Nənəmgili zirzəmidən də qovurdular`– Hacı Zeynalabidinin rus nəticəsi: “Həmin kasetdə hər şeyi danışıb” (EKSKLÜZİV+SƏNƏDLƏR)
5-03-2020, 10:12
“Nənəmin səs yazısı olan kaseti verdiyimiz şəxs qəflətən helikopter qəzasında həlak oldu”
“Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər. Bunu nənəm Sara xanım mənə danışıb”
“Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb”
“Nənəmə kömək etməyə yox, muzey eksponatı kimi baxmağa gəlirdilər”
Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar.
HafizTimes.com Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dmitri Sarayev ilə həmsöhbət olub. Dmitri Sarayev babası Hacı Zeynalabidin Tağıyevlə bağlı illərdir ki, gizli qalmış bir çox məqamlara aydınlıq gətirib, ailəsinin fotolarını, nənəsi Sara Tağıyevanın əlyazmalarını da HafizTimes.com-a təqdim edib:
Qeyd edək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Bizim müsahibimiz Dimitri Sarayev Lev Sarayevin oğludur. Uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.
(Sağdakı 2-ci xanım Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadədir)
– Azərbaycan dilində danışa bilirsinizmi?
– Bəli. Amma çox da yaxşı danışa bilmirəm. Elə sözlər var ki, başa düşmürəm.
– Tağıyevin nəvələri – Sara Tağıyevanın oğulları indi harada yaşayırlar, nə ilə məşğuldurlar?
– Nənəm Sara Xanımın bir oğlu Oleq hazırda Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni mənim atam Lev isə hazırda Ryazan şəhərində yaşayır. Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib.
– Onlar Azərbaycana gəlmək istəyirlərmi?
– Əmim Oleq Nikolayeviçin fikirini bilmirəm. Amma atam yaşlandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb.
– Hazırda hansı işlə məşğulsunuz?
– Mən podpolkovnikəm, uzun müddət polis orqanında çalışmışam, indi isə pensiyaya çıxmışam.
– Nənəniz Sara xanım necə bir həyat yaşayırdı?
– Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, ay nənə, nə lazımdır? Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, “Dima, bir bax gör, evin polunu necə yumuşam? Gör, hər yer təmizdirmi?” Deyirdi ki, “Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm”.
Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt həmin kaseti Vəli Məmmədova verib. Nənəm hər şeyi danışmışdı. Daha sonra Vəli Məmmədovun helikopter qəzasında faciəvi şəkildə həlak olduğunu eşitdik. Təəssüf ki, bu gün həmin kaset yoxa çıxıb. Qeyd edim ki, Vəli Məmmədov atamla tez-tez gürüşərdi. O, nənəmə də hər zaman kömək edərdi.
Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə çapdan çıxarım. Çünki, nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm.
Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdıq. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım.
– Siz azərbaycanlısınızmı?
– Xeyr. Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyətimiz rusdur.
– Hacı Zeynalabidin Tağıyev haqqında nələr bilirsiniz?
– Yəqin, Hacı Zeynalabidin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrudur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.
Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabına yemək yeyə bilər.
Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, deyib ki, mənə bir balıq tutun. Barmağındakı üzüyü çıxarı, balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.
Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.
Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb…
– Sara xanımın həyat yoldaşı ilə bağlı danışaq…
– Babamız Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirmiş. Nənəmlə orada tanış olublar. Babam müharibədə həlak olub.
– Nənəniz Sara xanımın övladlarını atıb, Bakıya gəldiyini deyirlər. Bu, nə dərəcədə doğrudur?
– Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı. Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı..
– Bəs atanız, əminiz öz anaları Sara xanımdan inciməmişdilər?
– Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib.
– Bəs siz niyə Azərbaycanı tərk etdiniz?
– Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum.
– Bəs atanız, əminiz nəyə görə getdilər?
– Bu, çox çətin sualdır. Evimiz də var idi. Ayaz Mütəllibovun vaxtında bizə Mərdəkanda bağ da vermişdilər. Elçibəy hakimiyyətə gələndə siyasət bir az başqa cür oldu.
– Elçibəyə görə Azərbaycandan getdilər?
– Çox çətin sualdır. Cavab verə bilmirəm.
– Siyasəti bəyənmədiniz?
– Bəli. Deyək ki, səbəb budur. Məndə bu sualın cavabı var. Amma demirəm.
– Bəlkə sizi incidirdilər?
– Mən Bakıda anadan olmuşam. Bizi kimsə incitməyib.
– Deyirlər ki, o vaxt nənəniz dilənçilik edirdi, çörək pulu yox idi… Doğrudurmu?
– Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, “Dima bir, yoxsa iki manat pul verim?” Deyirdim ki, “Nənə, mənə pul lazım deyil. Əsas sənə pul lazımdırsa, de, istədiyin qədər verim…” Nənəm belə bir insan idi.
– Nə yaxşı, Azərbaycan dilini unutmamısınız?
– Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Axı mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumlarını ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur.
– Nənəniz Sara xanımın acınacaqlı vəziyyətdə ömür sürməsi ilə bağlı mətbuatda qeyd olunan iddialara münasibətiniz necədir?
-80-ci illərin sonu 90-cı illərin əvvəlində nənəmin yanına çox adam gəlirdi. Lakin onların əksəriyyəti nənəmə muzey eksponatı kimi baxmağa gəlirdilər. Əslində isə kömək edənlər çox az idi. Yaxşı xatırlayıram ki, Vəli Məmmədov ona həmişə kömək edirdi. İndi isə əlbəttə bəziləri çox söz danışa bilərlər… Nənəmin xasiyyətinə bələd olduğum üçün deyə bilərəm ki, tələbələrin gəlib onu çimdirmələri ilə bağlı mətbuatda yazılanlar sadəcə olaraq cəfəngiyyatdır.
Bəli, xatırlayıram ki, texniki bir məktəbdən ona yemək gətirdilər. Amma 6 il boyu belə davam etmədi. Onun həqiqətən də buna ehtiyacı yox idi. Sadəcə olaraq atasının xidmətlərinə görə ona qayğı göstərilməsini xoş qarşılayırdı. Həyatının son günlərində Respublika xəstəxanasında reanimasiya şöbəsində yatarkən də atam daim onun yanında olub. Mən atamla birlikdə növbə ilə onun yanında qalırdıq. Bir dəfə o qolundakı iynəni çıxarıb atdı və heç kimə icazə vermədi. Yalnız biz onun əlini tutanda sakitləşdi…
Hafiz Əhmədov
HafizTimes.com
Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin Sara Tağıyeva ilə bağlı HafizTimes.com-a açıqlamasını BURADAN oxuya bilərsiniz: “Qarakənd faciəsi noyabr ayının 20-də olmuşdu. Ayın 23-cü biz eşitdik ki, Vəli də vertolyotda olub və həlak olub. Bir həftə sonra Sara Tağıyeva mənə zəng edib dedi ki, Xalidə, mən ikinci atamı da itirdim, bundan sonra çətin ki, yaşayım. Vəlidən bir həfətə sonra Sara Tağıyeva da dünyasını dəyişdi…”.