“Putinlə Ərdoğan razılığa gələ bilməsələr...” – Politoloqdan sensasion proqnoz
5-03-2020, 08:45
Teleqraf.com AMEA-nın Fəlsəfə İnstitunun professoru, politoloq Əli Abbasovla müsahibəni təqdim edir:
- Əli müəllim, Suriya son vaxtlar yenidən müxtəlif ölkələrin hərbi poliqonuna çevrilib. Burada faktiki olaraq Türkiyə ordusu savaş aparır, İran tərəfindən dəstəklənən qüvvələr türklərə qarşı döyüşür, Rusiya aviasiyası Əsəd rejiminə hava dəstəyi verir. Bir sözlə, müharibə davam edir. Hazırkı durumu necə dəyərləndirirsiz?
- Türkiyə Suriyada konkret olaraq, öz maraqlarını qoruyur. Rusiya coğrafi baxımından Suriyadan çox uzaqdır və buna görə demək olmaz ki, ruslar orada öz ərazi bütövlüyü, qaçqın axınına məruz qalmaması üçün iş aparır. İran Suriyaya bir qədər yaxın olsa da, əslində Tehran ABŞ-la ziddiyyətlərə görə oradadır. Üstəlik, Suriyada ABŞ-ın kiçik də olsa, hərbi kontingenti mövcuddur.
İraqda bir neçə bazaları qurulub. Yəni ABŞ da Suriyada var. Əslində sizə deyim ki, indi Suriya bir nömrəli yoldur. Əgər sabah müharibə başa çatsa, neft və qaz kəmərləri Suriyadan geçəcək. Bu halda bilinməlidir ki, Suriyada kim ağalıq edir. Bu ağalığa Rusiya da, Amerika da, elə qardaş Türkiyə, hətta İran da iddia edir.
Hazırda Suriya ilə yanaşı daha bir proses izlənilir. Bir müddət əvvəl ABŞ nüvə sazişindən imtina etmişdi, sonra Rusiya da məcbur qalıb müqavilədən çıxdı. İndi tərəflər yeni bir nüvə sazişi imzalamağa razılaşıblar və bu prosesdə 5-6 dövlətin iştirakı gözlənilir. Yəni yenidən nüvə sazişinin imzalanması gözlənilir.
Əslində Avropa Birliyi (AB) daxil olmaqla bütün maraqlı mərkəzlər çalışırlar ki, Suriyada özlərinə sərf edən siyasət həyata keçirsinlər. Türkiyənin vəziyyəti isə bir qədər fərqlidir. Faktiki olaraq, Suriyadan Türkiyəyə qaçan miqrantların sayında durmadan artım müşahidə olunur. Hazırda Türkiyədə 3 milyondan çox qaçqın var. Nəhayət, Türkiyə Suriyadan çıxarsa, boş qalan ərzilərdə yenidən PKK-YPG qüvvələri möhkəmlənə və Türkiyə istiqamətli terror aktlarına başlaya bilər. Real vəziyyət budur. Rusiya da istəyir ki, nəinki Suriyada, hətta Afrikada da nüfuzunu yaysın. Bu mənada dayanmadan işlər görür. Liviyada müşahidə olunan türk-rus qarşıdurması da bunun göstəricisidir.
- Vəziyyət bu şəkildə nə qədər davam edəcək?
- Mən hesab edirəm ki, iki prosesi izləmək lazımdır.
Birincisi, İranla yeni saziş bağlanması və İranın sanksiyalardan yaxa qurtarmaq istəyidir.
İkinci proses bu günlərdə Rusiya və Türkiyə prezidentlərinin görüşüdür. Görüşdə Suriya məsələsi müzakirə olunacaq.
Hesab edirəm ki, bu iki prosesi diqqətlə izləmək lazımdır.
- Hazırda türk ordusu İdlib ətrafında Bəşər Əsəd qüvvələrinə ciddi zərbələr endirir. Bu hərbi aktivlik hansı həddə qədər davam edə bilər?
- Türkiyə tərəfi elan edir ki, yüzlərlə tank, minlərlə canlı qüvvə, onlarla hava hücumundan müdafiə sistemləri və s, məhv ediblər. Hesab edirəm ki, bu rəqəmlər əslində ümumi rəqəmlərdir. Ola bilsin ki, bundan az və ya bundan çox zərər veriblər. Sözüm odur ki, bunlar konkret deyil, ümumi rəqəmlərdir. Ancaq o başqa məsələdir ki, Türkiyənin başqa çıxış yolu yoxdur və belə addımlar atılmalıdır.
- Hansı səbəblərdən İdlib ətrafında ruslar türklərə dirəniş göstərirlər?
- Bu da maraqlı məsələdir. Əslində tərəflərin hər ikisi Astana sazişinə istinad edirlər. Astanada Türkiyə, Rusiya və İran tərəfindən belə bir saziş imzalanıb. Ancaq qəribədir ki, hər üç dövlət Astana prosesini öz bildiyi kimi, maraqlarına uyğun formada həyata keçirir. Odur ki, bunun da sonu pis olur.
Hesab edirəm ki, Moskvada konkret olaraq Ərdoğan və Putin arasında Suriyanın bölüşdürülməsi məsələsi müzakirə olunacaq. Heç olmasa, hazırkı toqquşma rayonu ilə bağlı razılıq əldə olunmalıdır. Əgər bu bölüşməni iki dövlət təsdiqləyə bilsə, bu, bir variant olacaq. Yox, əgər bu alınmasa və İran da prosesdə rolunu görmək üçün hərəkətə keçsə, artıq bu, başqa proses olacaq. Razılaşma olmasa, Türkiyə daha çox Qərblə əməkdaşlığa üstünlük verəcək. Bu da Rusiyanın maraqlarına uyğun deyil. Yəni doğurdan da mürəkkəb situasiya var.
Ümumiyyətlə, sizə deyim ki, bir dəfə Ankara və Moskva İdliblə bağlı razılaşma əldə edib və bunun nəticəsi olaraq, həmin ərazidə hərbçilər ortaq patrul-müşahidə prosesi həyata keçirib, postlar qurublar. Sonradan bu mexanizm işləmədi. Deməli, yeni plan lazımdır. Bu da Ərdoğan-Putin razılaşması əsasında ola bilər.
- Əslində Rusiya və Türkiyə Suriyanı bölüşə bilərlərsə, nədən ruslar buna getmirlər?
- Ruslar Türkiyənin bu rolunu indiki formada qəbul etmirlər. Bilirlər ki, Türkiyənin mövqeyi qələbə qazansa, sabah Əsəd gedəcək. Deməli, ruslar da Suriyadan getməli olacaq.
- Amma Türkiyə indi əsas şərt kimi Əsəd ordusunun İdlib ətrafından geri çəkilməsini irəli sürür...
- Əslində Suriyada proseslər başlayan kimi türklər birinci gündən deyirlər ki, Bəşər Əsəd hakimiyyətdən getməlidir. Baxmayaraq ki, əvvəllər Əsəd və Ərdoğan münasibətləri yüksək səviyyədə olub. İndi ruslar bilir ki, Türkiyənin nə qədər imkanı olsa, çalışacaq ki, Bəşər Əsəd hakimiyyətdən getsin. Bu həm də Qərb və ABŞ-ın maraqlarına tam uyğundur.
- Hazırda ABŞın bu prosesdəə məqsəd və maraqları nədən ibarətdir?
-ABŞ arzu edir ki, hazırda Türkiyə və Rusiya arasında konfliktə səbəb olan rayon onun nəzarəti altında olsun. Bunun üçün imkanlarından istifadə edir.
Ümumiyyətlə, mümkün deyil ki, Rusiya və Türkiyə dövləti ikisi birlikdə Suriyanı bölüşə bilsinlər. Rusiya və Amerika bu bölüşməni apara bilərlər. Hazırda Moskva və Vaşinqton arasında heç bir saziş yoxdur və olan razılaşmalar da faktiki işləmir. Odur ki, tərəflər ağ kağızdan başlamalıdırlar. Yəni, Suriya və İran məsələsini razılaşıb həll etməlidirlər. Bunlar elə məsələlərdir ki, nə Rusiya Amerikasız, nə də ABŞ Rusiyasız bunun həllinə nail ola bilər. Amma çox güman ki, bu proseslərdə Bəşər Əsəd qurban olacaq.
- Niyə?
- Çünki Əsəd heç kimə lazım deyil. Bu gün Rusiyaya lazımdır və buna görə ruslar Suriyada vuruşurlar. Sabah İran məsələsi həll ediləcəksə və Rusiya Qərblə Suriyada razılığa gələcəksə, bu zaman həm Moskva, həm də Tehran “uf“ demədən Əsədi qurban verməyə hazır olacaq. Sözsüz ki, Suriyada Rusiya üçün vacib olan öz maraqlarıdır. Əsəd vacib deyil. Razılıq əldə ediləcəksə və rusların maraqları təmin olunacaqsa, bu zaman Əsəd tarixin arxivinə gömüləcək.