“Niyə “məmə” sözünü işlətmək əxlaqsızlıq olmalıdır?” – Vəfa Nağı
9-03-2020, 16:26
Azərbaycan feministlərinin martın 8-də qadınlara qarşı zorakılığa son qoyulması tələbilə Bakıda keçirdikləri aksiya cəmiyyətdə müzakirələrə səbəb olub. Onları müdafiə edənlər olsa da, tənqid atəşinə tutanlar da var və onların sayı birincilərdən çoxdur. Tənqidçilər daha çox feminist fəalların vulqar şüarlarına diqqət çəkir. Onların fikrincə, etiraz ümumilikdə müsbət nəsnə olsa da, tərbiyəsizliklə müşaiyət olunmamalıdır. Bu diskurs əslində aksiyadan əvvəl feminist fəal Vəfa Nağının “Məmələrə azadlıq, seçkilərə ədalət” şüarı ilə başlanmışdı. Yenisabah.az bu şüara görə sərt tənqidlərlə üzləşən Vəfa Nağı ilə söhbətləşib.
- Vəfa, şüarın cəmiyyətin böyük kəsimi tərəfindən tənqidlə qarşılanıb. Amma həm sən, həm də səni müdafiə edənlər mesajın doğru anlaşılmadığını deyirlər. İstərdik ki, bir az detallı şəkildə şüarın əsas qayəsini izah edəsən.
- Əslində, şüarda nəyi hədəflədiyimi anlamaq o qədər də çətin deyil. Lakin bir halda ki, insanlar “məmələrə azadlıq” ifadəsini tərbiyəsizliyin, əxlaqsızlığın təbliği kimi başa düşüb, o zaman izah edim.
Son 3 ayda ölkədə iki böyük siyasi hadisə baş verib. Bunlardan biri dekabrın 29-da keçirilən bələdiyyə seçkiləri, digəri isə fevralın 9-da baş tutan növbədənkənar parlament seçkiləridir. Hər iki seçkidə total qanun pozuntuları baş verib. Sosial şəbəkələrdə bununla bağlı çoxlu sayda videofaktlar paylaşılıb. Şəxsən şahidi olduğum xeyli sayda saxtakarlıqlar olub. Bilirsiniz ki, bələdiyyə seçkilərinə namizəd kimi qatılmışdı. Parlament seçkilərində isə müşahidəçi olmuşam. Bu baxımdan, hər iki seçkinin necə keçirildiyini yaxşı bilirəm. Bu saxtkarlıqların böyük hissəsi isə müəllimlərin vasitəsilə həyata keçirilib. Özü də xanım müəllimlərin. Bülletenlərin əsasən büstqalterlərdə gizlədilməsi barədə danışmağa yəqin ki, ehtiyac yoxdur. Beləliklə, faktiki olaraq qadınlar seçki saxtakarlığna məcbur edilir və bu işdə büstqalterlər əhəmiyyətli detala çevrilir. Mən də deyirəm ki, məmələr azad olsun ki, qadın müəllimlər - əlbəttə mən bunu bütün qadın müəllimləri nəzərdə tutmuram - büstqalterlərdə gizlətməyə məcbur edilməsinlər. Mesaj budur, yəni.
- Başqa yerdə gizlədə bilməzlər ki?
- Əlbəttə, mahiyyətində saxtakarlıq varsa, bülletenləri gizlətməyə yer tapacaq. Mən demirəm ki, bu şüar dolğundur. Xeyr. Sadəcə Azərbaycanda “seçki” sözü artıq “büstqalter” sözü ilə paralel işlənməyə başlayıb. Bu baxımdan, elə yazmışam. Düzdür, ilk baxışdan səbəb-nəticə bir qədər uzlaşmaya bilər. Amma məncə, heç o qədər də çətin başa düşüləsi şüar deyil. Məsələn, sən bu şüarı necə başa düşdün?
- Mən səni şəxsən tanıdığım üçün bildim ki, məqsədin diqqəti seçki saxtakarlığına yönəltməkdir. Amma hamı səni tanımır axı. Sənə iradlardan biri də budur ki, şüarı elə yazmaq olardı ki, əlavə izahata ehtiyac olmasın.
- Əlbəttə, yazmaq olardı. Amma axı niyə mən kiminsə rəyi, düşüncəsi ilə danışmalıyam. Digər tərəfdən, niyə insan bədənin hansısa əzası vulqar ifadə kimi qəbul olunmalıdır? Niyə “məmə” sözünü işlətmək, yazmaq əxlaqsızlıq olmalıdır? Və niyə biz azadlıq deyəndə dərhal əxlaq kartı ortaya atılmalıdır? Mən heç aksiyada həmin plakatı qaldırmadım.
- Səbəb nə idi, ictimai qınaq idi?
- Xeyr. Düşündüm ki, aksiyaya qoşulmaq istəyib, amma bu şüarı problem kimi görə bilənlər, təhqirlərdən ehtiyatlananlar ola bilər. Ona görə qərara gəldim ki, qaldırmayım. Əvəzində heç bir şüar yazılmamış sadəcə göy rənglə rənglənmiş plakat qaldırdım. Amma onda da əxlaqa zidd məna axtaranlar oldu.
- Yaxşı bəs göy plakatla nəyin mesajını verirdin?
- Sadəcə boş plakat idi, qaldırmışdım. Hamının əvəzinə qaldırılmış plakat idi. Yəni, kim hansı şüarı, tələbi görmək istəyirsə, hesab etsin ki, o plakatda qeyd edilib. Amma dediyim kimi bunu da müztəlif cür yozanlar oldu. Yəni, görünən bu cəmiyyətdə qadın nə etsə, ona irad tutulacaq. Cəmiyyət hələ qadınların da hüquqlarının olduğuna qəbullanmaq istəmir. Qorxurlar. Deyirlər, adət-ənənəmiz var, milli mentalitetimiz var. Nəymiş adət-ənənə, qadın şiddət görəndə ona “əşi başını aşağı sal dinmə”, “barış getsin” və s. ifadələrlə qadınıların həyatını cəhənnəmə döndərmək. Buna etiraz edənlər isə əxlaqsız olurlar. Bəs bir insanı şərləmək, rüşvət almaq, maddi nemətlərə görə hər cür rəzilliyə baş vurmaq isə əxlaqsızlıq sayılmır.
- Dediklərini də əxlaqsızlıq sayanlar var...
- Az qism. Məgər bu cəmiyyətin əsas şüarı “başını aşağı sal çörəyini qazan” deyil? Amma heç kim demir ki, bu ifadə ilə köləlik, rəzillik və bundan doğan başqa idbar əməllər təbliğ olunur.
- Biz deyirik və həm də bunu təbliğ edənlərə əlavə arqument vermədən deyirik. Səncə, belə daha yaxşı deyil?
- İllərdir, “ay müəllimlər saxtakarlıq etməyin” deyirik və artıq bu söz o qədər adiləşib ki, heç əhəmiyyət verən yoxdur. Amma bir şüar yazdım 3 gündür müzakirə olunur.
- Səni təhqir edirlər, sən və dostların da bu təqhirlərə cavab verir. Hesab edirsən ki, bu sayaq müzakirələrin cəmiyyətə xeyri var?
- Bizi söyənlərin çoxu ictimai-siyasi sferaya aid deyil və həmin təbəqə inkişafa, işıqlı ideyalara qapalıdır. Hər fürsətdə kimisə təhqir etməyə çalışırlar. Mentaliteti, dini qalxan tutaraq ölkədə baş verən idbarlığı pərdələməyə çalşırlar.
Amma normal müzakirələr də var. Biz nə istədyimizi izah edirik və bir çox hallarda haqlı olduğumuzu qəbul edirlər.
- Həmin şüarı yazarkən təpki ilə üzələşəcəyini düşünmüşdün? Buna görə təhqirlərə məruz qalacağını gözləyirdin?
- Gözləyirdim. Təsəvvür elə, hətta Rusiyadan zənglər gəlir. Bunları görmək yaxşı deyil. Xüsusilə, adamı ağrıdan müxalif düşərgəyə aid insanların səni hədəfə almasıdır. Necə olur ki, mən hakimiyyətə qarşı çıxanda qəhrəman oluram, amma tutaq ki, bədənə azadlıq tələb edəndə - halbuki həmin şüarda mesaj bayaq dediyim kimi seçki saxtakarlığına etiraz idi - əxlaqsız oluram?
Deməli, sən senzura tətbiq edirsən, müəyyən çərçivə cızırsan və biz də bu çərçivədən kənara çıxmamalıyıq. Çıxırıqsa, avtomatik olaraq düşmən hesab edilirk. Bu barədə danışmaq istəmirdim, amma məcburam. Hətta ölümlə hədələyənlər var. “Kimə istəyirsən şikayət elə” deyirlər.
Cəmiyyət hələ belə şeylərə hazır deyil. Amma bizim də işimiz cəmiyyəti buna hazırlamaq, streotipləri qırmaq, patrialxal düşüncənin hegemonluğunun heç də müsbət hal olmadığını nümayiş etdirməkdir.
- Vəfa, həm də bələdiyyə üzvüsən. Bu addımlarını kolleqaların necə qarşılayır? Hər hansı irad, yaxud tənqidlə üzləşmisən?
- Hələ ki, hər hansı irad yoxdur. Amma yəqin ki, olacaq. Olsun, bundan o qədər də narahat deyiləm. Çünki məni xalq seçib. Digər tərəfdən onların probemləri ilə daim maraqlanıram, həllinə nail olmağa çalışıram. Onlar görürlər ki, bir bələdiyyə üzvü kimi şəxsi maraqlarımı önə çəkmirəm. Ona görə də seçicilərim məni dəstəkləyir.
Vidadi Məmmədov