Soyqırım abidəsinin açılışında nələr olmuşdu? – “Allah sizi çöllərə salsın...”- Sabiq icra başçısı İsgəndər Həmidovdan danışdı “Allah sizi çöllərə salsın...”- Sabiq icra başçısı İsgəndər Həmidovdan danışdı

1-03-2020, 00:23           
Soyqırım abidəsinin açılışında nələr olmuşdu? – “Allah sizi çöllərə salsın...”- Sabiq icra başçısı İsgəndər Həmidovdan danışdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli-Azadlıq Hərəkatının liderlərindən biri, Elçibəy hökumətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Elçibəy hakimiyyəti dövründə Xətai rayon İcra Hakimiyyətinin başçısı olan Zəlimxan Məmmədli İsgəndər Həmidovla bağlı xatirələrini Cebhe.info ilə bölüşüb.

Zəlimxan Məmmədli deyib ki, İsgəndər Həmidov sadə olduğu qədər də, mürəkkəb adam olub:

“İsgəndər Həmidov biçilmiş, rəndələnmiş siyasət üçün deyildi. O, dəli-dolu, savaş, meydan adamı idi. İsgəndər Həmidov bütün ömrü boyu, daxili işlər naziri olanda da, Qarabağ savaşlarında da, adi bir auditoriyada çıxış edəndə də hökmən rəndələnmiş sözlərdən yox, birbaşa kəsərli çıxışlar edərdi. Bu gün Xocalı Soyqırımının ildönümüdür. Bu abidənin açılışı yadımdadır. Həmin gün İsgəndər Həmidov da abidənin açılışında iştirak edirdi. Mən giriş nitqi söylədim, meydanda daha çox xocalılılar vardı. Çıxış edəndə gördüm ki, insanlarda göz yaşı var, analar, bacılar ağlayırlar. Mən orada bir ifadə işlətdim. “Allah səbr versin”, - dedim. Məndən sonra İsgəndər Həmidov çıxış etdi. Bilirdim ki, İsgəndər Həmidov qeyri-standart çıxış edəcək. Dedi ki, Allah sizin səbrinizi əlinizdən alsın, sizi dəli edib çöllərə salsın. O, çıxışında “Bu gün söz verirəm ki, Xocalının qisasını alacağam”, - dedi. Təbii ki, bunun siyasi cəhətdən doğru olmadığını düşündüm və dostlara da dedim ki, qəzetlərin manşetləri bununla bəzənəcək. Həqiqətən elə də oldu. Qəzetlər yazdı ki, daxili işlər naziri etnik kimliyə görə qisas alır, bir maşın erməni başı ilə. İsgəndər Həmidov bütün hallarda bir milli, türk, Bozqurd hərəkatını Azərbaycana gətirən adam idi. Təbii ki, onunla bağlı da fərqli mövqeyim var. Bir dəliqanlı olaraq əgər İsgəndər Həmidov meydandadırsa, deməli, orada bir savaş, zəfər olacaq”.

Z.Məmmədli sonda atasının İsgəndər Həmidovla bağlı dediklərini səsləndirib:

“Sonda bir xatirəmi də demək istəyirəm. Atam rəhmətlik İsgəndər Həmidov istefa verəndə dedi ki, o, dəli-dolu adam idi, əgər getdisə, deməli, Elçibəyi yıxacaqlar. Məntiq etibarı ilə bu küçə psixologiyasına hesablanmış məsələdir ki, məmurlar, oğrular İsgəndər Həmidovdan qorxardılar. Əgər o da götürüldüsə, ütülü bir nazir gələcəksə, deməli, dövlətin əleyhinə olanlar baş qaldıracaq. Atamın dediyi düz oldu. Allah rəhmət eləsin! Ruhu şad olsun! İsgəndər Həmidov adi adam olmadı. Onun haqqında hələ çox yazılacaq”.

Vilayət Muxtar
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.