Hikmət Hacızadə: “Trampın klounluğuna baxmayın…”
7-03-2020, 11:01
ABŞ-da keçiriləcək prezident seçkilərinə üç qocaman namizəd qoşulub. İlkin seçkilərdən öncə keçirilən ümummilli rəy sorğularında Cozef Bayden öndə idi.
Ayova, Nyu Hempşir və Nevadada demokratlar daxilində son illər güclənən sosialist-proqressiv qanadın təmsilçisi, senator Berni Sanders qalib gəlib. O, demokratların namizədidir. Üçüncü namizəd isə milyarder Mayk Blumberqdir.
Prezidentliyə iddialı amerikalı namizədlərdə diqqət çəkən nüans onların yaşlı olmalarıdır. Ümumiyyətlə, Amerika siyasətində yaşı 60-70-dən yuxarı fəallar nəzərə çarpır. Avropa ölkələrindən fərqli olaraq, ABŞ-da seçkilərə daha çox yaşlılar qatılırlar. Məsələn, Sandersin 78 yaşı var. Bayden ondan bir yaş kiçikdir, 77 yaşda. Oliqarx Blumberq də 78 yaşındadır.
Təsəvvür edin ki, Amerika kimi canlı, enerjili siyasət meydanı olan ölkədə prezident olmaq istəyənlər II Dünya müharibəsi vaxtı anadan olanlardır.
Məsələn, Yunanıstanda, Fransada, digər Avropa dövlətlərində, Latın Amerikası ölkələrində gənc siyasətçilər daha aktivdirlər, baş nazir, prezident postlarını tuturlar.
Əslində Azərbaycan, Gürcüstan və Ermənistan siyasətində də gənclər lokomotivə çevriliblər. Hər üç ölkənin prezident və baş nazirləri ABŞ-dan fərqli olaraq, 77-78 yaşda deyillər, seçkilərə gənc və orta yaşlı namizədlər qatılır.
Elə son 9 fevral parlament seçkilərində xeyli sayda azərbaycanlı gənc deputatlıq yarışına girişmişdi. Amma dünyanı idarə edənlərdən biri olan supergüc ABŞ-da isə seçkilərə qocalar gedir. Elə hazırkı Ağ Ev rəhbəri Donald Trampın da yaşı az deyil – 73. Onun sonuncu seçkilərdə əsas rəqibi olmuş Hillari Klintonun 72 yaşı var.
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, burada xüsusi səbəb görmür, sadəcə, təsadüfdür. Onun sözlərinə görə, bundan əvvəl Barak Obama, oğul Corc Buş, lap əvvəl Kennedi gənc prezidentlər idilər: “Bu il isə meydan qocalara qaldı. Əslində cavan namizədlər də var idi, amma praymeriz seçkilərində keçə bilmədilər.
Düşünmürəm ki, xüsusi səbəblər var, yaxud Amerika seçicisi yaşlılar təcrübəli olur yanaşması ilə hərəkət edirlər. Misal üçün, keçən seçkilərdə gənclər qocaları udurdular. Mənə elə gəlir ki, gələn seçkidə də yaşlılar seçki yarışında sıradan çıxacaqlar”.
H.Hacızadə ehtimal edir ki, bu seçkilərdə Tramp yenə qalib gələcək: “Amerikada əsas daxili siyasətdir. Ölkədə iqtisadiyyat inkişaf edir, işsizlik azalır, pensiyalar, qiymətli kağızlar artır. Tramp xarici siyasətdə də böyük dəyişikliklər etdi, yeni prinsiplər irəli sürdü.
O elan etdi ki, bəsdir dünya üçün pul xərclədik. Əfqanıstana 2 trilyon qoyduq, gördük ki, bunlar düzəlmir, gəlin çıxaq, bir-birini qırsınlar. Fələstinə görə trilyonlar tökdülər, alınmadı. Amerika Avropanın müdafiəsi üçün niyə görə Avropadan çox pul xəcləməlidir? Gedin, özünüz artırın.
Meksika və Kanada ilə saziş varıydı, Amerika ödəniş etməliydi, Tramp onu da kəsdi. İndi Çinlə haqq-hesab çürüdür. Yəni Tramp böyük işlər gördü. Onun klounluğuna, axmaq və kobud sözlərinə baxmayın, xeyli işlər həyata keçirdi. Tramp dünyaya göstərdi ki, biz inək deyilik sağasınız.
Ona görə Amerikada bundan sonra investisiyalar, bankların imkanları daha da artacaq. Bunu da orta təbəqə görür, amerikalıların həyat səviyyəsində təsirini göstərir”.
H.Hacızadə hazırkı namizədlərin şanslarını dəyərləndirdi: “Məncə, Baydenin bu seçkilərdə vəziyyəti hələ aydın deyil, çıxışlarında yeni nəsə yoxdur, keçmiş prezidentlərin sözlərini təkrarlayır.
Sanders isə solçu namizəddir, Amerika seçicisi solçu deyil, orta sinif güclüdür, rəqabət, bazar iqtisadiyyatı istəyir. Ona görə inanmıram ki, Trampı üstələsinlər”.
Qeyd edək ki, martın 3-dən ABŞ prezidenti seçkiləri yeni mərhələsinə qədəm qoyub. Qarşıdakı mərhələdə həm Respublikaçılar, həm də Demokratlar Partiyası bu il noyabrın 3-də keçiriləcək seçkidə vahid namizədini müəyyənləşdirməyə bir az da yaxınlaşacaq.
Mövcud prezident Donald Tramp yenidən namizədliyini irəli sürdüyünə görə bəzi ştatlar respublikaçı namizədlərin yarışını keçirməkdən imtina edib. Demokratlar Partiyasının isə namizədi adı uğrunda altı nəfər mübarizə aparır.