"Ərdoğan Moskvada heç nəyə nail olmayıb..." - RAUF MİRQƏDİROV
8-03-2020, 01:15
"Zerkalo" qəzetinin analitiki Rauf Mirqədirov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Moskvada əldə etdiyi razılaşmanın (05.03.2020) səbəbləri və əhəmiyyəti haqqında ASTNA.biz-ə danışıb. Muxalifet.az həmin müsahibəni təqdim edir:
- Putin və Ərdoğanın Moskva görüşünün səbəbi nə idi? Analitiklər Türkiyə prezidentinin Moskvaya gəlməsinin və bu görüşün Türkiyədə keçirilməməsinin əhəmiyyətini xüsusi qeyd edirlər.
- Geosiyasi reallıqlardan başlayaq. Türkiyə, İran və Rusiya arasında müttəfiqlik münasibətləri ola bilməz, belə ki, bunlar tarixi imperiyalardır, bir-biri ilə həmsərhəddirlər və qonşularının torpaqları hesabına genişlənməyə çalışırlar. Qitə imperiyaları həmişə rəqabət aparırlar, bu, qaçılmazdır. Nəzərə almaq lazımdır ki, Rusiya, Türkiyə və İran eyni regionlarda - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə rəqabət aparırlar. Suriyada Rusiya-İran münasibətləri heç də yaxşı deyil. Rusiya İranı və Türkiyənin oradan sıxışdırıb çıxarmağa, Yaxın Şərqdə ən önəmli qlobal oyunçu olaraq qalmağa çalışır. Diqqət edin, Putin Suriya məsələsinin Almaniya və Fransa rəhbərlərinin - Merkel və Makronun iştirakı ilə dördtərəfli formatda müzakirəsindən imtina edib. Rusiya orada ABŞ-la təkbətək qalmağa, yəni Yaxın Şərqdə iki qlobal oyunçudan biri olmağa çalışır. Digərlərini sıxışdırır.
Gərginliyin azaldılacağı zonalar haqqında Astana və Soçi sazişləri haqqında çox danışılır, bu, bütün Suriya ərazisinin hakimiyyətin rəqiblərindən təmizlənməsini həyata keçirməyə imkan verib. İdlib bölgəsi və ABŞ-ın dəstəyi ilə kürd dəstələrinin nəzarəti altında olan ərazi bölünməmiş qalır. Ruslar oraya girməyə çalışıblar, amma oradan atılıblar.
- Əvvəlcədən İstanbulda dördtərəfli formatda görüş planlaşdırıldığı halda, Ərdoğan niyə Moskvaya gedib?
- Putin dördtərəfli görüşdən imtina edib. Ərdoğan Rusiyaya gedib, bu, Moskvanın ilk qələbəsi idi. Türkiyə lideri özünü dartıb, möhkəmliyini nümayiş etdirə və RF-yə getməkdən imtina edə bilərdi və gec ya tez Putin İstanbula gələrdi. Ərdoğan inad etsəydi, Rusiya Türkiyə ilə böyük müharibəyə başlamazdı, RF belə bir müharibəyə hazır deyil. Putin İstanbula gələrdi, amma başqa cür oldu. Putin Erdoğanı güzəştə getməyə məcbur edə bildi. Rusiya KİV-lərində bu fakt Rusiyanın birinci qələbəsi kimi qiymətləndirilib. Təhqiredici ifadələr, Ərdoğanın Putin qarşısında xoşagəlməz vəziyyətdə durduğu montajlar olub. Təkcə sarı mətbuatda deyil, ciddi Putinpərəst nəşrlərdə də belə montajlar olub.
- Ərdoğan niyə öz şəxsiyyətini kiçiltməyə razı oldu?
- Tükiyə Suriyada tam hərbi üstünlüyə malikdir, xüsusən, quru qoşunlarında. Havada da Rusiyanın türklərdən üstünlüyü yoxdur. Rusiyanın HKQ Türkiyə aviasiyasının malik olduğu dəqiqliklə yerüstü hədəfləri məhv etmək iqtidarında deyil. Suriya-Rusiya RƏM-lərinin Türkiyə üçün böyük təhlükə təşkil etdiyini düşünmürəm. Amma nəzərə almaq lazımdır ki, lokal müharibə olarsa, başqa istiqamətlərdə Türkiyə-Rusiya münasibətləri həddindən artıq pisləşə bilər. Türkiyə Rusiyanın mülki və hərbi donanması üçün boğazları bağlaya bilər, Rusiya türk mallarının idxalını və turistlərinin Türkiyəyə səfərlərini dayandıra bilər. Hələlik Moskva iqtisadi sanksiyalar tətbiq etməyib. Qara Dənizdə Rusiya donanması Türkiyə donanmasından daha güclüdür. Ankara boğazları bağlasa, Rusiya gəmiləri Atlantik Dənizindən keçməli olacaq, Moskva buna dözməyəcək və Qara Dənizdə hərbi əməliyyatlara başlayacaq. Buna görə Türkiyə ABŞ və NATO-nun hərbi dəstəyi olmadan Rusiya ilə müharibəyə yol verə bilməz. ABŞ və NATO ilə Erdoğanın münasibətləri isə mürəkkəbdir. Ərdoğan Qərbin təşəbbüslərini pozur, İranlı general Süleymaninin - Hələb cəlladının qətlini dəstəkləyib. Bu, Türkiyənin Qərb dünyası ilə münasibətlərini çətinləşdirir. Erdoğan Qərb üçün itaətkar olmaq istəmir, itaətkarlıq isə hərbi yardımın dəyəri ola bilərdi. Əslində Erdoğan Putinlə rahatdır, onun üçün Rusiya ilə olmaq Qərblə olmaqdan daha asandır.
Ərdoğan çətin vəziyyətə düşüb. Suriyadan elə-belə çıxmaq istəmir, müharibə isə hər mənada baha başa gəlir. Nə cürsə möhkəmlənmək lazımdır. Buna görə o, Putinin ərazisində görüşü seçib.
- Bu vəziyyətdə Moskva nəyə nail oldu?
- Putin əsas məqsədinə nail olmayıb, belə ki, Türk ordusu hələ də Suriyadadır, amma sürünən təcavüz davam edir. Putin Suriya hökuməti üçün status-kvonun qorunub saxlanılmasında israr edir. Moskva sazişində türklər üçün xüsusi bir şey yoxdur. Bəzi ərazilər Türkiyə və Rusiyanın birgə nəzarəti altına keçir, bu, Hələb və Dəməşq arasındakı yollara aiddir. Ərdoğan Rusiya və Suriya tərəfindən sənədləşdirilmiş öhdəlik ala bilmədi. Yalnız atəşkəs. Və diqqətlə oxusaq, preambulada belə deyilir: heç bir terrorizmə qarşı mübarizə niyyəti dinc vətəndaşların təhlükəsizliyi üçün təhdid yaradılması üçün əsas təşkil edə bilməz. Rusiya, əvvəllər də olduğu kimi, yenə əraziləri işğal edərək, Türkiyənin təsir zonasını məhdudlaşdırıb. Yəni Ankara, demək olar ki, heç nəyə nail olmayıb, sıçrayış yoxdur, bu, faktiki olaraq müvəqqəti sülh sazişidir. Müxtəlif milli maraqlar olduğu halda silahlı qüvvələrin bu cür əlaqələri zamanı belə sazişlər yerinə yetirilmir. Yeni qarşıdurmalar qaçılmazdır. Bu zaman Türkiyənin etibarlı müttəfiqi yoxdur. Qardaş Putin bir andaca düşmən Putinə çevrilə bilər.
Putin və Ərdoğanın öz tamaşaçıları üçün danışıqların yekunlarından narazılıqlarını necə nümayiş etdirdiklərinə diqqət yetirin. Putin Türkiyənin Suriyadan tamamilə çıxmasına nail olmayıb, baxmayaraq ki, bu yaxınlarda mətbuat katibi Peskov yenidən türk qoşunlarının Suriyada olmasının qanunsuz olduğunu xatırladıb. Həmin vaxt o, eyni zamanda İrana zərbə vuraraq, Rusiya qüvvələrindən başqa heç bir qüvvənin Əsəd tərəfindən dəvət olunmadığını deyib.
- Türkiyə Suriya ərazisini ələ keçirmək niyyətindədir?
- Ərdoğanın Yeni Osmanlıçılıq siyasəti başqalarının ərazilərinin ələ keçirilməsini nəzərdə tutmur. Türkiyə prezidenti qonşu ölkələrdə Türkiyəyə loyal olan hökumətlərin olmasını nəzərdə tutur. Türkiyə coğrafi cəhətdən genişlənmək niyyətində deyil.