"Bəzən Putin özü demək istədiklərini onun dilindən səsləndirir..."
1-03-2020, 10:45
"Rusiya ilə Türkiyənin münasibətləri bundan sonra düzəlməyəcək, Putinlə bir araya gəlmənin də mənası olmayacaq"
Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında Rusiya-Türkiyə münasibətlərinin mövcud durumu haqqında maraqlı şərh verib:
"Bir az əvvəl Rusiyanın TVЦ televiziyası ilə Rusiya - Türkiyə münasibətlərinə Suriya probleminə həsr olunmuş bir verilişə baxırdım. Rusiyanın tanınmış şovinist politoloqlarından olan Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Şatanovski qonaq olaraq dəvət olunmuşdu. İdlibdə Türk əsgərlərinə qarşı edilmiş hücumdan sonra Rusiyanın mövqeyinin dəyişməyəcəyinə və imperialist planların davam edəcəyinə inandım. Daha öncə də əslində Türkiyə ilə münasibətlərdə Rusiyanın səmimi olmadığını Kremlə yaxınlışı ilə bilinən bu şəxsin dilindən səsləndirildi. O deyir ki, Rusiya üç imperiyaya sahib olub - Romanovlar, Stalin hakimiyyəti və indi Putin. Və biz Biznas imperiyasının varisiyik. İstanbula iddiamızı ortaya qoymalıyıq. Türkiyə NATO-ya güvənir, amma son anda NATO Türkiyəyə dəstək verməkdən imtina edir. Baxın sərhədlərini açıb Avropanı şantaj edir... Aramızda olan AES tikinti anlaşması ləğv olunsa daha yaxşı olar. 16 milyardı öz iqtisadiyamıza qoyardıq... Ərəb ölkələrinin heç biri Türkiyəni sevmir, Rusiya ilə isə onların heç bir problemi yoxdur. İsrail Ərdoğana görə Türkiyənin yanında ola bilməz... Bax belə...hər zaman ruslara güvən olmaz demişik... Bu da onun təsdiqi. Xatırladım ki, Şatanovski Kremlə yaxın şəxsdir, bəzən Putin özü demək istədiklərini onun dilindən səsləndirir. Bu proqramdan sonra adama belə gəlir ki, Rusiya ilə Türkiyənin münasibətləri bundan sonra düzəlməyəcək. Putinlə bir araya gəlmənin də mənası olmayacaq. Türkiyə ümumiyyətlə Rusiya ilə siyasətinə ciddi korrektələr etməlidir".