“Kreml bu məxfi araşdırmalara çoxdan bələddir” – Həmid Herisçi ilə müsahibə

28-02-2020, 09:16           
“Kreml bu məxfi araşdırmalara çoxdan bələddir” –
Teleqraf.com yazıçı, publisist Həmid Herişçi ilə müsahibəni təqdim edir:

- Həmid bəy, Çində başlayan və dünyaya yayılmaqda davam edən koronavirus dünyanın gündəmini zəbt edib. Məsələyə konspiroloji baxış necədir?

- Çində yayılan yeni koronavirusla əlaqədar bütün dünya həyəcan içindədir. Hamı 1 milyard çinlinin eyni anda asqırmağından qorxur. “Böyük İpək Yolu” coğrafiyasında oxşar situatsiya 14-15-ci əsrlərdə yaşanıb. Milyonlarla insan tələf olub. “İpək Yolu” projesinin gündəmdən silinməsi, aşağı yuxarı, məhz yoluxucu xəstəliklərlə əlaqədardı. Proje ötən il Pekində reanimasiya edilincə, kimsə bu köhnə, yaxud tam yeni virus daşıyıcılarını yenidən diriltdi elə bil. Konspiroloqlar arasında bu ssenarinin Çin-ABŞ ticarət müharibəsi çərçivəsində baş verdiyini vurğulayanlar var. Xatırladırıq, 1979-cu ildə ABŞ-la Çin arasında imzalanmış “G2” ticarət müqaviləsi ötən il sözün əsl mənasında öz qırxını, yəni 40 illik yubileyini yaşayıb. Müqavilə ertələnibmi, vaxtı uzadılıbmı? Bilinmir. Müqavilədə əsas nüans azad ticarət konsepsiyası olsa da, indi bu maddə deyəsən real görünmür. Nəticə, deyəsən gözlənildiyindən fərqli oldu. Ortaya bioloji silah - koronavirus epidemiyası girdi. 50 milyonluq Uhan bölgəsi sanitar təhlükəsizlik bəhanəsi ilə mühasirəyə alındı. Ancaq bizcə, mövzu heç də bioloji silah əfsanəsi deyil.

- Yəni bu mövzunu ciddi hesab etmirsiniz?

- Real mövzu, genetik silah növü ilə əlaqadardı. Genetik silah növünü, deyilənlərə görə, dünya farmakoloqları İçveçrədə, Ümümdünya Antidopinq Təşkilatının (ÜADA) gizli laborotoriyalarında hazırlayırlar. Ümümdünya Olimpiya Təşkilatına üzv seçilən bütün milli idman komandaları ÜADA-ya təhkimdirlər. Əslində, sözün əsl mənasında bu çox məxfi qurumun əsl təhkimli kəndliləri, yaxud təhkimliləri idmançılarıdırlar. İdmançıların bioloji materialları burda uzunmüddətli genetik analizə məruz qalır. Milli gen aşkarlanır, dinamikası, proqressiyası nəzarətə götürülür. Bu genin tənəzzülünü, yaxud inkişafını təmin edən zərdablar hazırlanır. Ötən illər ÜADA-nın Rusiya Antidopinq Təşkilatı -RUSADA ilə toqquşması da məhz bu gizli amillərlə əlaqəlidir.

- Bu idman məsələsinin, daha doğrusu rus idmançılarının dopinq istifadəsinə görə yarışlardan uzaqlaşdırılmasının məsələyə nə aidiyyəti var?

- Moskva, hələ Hitler Almaniyası dövründən bəri bu təşkilatdakı gizli irqi standartlarla tanış idi. Bilirdi ki, irqi genetik araşdırmalar, genetik silah növləri məhz bu ünvanda hazırlanır. Moskva bu səbəbdən lap elə əvvəldən öz idmançılarının həqiqi bioloji məhsulunu saxtalaşdırırdı. Həqiqi bioloji materiallarını öz məxfi laboratoriyalarında tədqiq edir, saxtaları ÜADA-ya ötürürdü. Məsələ indiyəcən gizli qala bilərdi. Əgər RUSADA-nın sabiq baş həkimi Qriqoriy Rodçenkov bu gizlinlər barədə Qərbə, ÜADA rəhbərliyinə vaxtında xəbər ötürməsəydi. ÜADA-nın Rusiya idmanına qarşı tutduğu qəti mövqe ancaq elə əvvəldən rusları o qədər də narahat etməyib. Ruslar, hətta burda bəzi çox ciddi güzəştlərə imkan veriblər ki, təki idmançılarının həqiqi biomaterialları rəqiblərinin əlinə keçməsin.

- Niyə?

- Çünkü Moskva bu mövzuda ÜADA-ya qarşı çox ciddi məxfi informasiyaya malikdi. ÜADA-nın RUSADA-ya qarşı ötənilki mövqeyi, Maklarenin məlum məruzəsi, Rusiya idmançılarını beynəlxalq yarışmalardan uzaqlaşdırması Moskvanı cavab addımlarına məcbur edib. Lozannadakı Beynəlxalq İdman Arbitraj məhkəməsi artıq Moskvanın şikayətini təmin edib. Tədqiqat başlayıb. Jurnalistlərə detallar açıqlanmır. Pekin isə əvvəlcədən bundan xəbərsizdi. İdmanılarının biomateriallarını səxavətlə, vaxtlı-vaxtında ÜADA-ya göndərirdi. Nəticə özünü çox gözlətmədi. İndi “xəstəxana tikirik” bəhanəsi ilə Uhanın tən ortasında qardaşlıq məzarı qazılır. İddialara görə bu tələdən kimsə qaçıb yaxasını qurtara bilməyəcək.

Mənfini müsbətə çevirmək istedadı siyasət şkalasında superpeşəkarlıq nümunəsidir. 2008-ci il ilin martında Ermənistanda “narıncı inqilab”ın baş tutmaması ABŞ üçün sözsüz mənfi siqnaldı. Ancaq ABŞ superdiplomatları bu mənfini də müsbətə çevirməyi bacardılar. Seçki saxtakarlığına göz yumub Serj Sərqisyanın legitimliyini tanıdılar. Güzəştin haqqı özünü çox gözlətmədi. Həmin ildəcə Ermənistan ərazisini çox aylı ABŞ biolaboratoriyalarının hörümçək toru bürüdü. Layihə, ABŞ-ın “CBEP”, yəni “Bioloji müştərək araşdırmalar” layihəsi çərçivəsində reallaşdırılıb. Kuratoru tam məxfi “DTRA” qurumu, dünya çapında bütün mümkün təhlükələrin proqnozu, zərərləşdirilməsi ilə tanınır. Qonşu Gürcüstanda da ABŞ-ın oxşar biolaboratoriyalar zənciri mövcuddur. Deyilənə görə orda tam məxfi bioloji silahların, qorxulu virusların sınaqları həyata keçirilir. Dünyanındigər 25 ölkəsində də Pentaqon oxşar layihələrə imza atıb. Ermənistandakı araşdırmalara isə o, artıq 50 milyon dollardan çox pul xərcləyib. Rusiyanın Ermənistandakı hərbi bazası, bəli, reallıqdır. Ancaq ABŞ-ın Ermənistandakı 9 hektarlıq, 2500 nəfərlik səfirliyini də bəzi analitiklər elə oxşar baza bilərlər. Üstəgəl, barəsində danışdığımız biolaboratoriyalar zənciri. Qısası, ruslar Ermənistanda odlu, amerikalılar isə bioloji silahla yaraqlanıblar. Nikol Paşinyan Vladimir Putinlə son görüşündə bu laboratoriyaların rus mütəxəssisləri üçün açıq olduğunu elan etsə də, ortada çoxsaylı müəmmalar mövcuddur.

Əvvəla, niyə düz eyni vaxtda Gürcüstanın sabiq dövlət təhlükəsizliyi naziri İqor Georqadze də mətbuatda həmin mövzuya toxunub? Niyə məhz indi Gürcüstan, Ermənistan yetkililəri yaxaların bu mövzudan kənara çəkmək istəyirlər? Niyəsi aydındı. Görünür, rəsmi Kreml bu ünvanlardakı məxfi araşdırmalara çoxdan bələddir. Məlumatlar hər an ictimailəşdirilə bilər. Bu isə rəsmi İrəvan ilə rəsmi Tiflisi deyəsən, xeyli həyəcanlandırıb.

- Dedikləriniz inandırıcı gəlməsə belə, bu kimi halların bizə hansı təsirləri ola bilər?

- Kim bizə zəmanət verə bilər ki, burdakı qorxulu bioviruslar bir gün aktivləşib Azərbaycana sızmayacaq? Ermənistandakı biolaboratoriyalara Pentaqon zabiti, mayor Metyu Poupi nəzarət edir. Rəsmi sifarişçi- “Black&Veatch” şirkəti, Pentaqonun 100 ən məşhur müştəriləri sırasında 23-cü yerdədir. Sifariş zəmbili 2 milyard dollardan çoxdur. 1997-ci, 2000-ci illərdə şirkət Amerika Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə birgə təlimlərə qatılıb. Sibir xorası kimi təhlükəli virusu bioloji müharibə şəraitində tədqiq edib. Şirkət ABŞ-ın “Bioloji mühafizə və əks tədbirlər” (NBACC) adlı dövlət qurumu ilə sıx əlaqədədir. Bioterrorizmi tədqiq edir.

Ermənistandakı tədqiqatlar artıq öz bəhrəsini verməkdədir. 2015-ci ildə ABŞ Mikrobiologiya İnstitunun saytında maraqlı informasiya yerləşdirilib. Sən demə, ABŞ mikrobioloqlarının ixtiyarında artıq taun xəstəliyinin 11 Qafqaz virusu, yaxud ştampı mövcuddu. Virusların ikisi məhz Ermənistan mənşəlidir. ABŞ mütəxəssisləri Ermənistandakı “Nork” xəstəxanasına tez-tez baş çəkirlər. Burdakı infeksion xəstələri daim nəzarətdə saxlayır, nəticələri gizləyirlər. Əldə edilmiş bruselyoz, tularemiya virusları xüsusilə təhlükəlidir. Sonuncu xəstəlik “dovşan titrəməsi” kimi də tanınır. Cəmi 29 sent xərc əvəzində bu virusu havaya səpələyib minlərlə insanı qətlə yetirmək mümkündü. Ermənistan laboratoriyalarındakı Sibir xorası, dinqe, zika virusları böyük təhlükə mənbəyidir. Körpələrdə genetik mutasiyalar törədən bu viruslar “Asiya pələng ağcaqanadı” vasitəsi ilə yayılır. Bu ağcaqanad artıq Türkiyə, Gürcüstan kimi yaxın ərazilərdə qeydə alınıb. Qısası, bölgəmizdə bioloji müharibə layihələri də sınaqdan keçirilir. Ölkəmiz hər an bu cür təhlükələrə cavab vermək qüdrətinə indidən malik olmalıdır. Ancaq sakit olun. Bu cür qorxulu viruslar, zərdabsız istifadəyə buraxılmır. Ən ağır virusların belə zərdabları mövcuddur. İndidən əks-tədbirləri görək. Müvafiq zərdabları indidən ölkəmizə gətirək. Ötən əsrin 30-cu illərində ölkəmiz bir dəfə taun xəstəliyi ilə təkbətək qalıb. Yalnız məşhur mikrobioloq Lev Zilberqin köməyi ilə yaxasını bu təhlükədən qurtarıb.

- Əslində son koronavirus epidemiyasına Rusiyanın reaksiyası və cavab addımları maraqlıdır. Bu barədə düşüncələriniz nədən ibarətdir?

- Fikrimcə, bu genetik araşdırmalardan Rusiyada bir başqa cür istifadə edilir. Rusiya hakim elitasını Vladimir Putin müxtəlif idman oyunlarına cəlb edərək, bu yolla tam nəzarətdə saxlayır. Nazirlərindən tutmuş sıravi işçilərədək hamını bax bu cür dişinə vurur bir-bir. Sergey Lavrov öz idarəsində raftinq üzgüçülüyünü körükləyir. Putin ambidekstriyanı, yəni iki əldən eyni anda atəş açmağı və s.i. Mariya Zaxarova - Rusiya XİN-in rəsmi sözcüsü, vəzifəsinə çatmaq naminə əvvəlcə rezin idman qayığına atılıb, Lavrovun komandası tərkibində dağ çayları qoynunda üzü aşağı üzüb. Şücaətinə görə indiki vəzifəsini qazanıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə gəldikdə, o, oxşar ssenarini üzgüçülük hovuzlarında həyata keçirir. 2007-ci ildən üzü bəri bütün nazirlər heyətini üzgüçülük zallarına yığır. Ağzındakı fitin bircə səsi ilə hamını finiş xəttinə səsləyir. Qalibləri özü seçir adətən. Məğlubları öz aktivindən birdəfəlik silir. Misal üçün, 2014-cü ilin su yarışmalarında Rusiyanın 11 nazirliyi təmsil olunub. Qələbə çələngini Sergey Narışkin Rusiya sənaye və ticarət naziri Denis Manturovun boynuna taxıb. Divin canı şüşədə olduğu kimi, Rusiyanın canı da gördüyümüz kimi idmandadır. Qərb bunu yaxşı bilir. Rusiya idmanının qapısına cərimə zərbəsi də məhz buna görə təyin edilib. Zərbə, ÜADA tərəfindən həyata keçirilir. Qarşıdurmada Rusiyanın müttəfiqi CAS-dır, yəni Lozannadakı Beynəlxalq İdman Arbitraj Məhkəməsi. İndi bu qarşıdurmanın son akkordlarıdır. Araya genetik silah söhbəti girdi. Sən demə, ÜADA testləri arxasında genetik silahın sınaqları keçirilirmiş. ÜADA, CAS, Beynəlxalq Olimpiya Təşkilatı ilə danışıqları Putin oliqarx Alişir Usmanova tapşırıb. Məsələni o həll etməlidir. Ruslar öz genetik araşdırmalarını paralel olaraq başqa ünvanda, başqa yollarla həyata keçirirdilər. QAZPROM bu sınaqlara himayədarlıq edir. Yəni əsl genetik silahın ruslarda, yoxsa ÜADA-da və ya onun arxasındakı məxfi qüvvələrdə olduğu bilinmir.

-İddia edirsiniz ki, koronavirus genetik silahdır?

- Məncə, koronovirus Çində genetik silahdı, digər yerlərdə bu silah, xəstəlik, siyasi, iqtisadi və möhtəkirlik mövzusudur. İranda bu xəstəlik islahatçılar ilə konservatorlar arasındakı qarşıdurmya xidmət edir. Orda islahatçılar adi qrip virusunu koronavirus kimi qələmə verib hakim elitanı silkələmək istəyir. Bu mövzuda onlar öz Qərb tərəfdarları ilə əlbirdirlər. Bir azdan xəbər gələcək ki, bəs Qərb virusun zərdabını İrana ötürüb. Həsən Ruhani bu bəhanə ilə Qərblə əlaqələrini möhkələdəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.