Vahid Əhmədovdan manatın ucuzlaşmasına reaksiya

21-12-2015, 12:02           

Bundan əvvəl də demişdim ki, bu qərar çoxdan verilməli idi.

Bu sözləri Axar.az-a açıqlamasında Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsinə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat başqa çıxış yolunun olmadığını bildirib:

“Bütün milli valyutalar dəyərdən düşüb, Mərkəzi Bankın ehtiyatları kəskin azalıb. Mərkəzi Bankın ilin əvvəlində 15 milyardlıq ehtiyatı təxminən 5,5 milyarda düşüb. Manatı qoruyub saxlamaq həddindən artıq çətindir. Çünki neftin qiyməti kəskin aşağı düşüb, manat isə birbaşa neft amili ilə bağlıdır. Bütün bunlarla yanaşı, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini qaldırması da prosesə təsirsiz ötüşmədi. Azərbaycan çoxdan üzən məzənnə siyasətinə keçməli idi ki, manat yavaş-yavaş devalyuta və bazara uyğun olaraq müəyyənləşsin. Əlbəttə, bu qərardan sonra manat müəyyən qədər ucuzlaşacaq və bunun nə qədər olacağını isə bazar müəyyənləşdirəcək”.

Qeyd edək ki, bu gün Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidlə bağlı qərar verib. Qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. MB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Qərardan sonra Mərkəzi Bank dollar və avronun məzənnəsini qaldırıb. Hazırda 1 dollar 1.550 manata, avro isə 1.685 manata qaldırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.