"Daha 5-6 dairədə nəticələr ləğv edilməlidir ki, parlamentə münasibət dəyişsin" - GƏLİŞMƏ

28-02-2020, 15:45           
"Daha 5-6 dairədə nəticələr ləğv edilməlidir ki, parlamentə münasibət dəyişsin" - GƏLİŞMƏ
"Daha 5-6 dairədə nəticələr ləğv edilməlidir ki, parlamentə münasibət dəyişsin"
Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral seçkiləri ilə bağlı araşdırma prosesini başa çatdıraraq, yekun sənədi hüquqi qüvvəyə minməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər az deyil. Bəs, ümumiyyətlə bu seçki prosesi qarşıdakı siyasi hadisələrə necə təsir edəcək?

AYNA-nın mövzu ətrafında suallarını “Strateq.az” analitik-informasiya saytının rəhbəri Elxan Şükürlü cavablandırıb.

- Elxan bəy, Azərbaycanda növbədənkənar parlament seçkiləri artıq başa çatıb. Seçkidən qabaq AYNA-ya demişdiniz ki, bu seçkilər hakimiyyətin islahatlar siyasətinə yekun qiymətin verilməsi baxımından çox önəmli hadisə olacaq. İndi qiymətləndirməniz necədir: seçki prosesinin gedişi və nəticələr hakimiyyətin islahat siyasətinə adekvat oldumu?
- Təəssüf ki, yox. Əksinə, düşünürəm ki, bu parlament seçkiləri ilə hakimiyyət ötən ilin payızından bəri cəmiyyətdə yaranmış islahat ümidlərinə çox böyük zərbə vurmuş oldu. Bu seçkilərin hələlik görünən yeganə nəticəsi odur ki, hakimiyyət özünə yeni nəsil müdafiəçilər ordusu yaratmaq və üzərindəki bir xeyli çirkabı da təmizləmək fürsətini qaçırmaqla yanaşı, həm öz ənənəvi sosial bazasında, həm də islahat çağırışlarından ümidlənmiş bitərəf təbəqədə xeyli məyusluq və narazılıq əhvalı yaradaraq, “köhnələr”in və müxalifətin xeyrinə fikirlərə rəvac verdi.

- Konkret nəyə əsaslanıb bunu deyirsiniz?

- MSK-nın elan etdiyi yekun nəticələrə. Bircə fakt hər şeyə işıq salır və başqa arqumentlər sadalamağa heç ehtiyac qalmır. Baxın, parlamentin özünü buraxması və 9 fevrala növbədənkənar seçki təyini rəsmi şəkildə onunla əsaslandırılırdı ki, guya, qanunverici orqan Prezidentin islahatlar siyasətinin sürəti ilə ayaqlaşa bilmir. Açığı, Nazirlər Kabinetində və Prezident Administrasiyasında, yəni hakimiyyətin icraedici qanadındakı ciddi kadr dəyişikliklərindən sonra cəmiyyətdə xeyli ümid də yaranmışdı ki, qanunverici orqanın buraxılması onun tamamilə yeni, oliqarxiyadan uzaq simalardan təşkili zərurətindən qaynaqlanır. Ancaq indi MSK-nın elan etdiyi nəticələr aydınlaşdırır ki, 2 ay əvvəl “islahatlara yükük” deyərək özünüburaxmışların, təxminən 80 nəfərini təzədən deputat ediblər.

- Yəni, seçiliblər yox, məhz “deputat ediliblər” deyirsiniz?

- Bəli, düz eşitdiniz, məhz deputat ediliblər! Mən 22 ildir Azərbaycanda siyasi proseslərin və seçki sisteminin içindəyəm - seçki komissiyalarının təşkilindən tutmuş, seçkilərin necə keçirildiyinədək ən xırda detalları belə, dəqiqliyi ilə bilən adamlardanam. Deputat olanların özləri də yaxşı bilir ki, hakimiyyət istəməsəydi, onların heç biri deputat ola bilməzdi. İnanın, əgər hakimiyyət yeni parlament vitrinini cəmiyyətdə hörmət və nüfuzu olan tamamilə yeni və qabiliyyətli simalardan formalaşdırsaydı, bu, Prezidentin islahat siyasətinə daha çox fayda verərdi, nəinki 15-20 il deputat kürsüsünü məşğul etmiş “ət parçaları”nı təzədən orada əyləşdirməklə. Çox təəssüf ki, yeni Milli Məclisdə hakimiyyətə rəğbəti artıracaq, cəmiyyətin dəstəyini qazandıracaq, həqiqi islahat yükünün ağırlığını və məsuliyyətini öz çiyinlərinə götürə biləcək yeni və xalqa bağlı hazırlıqlı simalar azlıq təşkil edir. Düzdür, yaxşı tanıdığım və deputatlğa layiq bir neçəsi də keçib, ancaq onlar bu çoxluqda, necə deyərlər, suyu durulda bilməyəcəklər.

- Təxminən, 40 nəfərədək şəxs ilk dəfə deputat olur...

- Axı elə etmək olardı ki, Məclisin 40 yox, azı, 80 deputatı yeni simalar olsun. Çünki yeni adamlar həm də cəmiyyətə islahatlarla bağlı yeni inam aşılamaq, ümid vermək deməkdir. Nə ehtiyac vardı ki, 15-20 il deputat olanları və deputatlıq müddətində də heç bir uğurlu fəaliyyəti ilə yadda qalmayanları, öz evində, kəndində belə, hörməti olmayanları təzədən deputat etməyə, onlara görə dövlətin imicini korlamağa?! Vacibiydimi, tutaq ki, mənim doğulduğum Şahbuz rayonunun – Şahbuz-Babək seçicilərinin siması, təmsilçisi 15-20 ildir bu dairənin dəyişməyən deputatı Siyavuş Novruzovun qəhvəyi sifəti olsun?! Axı cəmiyyət həm də belə simalardan yorulub, bezib! Görürsünüz, sosial şəbəkələrdə adamı necə ələ salır, aşağılayırlar?! Hələ, guya bu, içlərində babatlarıdır. Anlayıram, adamları xidmətləri və sədaqətləri müqabilində mükafatlandırmaq gərəkdir, ancaq onların çoxu xidmətlərinin qarşılığını indiyədək qat-qat artıqlaması ilə alıblar axı. İndi isə Prezidentə ən böyük xidmətləri və həqiqi sədaqətləri o olardı ki, keçmişlərini gözə soxmadan sakitcə kənara çəkiləydilər və öz yerlərini də, demirəm müxalifət və ya bitərəflərə, elə yeni nəsil hakimiyyət müdafiəçiərinə buraxaydılar. İnanın, köhnə, ictimai rəydə nüfuzdan düşmüş həmin deputatlar tamamilə kənara çəkilsəydilər, təzədən namizədliklərini irəli sürməsəydilər və parlament də yeni simalardan təşkil olunsaydı, heç ortaya bu qədər saxtakarlıq faktları da çıxmayacaqdı, seçkilər bu qədər urvatdan salınmayacaqdı.
- MSK cəmi 4 dairədə nəticələri ləğv etdi. Sizcə, Konstitusiya Məhkəməsi daha bir neçə dairədə də nəticələri ləğv edə bilərmi?

- Mən MSK üzvlyünə rəsmi namizəd olmuşam və bu qurumun özünün necə saxtkarlıqla formalaşdırıldığının canlı şahidiyəm. Mayası saxtakarlıqdan yoğrulmuş bir qurum indi necə haqqın-ədalətin müdafiəçisi ola bilər?! MSK o dairələri ona görə ləğv etdi ki, sosal şəbəkələrdə yayılmış kütləvi qanun pozuntularını, ağır cinayət əməllərini heç cürə gizlətmək mümkün deyildi və heç kəs də nəticələri ləğv olunmuş namizədlərə görə cinayət məsuliyyətini öz üzərinə götürmək, onun altına girmək istəmədi. Ancaq eyni zamanda digər namizədlərə də ruhlanıb seçki prosesini bütövlükdə kölgə altına salmağa imkan verməmək üçün 4 dairə və yekuna təsir etməyən xeyli məntəqədə nəticələrin ləğvi ilə kifayətlənildi.

Mümkündür ki, Konstitusiya Məhkəməsi də məhkəmə müstəqilliyi görüntüsü yaratmaq üçün hansısa dairənin nəticələrini ləğv etsin, ancaq bu, bütövlükdə yeni parlamentə münasibəti dəyişməyəcək. Münasibəti dəyişmək üçün heç olmasa, əlavə 5-6 dairənin nəticələri ləğv edilməlidir ki, cəmiyyətdə və beynəlxalq aləmdə təkrar seçkilərə maraq, siyasi islahatlara ümidlənmiş şəxslərdə və siyasi təşkilatlarda isə yeni rəqabət meyli, həvəsi yaransın... Üstəlik, təkrar seçkilərin təşkili yeni formalaşacaq MSK-nın üzərinə düşəcək ki, bu da hakimiyyətə əvvəlki səhvləri aradan qaldırmaq imkanı verər və yeni siyasi dvidentlər qazandırar.

– Nəticələrə çoxsaylı etirazlar oldu, MSK-nın qarşısında kütləvi aksiyalar keçirildi. Bu aksiyaları və onların yatırılmasında polisin davranışını necə qiymətləndirirsiniz? Çünki sosial şəbəkələrdə bu mövzuda da geniş dartışmalar oldu. Bəziləri hesab edirlər ki, polis etirazçılara ənənəvi müxalifətdən çox fərqli münasibət göstərib.

– Bu seçkilərin xüsusilə yaddaqalan cəhətlərindən biri o oldu ki, yeni texnologiyanın və sosial şəbəkələrin imkanlarından yararlanan xeyli bitərəf gənc, müstəqil insanlar özlərini cəmiyyətə təqdim edə bildilər. Diqqət yetirsəniz, görərsiniz ki, seçki saxtakarlıqlarını da daha çox məhz onlar ortaya çıxardılar, ifşa etdilər. Bir qədər də desək, biz bu seçkidə “Facebook” və “Youtube”un yetişdirdiyi Azərbaycan gəncliyinin ilk mübarizə örnəklərini, nümunələrini və hətta bəzi yerlərdə kiçik qələbələrini də müşahidə etdik.

Hakimiyyət bundan dərs çıxarmalıdır. Anlamalıdır ki, artıq əvvəlki idarəetmə yeriməyəcək, elə bir nəsil yetişib ki, onun illərdir qurduğu qapalı sistemi bircə anda, bircə çəkilişlə, bircə uğurlu ifadəylə söküb dağıdır, ictimai rəyi tamamilə öz lehinə çevirə bilir. İndi hakimiyyət ya bu gəncliyi qarşısına alıb onları itələyib zorla ənənəvi müxalifətin sosial bazasına çevirməlidir, ya da fərqli davranışla onların üçüncü bir güc kimi ortaya çıxmasına əngəl olmamalıdır. Məncə, etirazçılara qarşı polisin həmişəkindən fərqli davranışı həm də bundan qaynaqlanır. Polis qanunla öz üzərinə düşən missiyanı yerinə yetirir, etirazların böyüyüb ictimai asayişi pozmasına və sabitliyə təhlükə yaratmasına da imkan vermir, ancaq eyni zamanda zorakı metodlar da tətbiq etmir. Çünki başa düşür ki, oraya toplaşanlar məqsədli şəkildə ölkədə gərginlik yaratmağa çalışanlar yox, öz qanuni haqlarını sivil yolla tələb edənlər, hüquqlarının pozulduğunu ölkə rəhbərliyinə çatdırmaq, şikayətlərinə baxılmasını istəyənlərdir, “aç qapını, gələk səni öldürək” deməyənlərdir. Polislə məqsədli qarşıdurma yolu seçməyənə polis niyə zor tətbiq etməlidir ki? Məgər polis bu xalqın övladları deyil?!

– Yeni etiraz aksiyaları təyin olunub. Nə gözləyirsiniz? Sizcə, Konstitusiya Məhkəməsi MSK-nın nəticələrini olduğu kimi təsdiqləyərsə, bu, narazıların ənənəvi müxalifətlə, konkret desək, seçkiləri boykot etmiş Milli Şura ilə birgə yeni kütləvi aksiyalara başlamasına rəvac verə bilərmi?

- Sosial şəbəkədə gedən müzakirələrdən anlaşılan odur ki, Milli Şura və burada da dominant mövqeyə sahib olan AXCP seçkilərə qatılan REAl və Müsavatın cəmiyyətdə gerçək müxalif qüvvə kimi imicini itirmələrində maraqlıdır. Ona görə də xüsusən yeni parlamentdə artıq tanınmış hüquqşünas Erkin Qədirlinin timsalında 1 mandatla təmsil olunmuş REAl-ı mümkün qədər çox ictimai basqı altında saxlayır, onları hakimiyyətlə separat sövdələşmədə ittiham edirlər. Əgər REAl, xüsusən də onun sədri, keçmiş siyasi məhbus, Qərb dairələrində xeyli populyar olan İlqar Məmmədov AXCP-nin bu basqısından qorxub geri çəkiləcək və Erkin Qədirlini meydanda tək buraxacaqsa, bu, AXCP-nin mövqeyini gücləndirəcək, müdafə edəcəksə, tamam başqa situasiya yaradacaq. Çünki hakimiyyət REAl-ın timsalında yeni Qərbyönümlü müxalifətin meydana çıxmasında maraqlıdır, bu işdə isə Erkin Qədirlinin üzərinə böyük missiya düşəcək. Ona görə də mən yaxın vaxtlarda REAl-ın AXCP və Milli Şura ilə eyni mövqedən çıxış edəcəyini gözləmirəm. Əksinə, mümkündür ki, REAl təmsilçilərindən kimsə təkrar seçkilərə qatılmaq mövqeyi tutsun. REAl-dan kimlərinsə gedib AXCP-yə qoşulması da gözləniləndir, ancaq bu, kütləvi xarakter daşımayacaq. Eyni zamanda Qərb düşüncəli, Qərbə inteqrasiya tərəfdarı olan bəzi fəal gənclərin isə daha çox REAl-ın ətrafında təmərküzləşəcəyi gözləniləndir.

- Bəs Müsavat Partiyası? Onlar necə, Milli Şura ilə yenidən yaxınlaşa bilərlərmi?

- Müsavat Partiyası da çox ümidliydi ki, boykotçuların mövqeyinə zərbə vurmaq və seçkilərə legitimlik qazandırmaq müqabilində onlara mandat tanınacaq, ancaq nədənsə hakimiyyət buna da getmədi... Məncə, Arif Hacılı-İsa Qəmbər dueti qarşıdakı mərhələdə mövqelərini Əli Kərimlinin xeyrinə itirməmək və itmiş imiclərini bərpa etmək üçün yalnız Milli Şura ilə deyil, müxalifətin daha geniş koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edəcəklər və yenidən sabiq Səhiyyə naziri Əli İnsanovla yaxınlaşma kursu seçəcəklər.

- Əli İnsanovdan söz düşmüşkən, onun hakimiyyətdən vurulmuş məmurlarla, yəni “köhnə qvardiya” ilə müxalifət arasında körpü rolu oynaya biləcəyi imkanlarını nə dərəcədə real hesab edirsiniz?

- Həbsdən çıxandan sonra verdiyi açıqlamalardan, konkret ünvanlı mesalarından və ehtiyatlı davranışlarından görünür ki, sabiq Səhiyyə nazirinin bütün hesabı elə bunadır. Yəni, o, hakimiyyətin klan əsasının dəyişəcəyi və sosial-siyasi narazılıqların güclənəcəyi təqdirdə, həm hakimiyyətdən vurulmuş köhnə əliyevçilərin və həm də müxlifətin ətrafında birləşəcəyi, üstəlik, Qərb xəttini tutmuş siyasi lider kimi ortaya çıxmaq istəyindədir. Açığı, hakimiyyətin yanlış addımları da onun mövqeyini gücləndirir. Əgər hakimiyyət cəmiyyətin gözlədiyi islahatları ən qısa müddətdə həyata keçirə bilməsə, bu, əhalinin haqlı narazılığını getdikcə daha da gücləndirəcək. Bilirsiniz, insanın ümid və gözləntisi tükənəndə, hərəkət başlayır. İndi Azərbaycan cəmiyyəti ümid və gözləntilərinin bitib-tükəndiyi bir dövrü yaşayır. Əvvəllər hakimiyyətin bütün nöqsanlarını üzərinə yıxmağa bir “köhnələr” deyilən anlayış vardısa, indi artıq o “köhnələr” də yoxdur ki, islahatlara mane olduqlarını deyək. Əksinə, hələ Ağstafa, Yevlax və Neftçalanın icra başçılarının həbsi göstərdi ki, cəmiyyət belə addımlara, sanki, tamarzıdır. Yeni idarəetmə qaydalarına alışa bilməyən, dövlət vəzifəsinə ancaq xalqı talamaq və sərvət toplamaq vasitəsi kimi baxan məmurların həbsindən və müqavimətindən qorxmaq, çəkinmək lazım deyil. Çünki hakimiyyətin itirdiyi cinayətkar məmur oliqarxiyası olacaqsa, qazandığı da xalq sevgisi, xalq rəğbəti olacaq – hansı ki, hakimiyyətin indi buna həddən artıq ehtiyacı var.

- Bu parlamentin müvəqqəti olduğunu, ölkədə növbədənkənar yeni seçkilərin keçiriləcəyini deyənlər də az deyil. Siz necə, bunu real sayırsınızmı?

- Seçki siyasi fəallıq, cəmiyyəti hərəkətləndirmək deməkdir. Hakimiyyət isə belə fəallıqda maraqlı deyil. Birtəhər bir parlament seçkiləri keçiriblər, hələ onun səs-küyündən qurtula bilmirlər, bilmədiyimiz fövqəladə bir hal yoxdusa, yenidən növbədənkənar seçkiyə getməyə nə ehtiyac var? Əksinə, hakimiyyət həm köklü islahatlar, həm də Qarabağla bağlı konkret əməli addımlar atmaq üçün geniş vaxt limiti əldə etmiş olub.

- Yeni parlamentin Rusiyanın istəyi ilə və Qarabağla bağlı gözlənilən mümkün sülh sazişinin təsdiqi üçün formalaşdırıldığı iddiası da səslənir...

- Azərbaycanın siyasi elitasının mövqeyinə Rusiyanın ciddi təsirinin olduğu tarixi gerçəklikdir. Və Rusiyanın Qarabağla bağlı təklif etdiyi həll variantlarında əsas istəyinin nə olduğu da bəllidir. Bu variantlar ilk baxışdan Azərbaycan üçün cəlbedici görünə bilər, ancaq strateji baxımdan hamısı bizim əleyhimizədir. Prezident İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini şübhə altına alacaq hər hansı sazişə qətiyyən razılıq verməz. Əksinə, o, hamıdan yaxşı anlayır ki, gec-tez, bu problemi birdəfəlik Azərbaycanın lehinə həll etmək imkanı yaranacaq. Sadəcə, ölkəni məhz həmin o ana hazırlamaq lazımdır.ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.