.



- Amina xanım türk dilini belə gözəl şəkildə necə qoruyub saxladınız?



- Mən orta təhsilimi , ali təhsilimi, akademik təhsilimi—bunların hamısını doğma yurdumda almışam. Vətənimdən kənara çıxmamışam. Bu gözəl türk dilinin ədəbiyyatını öyrənmək üçün başqa ölkəyə getmək fikrim olmadı. Əcdadlarım Mostarlı Hasan Ziyayi XVI yüzil şairi öz əsrində doğulduğu bölgədən bir yerə getməyib, Osmanlı “Divan” şerini bizim Osmanlı türkçəsi ilə yazıb. Hasan Kayini Baba da Saray Bosnadan çıxmadan, Zornaya sürgün olunana qədər yenə ən mükəmməl əsərlərini , mükəmməl şerlərini Osmanlı türkcəsində yazıb. Əgər o böyük ərənlər türkcəni belə ciddi bir ədəbiyyat yaza biləcək qədər öyrənmişdilərsə, mən də həmin türkcəni XXI əsrdə bu şəkildə danışa bilməliyəm. Bu mənim şərəf borcumdur.



- “Amina xatun ol Muhəmməd annesi,Ol sədəfdən doğdu oğul durdanəsi”- beytini Süleyman Çələbi yazmışdı. İndi onun təbirincə mən də sizə deyirəm ki: “Ey Şərqin Dürdanəsi Amina xanım”, Nəsimini nə zaman tanıdınız? Nə zaman kəşf etdiniz?



- Ailəmizdə aldığım tərbiyəyə, təhsilə rəğmən sehirli Şərq ədəbiyyatının sirrlərinə vaqif olunca, dini mədəniyyət və yaşam tərzi ilə də maraqlanmağa başladım. Mostarda evimizin yanxınlığında Alpərənlər təkkəsi deyilən qədim bir məkan var idi. Özümü tanımağa başlayandan orada dərvişlərin, şairlərin, imamların zikr etdiyini görmüş, azan səsi , şer və qəzəllər eşitmişdim. Kadirilərin mərkəzi sayılan Haci Sinan Təkkəsindən gələn ilahi səslər məni də öz ağuşuna çəkməyə başlamışdı. Buraya gəlib dərviş Mustafanın oxuduqlarını, zikrlərini dinləyirdim. Dinlədikcə ruhuma bir rahatlıq gəlirdi. 1980-lərin əvvəllərində artıq Şərq ədəbiyyatı üzrə təhsil alırdım. Gəlib onu dinlədikcə, oxuduğu zikr və qəzəllərində yanlışlar var, ya sözləri təhrif edirdi, ya da ki, mənasını tam anlamırdı. Çünki bu qəzəllər Bosniyaya Fateh Sultan Mehmet zamanından daxil olmuşdu. Ağzıdan-ağıza, dildən-dilə ötürülərək, yaddaşlara yazılmışdı. Günlərin bir günü təkkədə gəzdiyim zaman Qazi Xosrov bəy Kitabxanasının əlyazmalar bölümündə çalışan Feyzullah Əfəndi Hacıbayriçi gördüm. O məni təkkənin imam otağına dəvət etdi. Bu zaman köməkçilərindən biri ona “Şeyx əfəndi, o bir bayandır...”- deyə irad bildirdi. Feyzullah Əfəndi: “Rahatsız olan çıxsın, buyur gəl Amina xanım”- deyərək məni otağına çağırdı. Mən dərvişin qəzəllərindəki yanlışlıqlardan danışdım. Dedim ki, Dərvişin oxuduqlarını toplayıb, doğru variantlarını tapmaq istəyirəm. Şeyx Fəzlullah əfəndi bu təklifimə çox sevindi. Bu qəzəllərdən birinin Nəsiminin olduğunu öyrəndim. Qazi Xosrov bəy kitabxanasında onun qəzəllərini tapdım. Və onlardan birini boşnak dilinə də çevirdim. Seyyid Nəsimini daha çox öyrənməyə çalışdım. Öyrəndikcə Yunis Əmrə, Məhəmməd Füzuli, Əlişir Nəvai , Süleyman Çələbi və Namik Çələbi dilini (yəni qəzəllərini ) öyrəndim. Və bu bilgilərimi zaman-zaman tələbələrimə də ötürdüm. Qarşıma məqsəd qoydum ki, tələbələrimə təkcə “failətun, failətun, failun”u deyil, həm də bu Şərq ədəbiyyatındakı mədəniyyəti, dərinliyi, fəlsəfəni, klassik şairlərin həyatını və könül titrəyişlərini öyrətməliyəm. Bu şerlərin alt qatı öyrənilməlidir.

- Seyyid İmaddədin Nəsiminin 650 illik yubileyi münasibəti ilə şerlərini tərcümə edənlərdən biri də siz oldunuz.



- Bizim Şərqşünaslıq İnstitutu artıq bir neçə ildir ki, Azərbaycanın Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəliyi ilə sıx əməkdaşlıq edir. Ötən il AMEA M.Füzuli adına Dilçilk İnstitutunun dosenti Əkrəm Bağırov 1 ay boyunca bizimlə birlikdə çalışdı. Buradakı arxivlərdən Azərbaycanın klassik şairlərinin əsərlərini tapdı. Onların arasında İmadəddin Nəsimi də var idi. Günlərin bir günü çox hörmət bəslədiyim, sayın Samir Məlikli mənə telefon açaraq, Nəsiminin şerlərini tərcümə etməyi təklif etdi. Çox sevindim. Lakin fikirləşdim ki, mən tərcümə edərəm, bəs görəsən Nəsimi məni özünə yaxın buraxacaqmı? Buna haqqım çatarmı? Hər şeydən əvvəl Nəsimidən izn almağım gərək idi. Bir neçə gündən sonra Samir bəylə görüşdüm. Və ona dedim: “Mənə zaman verin, Nəsimidən izn alım...”. Samir bəy cavabımdan təccübləndi. Onun bu çaşqınlığını görüb: “Nəsimidən izn almalıyam. Əgər Nəsiminin kəndisi önümdə açılırsa, mən tərcüməsini edəcəm. Sözləri tərcümə edərəm, cümlə də qura bilərəm. Lakin sirrini mənə verməsə bir iş görə bilməyəcəm.”- dedim.

Bir müddər sonra Samir bəyə telefon açıb :”Əfəndim, Nəsimi babam iznini verdi, buyurun gəlin!”- dedim. Siz Samir Məliklinin həmin gün mənim otağıma gəldiyini görsəydiniz... Sevincindən gözləri alovlanmışdı. Əkrəm Bağırovla birlikdə mənə Nəsiminin 80 qəzəlini təqdim etdilər. Qəzəl və qəsidələri 20 olmaqla dörd əməkdaş arasında böldük. Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun professor Adnan Kadriç, , fəlsəfə fakültəsinin professoru xanım Alena Çatoviç , professor doctor Elvir Musiçlə birlikdə başladıq. Mən Quran hafizi deyiləm. Nəsimini oxuduqca, onun sətirlərinin və sözlərinin məni Qurana çəkdiyini gördüm. Quranı gözəl bilən dostlarımız köməyimizə gəldi. Bir də bir əbcəd hesabı aparıb gördük ki, Nəsimi varlığı 85 rəqəmini istəyir. Beləcə Nəsimi 85 rəqəmində bizə gəldi.



- Sufi Nəsimi, dərviş Nəsimi, ənəlhəqq Nəsimi sizə nə öyrətdi?



- Madam ki, bizim əcdadlarımız təkkələrində Nəsimin şerlərii oxuyurdular, xəlvətə çəkilirdilər, demək Nəsimini öyrənmək ortaq mədəniyyətimizə sahiblikdir, hörmətdir. Bundan başqa dostlarım Yunis Əmrə, Niyazi Misri də var... Boşnak dilinə onlardan etdiyim tərcümələrim də yaxınlarda hazır olacaq. İnşallah o biri dünyada da dostlarım o sufilərlə, ərənlərlə eyni məclisdə qarşılaşmaq nəsibim olar.



- Amina xanım, əlbəttə fəlsəfəniz çox ibrətamizdir. Buradakı həyatımız bir sınaqdır, keçici ömürdür. Tanrı dərgahında yaşayanlar Nəsimidir, Yunis Əmrədəir, Füzulidir, daha kimlər və bizə dost olanlardır.



- Aida xanım, bizim inancımıza görə onlar vəliyullahdır - ərənlər ölməzdir. Həzrəti Yunisin bir şeri var: “Aşiqlər ölməz, ölən heyvandır”. Madam ki, onlar Allahın dostlarıdır. Ona görə də haqq edəriksə, inşallah onlarla dost ola bilərik. O ali məqamda var olanlar mənə bu təsəvvüvf ədəbiyyatını sevdirdi. Həm özümü tanımağım , həm də işimi görmək üçün yardımçı oldu. Özünü tanımasan, özünü inkişaf etdirib, sufiləşməsən, bu ədəbiyyatı qazana bilməyəcəksən. Bu ədəbiyyatı öyrənmək üçün şairin qəlbindəkini bilməlisən. Mən Nəsiminin qəlbindəkilərdən xəbərdaram!!!





Aida Eyvazlı,

Sarayevo. 27.02.20












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.