“Pula önəm versəydim, vəzifədə olanda rüşvət alardım” - deputat
5-03-2020, 18:28
“Pula önəm versəydim, vəzifədə olanda rüşvət alardım”
Bu gün Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin doğum günüdür. 64 yaşını qeyd edən millət vəkili ad günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Tahir bəy, 64 yaşınız tamam olur. Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, belədir, yoxsa yaş üst-üstə yığılmış illərin toplusudur?
- Əvvəllər yaşımın üstünə yaş gələndə bunun mənəvi, psixoloji təzyiqini yaşayırdım. Düşünürdüm ki, nələri geridə qoymuşam, nələr irəlidə durur. Bu dəfə isə heç nəyin fərqində olmadım. Yaşlanmaq həyat təcrübələrinin toplusudur. Mənim Şəfiq Pənahi adlı bir dostum var idi. Onun 90 yaşı olanda soruşdum ki, həyatın mənası nədir? Dedi, sənin yaşda olsaydım, bilərdim. 90 yaşda haradan bilim həyatın mənası nədir?! Getdikcə bu suala cavab tapmaq çox çətin olur. Bəzən özünü xalq, vətən üçün fəda edirsən, sonda nədənsə adamın qədri bilinmir.
Bu gün doğum günümə ən yaxşı hədiyyə Konstitusiya Məhkəməsinin qərarı oldu. Deputatlığımız təsdiq edildi.
- Həyatınızı kitab kimi vərəqləsəniz, ən çox hansı illəriniz üçün darıxarsınız?
- Mənim həyatımda xoşbəxt günlər çox az olub. Vəzifədə çalışdığım illərdə Milli Azadlıq Hərəkatı başladı, Qərbi Azərbaycandan həmvətənlərimiz didərgin salındı. Siyasi proseslər o qədər gərgin oldu ki, həyatıma da təsir göstərdi.
Keçmiş dəyəndə həyat yoldaşımın mənə “hə” cavabını verməsini, övladlarımın, nəvələrimin doğulmasını xatırlayıram. Bir də uşaqlığımı heç unutmuram. Babam bizi bir süfrə başına yığardı. Onsuz əlimizi çörəyə uzatmazdıq. O duyğular mənə müqəddəs gəlirdi.
- Maraqlıdır, necə uşaq olmusunuz?
- Uşaq vaxtı hədsiz dərəcədə utancaq idim. Əgər həyətimizdə yad qadın var idisə, utandığımdan çölə çıxa bilmirdim. 9-10-cu sinifə kimi idmanla məşğul olmuşam. Ancaq oxumağa görə idmandan uzaqlaşdım.
- Doğum gününüzdə sizi necə təbrik etsələr və ya nə hədiyyə versələr, ürəyinizcə olar?
- Mən maddi məsələlərə elə də əhəmiyyət verməmişəm. Elə olsaydı, vəzifədə olanda rüşvət alardım. Digər məsələləri də qeyd edə bilərdim.
Gecə saat 12-də nəvələrimin məni təbrik etməsi çox xoş oldu. Yazılı məktub yazmışdılar mənə. Balaca nəvəmin adı Tahirdir. Deyir, böyüyəndə oğlu olsa, onun da adını Tahir, qızı olsa, Tahirə qoyacaq.
- Bir mahnının belə bir sözləri var: "Həsrətli xatirələr, şəkillərdən baxışın səni əvəz etmir”. Həyatınızda belə adamlar olub?
- Mən şəhid dayısıyam. Bacım oğluna, atama bu sözləri şamil edə bilərəm. Onları heç bir şəkil, xatirə əvəz etmir.
- Bəs sevgi məsələsində?
- Mən bütün həyatım boyu bir nəfəri sevmişəm, onunla da ailə qurmuşam. Mənim sevgi oxum daşa dəyməyib.
- Millət vəkili seçilməyiniz və doğum gününüzlə bağlı həmkarlarınızdan kimlərdən təbrik aldınız?
- Seçiləndən sonra Novruz Aslan birinci zəng edib məni təbrik etdi. Eldar İbrahimov, Araz Əlizadə, Fərəc Quliyev zəng etmişdi. İş yoldaşlarım isə tort kəsdilər və balaca divar xalçası hədiyyə etdilər.