“Tək nəfəsliyimiz İran bazarı idi...” - yeni problemlə üzləşən Biləsuvardan reportaj
29-02-2020, 10:24
Rayonun əsas qazanc yeri olan qonşu ölkə bazarı ilə sərhədin bağlanması vəziyyətə təsir edib; bölgə bərbad gündə - büdcə pulları hara gedib?..
Biləsuvar rayonunun adı indi tez-tez çəkilir. Əgər İranda koronavirus yayılmasaydı, sərhəd bölgəsi də yada düşməzdi. Hətta deyərdik ki, Azərbaycanın ən unudulmuş, baxımsız rayonu elə Biləsuvardır.
Bakıdan cəmi 1 saat 15 dəqiqəlik yol olan Biləsuvar üçün bəlkə də bir fürsət yaranıb: koronavirusa görə sərhəd qapısı ölkənin baş gündəmidir deyə, bu rayonun problemlərini də yuxarıların diqqətinə çatdırmaq vaxtıdır.
Biz İranla sərhəddən reportaja gedəndə rayonun içərisindən keçmişdik. Biləsuvarın mərkəzini görməmiş sərhəd keçid-məntəqəsinə getmək olmur. Rayonun hələ mərkəzi bu vəziyyətdədirsə, kənarları təsəvvür etmək mümkündür. Baxan deyər, bir də baxmayım...
Hətta uzaq Lerik, Yardımlı, cənub zonasının İranla ən yaxın sərhəd şəhəri olan Astara rayonları bu gündə deyil. Bakıdan gedəndə Salyandan bir az sonra gələn Biləsuvar isə deyərsən ki, yaddan çıxmış, viran qoyulmuş, baxımsız bir qəsəbədir. Küçələr natəmiz, zir-zibil içində, dağınıqlıq, nizamsızlıq, sellofanlar havada uçuşur, hər yan tör-töküntü... kəsəsi, baxımsız, abadsız bir rayondaydıq.
Biləsuvarın küçələrinin tör-töküntülüyü kimi yolları da bərbad vəziyyətdədir. Bəs son illərdə ayrılan vəsaitlər hara gedib?
Nəzərə alsaq ki, prezidentin sosial iş yerləri çərçivəsində ayrılan kartlar var. Onda küçələri təmizləməyən, “ölü can” kimi saxlanan işçilərin maaş kartı kimlərin cibindədir? Ən azı yaxın keçmişdə Ağstafa və Neftçala icra başçılarının həbsi həmin kartların kimlərin seyfində olduğunu aydınlığa çıxarmışdı. Di gəl ki...
Gəl ki, Biləsuvar Rayon İcra Hakimiyyətini və başçısı Mahir Quliyevi rayonun acınacaqlı vəziyyətdə olması narahat etmir. Heç olmasa, mərkəzi yerləri “gözə kül üfürmək” məqsədilə bəzəmək, əl gəzdirmək olardı.
Sakinlər deyirlər ki, zibil qutuları yox, abadlıq-quruculuq işləri getmir, son illərdə Biləsuvarda heç bir yenidənqurma olmayıb. Ümumiyyətlə, Biləsuvar bir kəndi xatırladır. Rayonda inkişaf getməyib. Məsələn, fevralın 17-də Biləsuvar İH-də keçirilən rəsmi yığıncaqda ötən ilin hesabatı dinlənilib.
İcra başçısı bəyan edib ki, keçən il hər şey yaxşı olub, bütün layihələr icra edilib. Reallıqda müşahidələrimiz isə belə deməyə əsas yaratmırdı. Sakinlərin narazılıqlarını da üstünə gəlsək, M.Quliyev ayrı-ayrı qurumların gördüyü layihələri öz adına çıxarıb.
İnsanlar isə yol, su-kanalizasiya problemlərindən, torpaqların yağmalanması ilə bağlı özbaşınalıqlardan şikayətçidir. Sakinlərin dediyinə görə, Biləsuvarın icra başçısı Cəlilabad, İmişli və s. regionlardan olan ayrı-ayrı məmurlara camaatın torpaqlarını satıb. Deyilir ki, Cəbrayılın keçmiş başçısı Mahmud Quliyev də zamanında Mahir Quliyevdən xeyir görüb. Ona da hektarlarla torpaq satılıb.
Bütün bunlar əndazəni aşıb, İmişlidə, Cəlilabadda məmurların adlarına torpaq sahələri sənədləşdirilib, kəndlərdə əhalinin hüquqları pozulub. Öyrəndik ki, torpaqları zəbt etmiş məmurlar arasında ayrı-ayrı rayonların maliyyə rəisləri, idarə müdirləri, icra nümayəndələri var.
Sakinlər danışır ki, 25 min hektara yaxın əkin və otlaq sahələri biləsuvarlıların əlindən alınıb. Bu torpaqlardan 800 hektar sahədə rayon rəhbərliyinin taxıl əkdirdiyi söylənir.
Biləsuvarda son vaxtlarda təzə iş yerləri də açılmayıb. Hətta iaşə obyektləri azlıq təşkil edir. Bəzi regionlarda heç olmasa geyim dükanlarında, kafelərdə işə düzələnlər olur. Aqrar bölgə olan Biləsuvarda isə torpaqlar peşkəş olunub deyə, kənd təsərrüfatı məhv edilib, rayonun özündə də bir iş yoxdur. Rayon mərkəzində ürəyin istəyən qədər taksi sürücüsü görmək olar. Onlar Bakıya və İran sərhədinə müştəri daşımaqla dolanırlar.
Sonuncu ünvan isə üzlərinə tamamilə qapanıb. Nə İrana gedən var, nə də İrandan gəlib Bakıya yola düşən. Yəni onsuz da sosial şəraiti ağır olan Biləsuvarın yeganə qazanc yeri, nəfəsliyi İran bazarı idi, o da koronavirus ucbatından dayanıb. Sakinlərin dediyinə görə, əksəriyyət İranın Biləsuvar şəhərinə gedib bazarlıq edərdi.
“İranda ucuzluq idi. Hamı oradan mal daşıyırdı. Kimisi evinə bazarlıq edirdi, buradakı qiymətlərlə yarı fərqi vardı, kimisi gətirdiyini satıb dolanırdı. Sərhəd bağlanıb, heç nə alıb gətirmək olmur, Biləsuvarda da iş yoxdur. Cavanların çoxu Rusiyaya gedib, burada əkin-biçin üçün imkan yoxdur, bircə İran bazarı qalmışdı, o da belə getdi...”, - deyə rayon sakinləri bildirirlər.
Onların sözlərinə görə, qarşıdakı aylarda İranla sərhədin açılması gözlənilmir, üstəlik, koronavirusdan qorxu səbəbindən əhali xeyli müddət qonşu dövlətin bazarlarına getməyəcək. Biləsuvar camaatı sosial vəziyyətin çətinləşəcəyini güman edir. Onlar rayonda iş yerləri olmamasına görə narazılıq edirlər: “Biləsuvara baxılmır. Bizim rayon rəhbəri özünə işləyir. İndiyə qədər bizim üçün bir iş görməyib. Heç onun qəbuluna da düşmək olmur. Hər həftə Bakıda olur. Millət birtəhər İran bazarlarından ərzaq, mal-məmulat daşıyıb dolanırdı, o da əldən çıxdı...”
“Yeni Müsavat”ın Reportyor Qrupu,
Biləsuvar