"Təkcə icra başçılarının həbsi olmayacaq, həm də..." - Sərdar Cəlaloğlu

28-02-2020, 23:18           
"Təkcə icra başçılarının həbsi olmayacaq, həm də..." - Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-ın suallarını cavablandırıb.

Mia.az həmin müsahibəni təqdim edir:

- Sərdar bəy, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticlərini necə qiymətləndirirsiniz?

- Növbədənkənar parlament seçkiləri bizim proqnozlarımıza uyğun keçdi. Biz seçkilərdən əvvəl demişdik ki, misli görünməmiş qanun pozuntuları olacaq.

- Belə bir gözləntiniz var idisə, nədən seçkilərə qatılmışdınız?

- Çünki əvvəlki seçkilərdə hakimiyyət bütövlükdə qanun pozuntularında iştirak edirdisə, bu dəfə iqtidarın bir qanadı seçkilərin demokratik keçirilməsinin tərəfdarı idi və saxtakarlığa qarşı demək olar ki, bizimlə paralel mübarizə apardı. İqtidarın konservativ qanadı isə qanun pozuntularını məqsədli şəkildə nümayişkəranə, kobud şəkildə həyata keçirdi. Məqsəd Qərblə Azərbaycanın arasında uçurum yaratmaq, Rusiyanın mövqelərini gücləndirmək idi. Azərbaycan Qərbə inteqrasiya yolunu tutmuşdusa, demokratik seçki keçirməli idi. Buna imka vermədilər. Təsadüfi deyil ki, Qərbin nüfuzlu media quruluşlarında 9 fevral seçkilərinin qeyri-demokratik keçirilməsi manşetlərə çıxarıldı. Beləliklə, həm Azərbaycanın Qərbə inteqrasiyasına əngəl törədildi, həm də Qarabağ problemi ilə bağlı müzakirələrdə arqumentlərimiz zəiflədi.

Bu seçkilər həm də onu sübut etdi ki, əhalinin 90 faizi siyasi sistemə etibar etmir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərinə maraq yoxdur.

Bundan başqa, məlum oldu ki, Azərbaycan hakimiyyətində ziddiyyətlərin olması barədə iddialar əsassız deyil. Məsələn, aydın oldu ki, ölkə başçısı normal keçirmək istəyir, amma buna qarşı çıxan qüvvələr var. Bu seçkilərdən sonra islahatlara inanan, ölkədə təkamül yolu ilə dəyişikliklərin tərəfdarı olanların arqumentləri zəiflədi. İnqilab tərəfdarlarının mövqeyi isə gücləndi.

- İndiki halda çıxış yolunu nədə görürsünüz?

- Hesab edirəm ki, indiki halda yeganə yol seçkilərin nəticələrini ləğv edib yeni seçkilər təyin etmək, saxtakarlıq edənləri isə cəzalandırmaqdır. Bunu etmək mümkündür.

- Sizcə, Konstitusiya Məhkəməsi nəticələri ləğv edə bilər?

- Əgər hakimiyyətdəki demokratik güc, Qərbə inteqrasiyanın tərəfdarları mövqelərini gücləndirsə, yerli və beynəlxalq dəstəyi olsa, o zaman yeni seçkilər keçirilə bilər. Konstitusiya Məhkəməsinə gəlincə, bu qurumun nəticələri ləğv edəcəyinə inanmıram. Çünki Konstitusiya Məhkəməsi konservativ qüvvələrdən təşkil olunub.

- Hakimiyyətdə islahatçı komandanın olması barədə çox danışılır. Amma cəmiyyətdə bununla bağlı müəyyən şübhələr də var. Hesab edirlər ki, bu sadəcə cəmiyyəti ümidləndirmək üçün düşünülmüş plandır.

- Hakimiyyət o qədər vəd verib yerinə yetirməyib ki, indi həqiqətən də müsbət iş görmək istəyəndə insanlar buna inanmır, ən yaxşı halda şübhə ilə yanaşırlar. Amma indiki halda proseslər də göstərir ki, iqtidar daxilində yenilənmənin tərəfdarı olan qüvvələr var.

- Hansı prosesləri nəzərdə tutursunuz?

- Məsələn, hakimiyyətdə kadrların dəyişdirilməsi, qruplaşmaların bir-birlərini ifşa prosesi.
Baxın, konservativ qüvvələr növbədənkənar parlament seçkiləri ideyasına zərbə vurdu. Buna cavab olaraq islahatçı komanda icra hakimiyyətlərində əməliyyatlara başladı. Bu əməliyyatlar məhz seçki saxtakarlığına cavab idi və hesab edirəm ki, proses davam edəcək.

- Yəni, qarşıda daha bir neçə icra başçısının həbsinin şahidi olacağıq?

- Bəli və proses təkcə həbslərlə müşaiyət olunmayacaq. Elələri var ki, işdən çıxaracaqlar. Əslində, bu prosesə seçkilərdən əvvəl başlasaydılar, daha yaxşı olardı. Çünki Prezidentin iradəsinə zidd olaraq seçkilərə məhz yerli icra hakimiyyətləri müdaxilə etdilər. Ona görə də əvvəlcə onların qarşısını almaq lazım idi.

- Bəs niyə bu baş vermədi?

- Fikrimcə, ölkə başçısının ətrafında olanlar ona məsələləri təhrif olunmuş formada çatdırırlar. Yaxud, məsələləri yanlış şərh edirlər. Nəticə də belə olur.

- Yəni deyirsiniz ki, Prezident yaxşıdır, ətrafı pis...

- Burada başqa məqamlar da var. Məsələn, seçkidən əvvəl demişdim ki, əgər hakimiyyət siyasi islahatlar aparmaq istəyirsə, müxalifətə münasibətini dəyişməlidir. Amma bu baş vermədi. Çünki konservativ düşüncə var. Təsəvvür edin, dünənə qədər müxalifətlə düşmən münasibətdə olan hakimiyyət bu gün birdən-birə180 dərəcə dəyişir. Bu əlbəttə ki, o qədər də asan deyil. Amma böyük liderlər bunu bacarmalıdır. Mən mütəmadi olaraq Misirin mərhum prezidenti Camal Əbdül Nasiri misal çəkirəm. O, hakimiyyətə gələndə kommunistləri edam edirdi. Sonradan Israillə problemlər yarananda, ölkədə vəziyyət pisləşəndə kommunistlərlə əməkdaşlıq etdi. Yaxud İranda dindarlar hakimiyyətə gələndə "tudəçi"lərlə əməkdaşlıq edirdi. Halbuki "tudəçi"lər onların başlıca düşməni idi.

Yəni, kardinal dəyişikliklər üçün ənənəvi düşmənlərə və dostlara münasibət dəyişməlidir. Bu baş vermədiyinə görə də ciddi dəyişikliklər olmadı. Doğrudur, müəyyən addımlar atıldı, amma bu, proseslərin idarə edilməsi üçün yetərli deyildi.

- Hesab edirsiniz ki, islahatlar dalana dirəndi?

- İslahatın mərkəzi parlament olmalıdır. Amma parlamentdə heç bir yeniliyin şahidi olmadıq. Parlamentdə milli, Qərbə inteqrasiya tərəfdarı olan qüvvələr yoxdur. 3-5 nəfər var, onlar da ciddi fəaliyyət göstərə bilməyəcək. Əksinə, parlamentdə Rusiyaya xidmət edən qüvvələr çoxluq təşkil edir.

- Belə mülahizələr səslənir ki, Milli Məclis növbəti dəfə buraxıla bilər...

- Ən doğru yol budur. Əgər hakimiyyət dəyişiklik istəyirsə, o zaman mütləq Milli Məclisi buraxıb, cəmiyyətdəki qüvvələr nisbətinə uyğun parlamentin formalaşmasına şərait yaratmalıdır. Ölkədə sabitliyin yeganə yolu parlamentin cəmiyyətdəki müxtəlif siyasi qüvvələrdən təşkil olunmasıdır.

- Əks halda Azərbaycanı hansısa təhlükə gözləyir?

- Əlbəttə. Fveralın 9-da keçirilən seçkilərdən sonra inqilab tərəfdarlarının arqumentləri güclənib. İnsanlar da daha çox onların dediyi yola meyl edir. Bu isə ölkədə kataklizmlərə səbəb ola bilər.

Açığı sizə deyim ki, ərəb inqilablarından sonra müsəlman dövlətləri ilə bağlı aparılan siyasətə baxsaq görərik ki, bu ölkələrin hamısında demokratiya adı altında destablizasiya prosesinə start veriblər. Bu İraqda da belədir, Suriyada da, Yəməndə də. İran və Türkiyəni də bura qoşmaq istədilər, amma alınmadı. Bu proses Azərbaycana da sirayət edə, Rusiya ilə Qərbin maraqlarının toqquşması fonunda ölkəmiz poliqona çevrilə bilər. Diqqət edin, İdlibdə Rusiya-Türkiyə münasibətlərində gərginlik yaranan kimi Azərbaycanda seçkilər saxtalaşdırldı.

- Ciddi şəkildə hesab edirsiniz ki, bu iki olay arasında əlaqə var?

- Bu yüzdəyüz belədir. Türkiyənin başını orada qatdılar, Azərbaycanda da isə ona ən böyük zərbəni vurdular. Baxın, Türkiyə ilə əlaqələrin daha da möhkəmlənməsinin tərəfdarı olan bircə nəfər də parlamentə buraxılmadı. Bundan böyük nə zərbə ola bilər ki?!

Azərbaycanda baş verən siyasi proseslər Rusiyanın nəzarəti altındadır. Şəxsən mən İlham Əliyevin dəyişiklik istədiyinə səmimi şəkildə inanıram. O, həqiqətən də normal seçki keçirməyin tərəfdarı olub və bu gün də tərəfdarıdır. Fərqindədir ki, ölkədə vəziyyət olduqca ağırdır. Tezliklə siyasi islahatlar həyata keçirilməsə, nə iqtisadi, nə də sosial sferada islahat aparmaq olacaq. Biz bəzən iqtidarı o qədər ittiham edirik ki, onların az da olsa xalqı düşündüyünü qəbul edə bilmirik. Bu da yanlış düşüncədir.

- İndiki durumda müxalifət hansı addımları atmalıdır?

- Azərbaycan iqtidarı hansı vəziyyətdədirsə, müxalifət də o vəziyyətdədir. Müxalifət nə qədər deqradasiyaya uğrayıbsa, bir o qədər də iqtidar uğrayıb. Dünyanın ən güclü müxalifəti hardadır? ABŞ-da. Ona görə də dünyanı ən güclü iqtidarı da ABŞ-dadır və bu ölkə dünyanın supergücüdür. Deməli, iqtidarla müxalifətin gücü dövlətin gücüdür və bu güc paralel inkişaf edəndə dövlət daha da güclənir. Beləliklə, Azərbaycan müxalifətinin bu vəziyyətdə olması Azərbaycan dövlətinin həddən artıq bərbad olduğunu göstərir. Təsəvvür edin, Azərbaycan məktəblərində Konstitusiyaya zidd olaraq rus sektoralrı açılır. Azərbaycan uşaqlarına rus dilində təhsil verirlər. Halbuki bu Konstitusiya ilə qadağandır. Çünki Azərbaycanın dövlət dili rus dili deyil. Bu baxımdan, dövlət müəssisəsində rus dilində təhsil keçə bilməzlər. Hə, özəl məktəb açıb orada rus dilində təhsil verə bilərlər. Yaxud rus dilini xarici dil kimi tədris etmək olar. Amma dövlət məktəblərində rus dilində təhsil vermək, bunun üçün Rusiyadan kitablar, bəzi hallarda müəllimlər gətirmək, Azərbaycanda rus vətəndaşı yetişdirmək deməkdir. Bu da müstəqillik üçün zərbədir. 15-20 ildən sonra Azərbaycanda 150-200 min rusdilli adam görəcəksiniz. İstər Milli Azadlıq hərəkatı dövründə, istərsə də sonrakı dövrlərdə bu rusdillilər həmişə Rusiyanın maraqlarını müdafiə edib. Cümhuriyyət dövründə də belə olub. Əliheydər Qarayev, Ayna Sultanova kimi adamlar Rusiyanın maraqlarını müdafiə edərək Azərbaycanı bu ölkənin nəzarətinə verdilər. Eyni proses indi də davam edir.

- Bu gün müxalifət düşərgəsində mitinq müzakirələri gedir: Lökbatan, yoxsa şəhərin mərkəzi. Sizin bununla bağlı mövqeyiniz necədir? Yuxarıdaki, sualı da bir daha təkrarlamaq istəyirəm: Müxalifət mövcud vəziyyətdə hansı addımlar atmalıdır?

- Əgər mitinqlər zəruridirsə, iqtidarın hansı qərarı verməsindən asılı olmayaraq aksiya keçirilməlidir. Əgər müraciətdə aksiyanın yeri və vaxtı göstərilibsə, burada qeyri-qanuni heç nə yoxdur. Bu məsələdə qanunsuzluğu iqtidar edir. Yox əgər bu mitinqlər zəruri deyilsə, keçirilməsinin əhəmiyyəti yoxdur.

- Sizcə, mitinqlərə zərurət var?

- Xeyr. Mitinqlər bu gün zəruri deyil. Bu dəqiqə seçki saxtakarlığının növbəti mərhələsinə qədəm qoymuşuq. Bütün şikayətlər məhkəmə instansiyalarına verilməlidir, 125 dairə üzrə. Mitinqlə nəyə nail olcaqlar ki? Onsuz da bütün dünya bilir ki, bu seçkilər şəffaf keçirilməyib. Bununla bağlı beynəlxalq təşkilatların hesabatları var, nüfuzlu media orqanları bu barədə yazıb və s. Bütün bunlardan sonra axı sən bu mitinqlə nə edəcəksən? Hə, əgər seçkidən sonrakı dövrün demokratik olması barədə illüziya yaratmaq istəyirsənsə, bu başqa məsələ. Məzahir Pənahov deyir ki, mən MSK-nın qabağında mitinq edənlərə təşəkkür edirəm. Polis də düz eləmir, müdaxilə edir. Bu, nə deməkdir? Bu o deməkdir ki, bu mitinqlər elə Məzahir Pənahova lazımdır.

- Bəy, bir tərəfdən deyirsiniz ki, seçkilərdə total saxtakarlıq baş verib, digər tərəfdən buna etirazı qəbul etmirsiniz.

- Qardaşım, qanunsuzluğun həlli harada olur? Qanun pozulanda hara müraciət edirlər?

- Məhkəmləri nəzərdə tutursunuzsa, bəzi namizədlərin təqdim etdiyi faktlar orada da nəzərə alınmadı. Hətta məsələn, Bəxtiyar Hacıyevi günahkar çıxardılar ki, qanun pozuntuları ilə bağlı videofaktlar qarşı tərəfin razılığı olmadan qeydə alınıb...

- Hə də. İndi sübut etməlisən ki, məhkəmələr də Konstitusiyaya uyğun fəaliyyət göstərə bilmir. Yerli məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət etməlisən.

- Yəni, bu kütləvi etiraz aksiyalarından daha effektiv üsuldur?

- Bəli. Bu gün ən effektiv mübarizə üsullarından biri hüquqi prosedurlardır. Bundan başqa, mən təklif etmişəm ki, xalq parlamenti yaradılmalıdır.

- İkinci İctimai Palata yaratmaq?

- İctimai Palata əvvəlcə namizədlərin birliyi idisə sonradan müxalifətin birliyi formatına keçdi. Mən isə rəmzi parlamentdən danışıram. Orada namizədlər təmsil olunmalı və alternativ parlament kimi fəaliyyət göstərməlidir. Biz orada xalqın maraqlarına uyğun olan layihələr qəbul etməli, daha sonra qanunvericlik təşəbbüsü hüququndan istifadə edərək bu layihələri Milli Məclisə təqdim etməliyik. Ən azı xalq bilməlidir ki, onun maraqlarını ifadə edən qanunlar necə olmalıdır. Həm də bu, deputat olmaq istəyənlər üçün bir təcrübədir. Adamlar bilər ki, parlamentdə necə çıxış etmək lazımdır, parlamentin səlahiyyətlərinə nələr daxildir və s.

- Bəy, dünyada koronavirus panikası yaşanır. Artıq bu təhlükə Azərbaycanın sərhədlərinə də yaxınlaşıb. İranda 19 nəfər dünyasını dəyişib. Dövlət qurumlarının preventiv tədbilərini qənaətbəxş hesab etmək olarmı?

- Əvvəla, koronavirusla bağlı yayılmış məlumatlar təhrif olunub. Koronavirus ilk dəfə 1961-ci ildə aşkarlanıb. İndiki virus onun yeddinci ştampı, xüsusiyyətidir. Bunun çox təhlükəli forması 1966-cı ildə qeydə alınıb. Həmn vaxt Avropada 20 milyon insan dünyasını dəyişib. Sonradan dərmanını tapıblar və epidemiyanın qarşısı alınıb. Koronovirusun formalarına müxtəlif adlar veriblər. "donuz qripi", "quş qripi" də koronavirusun ştamplarıdır. İndi yayılan ştamp ancaq quşlarda və donuzlarda olurdu. Amma artıq insanlara da keçməyə başlayıb. Digər tərəfdən, hələ ki, bunun müalicəsi tapılmayıb. Hay-küy də buna görədir. Yoxsa nə ölənlərin, nə də yoluxanların sayı faciəvi həddədir.

Panikaya düşmək lazım deyil. Panika bu xəstəliyi daha da gücləndirir. Çünki adam panikaya düşəndə bədən müqaviməti zəifləyir. Təmiz havada çox olmaq, gigiyenik qaydalara riayət etmək, əl-üzü tez-tez yumaq, buruna duzlu su vurmaq lazımdır. Həmçinin immuniteti gücləndirən qidalar qəbul edilməlidir. Üzmək, deyib-gülmək də immuniteti gücləndirir. Bu virusun İranda, Çində niyə geniş yayılmasının bir səbəbi də cəmiyyətdəki bədbinlikdir. Vətəndaşlarımız bilməlidir ki, dünya malına görə, yaxud başqa səbəblərdən nə qədər kədərlənirlərsə, sağlamlıqlarına bir o qədər ziyan vururlar. Ümumilikdə ciddi təhlükəli nəticələr qeydə alınmayıb. Cəmi 2000 adam olub. Hə nə olsun, Azərbaycanda avtoqəzadan hər gün az qala 100 adam ölür.

Dövlət qurumlarına gəlincə, Allah uzaq eləsin epidemiya başlasa qabağını ala bilməyəcəklər. Əlacımız odur ki, başqa dövlətlər tədbirlərini görsünlər, biz də arada sağ-salamat qalaq. Türkiyə sərhəddi bağlasın, İran bağlasın, bizimki də avtomatik bağlanır.

- Yeri gəlmişkən, sərhədlər niyə bağlanmır sizcə?

- Azərbaycanda vəziyyət olduqca ağırdır. Sərhədlərin bağlanması milyardlarla manat zərər deməkdir. Məsələn, Çin iqtisadiyyatını ABŞ çökdürə bilmədi, amma koronavirus çökdürür. Zavodlar, fabriklər dayanıb. Küçəyə çıxmaq yasaq edilib. Bu iqtisadi kataklizmdir.

Azərbaycan hökuməti də İranla sərhədi bağlasa iqtisadi krizis yaranacaq.

- İranda da vəziyyət təhlükəlidir axı...

- İndi ya camaat acından ölməlidir, ya da koronovirusdan.

- Deyirsiniz, koronavirsudan ölmək daha yaxşıdır?

- Elə demirəm. Sadəcə deyirəm ki, təhlükəni şişirtmək lazım deyil. İtaliyada 12 nəfər, İranda 19 nəfər ölüb. İtaliya ilə heç kim sərhəddi bağlamayıb. Amma İranla, Çinlə bağlayıblar. Burada həm də siyasi motiv var. Rusiyada da aşkar edilsə, oranın da sərhədləri bağlanacaq. Başqa bir səbəb odur ki, İtaliyada, Fransada səhiyyə güclüdür. İranda, Çində isə əksinə. Ona görə Avropa ölkələrilə sərhədləri bağlamağa ehtiyac görmürlər.

- Deyirsiniz, İranda Avropadakı kimi güclü səhiyyə yoxdur. Azərbaycana gəlincə, vətəndaşlar İrana, Səhiyyə naziri isə Avropaya müalicəyə gedir. Bu vəziyyətdə sərhədləri də bağlamaq iqtisadi krizis yaradacaq. Bəs biz nə edək?

- Biz Allahın ümidinə qalmışıq. Allah saxlamasa, qırılıb gedəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.