Başqa vəzifəyə seçiləcəyimi gözləyirdim - Fazil Mustafa
11-03-2020, 17:49
Dünən Azərbaycan parlamentinin tarixində bir çox yeniliklər yaşandı. Bu günə qədər azlıq təşkil edən partiyaların parlament idarəçiliyində təmsilçiliyi müşahidə olunmamışdı. Ötən gün verilən qərarlardan sonra artıq parlamentdə müxalifət də təmsil olunacaq. Bu da çox sevindirici və demokratik bir qərardır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa parlamentdəki dəyişikliklərlə bağlı danışarkən deyib.
O bildirib ki, parlamentdəki dəyişikliklər gələcəkdə Milli Məclisin fəaliyyətində mühüm rol oynayacaq:
“Parlamentin dünənki iclasında ən uğurlu qərar Sahibə Qafarovanın Milli Məclisə spiker seçilməsi oldu. Sahibə xanım Azərbaycanın ən dəyərli alimlərindən, ziyalılarından biridir. Həmçinin, Sahibə Qafarova beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə etməyi bacara biləcək potensiala sahib siyasətçidir. Bu baxımdan onun parlament rəhbərliyinə gəlməsi çox müsbət haldır. Ümid edək ki, onun və deputatların dəstəyi ilə daha səviyyəli və xalq içində nüfuzu artan bir parlamentin şahidi olacağıq. Bu istiqamətdə isə hər birimiz əl-ələ verib çalışmalıyıq”.
F.Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr müavini seçilməsinə də münasibət bildirib:
“Mən Milli Məclisdə daha çox ixtisasımla bağlı – hüquqi sahədə fəaliyyət göstərməyi düşünürdüm. Amma çoxluğun qərarı belə oldu. Görünür, mənim düşüncələrimlə çoxluğun fikirləri üst-üstə düşməyib. Amma məni Mədəniyyət komitəsində görürlərsə, əlimdən gələn qədər öz vəzifəmi yerinə yetirməyə çalışacağam”.
Millət vəkili digər müxalifət təmsilçilərin parlament rəhbərliyində və komitələrdə sədr müavini kimi təmsil olunmasından da danışıb:
“Bu günə qədər tərəfimizdən müxalifət partiyalarının parlament rəhbərliyində təmsil olunması ilə bağlı müəyyən çağırışlar var idi. Artıq dünən verilən qərarlardan sonra Azərbaycan parlamentinin rəhbərliyində, komitələrində azlıqda olan partiyaların nümayəndələri də yer aldı. Bu da çox sevindirici haldır. Ümumiyyətlə, artıq Azərbaycan parlamenti çoxpartiyalılıq əsasında formalaşır. Düşünürəm ki, bütün bu dəyişikliklər parlamentin fəaliyyətində mühüm rol oynayacaq”.